Nəzarət tədbirlərinin nəticələrinin açıqlanması şəffaflığın artırılmasına xidmət edən preventiv tədbirdir

Hesablama Palatası ötən ildən başlayaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada illik fəaliyyəti ilə bağlı hesabatdan əlavə, 6 ay ərzində həyata keçirilmiş nəzarət tədbirləri üzrə də məlumatlar təqdim edir. Nəzarət tədbirlərinin nəticələrinin açıqlanması nə kimi məqsəd daşıyır? Yarımillik hesabat dövrü ümumiləşdirilsə, hansı məqamları xüsusi qeyd etmək olar? Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-ın bu və digər suallarını cavablandırıb.

- Əvvəlcə onu deyim ki, cari ilin birinci yarısında 34 nəzarət tədbirinin nəticələri ilə bağlı qərarlar qəbul olunub və bu tədbirlər 2012-2014-cü illər üçün dövlət büdcəsi xərclərinin müxtəlif dövrlər üzrə icrasını əhatə edib. Həyata keçirilən nəzarət tədbirlərinin nəticələri əvvəlki audit tədbirlərində müşahidə olunan meyillərin və rast gəlinən nöqsanların hələ də təkrarlandığını göstərir. Belə ki, dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktlarının tələblərinin bu və ya digər aspektlərdən pozulması halları, demək olar ki, bütün nəzarət obyektlərinə xas olub. Həmçinin, vəsaitin təyinatının dəyişdirilərək icra edilməsi halı da ən çox rast gəlinən meyillərdəndir. Qeyd edim ki, bu hal təkcə xərclərin iqtisadi təsnifat kodunun dəyişdirilməsini deyil, həmçinin, vəsaitin funksional fəaliyyətə aid olmayan tədbirlərə yönəldilməsini nəzərdə tutur.

Eyni zamanda, cari ilin ilk 6 ayı üzrə əldə edilmiş nəticələrə görə, təmir-tikinti ilə bağlı fəaliyyətin təmin edilməsi zamanı yol verilmiş nöqsanların dövlət büdcəsinə bərpa edilmiş vəsaitlərin tərkibində ən böyük xüsusi çəkiyə malik olduğu müəyyənləşib. Biz Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatın təqdimatı zamanı da qeyd etmişdik ki, tikintidə müqavilə qiymətinin mövcud müəyyənedilmə qaydası dəyişdirilməlidir. Çünki bu metodikada artıq xərclərin yaranması riski mövcuddur. Ümumiyyətlə, büdcə xərcləmələrinə dair bəzi normativ bazanın gücləndirilməsinə ehtiyac var.

– Hesablama Palatasının fəaliyyəti ilə bağlı diskussiyalarda bəzən  Palatanın fəaliyyətinə dair informasiyanın kifayət qədər olmaması qeyd edilir. Bununla bağlı nə deyə bilərsiniz?

– Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında müstəqillik, obyektivlik, kollegiallıq, şəffaflıq, ədalətlilik və peşəkarlıq prinsipləri palatanın fəaliyyətinin əsas prinsipləri kimi göstərilir və biz fəaliyyətimizdə bu prinsipləri rəhbər tuturuq. Bir faktı qeyd edim ki, mərkəzi və yerli dövlət orqanlarının onlayn şəffaflıq vəziyyəti ilə bağlı aparılmış son monitorinqin nəticələrinə əsasən Palata 73 mərkəzi dövlət orqanı arasında 7-ci yerdədir və əvvəlki nəticəyə nisbətən 6 pillə irəliləyib. Hərçənd, biz bu göstərici ilə razı deyilik və hesab edirik ki, daha dəqiq araşdırma aparılmalı idi.

Hesablama Palatasının öz fəaliyyətinin illik nəticələri ilə yanaşı, altı ay üzrə məlumat təqdim etməsində də əsas məqsəd ictimaiyyətin palata və onun yerinə yetirdiyi funksiyalar barədə daha çox məlumatlandırılmasıdır.

 Diqqətə çatdırım ki, palata öz rəsmi saytı vasitəsilə büdcəsinin icrasına dair ətraflı rüblük məlumatlar təqdim edir. Eyni zamanda, Hesablama Palatasının hesabatları dövlət büdcəsinə dair çox dəyərli informasiya mənbəyidir. Saytımızda 2014-cü ilin dövlət büdcəsinin icrasına və Palatanın fəaliyyətinə dair rəy və hesabat geniş şəkildə təqdim olunub. Başa çatmış audit tədbirləri üzrə Kollegiya iclasları ilə bağlı müntəzəm olaraq informasiyalar dərc edilir.

Təbii ki, şəffaflığın təmin edilməsində vacib şərtlərdən biri də dövlət vəsaitlərinin icrası ilə bağlı həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinin açıqlanmasıdır. Hazırda palatanın rəsmi saytının yeni variantı üzrə işlər yekunlaşma ərəfəsindədir. Həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələri üzrə məlumatların dərci ilə bağlı tədbirlər planı hazırlanıb və bu istiqamətdə addımlar atılmaqdadır. Məlumatlar onların forma və məzmunu ilə bağlı Hesablama Palatası Kollegiyasının müvafiq qərarından sonra tezliklə saytda yerləşdiriləcək.

– Cari ilin 6 ayı üzrə təqdim edilmiş məlumatda 101 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirlərinin həyata keçirildiyi qeyd olunub. İntizam tədbirləri ilə bağlı proseslər necə tənzimlənir?

– Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin əsas məqsədi maliyyə inzibatçılığının gücləndirilməsi və hesabatlılığın artırılmasıdır. Bunlar isə, öz növbəsində, dövlət vəsaitlərinin istifadəsində qənaətlilik, səmərəlilik və nəticəliliyin yüksəldilməsinə xidmət edir. Bu baxımdan, nəzarət tədbirləri ilə bağlı görülmüş işlərin də qayəsini məhz bu prinsiplər təşkil edir. Yol verilmiş nöqsanlar nəticəsində vəsaitlərin müvafiq qanunvericiliyə uyğun olaraq audit obyektləri tərəfindən bərpa edilməsi, işlərin və xidmətlərin görülməsi fəaliyyətin əsas göstəriciləridir. Bununla yanaşı, maliyyə inzibatçılığının pozulmasına yol vermiş vəzifəli şəxslərlə bağlı intizam-tənbeh tədbirləri, digər nəticə göstəriciləri kimi, müvafiq qurumlar tərəfindən atılan addımlardandır. Mövcud qanun palata tərəfindən yalnız korrupsiya ehtimalı olan faktlara görə materialların hüquq-mühafizə orqanlarına göndərilməsini tələb edir. Audit tədbirlərinin nəticələrinə görə, Hesablama Palatası, bütün hallarda, müvafiq Kollegiya qərarında günahkar şəxslərin ciddi cəzalandırılmasına, qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsinə dair tələb qoyur. Lakin bu şəxsə hansı inzibati cəzanın verilməsi audit olunan struktur vahidinin rəhbərinin və mərkəzi icra hakimiyyətinin səlahiyyətlərinə aiddir.

Qeyd edim ki, intizam-tənbeh tədbirləri dövlət vəsaitlərinin müvafiq qaydada icra olunmasında nöqsanlara yol vermiş şəxslərin cəzalandırılmasıdırsa, digər tərəfdən, bu, oxşar nöqsanlara yol verilməməsi  baxımından preventiv addımdır.

– Palata nəzarət funksiyasını yerinə yetirir. Nəzarət isə ilk olaraq  hərtərəfli məlumat əldə olunmasını tələb edir. Palatanın bu sahədəki fəaliyyəti necə təmin olunur?

– Mövcud qanunvericilik aktları bu istiqamətdə palatanın səlahiyyətlərini təmin etməkdədir. Belə ki, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanunu ilə bütün qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisələr, təşkilatlar, idarələr və onların vəzifəli şəxsləri Hesablama Palatasının müraciətləri əsasında qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlərinin yerinə yetirilməsi üçün ona zəruri olan məlumatları bir ay müddətindən gec olmayaraq verməlidirlər. Vəzifəli şəxslər bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Eyni zamanda, diqqətə çatdırım ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə Hesablama Palatasının üzvləri dövlət sirri təşkil edən məlumatlarla işləmək hüququna malikdirlər və onların bu məlumatları müvafiq yoxlamalara məruz qalmadan əldə etmək imkanları var. Palatanın vəzifəli şəxsləri müvafiq qaydada dövlət sirri təşkil edən məlumatları əldə edə bilirlər.

Praktikada bəzən tələb olunan məlumatların tam və vaxtında verilməməsi halları olur. Lakin Palatanın həmin hesabat və məlumatların alınmasında problemi yoxdur. Diqqətə çatdırmaq istərdim ki, hesabatlılıq maliyyə nəzarəti üçün əsas şərtdir.

Bununla yanaşı, dövlət vəsaitlərinin istifadəsi ilə bağlı Prezident tərəfindən müəyyən edilmiş meyarları, eyni zamanda, müasir dövrün çağırışlarını və beynəlxalq standart və təcrübələri əsas götürərək, palatanın məlumat əldə etməklə bağlı səlahiyyətləri onun fəaliyyətini tənzimləyən yeni qanun layihəsində bir qədər də genişləndirilib.

– Son dövrlərdə müşahidə edilən qlobal makroiqtisadi şərait dövlət büdcəsi vəsaitlərinin daha qənaətli və səmərəli icrasını tələb edir. Bununla bağlı fikirlərinizi bölüşmənizi istərdik.

