Özünüzü günvurmadan qoruyun

Həyatı sevin, onda Günəş şüaları və maqnit burulğanları sizə təsir etməyəcək

Yayın qorabişirən istiləri yeri-göyü yandırıb-yaxır. Kölgədə 42 dərəcə istilik açıq havada 45-48 dərəcə hərarətin göstəricisidir. Havaların bu sür isti keçməsi isə insanların səhhətində müxtəlif xəstəliklərin daha qabarıq şəkildə özünü göstərməsi ilə müşahidə olunur. Son günlər qan təzyiqinin artmasından, ürək döyüntülərinin qeyri-stabil olmasından, baş gicəllənməsi və ürək bulanmasından əziyyət çəkənlərin sayı artıb.

Mütəxəssislər bir çox xəstəxanalara müxtəlif xəstəliklərlə bağlı müraciət edənlərin say çoxluğunun məhz havadakı yüksək hərarətlə əlaqədar olduğunu deyirlər. Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müavini Oqtay Şahmalıyev bildirir ki, mövsüm başlayandan günvurma ilə bağlı 57 çağırış olub. Günvurmanın təsirinə uyğun olaraq yerində yardım edilənlərdən başqa 19 nəfər ərazi üzrə xəstəxanalara yerləşdirilib. 

Günvurmadan və onun orqanizmdə, əsasən də ürəkdə yaratdığı fəsadlardan qorunma yolları ilə bağlı mütəxəssis fikrinə ehtiyac duyduq. Bu məqsədlə Elmi- Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Baxşəliyevə müraciət etdik. O dedi:

—Məlumdur ki, bütün dünyanı əhatə edən qlobal iqlim dəyişikliyi—istiləşmə nəticəsində son illər ardı-arası kəsilməyən təbii fəlakətlər, bəzi yerlərdə sel, daşqın, bir çox ölkələrdə isə quraqlıq, bir sözlə, anomal hava şəraiti  hökm sürür. Bu günlər havanın normadan artıq isti keçməsi heç arzuolunan hal deyil. Havada 45-48 dərəcə temperatur, təbii ki, buna alışmayan insanların səhhətinə mənfi təsirsiz ötüşməyəcək. Yaxşı ki, havanın nisbi rütubəti aşağıdır. Nisbi rütubətin çox olması neqativ halların daha da artmasına gətirib çıxarar. İsti havanın orqanizmə təsiri bir qayda olaraq meteopatik reaksiyalarla, ilk növbədə, tez yorulma, süstlük, ürək döyüntülərinin artması, hava çatmaması, əzginlik əlamətləri ilə özünü göstərir. Ürək, qan-damar xəstəlikləri olan şəxslərdə isə bu əlamətlər daha kəskin və tez hiss edilir. Çünki, havada oksigenin miqdarı az olduğundan həmin insanlarda oksigen çatışmazlığı, təngnəfəslik, bununla əlaqədar isə boğulmalar baş verir. İsti hava qan təzyiqinin dəyişməsinə birbaşa təsir edir, ürəyində işemiya xəstəliyi olanlarda stenokardiya tutmaları başlayır. İsti hava həmçinin yuxunun pozulmasına təsir edir. Yuxu insan orqanizmi üçün çox vacib amildir. Yuxusuzluq davamlı olarsa, bu, digər xroniki xəstəliklərin meydana çıxmasına səbəb olur. Açıq gün altında qoruyucu vasitələrdən istifadə edilməyəndə, insanlarda günvurma baş verir. Günvurma ümumi nevroloji əlamətlərlə, eləcə də ürək bulanması, qusma əlamətləri ilə xarakterizə edilir. Bütün insanlar bununla bağlı məlumatlandırılmalı və gündən qorunmalıdırlar. Belə havalarda bir qayda olaraq iş rejimi də fərqli olmalıdır.

—İllər öncə nə iş rejimi fərqli olub, nə də insanlar günəş şüalarından bu qədər əziyyət çəkiblər. Müasir dövrdə bu fəsadların yaranmasına və artmasına daha nələr səbəb olur?

—Doğrudur, əvvələr insanlar günəşi də, onun şüalarını da asan keçirirdilər. Axı o vaxt psixoloji durum indiki səviyyədə deyildi, radiasiya belə artmamışdı, ozon təbəqəsinin tamlığı bu qədər pozulmamışdı, atmosfer bu səviyyədə çirklənməmişdi, insanların radiasiya, maqnit burulğanları haqda məlumatları yox idi. Bu, bir tərəfdən psixoloji durumla bağlıdırsa, digər tərəfdən geniş yayılan xəstəliklərin xofundandır. Radiasiyanın təsirindən dəri xərçəngi əmələ gəldiyini bilən şəxs, gün altında qalan kimi, ilk növbədə, xoşagəlməz hallar haqda düşünür, bu da birbaşa əsəb sistemini gərginləşdirir. Belə neqativ halların orqanizmə mənfi təsirini müəyyən dərəcədə azaltmaq üçün, nəinki ətrafa qarşı bir qədər laqeyd olmalıyıq, hətta qida qəbuluna da xüsusi diqqət yetirməliyik, sərinləşdirici içkilərə üstünlük vermək məsləhətdir ki, istilik mübadiləsi bir qədər tənzimlənsin.

—Professor, son vaxtlar ürək xəstəliklərindən ölüm faizi də artıb. Belə demək mümkünsə, qəfil ölümlərin sayı çoxalıb. Bundan qaçmaq mümkündürmü?

—Ürək-damar xəstəliklərində ölümə səbəb olan ürəyin işemik xəstəliyidir. Onunla meydana çıxan miokard infarktı, eyni dərəcədə də kəskin koronar sindromu olan xəstəliklərdir. Qəfləti ölümlərin 95-98 faizi ürəklə əlaqədardır. Ürəyin işemiyasında təsnifat var: Birinci, stenokardiya tutmaları başlayır, ürək buna hazır olmadığından qəfil ölüm baş verir. İkinci, miokard infarktlı xəstələrdə ölümə səbəb olan iki amil olur. Birincisi, damarlarda tromboemboliyalar—tromb əmələ gəlir. Bu tromb ağ ciyər arteriyasını tutur və yenə qəfil ölüm baş verir. İkincisi, müxtəlif aritmiyalar başlayır, nəticədə, ürəyin fibrilasiyasına gətirib çıxarır, yəni ürək mütəmadi vurmur. Fibrilasiyanın 10-15 dəqiqə davam etməsi də ölümlə nəticələnir. Ona görə də təkrar edirəm ki, ürəyində problemi olan insanların isti havalarda bayıra çıxmaları məsləhət deyil, onlara həmişə, adi günlərdə də, günəş şüalarından qorunmağı tövsiyə edirik.

— Günəş şüalarının əsəb sistemimizə mənfi təsiri böyükdür. Başqa vaxt reaksiya vermədiyimiz hadisələri gün altında 10-15 dəqiqə qalandan sonra laqeyd qarşılaya bilmirik, həyəcanımız artır, emosional oluruq...

—Təkcə Günəş şüaları, maqnit burulğanları deyil ki... Urbanizasiyanın təsiri, ekoloji problemlər, avtomobil tıxacları və s. əsəb sistemimizə mənfi təsir edir, bu da ürəyin işini pozur. Ürək-damar xəstəlikləri artıq sosial xarakter daşıyır. Ekoloji tarazlıq pozulub. Bakının üstündə avtomobillərdən çıxan qazlardan ibarət bir lövhə yaranıb. Bakı nəfəs almır. Heç kəs yaşıllıq zolağı salmaq barədə düşünmür, hamı göydələn tikir. Fikirləşmirlər ki, bu günün həll edilməyən ekoloji problemi ona gətirib çıxaracaq ki, sabahkı nəsil uşaqların böyük əksəriyyəti xəstə doğulacaq, elə də böyüyəcək...

—Professor, həyat davam edir. Biz evə qapanıb qala bilmərik. İşə gedənlər, hansı problemi isə həll etmək məqsədilə evdən çıxanlar mütləq günəş şüaları ilə üzləşirlər. Belə hallarda günvurmadan qorunmaq üçün nə etmək lazımdır?

—Doğrudur, müəyyən qrup insanlar var ki, onlar hər gün mütləq şəkildə bu günəş şüaları ilə üzləşirlər. Və onu da qeyd etməyi vacib bilirəm ki, günəşdəki, radioaktiv şüalanmalar həmişə olub. Sadəcə, keçən əsrin əvvəllərində insanlar daha sağlam idilər və bu barədə informasiyaları az idi. İndi hər şeyi istəyimizdən asılı olmayaraq sosial şəbəkələr, saytlar qarşımıza çıxarır. Qidamız da əvvəlki qida deyil. Üstəlik də əsəb sistemi yerində olmayan adama “maqnit burulğanı olacaq” kəlməsini eşitmək kifayət edir ki, onun ürək döyüntüləri artsın, qan təzyiqi qalxsın. Havaların bu cür isti keçməsi hələ davam edəcək. Buna hazır olmalıyıq. Yəni ki, bu məlumatlara bir az laqeyd olmaq lazımdır.

Bir həkim kimi məsləhətim budur ki, ürəyində problemi olanlar isti havada qalmasınlar, yaşıllıq zonasına, su kənarına getsinlər, ənənəvi dərmanlarını bir qədər artıq dozada qəbul etsinlər. Havanın isti vaxtında, vacib olmayan zaman bayıra çıxmamaq məsləhətdir. Bayıra çıxanlar özləri  ilə sərin su, dəsmal götürsünlər, bacardıqca kölgədə dayansınlar, tez-tez dəsmalı isladıb alın nahiyəsini, boyun- boğazlarını silsinlər. Ət yeməklərindən, ümumiyyətlə, kalorili qidalardan az istifadə etmək, sərinləşdirici içkilərə, qatıq-süd məhsullarına üstünlük vermək lazımdır. Ətraf mühitin təsirindən, psixoloji gərginlikdən bacardıqca uzaq olmaq isti havanın orqanizmə təsirini azaldır, ona görə də hər kəs özünün həkimi olmalı, canının qədrini bilməlidir. Son olaraq onu demək istəyirəm ki, ruhdan düşməyin, həyata nikbin baxın, “Həyat gözəldir, yaşamaq gözəldir” devizini düşünün, onda günəş şüaları və maqnit burulğanları sizə təsir etməyəcək.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında