Beynəlxalq münasibətlər üzrə alimlərin Bakıda keçiriləcək illik simpoziumu Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmləndirəcəkdir

Oktyabrın 22-23-də Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu keçiriləcəkdir. Simpoziumda beynəlxalq münasibətlər üzrə 150-dən çox xarici və yerli mütəxəssisin iştirakı gözlənilir.
Azərbaycan Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin, Azərbaycan Dillər, Qafqaz və Xəzər Universitetlərinin, "İrəli" İctimai Birliyinin, Londonun Münaqişələr və Dövlət Quruculuğu üzrə Məlumat Şəbəkəsinin və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq simpoziumda müzakirə olunacaq məsələlərin əhəmiyyəti, ümumiyyətlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi haqqında politoloq İbrahim Məmmədov fikirlərini AzərTAc-la bölüşmüşdür:
- İbrahim müəllim, oktyabrın 22-23-də beynəlxalq münasibətlər üzrə alimlərin Bakıda keçiriləcək birinci illik simpoziumunun Azərbaycan üçün əhəmiyyəti nədir?
- Hər şeydən əvvəl Bakıda dünyanın nüfuzlu siyasətşünaslarının illik simpoziumunun təşkil edilməsi və bu tədbirin hər il təkrarlanması ideyası Azərbaycanı Cənubi Qafqaz üzrə ixtisaslaşmış ekspertlərin toplantı mərkəzinə çevirəcəkdir. Bu, Azərbaycanı Cənubi Qafqaz üzrə beynəlxalq səviyyədə tanınmış mütəxəssislərin intellektual mərkəzi kimi formalaşdıracaqdır.
Digər tərəfdən, dünyanın aparıcı universitetlərinin, "beyin mərkəzləri"nin nüfuzlu siyasətşünas alimlərinin, hərbi məsələlər üzrə ekspertlərin, intellektualların Bakıya toplaşmasını təşkil etmək çox uzaqgörən bir ideya və təşəbbüsdür. Bu o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz, ümumiyyətlə, Cənubi Qafqazdakı münaqişələr həmin alimlərin məqalə, monoqrafiya və kitablarına yol tapacaq, Oksford, Yel, Sarbon və s. universitetlərdəki mühazirələrdə səslənəcəkdir.
İllik simpoziumun Bakıda keçirilməsi o deməkdir ki, buraya toplaşan beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış alimlər Azərbaycan alimləri və rəsmi şəxsləri ilə görüşəcək, onların çıxışlarını dinləyəcəklər. Bu, onlarda Azərbaycan və region haqqında obyektiv fikir formalaşdıracaqdır. Onlar isə öz ölkələrində siyasi elitanın və hətta hökumətin Azərbaycan, Cənubi Qafqaz və Qarabağ münaqişəsi haqqında obyektiv rəyini formalaşdıracaqlar. Bu gün ABŞ, Avropa İttifaqı və s. ölkə və regionlarda konkret məsələlərə dair rəyi məhz həmin məsələlərlə məşğul olan alim və ekspertlər formalaşdırırlar.
İnanıram ki, illik simpozium dünyanın aparıcı siyasi ekspertlərini Azərbaycanın dostuna çevirəcək və onlar görəcəklər ki, Azərbaycan müasir, inkişafda olan bir Avropa ölkəsidir. Bu çox yaxşıdır ki, təşkilatçılar dünyanın ən müxtəlif ölkələrindən siyasətşünasları Azərbaycana toplayırlar və akademik dairələrdə Azərbaycan haqqında təsəvvürləri möhkəmləndirirlər. Bunun elmi, ictimai rəy baxımından, kütləvi informasiya vasitələrinə və siyasi dairələrin mövqelərinə təsiri baxımından ciddi əhəmiyyəti olacağına əminəm. Bu simpozium vasitəsilə dünyanın akademik dairələrində Azərbaycan, Cənubi Qafqaz və regiondakı münaqişələrə dair rəy Bakıda formalaşacaqdır.
- Ümumiyyətlə, bu gün qlobal miqyasda mövcud problemlər regionda gedən proseslərə necə təsir göstərir? Onlar arasında hər hansı bir əlaqə varmı?
- Təbii ki, vardır. Azərbaycan həm iqtisadi, enerji potensialına, həm də coğrafi mövqeyinə görə dünyanın mühüm bir parçasıdır. Sadaladığım amillər və bu amillərdən bacarıqla istifadə olunması Azərbaycanı coğrafi miqyaslarından qat-qat güclü olan bir dövlətə çevirmişdir. Qlobal miqyasda enerji resurslarına ehtiyac artdığından Azərbaycana da ehtiyac artır. Azərbaycan da çevik enerji siyasəti aparmaqla, ona olan ehtiyacı ehtiyatla öz xeyrinə ödəyir. Axı dünyada enerji resurslarına ehtiyacın böyüməsi düzgün siyasət aparılmadığı təqdirdə enerji istehsalçılarına zərbə ilə də nəticələnə bilər. Odur ki, enerji potensialının olması avtomatik surətdə ölkənin təhlükəsizliyini təmin etmir. Əksinə, bu, çox böyük təhdidlərə də yol aça bilər. Əgər bu gün Azərbaycanın enerji resursları onun təhlükəsizliyinə, iqtisadi inkişafına , beynəlxalq mövqelərinin möhkəmlənməsinə gətirib çıxarıbsa, deməli, bu, doğru siyasətin nəticəsidir.
- Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu haqqında nə deyə bilərsiniz?
- Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu və bu rolun getdikcə artması, həm də təkcə enerji mənbəyi kimi deyil, eyni zamanda, Xəzərin şərq sahilindəki mənbələr üçün də tranzit kimi baxılması, Şərq-Qərb və Şimal-Cənub yollarının kəsişməsindəki mövqeyi, bir bazar olaraq iqtisadi imkanları, dövlət kimi güclənmək potensialı onun beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirir. Artıq qeyd etdiyim kimi, Azərbaycanın yeri və rolu coğrafi miqyaslarla ölçülmür - onun enerji, nəqliyyat və s. başqa amilləri ehtiva edən mahiyyəti ilə ölçülür. Məsələn, 2009-cu il oktyabrın 11-də Sürixdə imzalanmış protokollar ilə Azərbaycanı kənara qoyub Cənubi Qafqazda Azərbaycansız siyasət tətbiq etməyə cəhd edildi və bütün cəhdlər nəticəsiz qaldı. Ona görə ki, bu regionda Azərbaycansız nə isə etmək mümkün deyildir. Bu hadisə göstərdi ki, dünyanın fövqəlgücləri belə Azərbaycanı nəzərə almadan nəyəsə nail olmaqda çətinlik çəkirlər. Bu, məsələnin siyasi tərəfidir. Ancaq, eyni zamanda, Avropanın enerji təhlükəsizliyini təmin etməyə çalışan fövqəlgüclər Azərbaycansız alternativ təminat mənbələri əldə etməkdə çətinlik çəkirlər. Bu da məsələnin enerji təminatı tərəfidir. Nəhayət, bu gün dünyanın ən iri hərbi-siyasi bloku - NATO-nun ən böyük problemi olan Əfqanıstan probleminin həllində Azərbaycan əhəmiyyətli rola malikdir və Azərbaycan kənara qoyulduqda çox ciddi nəqliyyat, texniki və maliyyə problemləri yaranır. Odur ki, qlobal güclərin beynəlxalq fəaliyyətinin bütün istiqamətlərində Azərbaycan aparıcı mövqelərdən birinə malikdir. Bu da qlobal miqyasda bizim yerimizi və çəkimizi müəyyənləşdirir.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regiona və ümumiyyətlə dünyada gedən proseslərə təsiri nədən ibarətdir?
- Bu münaqişənin dünyada gedən proseslərə bir neçə aspektdən təsiri vardır. Hər şeydən əvvəl, 2006-cı ildə Prezident İlham Əliyevin Sloveniyada olarkən bəyan etdiyi kimi, bu münaqişə Avropanın enerji təhlükəsizliyi üçün təhdiddir. Yəni bu münaqişə Avropaya enerji nəqlinə mane olmaq istəyən qüvvələr üçün həmişə ehtiyatda olan bəhanədir. Onu istənilən vaxt qızışdırıb regiondakı enerji kommunikasiyalarını sıradan çıxarmaq olar. Belə bir təhlükə 2008-ci ilin avqustunda Gürcüstan ərazisində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri, Batumi limanı, Kulevi terminalı üçün real idi. Odur ki, dünyanın əsas hissəsi olan Avropa daim bu təhlükədən asılıdır və öz siyasətini qurarkən bunu həmişə nəzərə almaq zorundadır. Bu münaqişə bir çox hallarda həm Avropanın və ABŞ-ın, həm də Azərbaycanın əl-qolunu bağlayır və daha geniş layihələrin reallaşması imkanlarını məhdudlaşdırır.

{nl}

Orxan YOLÇUYEV, AzərTAc-ın müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında