Söhbət toy və yas mərasimlərindəki israfçılıqdan, adət-ənənələrimizə hörmətsizlikdən gedir
Keçən əsrin 70-ci illəri idi, Azərbaycanda böyük quruculuq işləri gedirdi. Həyatın elə bir sahəsi yox idi ki, orada canlanma, inkişaf, tərəqqi hiss olunmasın. Ümummilli liderimiz Heydər Əliyev ölkədə möhkəm nizam-intizam yaratmışdı, hər yerdə, hər işdə səliqə-səhman, ahəngdarlıq hökm sürürdü. Vaxtilə İttifaq miqyasında geridə qalan respublikamız hər ili yüksək əmək göstəriciləri ilə başa vururdu. Mərkəzi təşkilatlarda Azərbaycandan razılıqla danışılırdı, başqalarına nümunə göstərilirdik. Dünya da bizimlə maraqlanırdı. Ulu öndərimiz Heydər Əliyevin rəhbərlik metodu, idarəetmə qabilliyyəti öyrənilirdi, bu istiqamətdə təşkilati işlər aparılırdı.
O zaman mən "Kommunist" qəzetinin (indiki "Xalq qəzeti") Muğan-Mil zonası üzrə xüsusi müxbiri işləyirdim. İsti yay günlərinin birində redaktorumuz Ağababa Rzayevin imzası ilə məktub aldım. Zərfdə teleqram və bir vətəndaşın adına yazılmış dəvətnamə vardı. Redaktor faktın yoxlanılmasını, qəzet üçün material hazırlanmasını tapşırırdı. Teleqramı vuran həkim idi, dəvətnamə də onun adına yazılmışdı, uşaq xəstəxanasının baş həkimi həmkarını oğlunun "kiçik toy" məclisinə dəvət edirdi.
İlk baxışda burada qeyri-adi bir şey yox idi: Teleqram müəllifi soruşurdu ki, işin-gücün belə qızğın vaxtında (söhbət respublikanın aparıcı kənd təsərrüfatı rayonundan gedirdi) toya necə getsin?! Faktı yoxlayarkən qəribə təzadla üzləşdim. Toy mağarı qurulan küçədə başqa bir mağar da vardı. Maraqlandım, dedilər ki, orada ixtisasca əczaçı olan aptek müdrinin həyat yoldaşının hüzr məclisi verilir. Hazırladığım felyeton qəzetdə dərc olunan günün səhərsi rayon partiya komitəsinin bürosu baş həkimi vəzifədən çıxararaq, Sov.İKP sıralarından xaric etdi.
Yəqin indiki oxucu buna təəccüblənəcək: Axı, həkim nə pis iş görmüşdü ki, o boyda cəzalansın. Doğrudur, həkimin bir o qədər də böyük qəbahəti yox idi. Sadəcə o, milli adət-ənənələrimizə sayğısızlıq göstərmişdi, qonşusunun müsibətini nəzərə almayıb yas mərasimini musiqi sədalarına qərq etmişdi. Bax, belə biganəliyi, saymazyanalığı, özbaşnalığı hətta indi bəyənmədiyimiz Sovet rejimi də bağışlamırdı.
Gəlin, əyri oturaq düz danışaq. Müstəqilliyin, suverenliyin bəxş etdiyi azadlıqdan, sərbəstlikdən bu gün düzgünmü istifadə edirik, milli adət-ənənələrimizi qoruyub inkişaf etdirə bilirikmi?! Yəqin hamı razılaşır: Yox! Bu qətiyyət havadan yaranmayıb, real həyatda gördüklərimizin məhsuludur. Yaşadığımız Azərbaycan Respublikası qədim adət-ənənələrə malik bir ölkədir. Biz milli adət-ənənələrimizi qorumağa, zəmanənin tələblərinə uyğun şəkildə inkişaf etdirməyə borcluyuq. Milli adət-ənənələrimizə biganə yanaşmağa, onu istədiyimiz kimi dəyişməyə, eybəcərləşdirməyə heç kimin haqqı yoxdur. Unutmamalıyıq ki, ulu öndərimiz Heydər Əliyev ömrü boyu milli adət-ənənələrimizə böyük hörmətlə yanaşmış, əməli fəaliyyəti ilə onu daim zənginləşdirmişdir.
Bu ilin aprel ayında Azərbaycan Respublikasının Ağsaqqallar Şurası cəmiyyətimizi ciddi narahat edən toy və yas mərasimlərindəki ifratçılığın, israfçılığın qarşısını almaq üçün olduqca vacib bir layihəyə start vermişdi. Ölkə rəhbəri yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə keçirilən və dörd ay davam edən həmin layihə çərçivəsində iki dəfə respublika ağsaqqallarının dəyirmi masası olmuş, Yevlax və Qəbələ rayonlarında yerli əhali bu nəcib işə qoşulduğunu nümayiş etdirmişdir. Respublikamızın görkəmli adamları, nüfuzlu simaları, ziyalıları və başqa nümayəndələri həmin tədbirlərdə çıxış edərək məsələyə öz münasibətlərini bildirmiş, dəyərli fikirlər, diqqətçəkən təkliflər söyləmişlər. Mövzunun aktuallığını nəzərə alsaq, dünya görmüş ağsaqqallarımızın, ziyalıların, təcrübəli mütəxəssislərin rəyləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək bizcə yerinə düşər.
Budaq BUDAQOV, AMEA-nın Coğrafiya İnstitunun direktoru, Respublika Ağsaqallar Şurasının sədri:
- Hələ qədim zamanlardan Azərbaycanda, ümumiyyətlə, Şərq aləmində ağsaqqala xüsusi hörmət edilib. Ölkəni, vilayəti, mahalı idarə etməkdə ağsaqqalların rolu çox olub. Onlar müasir dillə desək, həm məhkəmə, həm prokuror, həm də sayılan şəxslər kimi çıxış ediblər. Ağsaqqallar qan töküləndə də, çox ağır cinayətlər olanda da dəyərli məsləhətləri ilə hadisələri yoluna qoyub, tərəflər arasında sülhə, barışığa, əmin-amanlığa rəvac veriblər. Keçmiş ənənələrə sadiq qalan Azərbaycanda indi də ağsaqqalllara böyük hörmət var. Ağsaqqal dedikdə həm ailənin, həm bir dairənin, həm də bu və digər yaşayış yerlərinin başbilənləri nəzərdə tutulur. El, oba dara düşəndə "Kimə müraciət edək, kimə sığınaq ki, bu işi yoluna qoysun" - deyə düşünəndə, ilk növbədə ağsaqqallar göz önünə gəlir.
Ulu öndərimiz Heydər Əliyev də ağsaqqallara xüsusi hörmət və diqqətlə yanaşırdı. Bu dahi şəxsiyyət ağsaqqaları milli-mənəvi dəyərlərimizin qızıl fondu adlandırmışdı. Ümummilli liderimiz Ağsaqqallar Şurasının nümayəndələrini qəbul edərkən, işlərimizlə ətraflı tanış olur, dəyərli tövsiyyələrini verərək fəaliyyətimizi daha da canlandırırdı.
Çətin, mürəkkəb problemlərin həllində xalqımız həmişə ağsaqqal sözünü eşitmiş, ona hörmətlə yanaşmışdır. Mən əminəm ki, toy və yas mərasimlərində yaranmış indiki hərki-hərkələyin, özbaşınalığın, bayağılığın qarşısının alınmasında da ağsaqqalarımız öz missiyalarının öhdəsindən layiqincə gələcəklər. Bu gün hamımız cəmiyyətdə baş verən neqativ halları görür və qiymətləndirməyi bacarırıq. Biz şahidik ki, toy və yas mərasimlərimizdə həddindən artıq ifratçılığa və israfçılığa yol verilir. Özü də bu ifratçılıq və israfçılıq hər şeydə hiss edilir. Milli toy görmək arzusu ilə məclislərimizə gələn əcnəbi qonaqlar peşman olurlar. Buradakı ifratçılıq onları məyus edir. Yüksək istehlak mədəniyyətinə, kapitalizmin diqtə etdiyi qənaət anlayışına ciddi yanaşan xarici qonaqlar bu qədər ərzaq məhsullarının məhv edilməsinə ağılsızlıq kimi baxırlar. Bunun dəfələrlə şahidi olmuşuq. Bu məsələ gündəmdən düşmür, qanunverici orqan olan Milli Məclis üzvlərini də ciddi düşündürür. Toy və yas mərasimlərini milli adət-ənənələrə uyğun aparmaq hamımızın vətəndaşlıq borcudur. Məişətimizin bu sahədəki eybəcərlikləri aradan qaldırılmalı, toy və yas mərasimləri mentalitetmizə uyğun aparılmalıdır. İnanıram ki, ağsaqqalların, din xadimlərinin nüfuzu sayəsində məclislərimizdəki həddini aşma hallarının qarşısı alına bilər. Məncə, məclislərimizdəki ifratçılığın və israfçılığın yaranmasında durmadan göbələk kimi artan şadlıq sarayları və bir də üzdəniraq müftəxor mollalar "mühüm rol" oynayırlar.
Vasim MƏMMƏDƏLİYEV, BDU-nun ilahiyyət fakültəsinin dekanı, akademik:
- Xalqımızın bütün gözəl adət-ənənələri, dinimizlə, ədəbiyyatımızla, mədəniyyətimizlə bağlı, yəni insan ruhu ilə baqlı nə varsa, onların hamısı milli-mənəvi dəyərlər sayılır. Ən ali mənəvi dəyər isə dindir. Dəyərlərin heç biri dindən yüksək dayana bilməz. Biz 70 ildən artıq Sovet sisteminin təsiri altında, ateizm tərbiyəsi şəraitində böyümüşük. Lakin bütün qadağalara baxmayaraq, dinimizi qoruyub saxlaya bilmişik, Allaha inamımızı itirməmişik. Mən ateizmdən dərs deyən alim tanıyıram ki, evə gələndə "əstafürullah" deyərək ibadətlə məşğul olurdu. Şükürlər olsun ki, Azərbaycan müstəqilliyinə qovuşandan sonra dövlət səviyyəsində milli-mənəvi dəyərlər qiymətləndirilməyə başlandı.
Artıq 19 ildir televiziyada "Haqqın dərgahı" verilişini aparıram. Düzdür, verilişin adı bəzən dəyişdirilsə də məqsədi, məramı dəyişməz qalır: dinə, imana qayıdış, əqidə paklığı söhbətlərimin əsas məğzini təşkil edir. Təəssüf ki, uzun müddət tamarzı qaldığımız azadlığı əldə etdikdən sonra bəzən özümüzü itiririk, başqa dinlərə, təriqətlərə meyl göstəririk. Bu da təbiidir. Axı, bizdə islam dininin təbliği qadağan edilmişdi. Ümumiyyətlə, hamımıza allahsızlıq ideyası təlqin olunurdu. Yenə də şükürlər olsun ki, bu hal kütləvi xarakter almadı, ağsaqqallar, ağbirçəklər gənclərimizi düzgün yola yönəldə bildilər. Heç təsadüfi deyil ki, milli-mənəvi dəyərlərimiz elə ağsaqqallardan başlayır. Azərbaycanlılarda ağsaqqala, ağbirçəyə xüsusi hörmət var. Elmi dildə desək, ağsaqqalıq institutu bizim soyumuzdan gəlir. Ağsaqqalın hərəkətinə, məsləhətinə, təcrübəsinə inanırlar, onlara ümid bəsləyirlər.
Milli-mənəvi dəyərlərin təbliğində, onların inkişaf etdirilməsində Azərbaycan Ağsaqqallar Şurasının böyük rolu var. Bu gün respublika daxilində elə əlamətdar hadisə yoxdur ki, Ağsaqqallar Şurasının nəzərindən kənarda qalsın. Son vaxtlar toy və yas mərasimlərində xoşa gəlməyən halların artması da ağsaqqaları narahat etməyə bilməzdi. Onların bu istiqamətdə apardıqları işlər, həyata keçirilən tədbirlər hər cür təqdirə layiqdir. Məncə, istər toy, istərsə də yas mərasimlərinin həddi-hüdudu olmalıdır. Belə məclislərdə qayda-qanunu pozmaq, əndazəni aşmaq insanlarda ikrah hissi yaradır. Buna yol verməmək üçün ədəb-ərkan formaları, dini ayinlərin icra qaydaları hərtərəfli öyrənilməlidir. Hər bir müsəlmanın islam dini haqqında geniş məlumatı olmalıdır. Ümummilli liderimiz Heydər Əliyev bu məsələnin vacibliyini xüsusi qeyd edirdi. Məhz ulu öndərimizin tövsiyyəsi ilə təhsildə din haqqında bilgilər verilməsinə başlanmışdır.
