Vətəndən uzaqlarda... Maqadanda Azərbaycan dünyası

"Maqadan" sözü azərbaycanlılara coğrafiya dərslərindən, bir də yaxın tariximizin dəhşətli "1937-ci il" səhifəsindən məlumdur. Qərbi Sibirlə Sakit okean sahilləri arasında yerləşən bu diyar çukçaların, evenklərin, koryakların, eskimosların vətəni olsa da, Rusiya imperiyası bu yerləri işğal edib Sakit okeana çıxdıqdan sonra zəngin təbii sərvətlərdən faydalanmaq üçün ərazini ruslarla və digər xalqlarla məskunlaşdırmağa çalışıb. Uzun sürən qışı, 50-60 dərəcə şaxtası gəlmə adamları bu yerlərlə o qədər də bağlamayıb. Çar Rusiyası dövründə daha çox sürgün olunmuşlar və dustaqlar Maqadan quberniyasının qızıl mədənlərində işləməyə məhkum ediliblər. Yaponlar bu prosesi insan sümükləri üstündə məskunlaşma adlandırıblar.
Sovet dövründə bu məskunlaşmanı davam etdirmək, ərazini sovetləşdirmək üçün quberniyada Maqadan şəhəri mərkəz olmaqla vilayət, onun tərkibində isə yerli əhalinin çoxluq təşkil etdiyi Çukot Muxtar Mahalı yaradılıb. Sərt iqlimə, ölkə mərkəzindən 7-8 min kilometr uzaqlığa görə gələn könüllülər daim geri dönmüşlər. Vilayətin və şəhərin inkişafı məcburi gətirilənlərin ağır əməyi, bəlalı taleyi sayəsində mümkün olmuşdur. Bu barədə rus dissident yazıçısı A.Soljenitsinin "QULaq arxipelaqı" əsərində yazılanlar Maqadanı dünyaya tarixin dəhşətli əzab və ölüm düşərgələrindən biri kimi tanıdıb.
Sovet dövləti özünün əsas qızıl mədənlərinin istismarından əlavə, əhalini bu yerə bağlamaq üçün vilayətdə maşınqayırma, yeyinti, yüngül və emal sənayesi sahələri yaratmış, balıqçılığı və gəmiçiliyi inkişaf etdirmiş, təhsil, elm, mədəni-məişət obyektləri yaratmışdır.
Maqadanda zaman-zaman həbsdə, sürgündə və hərbi xidmətdə olmuş minlərlə soydaşımızın taleyində də bu yerdə keçirdikləri aylar və illər ağrı-acılı izlər qoymuşdur. Son illərdə Maqadanda tədqiqatlar aparmış jurnalist Binnət Əsgərov vilayətdə və onun dustaqxanalarında 10500-dən çox soydaşımızın məşəqqətlərə düçar olduğunu aşkar etmişdir. Hətta böyük şair Hüseyn Cavid də əvvəlcə buraya gətirilibmiş. Ona görə də "Maqadan" sözü ötənlərdə xalqımızda həmişə məcburi əməyin hökm sürdüyü, talesiz insanların məhkumluq keçirdiyi, məhv edildiyi, dünyadan uzaq, bütövlükdə, nəhəng bir həbsxana təsiri bağışlayan məkan təsəvvürü yaradıb.
SSRİ dağılandan, Azərbaycan müstəqillik qazanandan sonra sovet imperiyası ərazisində qalmış 2 milyondan artıq soydaşımızdan Maqadanda qalıb yaşayan varmı? Onların güzəranları necədir? Coğrafi uzaqlıq, yad mühit onları Vətəndən, milli varlığımızdan uzaq salmayıb ki? Bu suallara bu günlərdə bir görüşdə aldığımız cavablar Maqadan barədə bu vaxtadək eşidib-bildiklərimizin artıq keçmişdə qaldığını, vilayətdə və onun mərkəzində könüllü olaraq yaşayan soydaşlarımızın Azərbaycanla sıx bağlı olduğunu açıqladı.
Bu yaxınlarda Moskva - Bakı təyyarə reysi ilə Vətənə birlikdə uçmuş jurnalist dostumuzla Maqadandakı Azərbaycan və Dağıstan xalqları təmsilçilərinin "Birlik" cəmiyyətinin sədri Mikayıl Səlimovun yol söhbətləri o qədər maraqlı olmuşdu ki, Uzaq Şərqdəki diaspor təşkilatlarımızdan birinin fəaliyyəti barədə oxucularımızı da məlumatlandırmaq üçün həmin qurumun rəhbərini redaksiyamıza dəvət etdik.
Mikayıl Səlimov 1954-cü ildə Xaçmaz rayonunun Üçgün kəndində anadan olub. 1974-cü ildə Bakı Politexnik Texnikumunu bitirib. 1976-cı ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində hərbi xidməti başa çatdırdıqdan sonra komsomol göndərişi ilə Çukotkaya gedib. 1977-ci ildə bu muxtar mahalın daxil olduğu eyniadlı vilayətin mərkəzi Maqadan şəhərinə gəlib. Mədəndə işləməklə yanaşı, buradakı Politexnik İnstitutunun tikinti şöbəsinə daxil olub. Onun Uzaq Şərqə gəlişi xoşluqdan olmasa da, bu yerlərin könüllü məskunlaşması üçün stimulların artdığı (nisbətən rahat təhsil, yüksək məvacib, karyerada yüksəliş, tez mənzil almaq və s.) bir dövrə düşdüyündən Mikayıl da taleyini qorxub-çəkinmədən Maqadanla bağlayıb. II Dünya müharibəsindən sonra yapon cəbhəsindən vilayətə gəlib mədən müdiri olmuş əmisinin bu yerlərdəki xətir-hörməti və himayəsi Mikayılı Maqadana bir az da möhkəm bağlayıb.
İş icraçısı, usta, sahə rəisi vəzifələri ailəsini rahat dolandırmağa imkan verib. İllər keçdikcə şəhərdə nüfuzu da artıb. Yeni gələn azərbaycanlılara arxa-dayaq olub, fəaliyyəti ilə vilayət və şəhər rəhbərliyində mövqeyi artıb. 1989-cu ildə şəhərdə ilk kooperativlərdən birini yaradıb. Sonrakı illərdə yaratdığı "İnveststroy" şirkəti şəhərin həyatında əhəmiyyətli rol oynayır. Bütün bunlar onu, təbii olaraq, vilayətdəki azərbaycanlıların və dağıstanlıların liderinə çevirib. 3 il əvvəl "Birlik" cəmiyyətini təsis edən bir neçə həmyerlimizdən biri olub və tezliklə onun sədri seçilib.
Mikayıl qürbətdə olduğu 36 il müddətində Vətənlə əlaqəsini nəinki kəsməyib, hətta ildən-ilə möhkəmləndirib. Həyat yoldaşını Azərbaycandan seçib aparan həmyerlimiz boya-başa çatdırdığı övladlarını - 1 oğlunu və 2 qızını doğma respublikamızda ev-eşik sahibi edib. Onun bu nümunəsi Maqadandakı soydaşlarımız üçün örnəkdir. 7 nəvəsini görmək, xeyriyyə tədbirlərini davam etdirmək üçün vaxtaşırı Bakıda və Xaçmazda olur. Kəndlərinə 2 kilometr uzunluğunda yol çəkdirib. Hazırda doğma obasında məscid tikdirir. Necə deyərlər, Maqadanda qazanılan pulların istisi Azərbaycanda çoxlarını qızdırır. Elə orada da Mikayıl dara düşən eloğlularının pənahıdır.
Bütün bunlarla yanaşı, müsahibimizdən, suallarımıza cavab almaq çətin olmadı:
- Qürbətdə keçən illərə təəssüflənmirsiniz ki?
- Bu mənim taleyimdir. Əlbəttə, Azərbaycanda mənim kimiləri çox olduğundan özümə iş tapmaq, mənzil almaq, həyatımı qaydaya salmaq asan olmayacaqdı. Uzaq Şərqdəki təbii çətinliklərimin əvəzi olaraq həyatımı qaydaya saldım, ali təhsil aldım, sonrakı illərdə Sankt-Peterburq İqtisad Akademiyasını idarəçilik ixtisası üzrə qiyabi bitirdim. Uşaqlarımı böyütdüm, rəhbər kadr, iş adamı kimi formalaşdım, ictimai işlərdə tanındım. Vətəndən uzaqda olsam da, içimdə həmişə Azərbaycanı yaşatdım. İndi imkanlarım, əlaqələrim uzaq məsafəni yaxınlaşdırmaqda işimi yüngülləşdirib. Bir ayağım burada, bir ayağım oradadır.
- Sizinlə söhbətdən aydın oldu ki, Maqadan da artıq o qorxulu, ölüm kabusuna çevrilmiş Maqadan deyil. İndi orada dustaq və əsgəri xidmət keçən, taleyindən bezən soydaşlarımız deyil, özü üçün maraqlı fəaliyyət tapan həmyerlilərimiz yaşayır.
- Həqiqətən, belədir. Amma sovet dövrünün şüurlarda möhkəmlənmiş təsəvvürləri elədir ki, Maqadan sözünü eşidənlər diksinirlər. Düzdür, o yerlər cənnət də deyil. İqlim sərtdir, işləmək, çörək qazanmaq asan deyil. Lakin ağlı başında olanın, əziyyət çəkənin zəhməti hədər getmir. Necə deyərlər, indi Maqadanın cəfası ilə yanaşı, səfası da var.
Vilayətdə müxtəlif səbəblərdən gəlmiş 2500-dək azərbaycanlı yaşayır. Onların 1500-ü Maqadan şəhərindədir. Vilayətdə yaşayan 260 min, onun mərkəzindəki 130 min əhali ilə müqayisədə heç də az deyil. Yeni gələn həmvətənlərimiz də var. Əvvəl gələnlərdən fərqli olaraq cəmiyyətimiz onların problemlərinin həllinə çox kömək edir.
- Cəmiyyətiniz hansı işlərlə məşğuldur?
- Əvvəla, "Birlik" hamını bir yerə toplayıb. Bir yerdə olmaqla həm gücümüzü, imkanımızı artırırıq, həm də milli dəyərlərimizi qoruyub-yaşadırıq. Cəmiyyət vilayətin və şəhərin ictimai-siyasi həyatında da fəal rol oynayır. Artıq bizi tanıyır, bizimlə hesablaşırlar. Layiq olduğumuz payı almaqda çətinliyimiz yoxdur. Dövlət, hökumət orqanları ilə əlaqələrimiz normal, faydalıdır. Qubernator Nikolay Dudov mənim dostumdur. Hər xahişimizə əməl edir. Milli bayramlarımızı birlikdə, yüksək səviyyədə keçiririk. Yerli tədbirlərdə də öz adımızla, milli kimliyimizlə çıxış edirik. Hamılıqda Uzaq Şərqin önəmli bir diyarında Azərbaycanı həm yüksək davranış və qabiliyyətimizlə tanıdır, həm də ölkəmizin milli dəyərlərini, indiki uğurlarını geniş təbliğ edirik.
Vilayətdəki 20-dək etnik - mədəni qurum arasında fəallığımızla seçilirik. Bu cəmiyyətlərin bir çoxu bizdən sonra yaranıb. Dağıstan xalqları ilə bir yerdə olmağımız, müsəlman icmaları ilə sıx əlaqələrimiz mövqeyimizi gücləndirir. Təsəvvür edin ki, Rusiyanın başqa şəhərlərində min hoqqadan çıxan ermənilər həm sayca bizdən az olduqlarından, həm də gücümüzü, birliyimizi görüb əleyhimizə səslərini çıxarda bilmirlər.
- Azərbaycanlıların məşğuliyyəti nədir?
- Hər sahədə çalışanlar var. Xidmət sahələrində, milisdə və s. işləyənlər üzdə olduqlarından daha çox tanınırlar. Ədalət Təhməzov, Knyaz Həsənov, Babay Qasımov, Ceyhun Hüseynov, Əli Məmmədov kimi iş adamları, fermerlər həm fəaliyyətləri, həm də cəmiyyətimizdə iştirakları ilə seçilirlər. Elm, mədəniyyət, təhsil sahəsində, dövlət idarələrində çalışanlarımız da var. Xeyir-şər məclislərimiz milli qaydalarla keçirilir. Şəhərə tez-tez Bakıdan, Vladivostokdan, Novosibirskdən musiqiçilərimizi dəvət edirik. Sevincimiz də, kədərimiz də bir yerdədir. Bütün bunların sorağı, əlbəttə, Azərbaycana da çatır və yeni adamlar gəlir. Burada özünə iş, yer tapa bilməyənlər orada bizim köməyimizlə bu məsələləri asan və tez həll edirlər. Son vaxtlar Maqadana üz tutan özbəklərin, taciklərin, çinlilərin sayı sürətlə çoxalır, biz niyə çoxalmayaq?
- Adamların nə vaxtsa geri dönmək fikri varmı?
- Bilirsiniz, bu məsələ elədir ki, hamı bir dəfəyə geri dönə bilməz. Gedənlər də olur, gələnlər də. Təsəvvür edin ki, Vətəndən kənarda yaşayan 2 milyondan çox azərbaycanlı birdən geri dönsə, nə baş verər? Ümumiyyətlə, bu mümkündürmü, lazımdırmı? Əsas məsələ odur ki, harada olursansa ol, azərbaycanlı kimi yaşa, Azərbaycan üçün çalış. Ulu öndər Heydər Əliyevin bu məsələdə bizə göstərdiyi yol budur ki, başqa millətlər kimi, biz də dünyaya yayılaq, dünyadan faydalanaq, ilk və son ünvanımız olan Azərbaycan üçün gərəkli olaq.
Biz Maqadanda yaşayan azərbaycanlılar Novosibirsk - dəki 40 min nəfərlik, Xabarovskdakı 60 minlik, Vladivostokdakı 20 minlik diasporlarımızla, Ümumrusiya Azərbaycan Konqresi ilə sıx, Vətənimizlə qırılmaz əlaqədə yaşayır, həyatımızı mənalandırır, yad diyarda milli varlığımızı qoruyub saxlayırıq. Özümüzü yaşatmaqdan əlavə, hər birimizin Azərbaycana az-çox köməyi də çatır. Maqadan vilayəti ilə respublikamız arasında məsafə uzaq olsa da müxtəlif sahələrdə faydalı əməkdaşlığın perspektivləri var. Azərbaycanın meyvə-tərəvəzinə orada böyük bazar var. Maqadanın dəniz məhsullarını respublikamıza gətirmək olar. Maqadana ehtiyac olan sahələr üzrə işçi briqadaları da göndərmək mümkündür və s.
Biz övladlıq borcumuzla həmişə Vətənə bağlıyıq, xalqımızın yanındayıq. Vətənə sevgi və bağlılığımız uzaq məsafəni qısaldan etibarlı bir körpüdür. "Azərbaycan" sözü həmişə qəlbimizə məhəbbət, gözümüzə işıq, dizimizə təpər gətirir.{nl}

Tahir AYDINOĞLU, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında