Sentyabr ayında ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin konfransı keçirildi. Təhsil naziri Misir Mərdanovun təqdimat məruzəsində bu sahədə qazanılmış nailiyyətlər, mövcud problemlər təhlil olunmuş, inkişafın gələcək perspektivləri nəzərə çatdırılmışdır. Konfrans iştirakçılarından 4 nömrəli Bakı Peşə Liseyinin direktoru Alik Allahverdiyevlə texniki peşə təhsilinin bu günü və gələcək perspektivləri ilə bağlı söhbətimizi oxuculara təqdim edirik.
Alik müəllim deyir ki, təhsil naziri Misir Mərdanovun konfransda qarşıya qoyduğu vəziyələrin həyata keçirilməsi istiqamətində bu gün peşə məktəblərində əsaslı iş aparılır. Əlbəttə, peşə təhsili işçiləri yaxşı bilirlər ki, əgər cənab Prezident İlham Əliyevin bu sahəyə xüsusi qayğısı olmasaydı, inkişafdan danışmağa dəyməzdi. Texniki peşə təhsili sahəsində islahat proqramının qəbul edilməsi ölkədə bu sahənin inkişafına yeni, əsaslı stimul verdi. Bu gün ölkəmizdə peşə təhsili müəssisələrinin sayı artırılır, yeni ixtisaslar yaradılır, bu məktəblərə yeni texnologiyalar gətirilir və s.
- Siz inkişafdan danışdınız. Ümumiyyətlə, son illər daha hansı yeniliklərdən söz açmaq olar?
- Konfransda bu barədə ətraflı bəhs olundu. Bu gün ölkəmizdə Təhsil Nazirliyinin tabeliyində 47 peşə liseyi, 60 peşə məktəbi, 1 peşə tədris mərkəzi fəaliyyət göstərir. Dövlət Proqramının icrası ilə əlaqədar tərtib edilmiş Fəaliyyət Planına əsasən 2008-2010-cu illər ərzində 17 peşə təhsili müəssisəsinin əsaslı təmir edilməsi və 1 peşə mərkəzinin əsaslı təmir edilməsi, 1 peşə mərkəzinin tikintisi nəzərdə tutulurdu. Bu gün bizim lisey də daxil olmaqla 7, 11, 12, 17 nömrəli Bakı peşə liseyləri, 3 nömrəli Gəncə peşə liseyi artıq əsaslı təmir olunmuşdur.
Peşə məktəblərinə informasiya texnologiyalarının gətirilməsi sürətləndirilmişdir. 1 yanvar 2009-cu il tarixə olan məlumata görə, peşə məktəblərində kompyuter siniflərinin sayı 66 idisə, 2010-cu il yanvarın 1-də onların sayı 91-ə, kompyuterlərin sayı isə 2008-ci ildə 194 idisə, 2010-cu ildə bu göstərici 494-ə çatmışdır. Konfransda bildirildi ki, hazırda peşə məktəblərinin 1800 kompyuterə ehtiyacı var.
Təkcə, 2010-cu ildə Nazirlər Kabineti texniki peşə təhsili üzrə 3 mühüm qərar qəbul etmişdir. Onlar "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)", "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydaları", "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirməsi müddəti" adlı qərarlardır.
- Ölkəmizdə iqtisadiyyatın inkişafı yeni peşələrə ehtiyacı artırır. Son vaxtlar hansı yeni ixtisas sahələri üzrə kadr hazırlığı həyata keçirilir?
- Bu barədə də konfransda geniş məlumat verildi. Qeyd olundu ki, ilk dəfə olaraq 2010-2011-ci dərs ilindən başlayaraq "aşbaz", "ofisiant", "barmen", "səyahət agenti" və "otel nəzarətçisi" ixtisasları üzrə İsmayıllı peşə məktəbi, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi, 11 və 12 nömrəli Bakı peşə liseylərində modul proqram üzrə kadr hazırlığı həyata keçiriləcək.
Bundan başqa, biz kompyuter əsrində yaşayırıq və söz yox ki, informasiya texnologiyaları üzrə kadrlara böyük ehtiyac var. İndi əksər peşə liseylərində bu ixtisasa üstünlük verilir.
Bizim üçün belə bir məlumat da sevindirici oldu ki, Azərbaycanda ilk peşə-ixtisas təhsili sahəsində həyata keçirilən islahatlara dəstək və bu islahatın Avropa Qonşuluq Siyasətinə uyğunluğu nəzərə alınaraq Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov Avropa Təlim Fondunun İdarəetmə Şurasında təmsil olunmaq hüququ qazanmışdır.
Demək istəyirəm ki, texniki peşə təhsili sahəsində ilbəil inkişaf aydın nəzərə çarpır. Təhsil Nazirliyi bu sahənin inkişafına xüsusi diqqət yetirir. Xüsusilə, Dövlət Proqramının icrasına yönəldilmiş tədbirlər peşə təhsilinə öz müsbət təsirini göstərmişdir.
- Rəhbərlik etdiyiniz 4 nömrəli Bakı Peşə liseyi ilə bağlı nələri demək istərdiniz?
- Dövlət Proqramına uyğun olaraq bizim liseydə 2009-cu ilin oktyabr ayından əsaslı təmirə başlanmış, artıq təmir başa çatmaq üzrədir. Məktəb əsaslı təmir olunmaqla yanaşı yeni avadanlıqlarla da təmin olunmuşdur.
Bu gün əsas təhsil bazasından aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır: dülgər-xarrat, mühasib-fərdi kompyuter operatoru, radio-televiziya, videotexnika təmiri və xidməti üzrə mexanik, təmirçi-çilingər, qaynaqçı. Orta təhsil bazasından isə mühasib-fərdi kompyuter operatoru ixtisası üzrə mütəxəssislər hazırlayırıq.
Bizim liseyin binasında Zəngilan rayonunun 13 nömrəli, Ağdam rayonunun isə 76 nömrəli məcburi köçkün məktəbləri yerləşirdi. Artıq təmir zamanı onlar köçürülmüş, siniflər əsaslı təmir olunmuş, burada müasir avadanlıqlarla təchiz olunmuş akt zalı yaradılmışdır.
Məktəbin həyətinə asfalt örtük vurulmuş, dam örtüyü, istilik və işıq sistemləri yeniləşdirilmişdir.
Məlumdur ki, artıq texniki peşə məktəblərində də buraxılış imtahanları test üsulu ilə aparılır. Bizim məktəbdə də ötən ilki imtahanların nəticələri sevindiricidir.
Məktəbimizdə informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilir. İki kompyuter sinfimiz var ki, burada da şagirdlərimiz həm kompyuter öyrənir, həm də istədikləri informasiyanı əldə edə bilirlər.
Təhsilin keyfiyyətinə xüsusi diqqət yetirilir. Təcrübəli ustalarımız şagirdlərə peşə öyrədilməsinin müasir metodlarından istifadə edirlər.
Bizim işimizə Təhsil Nazirdiyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov tərəfindən daim nəzarət olunur, şöbənin nümayəndələri tez-tez məktəbimizdə olur, metodiki yardım göstərirlər.
Peşə təhsili vacib sahələrdən biridir. Məhz ona görə dövlətimiz ölkədə bu sahənin inkişafının davamlı olaraq həyata keçirilməsinə xüsusi diqqət yetirir. Ölkə Prezidenti cənab İlham Əliyev bu yaxınlarda imzaladığı sərəncamla peşə məktəblərinin təmiri üçün əlavə vəsait ayırmışdır. İstəyirəm ki, bu söhbətimizi hörmətli Prezidentimizin peşə təhsili ilə bağlı sözləri ilə yekunlaşdıraq: "Texniki peşə məktəbləri ölkəmizin inkişafı üçün həmişə lazımdır, insanlar da bundan böyük fayda görəcəkdir".
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.