Bu gün milli-mənəvi dəyərlərimizin bir hissəsi sayılan xeyir-şər məclislərində baş verən neqativ hallar haqlı olaraq cəmiyyəti narahat edir. Şadlıq saraylarında keçirilən təmtərəqalı toy məclisləri əndazəni aşdığı üçün insanlara şənlik yox, yorğunluq, süstlük, xəstəlik gətirir. Yas mərasimlərimiz isə getdikcə öz funksiyasını itirir. Belə məclislərdə israfçılığa yol vermək adi hala çevrilir. Əslinə qalsa, israfın içində ifrat da gedir. Bunlar eyni anlayışdır: "Qurani Kərim"də də buyurulur: "Yeyin, için, amma israf etməyin. Allah israf edənləri sevməz".
Cəmiyyətin öndə gedən simaları xeyir-şər mərasimlərində şəxsi nümunə göstərməlidirlər. Unutmaq olmaz ki, "borcla verilən ehsan ölüyə də xoş getməz, Allaha da". Bəs dirilər niyə buna yol verirlər?
Solmaz MƏHƏRƏMMOVA, AMEA-nın Etnoqrafiya İnstitutunun əməkdaşı:
- "Xeyir-şər məclislərində israfçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu" layihəsinin eksperti kimi deyə bilərəm ki, bu gün toy məclislərində musiqidən tutmuş hər şey ifrat dərəcədə şişirdilir. Masaların üzərindəki qida məhsullarının çox hissəsi, sanki, bəzək üçün düzülmüş kimi əl vurulmamış qalır. Yaxud, yas mərasimlərini götürək. Doğmasını itirmiş ailə bilmir ki, ölüsünə ağlasın, ya da başsağlığına gələnlər üçün süfrə tədarükü görsün. Yas mərasimləri, ehsan süfrələri son zamanlar hüzn yox, şadlıq süfrəsinə daha çox oxşayır. Cürbəcür meyvələrdən tutmuş, xarici şirələrlə, şirniyyatlarla zənginləşdirilən belə süfrə arxasında hansı dərd-sərdən, hüzn əhvalından söhbət açmaq olar.
Maraqlıdır, Novruz bayramının atributları sayılan aypara rəmzli şəkərburanın, günəş rəmzli şorqoğalın, yaxud, ulduz rəmzli paxlavanın yas mərasimlərində süfrələrə düzülməsi nə qədər məntiqə uyğundur. Bir sözlə, indiki xeyir-şər məclislərimiz insanların bir-biri ilə pis mənada yarışmasına bənzəyir. "Qonşu getdi, mən qaldım" - ideyası ilə bəhsləşənlər sonda böyük borca düşürlər.
Mənəvi saflıq, daxili təmizlik insanlarda Vətənə sevgi hisslərini artırır. Dinimizin ən böyük şüarlarından biri odur ki, Vətəni sevmək imandandır. Ağsaqqallar Şurası da milli-mənəvi dəyərlərimizi qorumağa, Vətəni sevməyə çağırır. Bunu biz şüar şəklində deyil, əməli fəaliyyətimizlə sübuta yetirməliyik. Bu işdə zəngin insanlar da, kasıblar da milli-mənəvi dəyərlərimizə uyğun şəkildə hərəkət etməlidir. Yalnız bu yolla xeyir-şər məclislərindəki yabançı halların, israfçılığın qarşısını almaq mümkündür.{nl}
Telman ƏLİYEV, "Xalq qəzeti"nin əməkdaşı, Respublika Ağsaqqallar Şurasının üzvü
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.