– Mövcud siyasi-iqtisadi vəziyyət büdcə xərclərinin yeni iqtisadi reallıqlara uyğunlaşdırılmasını, orta müddətli dövrdə büdcənin balanslaşdırılmasını diktə edir.

Cari dövrün xüsusilə həssas bir dövr olduğunu, növbəti ildə də dövlət vəsaitlərinin istifadəsi ilə yanaşı, proqnozlaşdırılmasına da ehtiyatlı yanaşmanın zəruriliyini əsas tutaraq, palata öz təkliflərini 2016-cı ilin büdcə müzakirələrində nəzərə alınması məqsədilə Milli Məclisə təqdim edib. Həm bu təkliflər, həm də palatanın büdcə layihələri və dövlət büdcəsinin icrası ilə bağlı rəylərində əks olunan təkliflərin müəyyən hissəsi məhz bu məqsədi daşıyır.

Büdcə vəsaitlərinin səmərəli və qənaətli istifadəsinin bir yolu da həmin vəsaitlərin əsaslı planlaşdırılması və proqnozlaşdırılmasıdır. Başqa sözlə desək, xüsusilə bu həssas dövrdə tədbirlərin müəyyən edilmiş hədəf və vəzifələrə uyğunlaşdırılmasını təmin etmək vacibdir. Tədbir və hədəflərin uzlaşdırılması, eyni zamanda, büdcənin qənaətli icrası, həmçinin, dövlət borcunun optimal idarə edilməsi, son nəticədə, Dövlət Neft Fondundan transfertlərin məbləğinin azaldılmasını, nəticəliliyin əldə olunmasını da təmin edər.

Ümumiləşdirmə aparsaq, deyə bilərəm ki, növbəti ildə dövlət büdcəsinin xərclərinin büdcənin gözlənilən icrasından çox olmamaqla proqnozlaşdırılması, büdcə kəsirinin beynəlxalq səviyyədə qəbul olunan norma daxilində planlaşdırılması və örtülməsi daha çox daxili borclanma və digər mənbələr istiqamətində əməli tədbirlər görülməsi hesabına məqsədəuyğun olardı. Əsaslı xərclərlə yanaşı, cari xərclərdə də azalma mənbələri mövcuddur. Belə ki, büdcədən maliyyələşən təşkilatlar öz büdcələrində hansı xərclərin artıq olmasını daha yaxşı bilirlər və buna görə də müvafiq təkliflə müraciət etməlidirlər.

Əsas məqsəd xərclərin azaldılması deyil. Büdcə xərclərinin müəyyən hissəsinin multiplikativ effektlə iqtisadi artıma dəstək olduğu nəzərə alınmalıdır. Xərclər dövlətimizin başçısının müəyyən etdiyi prioritet istiqamətlərin icrasını tam şəkildə təmin etməlidir. Bu istiqamətdə isə səmərəlilik və qənaətlilik meyarları önə çıxır.

İnanırıq ki, hər il olduğu kimi, növbəti ilin büdcəsi də ölkənin inkişaf prioritetlərinə uyğun tərtib və təsdiq ediləcək.

– Bəs palatanın institusional inkişafı ilə bağlı hansı tədbirlər nəzərdə tutulur?

– Ötən il palatanın 2012-2014-cü illər üzrə Strateji İnkişaf Planının və həyata keçirilən beynəlxalq layihənin yekun ili olub. Layihə çərçivəsində bir sıra mühüm addımlar atılıb, xüsusilə yeni audit metodlarının tətbiqi ilə bağlı potensial gücləndirilib. Habelə Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı – INTOSAI tərəfindən qəbul olunan beynəlxalq standartların (ISSAI) tərcüməsi həyata keçirilib,  2015-2017-ci illər üzrə Strateji İnkişaf Planı hazırlanıb.

Həyata keçirilmiş bu mühüm tədbirlərin məntiqi davamı olaraq hazırda Palatada Avropa İttifaqı və Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlığın məhsulu kimi Tvinninq layihəsinin həyata keçirilməsi ilə bağlı işlər görülməkdədir. Həmin layihə hazırlıq mərhələsində olsa da, Palatanın qarşısında duran əsas inkişaf məqsədlərinə nail olunması istiqamətində əhəmiyyətlidir.

2014-cü ildə sona çatmış layihənin əsas, deyərdim ki, ən vacib nəticəsi Palatanın fəaliyyətini tənzimləyən yeni qanun layihəsinin hazırlanmasıdır. Qanun layihəsi Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti orqanı olaraq fəaliyyətinin icra olunmasında funksiya və səlahiyyətlərə bir qədər yeni, geniş və modern baxışı nəzərdə tutur. Eyni zamanda, dövlət maliyyə sistemində daxili və kənar nəzarətə konseptual yanaşmanın mühüm məqamlarını da özündə əks etdirir. Bütün bunlar palata qarşısında duran vəzifə və məqsədlərə daha səmərəli şəkildə  nail olunmasına imkan verəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında