“Yetmiş beşinci zirvə”dən görüntülər

Hər bir xalqın tarixində onun milli-mənəvi dəyərlərini, adət-ənələrini və digər xüsusiyyətlərini özündə birləşdirən say-seçmə, adlı-sanlı nəsillər olur ki, həmin şəcərələrin nümayəndələri, adətən, millətin dar günündə öndə gedir, yol göstərir, nümunə olurlar. Bunlardan biri olan Şadlinskilər nəsli milli tariximizin parlaq səhifəsini təşkil edir. Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri, tibb elmləri doktoru, professor Vaqif Şadlinski xalqımızın tarixinə böyük şəxsiyyətlər bəxş etmiş bu şərəfli şəcərənin layiqli davamçısıdır.

Qışın oğlan çağında dünyaya gəlsə də qəlbi, əməli, niyyəti, diləyi hər zaman bahar təravətli, bahar müjdəli olub, ömrünün hər anını ən xeyirxah, ən ülvi hisslərə sərf edib. Yaşamağın mənasını, müqəddəsliyini bunda görüb. Vaqif müəllimlə ünsiyyətdə olmaq, dünəndən-bu gündən söhbət açmaq, tibbdən, təhsildən məlumat almaq, onun ibrətamiz fikirlərini dinləmək çox maraqlıdır.

 Vaqif Şadlınskinin adı ölkə ictimaiyyətinə yaxşı tanışdır. Onun həyat mərhələlərini müşahidə etsək ailə qayğılı günlərindən tutmuş, ömrünü həsr etdiyi tibb sahəsi, alim və pedaqoji fəaliyyəti, ziyalı qayğıkeşliyi gözümüz önündə canlanır. Professor V.Şadlinski Vedibasar mahalının görkəmli sərkərdəsi, xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin yaxın qohumu Bilas Şadlinskinin oğludur. Bu şəcərənin layiqli övladı və dəyərli davamçısı kimi Vaqif Şadlinskiyə hər yerdə rəğbət göstərir və sevirlər. Bu il görkəmli alimin 75 yaşı tamam olur. Bu münasibətlə onunla müsahib olduq.

– Vaqif müəllim, quş qanadlı illər bir-birini əvəz edir. Hər ili ömrün bir zirvəsi hesab etsək, siz artıq yetmiş beşinci zirvəni fəth etmişsiniz. Böyük həyat təcrübəsi olan ziyalı-alim kimi deyə bilərsininzmi ki, sizin üçün həyatın mənası  nədir, hansı anlamdadır?

– Çətin sualdır. Zənnimcə, bu suala dünyanın bütün insanları, hətta adlı-sanlı filosoflar da cavab verməyə çətinlik çəkərlər. Mənim anlamımda insan ömrü boyu əsas məqsədinə doğru addımlayır. O, həyatda sözünü deməyi, özündən sonra iz qoymağı bacarmalıdır. Hansı sahədə və harada işləməyindən asılı olmayaraq, insan xeyirxah olmağı, el-oba, millət, torpaq və Vətən təəssübü çəkməlidir. Vətən sevgisi mənim, nəzərimdə hər şeydən üstündür. Vətəni sevməyən insanın insanlıqda payı olmaz. Ümumiyyətlə, mənim həyat amalım, belədir: Dostla dost, düşmənlə-düşmən olmalısan. Mənim anlamımda “Düşmənə aman vermək olmaz!” prinsipi əsasdır. Bu xasiyyət bütün Şadlinskilər nəslinin qanına, canına hopub. Bütün bunlar neçə-neçə yüzilliklərdən bəri genetik kodda təsbitlənib, möhkəmlənərək dayanıqlı immunitet yaradıb. Belə dönməz, sarsılmaz immunogenlər nəsildən-nəslə ötürülür, bəşəri əhəmiyyət kəsb edir, təkcə Şadlinskilər nəslinin deyil, bütövlükdə xalqın, millətin milli dəyərlərinə çevrilir.

– Ömrünüzün mühüm hissəsini həsr etdiyiniz həkim-alim-pedaqoq kimi fəaliyyətiniz həyatınızda hansı izlər buraxıb?

– Sənətim elmi fəaliyyətimlə formalaşdı. Elmi düzgün, halal yol  seçdim. 1982-ci ildə Tbilisidə “Gözyuvasıaltı və aşağı alveol sinirlərinin topoqrafiyası və kötükdaxili quruluşu” mövzusunda namizədlik, 1999-cu ildə yenə də orada “Normada və zobogen faktorların təsiri altında qalxanabənzər vəzin struktur homeostazı və morfofunksional xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etdim. Doktorluq dissertasiyası müdafiəsindən sonra elmi fəaliyyətimi daha qlobal şəkildə inkişaf etdirməyə başladım.        1984-cü ildə ATU-nun insan anatomiyası kafedrasının dosenti, 1995-ci ildə isə həmin kafedranın müdiri vəzifəsinə seçildim və indiyə qədər həmin vəzifədə çalışıram. Bu illər ərzində kafedranın tarixi ənənələrinin bərpası, mühafizəsi və davam etdirilməsi istiqamətində fundamental işlər görmüşük. Bunlarla yanaşı, insan anatomiyası morfoloji elmlər sahəsinə aid olan digər kafedralarla tədrici inteqrasiyasını, onların birgə vəhdət fəaliyyətinin və vahid orqanizm kimi tamlığının bərqərar olmasını təmin etmişik. Bununla da morfologiya elminin xaotik şəkildə müxtəlif istiqamətlərə faydasız dartılma qüvvələrinin, yerində sayaraq tərpənməz qalıb inertləşməsinin qarşısı alındı. Bu elmə tətbiq edilən qüvvələr birləşdirildikdən, onların eyni istiqamətə yönəldilməsindən sonra ölkəmizin morfoloji elmlərə aid kafedralarında gözoxşayan dinamiklik yarandı. Çox keçmədi ki, bu kafedralarda yaranan və inkişaf etdirilən sağlam elmi-pedaqoji atmosfer tədrisin və elmin inkişafında öz inamlı sözünü deyə bildi. Çəkdiyimiz zəhmət bəhrəsini verdi.

Son 20 il ərzində ATU rəhbərliyinin tədris prosesinin yenidən təşkili və keyfıyyətinin yaxşılaşdırılması uğrunda həyata keçirdiyi tarixi layihələrdə yaxından iştirak etmişəm. Bunu nəzərə alan rəhbərlik 1996-cı ildə məni ATU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin etdi və 5 il bu vəzifəni uğurla yerinə yetirdim. Bu  illərdə universitetin mənə doğma olan bütün kafedraları ilə birlikdə insan anatomiyası kafedrasının da elmi-pedaqoji fəaliyyətini diqqət mərkəzində saxladım. ATU-da elmi və tədris proseslərində qəbul edilən bütün yeniliklərin tətbiqini həyata keçirən ilk kafedralardan biri insan anatomiyası kafedrası olurdu.

Onu da qeyd etmək istəyirəm ki, kafedraya rəhbərlik etdiyim dövrdən keçən 20 il ərzində əsası görkəmli elm fədaisi, professor Kamil Balakişiyev tərəfındən qoyularaq, dünyada tanınan unikal tədris və elmi-tədqiqat muzeyinin yenidən qurulmasına, tarixi ənənələrin mühafizəsinə, yeni otaqların təşkilinə, onların müasir avadanlıqla təchizinə, yeni eksponatlarla zənginləşməsinə böyük zəhmət və enerji sərf etmişəm. Bundan da xoş bir qürur hissi keçirirəm ki, bütün bunları Vətənim, xalqım, millətim və onun övladları üçün etmişəm. Yaratdığım elmi məktəbin nümayəndələrinin elmi- tədqiqat işlərində endokrinologiya, ekzokrinologiya, limfologiya və immunologiyanın morfoloji xüsusiyyətlərinin əsas prinsipləri prioritetlik təşkil edir. Bu sahələr üzrə tədqiqat işləri yerinə yetirən aspirant və dissertantlar namizədlik və doktorluq dissertasiyaları müdafiə edərək, ölkəmizin morfologiya elmini yeni müasir elmi dəlillərlə zənginləşdirirlər.

– Kafedranın elmi əlaqələri, gördüyünüz işlər barədə nə deyə bilərsiniz?

– İnsan anatomiyası kafedrasının beynəlxalq münasibətlərinin, dəyərli əlaqələrinin genişləndirilməsinə böyük əmək sərf etmiş və bu əlaqələrin bünövrəsini möhkəmləndirmişik. Belə ki, ölkə rəhbərliyinin təhsil işçiləri üçün yaratdığı əlverişli şəraitdən yetərincə istifadə edərək, 1997-ci ildə A.N.Natişvili adına Tbilisi Dövlət Eksperimental Morfologiya İnstitutunun baş direktoru akademik N.A.Cavaxişvili, İ.M.Seçenov adına Moskva Dövlət Tibb Akademiyasının (hazırki - Tibb Universitetinin) insan anatomiyası kafedrasının müdiri akademik M.R.Sapin kimi görkəmli alimlərlə, həmçinin qardaş Türkiyə Cümhuriyyətinin bir sıra universitetlərinin tibb fakültələrinin rəhbərləri ilə aparılan danışıqlar nəticəsində Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının rəhbərliyi ilə həmin ali tibb müəssisələrinin rəhbərləri arasında tibb təhsili və tibb elminin inkişafı istiqamətində ikitərəfli müqavilələr imzalanmış, yeni layihələrin həyata keçirilməsi üçün razılıq əldə edilmişdir.

Dəfələrlə Almaniyada, ABŞ-da, Türkiyədə, İsraildə, Rusiya Federasiyasında, Ukraynada, Belarusda, Gürcüstanda, İspaniyada, Fransada, Rumıniyada və digər xarici ölkələrdə keçirilən konqres, konfrans və simpoziumlarda elmi məruzələrlə çıxışlar etmiş, həmin ölkələrin elmi toplu və məcmuələrində məqalə və tezislər çap etdirmiş, bu ölkələrdə Azərbaycan morfologiya elmini ləyaqətlə təmsil etmişəm. 450-dən artıq çap olunmuş elmi işin, o cümlədən 11 monoqrafıya, 19 dərslik və dərs vəsaitinin, 20 metodik vəsaitin, 2 səmərələşdirici təklifın, onlarca elmi-publisistik məqalənin müəllifiyəm. 1998-ci ildə Türkiyənin İzmir şəhərində Şərqdə ilk dəfə olaraq mənim təşəbbüsümlə orijinal “İnsan anatomiyası atlası” çap etdirilərək tələbələrin ixtiyarına verilmişdir. “Normada və strumogen faktorların təsiri altında qalxanabənzər vəzin struktur təşkili və morfofunksional xüsusiyyətləri”, həmçinin “Həzm və tənəffus sistemlərinin kiçik vəziləri” adlı monoqrafiyalarım Moskvada çap olunub. 2009-cu ildə mənim redaktəm ilə 4 dildə (Azərbaycan, latın, ingilis və rus dillərində) 7428 termindən ibarət beynəlxalq miqyasda qəbul edilmiş “Anatomik nomenklatura” adlı kitab işıq üzü görmüşdür. Bu kitab 1964-cü ildə K.Balakişiyevin 1955-ci ildə Parisdə qəbul edilmiş yeni terminologiya əsasında 3 dildə (Azərbaycan, latın və rus dillərində) çap etdirdiyi “Anatomik nomenklatura” kitabının işıq üzü görməsindən keçən 50 ildən sonra respublikamızda dərc olunmuş yeganə ikinci orijinal kitabdır.

– Ömrün bu pilləsində – müdriklik çağında ətrafı – mühiti, dünyanı, insanları necə görürsünüz?

– İnsanlar, elə bil ki, harasa tələsirlər. Elə bir yolu seçiblər ki, mənəviyyat yavaş-yavaş itir. Bax, mən bundan qorxuram, mənəviyyata ləkə düşməməlidir. Güman edirəm ki, illər ötdükcə bu da keçəcək. Fəxr edirəm ki, dünyanın hər yerində Azərbaycan üstün dövlət kimi tanınır, seçilir. Arzum budur ki, yağı düşməndən torpaqlarımızı geri alaq, xalqımıza qarşı tarix boyu törətdikləri vəhşiliyin heyfini onlarda qoymayaq. Bu arzumun çin olacağına bütün varlığım kimi inanıram. Bütün insanlara, cəmiyyətə sağlam həyat, Vətən sevgisi arzulayıram.

Şövkət HÜSEYNOVA,
Həsən Bəy Zərdabi Mükafatı laureatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında