Azərbaycan dəmir yolunda yeni inkişaf mərhələsi

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi  bu gün Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində fəal iştirak edir.

Son vaxtlar  dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə başlanılmış, bu sahədə infrastrukturun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi daha dinamik xarakter almış, dəmir yolunun tarixində yeni bir dönəm başlamışdır.

Yeni Azərbaycan Partiyası “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə  təşkilatının sədri Xeyrulla Hümbətov  bununla bağlı söhbət zamanı dedi: -Respublika nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının  müvafiq sərəncamı ilə bir müddət bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyində dəyişiklik edilməsi isə bu sahədə islahatların daha da sürətlənməsinə və restrukturizasiyasına, habelə dəmir yolu nəqliyyatında mövcud infrastrukturun və dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə öz müsbət təsirini göstərmişdir. 

Dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramına əsasən, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin  yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 

Sözügedən direktiv sənədin icrası çərçivəsində proqram  təminatı, kompüter avadanlıqlarının alınması, dispetçer mərkəzləşməsi sisteminə keçid tipli nəhəng işlərin reallaşdırılması  kimi mühüm məsələlər də artıq öz həllini tapmaqdadır. Bundan başqa lokomotiv parkının yenilənməsi istqamətində Fransanın ALSTOM şirkəti ilə 50 ədəd yük və 12 sərnişin lokomotivinin alınması üçün müqavilə imzalanmışdır.

Sərnişin təsərrüfatının müasirləşdirilməsi üçün Gəncə şəhərində “Stadler” vaqon istehsalı zavodunun tikintisi də Dövlət Proqramının uğurlu nəticələrindən  biridir. Eyni zamanda, Bakı sərnişin stansiyasında yeni Bakı vaqon deposunun inşası və burada dispetçer mərkəzləşməsi üçün binanın tikintisi də nəzərdə tutulmuşdur.

Müsbət haldır ki, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi yönündə tikintisi nəzərdə tutulan yarımstansiyalar (Böyük Kəsik-Gəncə mənzili)  artıq hazırdır. Eyni zamanda, kontakt şəbəkəsinin və dayaqların dəyişdirilməsi üzrə də bir sıra tədbirlər həyata keçirilmişdir. Yüksək gərginlikli xətlərin çəkilməsi, dayaqların dəyişdirilməsi, yarımstansiyaların tikintisi işləri ilin sonunadək  başa çatdırılacaqdır.

İşarəvermə və rabitə təsərrüfatının yenilənməsi üzrə işlər öz axarında davam edir. Yol təsərrüfatının sağlamlaşdırılması sahəsində görülən tədbirlər  xüsusi fərəh doğurur. Belə ki, Dövlət Proqramında Bakı-Böyük Kəsik sahəsində 317 kilometr  yolun əsaslı təmiri nəzərdə tutulsa da, əlavə 52,6 kilometr yol da əsaslı təmir edilmişdir. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynəlxlaq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə də  ciddi yanaşır. Bu yöndə  XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir.

Azərbaycanın önəm verdiyi digər beynəlxalq nəqliyyat layihələrindən biri də Şimal-Cənub beynəlxalq dəhlizidir. Ölkəmiz bu prosesdə fəal iştirak edir. Yeri gəlmişkən, Rusiya, Azərbaycan və İranın dəmir yollarının birləşdirilməsi məsələsi 2014-cü ilin oktyabr ayında Bakıda keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası çərçivəsində müzakirə olunmuşdur.

Azərbaycan dəmir yolunun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər edilmişdir. Bununla bağlı “Azərbaycan Dəmir Yolları” tərəfindən son vaxtlar görülən işlərin bir qisminə nəzər salaq. Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün hazırda  burada yenidənqurma işləri sürətlə aparılır. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.

Hazırda   Səhmdar Cəmiyyətdə yeni daşıma siyasətinin tətbiq edilməsinə xüsusi önəm verilir. Bu baxımdan Bakı-Sumqayıt-Bakı dəmir yolunda    sürətlə həyata keçirilən yenidənqurma işləri diqqət çəkir. Burada 1,6 kilometrlik birxətli yolun tikintisi də nəzərdə tutulur.

Bakı-Biləcəri-Sumqayıt xəttində elektrik qatarları əvvəllər mənzil başına 1 saat 22 dəqiqəyə çatırdısa, yenidənqurma işlərindən sonra bu vaxt 40 dəqiqə olacaq. Bakı-Zabrat-Sumqayıt xətti üzrə isə hazırda qatarlar mənzil başına 1 saat 29 dəqiqəyə çatır. Lakin yenidənqurmadan sonra vaxt fərqi 52 dəqiqəyə enəcək.

Dairəvi dəmir yolu üzərində 23 stansiya və dayanacaq olacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra yolun Bakı-Biləcəri-Sumqayıt hissəsində Keşlə, Biləcəri, Xırdalan və Bakı-Zabrat-Sumqayıt hissəsində isə Koroğlu", Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqlarının olması nəzərdə tutulur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin son vaxtlar həyata keçirdiyi tədbirlər sırasında  Bakı şəhəri-Heydər Əliyev Beynəlxalq Aeroportu dəmir yolu xəttinin layihəsinin reallaşdırılması da mühüm önəm daşıyır. Uzunluğu 25 kilometr olacaq bu dəmir yolu xətti şəhərdə sərnişin sıxlığının aradan qaldırılmasına müsbət təsir göstərəcək.

Başqa bir məqama da nəzər salaq. Ölkə rəhbərliyi tərəfindən bu gün dəmiryolçular qarşısında qoyulan ən mühüm tapşırıq yük daşımalarının, xüsusi ilə tranzit yük daşımlarının həcminin artırılmasıdır. Buna isə daşımaların sürətinin artırılması, daşınan yüklərin təhlükəsizliyinin təmin edilməsi, çevik tarif siyasəti, iri miqyaslı logistika və marketinq işi ilə nail olmaq mümkündür. Tranzit yüklərin ölkə ərazisindən keçirilməsi əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına cəlb olunması üçün çox əhəmiyyətlidir.

Qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi üçün   QSC-nin rəhbərliyi  Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Türkiyə, Gürcüstan dəmir yolu rəhbərləri və regionun nüfuzlu logistika şirkətləri ilə görüşlər keçirmişdir. Azərbaycan dəmir yolu dəhlizinin fəaliyyəti alternativ koridorla müqayisə olunmuş və daha səmərəli təşkili üçün bir sıra mühüm qərarlar qəbul edilmişdir. Belə ki, yük daşıma xidmətinin təşkilində səmərəliliyi artırmaq, beynəlxalq standartlara uyğun yeni xidmətlərin təşkili (qapıdan-qapıya) və eləcə də sağlam rəqabətin yaradılması üçün regionda nüfuza sahib olan 2 əlavə ekspeditor şirkəti ilə birbaşa ekspedisiya müqaviləsi imzalanmışdır.  Bundan başqa, bütün növ tranzit və idxal-ixrac konteyner daşımalarını stimullaşdırmaq məqsədi ilə mövcud  tariflər aşağı salınmışdır. Verilmiş güzəştlər hazırda vaqon daşımalarında 35 faizə qədər, konteyner daşimalarinda isə 50 faizə qədərdir.

Azərbaycanda hazırda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, yeni növ texnikaların alınması  Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi inkişaf modelinin bəhrəsidir. Yaxın vaxtlarda  respublikamıza yeni elektrik qatarlarının gətirilməsi bunun bariz ifadəsidir. Xatırladaq ki, iyunun 3-də Azərbaycan Prezidenti cənab İlham Əliyev yeni elektrik qatarında yaradılan şəraitlə tanış olmuşdur. “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunan “KISS” markalı elektrik qatarlarının hər birində 4 vaqon var. Qatarlarda sərnişinlər üçün hər cür şərait yaradılmışdır. Ümumi sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki, onlardan da 84-ü biznes-klasdır.  

Bundan başqa, “Azərbaycan Dəmir Yolları”nın  Riqadan aldığı 5 yeni elektrik qatarının üçüncüsü də artıq Bakıya gətirilmişdir. Gətirilən yeni elektrik qatarı 4 vaqondan ibarətdir və sərnişin daşınmasında istifadə olunacaq. Digər iki Qatar da bu ilin sonuna kimi Bakıya gətiriləcək. Hazırda gətirilən yeni elektrik qatarına texniki baxış keçirilir.

İsveçrənin “Stadler Rail Group” şirkətindən 30 ədəd yataq tipli sərnişin vaqonunun alınması da  planlaşdırılır. Bu vaqonların alınmasının maliyyə məsələləri “Azərbaycan Dəmir Yolları” QSC-də “Stadler Rail Group” şirkətinin prezidenti Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə növbəti ikitərəfli görüşdə müzakirə edilmişdir.

-Bu yaxınlarda respublikamız Çindən gələn ilk konteyner qatarını qəbul etdi. Bu tarixi hadisə ilə bağlı nə deyə bilərsiniz?

-Bəli,  bu ayın 3-də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən “Nomand ekspress” ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdı. Keçirilən mərasimdə qeyd edildi ki, hələ 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi - TRASEKA müqaviləsinin məqsədi bir zamanlar iki qitə arasında ticarətin aparıldığı İpək Yolunun bərpasını təmin etmək idi. Bugünkü tədbir də məhz bu istiqamətdə səylərin davam etdiyini göstərir. Çindən gələn ilk konteyner qatarı 2013-cü il noyabrın 7-də Qazaxıstan Dəmir Yolu İdarəsinin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin səyi nəticəsində mümkün olub. Bu komitə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çinin nəqliyyat və logistika şirkətlərini, o cümlədən Bakı, Aktau, Poti və Batumi limanlarını özündə birləşdirir.

Həmin mərasimdə xatırladıldı ki,  yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə konteyner qatarlarının Çindən birbaşa Avropaya və Aralıq dənizinə getməsi mümkün olacaq.

Ölkəmizə ilk dəfə Çin Xalq Respublikasından konteyner qatarının gəlməsi Azərbaycanın çoxdan gözlədiyi bir gündür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakıda 32 dövlətin və 13 beynəlxalq təşkilatın iştirak etdiyi TRASEKA - “Tarixi İpək Yolunun bərpası” beynəlxalq konfransı keçirilmişdi. Çindən ilk konteyner qatarının respublikamız tərəfindən  qəbul edilməsi məhz ulu öndərimizin ideyasının gerçəkləşməsi deməkdir. Bu, Azərbaycan və ümumilikdə bölgə üçün çox böyük bir hadisədir. Ona görə ki, 1998-ci ildən bu günə qədər TRASEKA-ya üzv dövlətlər - Qazaxıstan, Türkmənistan, Gürcüstan və Türkiyə tərəfindən İpək Yolunun inkişafı üçün genişmiqyaslı layihələr həyata keçirilib. O cümlədən Azərbaycanda da bu istiqamətdə mühüm işlər görülüb. Bu layihələrdən TRASEKA ölkələri üçün ən böyüyü və əhəmiyyətlisi kimi Bakı-Tbilisi-Qars dəmir yolu xəttini qeyd etmək olar. Bakı-Tbilisi-Qars dəmir yolu xətti başqa dəhlizlərlə müqayisədə Şərqdən gələn və Avropaya gedən yükləri 550-600 kilometrlik qısa bir məsafədə çatdıracaq. Bu xəttin önəmi ondadır ki, o istər Çin Xalq Respublikasından, istər də Şərqdəki digər ölkələrdən yüklərin Avropaya dayanmadan, tam təhlükəsiz və vaxtında çatdırılmasına kömək edəcək.

Hesablamalara əsasən, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə daşınacaq yüklərin artımının 2020-ci ildə 300-400 min konteynerdən çox təşkil edəcəyi, 2024-cü ildə isə həmin rəqəmin daha da arta biləcəyi vurğulanır.  Bu da Azərbaycan iqtisadiyyatına öz müsbət təsirini göstərə bilər. 

Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ) başqa dəhlizlərlə müqayisədə Şərqdən gələn və Avropaya gedən yükləri 550-600 kilometrlik qısa bir məsafədə çatdıracaq. Bu xəttin önəmi ondadır ki, o istər Çin Xalq Respublikasından, istər də Şərqdəki digər ölkələrdən yüklərin Avropaya dayanıqsız, tam təhlükəsiz və vaxtında çatdırılmasına kömək edəcək.

Yeri gəlmişkən onu da xatırladım ki, “Fitch” beynəlxalq reytinq agentliyi “2015-ci ilin ilk altı ayında keçmiş SSRİ ölkələrinin nəqliyyat sektoru” adlı hesabatında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini qeyd edib. Adı çəkilən agentlik hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi ilə “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC-nin əhəmiyyəti artacaq. Agentlik bu xətt vasitəsilə regionda yük daşımalarının sayının artacağı qənaətindədir.

Prezident İlham Əliyev Azərbaycanı tranzit yüklərin keçəcəyi logistik bir mərkəz görmək istəyir. Bunun üçün də ölkəmizdə avtomobil və dəmir yollarının, beynəlxalq hava limanlarının və dəniz limanlarının inkişafına çox böyük investisiyalar qoyulur. Bütün bunların hamısı gələcəyə hesablanan və gələcəkdə Azərbaycandan daha çox tranzit yüklərin keçməsi üçün atılan addımlardır.

Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan Qazaxıstandan 10 yeni lokomotiv alacaq. Tam yeni olan bu lokomotivlər ən müasir texnologiya və avadanlıqla təchiz edilib. Lokomotivlərin alınması ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə “Qazaxıstan Dəmir Yolu” SC arasında müqavilə imzalanacaq. Bu, Azərbaycanın müstəqillik tarixində mühüm hadisədir, çünki Qazaxıstan ilə ABŞ istehsalı olan bu lokomotivlər ölkəmizə gətirilən ilk yeni lokomotivlər olacaq.

Yuxarıda deyilənlərdən bir daha aydın olur ki, respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Ümumiyyətlə, regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir.

Müsahibəni qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında