Respublikada qanunvericiliyin təkmilləşdirilməsi sahəsində işlər müntəzəm davam etdirilir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 2015-ci il 29 aprel tarixli Fərmanını, həmin Fərmanla təsdiq olunmuş Qaydaları, həmçinin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2015-ci il 14 iyul tarixli Fərmanını qeyd etmək olar. Bu sənədlərin qəbul edilməsinin əsas səbəbləri və nəticələri barədə oxuculara daha geniş məlumat vermək məqsədilə AZƏRTAC-ın müxbirinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovla müsahibəsini təqdim edirik.
- Süleyman müəllim, adlarını çəkdiyimiz sənədlər haqqında oxuculara daha ətraflı məlumat verməyinizi istərdik. Bu sənədlərin qəbulu sənədləşmə işində, o cümlədən vətəndaşların müraciətlərinə baxılmasında hansı yeniliklərə səbəb olacaqdır?
- Respublikada idarəetmənin təşkilində sənədlərlə işin düzgün qurulması, bu sahədə müasir texnologiyalardan istifadə edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı vacib məsələlərdən biridir və həmin işi tənzimləyən qanunvericilik aktlarına müntəzəm olaraq əlavə və dəyişikliklər edilməklə bu normativ hüquqi baza yenidən formalaşdırılır.
Məlum olduğu kimi, respublikada kargüzarlıq işini tənzimləyən əsas normativ hüquqi aktlar hələ ulu öndər Heydər Əliyevin fərman və sərəncamları ilə təsdiq edilmiş, sonradan yeni şəraitə və tələblərə uyğun olaraq onların təkmilləşdirilməsi mütəmadi davam etdirilmişdir. Ümumiyyətlə, qeyd etməliyik ki, respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında indiyədək sənədlərlə iş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la tənzimlənirdi.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli Fərmanı ilə müvafiq Təlimata edilmiş dəyişikliklər respublikada sənədləşmə işində yeni mərhələdir. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin informasiya-kommunikasiya texnologiyalarının həyatın bütün sahələrində daha yaxından və daha geniş tətbiq edilməsi barədə tapşırıq və tövsiyələrinin yerinə yetirilməsi üçün atılan növbəti addımlardan biridir və onun səmərəsini hər bir dövlət idarəsində çalışan şəxs bundan sonra daha yaxından hiss edəcəkdir. Bu sahədə işin yaxşılaşdırılmasına böyük təsir göstərən elektron sənəd dövriyyəsinə aid müddəalar Təlimata yeni məzmun vermiş və onu daha əhatəli etmişdir.
İlk növbədə onu deməliyik ki, həmin Təlimatın adı dəyişdirilmiş və artıq “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” adlanır.
Yeni Fərmanla Təlimata edilmiş dəyişikliklər əvvəlki normaları və qaydaları daha da dəqiqləşdirmiş, Təlimat qəbul edildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyində olmuş yeniliklərə, o cümlədən “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa, “Milli arxiv fondu haqqında”, “Elektron imza və elektron sənəd haqqında” qanunlara, “İdarələrarası elektron sənəd dövriyyəsi haqqında” Əsasnaməyə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları”na və digər aktlara əsaslanaraq Təlimatın mövcud redaksiyasında bir sıra vacib dəyişiklik və əlavələr edilmişdir.
Məsələn, Təlimatın mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş kargüzarlıq sistemi üzrə sənədlərin qeydiyyata alınmasına dair 5-ci bəndinə edilmiş dəyişikliklər dövlət hakimiyyəti orqanlarına daxil olmuş məlumat xarakterli müxtəlif korrespondensiyanın qeydə alınmamasına, əlavə sənədləşmə işi aparılmamasına imkan verir. Yəni mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş kargüzarlıq sistemində qeydə alınması tələb olunmayan korrespondensiyanın siyahısı təsdiq edilmişdir.
Təlimatın 25-ci bəndində isə rəhbər vəzifəli şəxs üzrlü səbəbə görə rəsmi olaraq işdə olmadıqda yuxarı təşkilatlara sənədlərin göndərilməsi qaydası dəqiqləşdirilmiş, sənədlərin icra müddətlərinin hansı halda və qaydada uzadılması, bir neçə icraçı olduqda sənədin digər icraçılarla razılaşdırılması qaydası, rəsmi sənədlərin çap qaydaları və digər məsələlər öz əksini tapmışdır.
- Təlimata əlavələrin əsasən elektron sənəd dövriyyəsi ilə bağlı olduğunu qeyd etdiniz. Bu hissənin əlavə edilməsi kargüzarlıq işinə hansı yeniliklər gətirəcəkdir və bu yenilikləri daha geniş şərh edə bilərsinizmi?
- Qeyd etdiyimiz kimi, Təlimata edilən ən başlıca dəyişiklik odur ki, ona “Elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri” adlı yeni hissə əlavə edilmişdir.
Əlavə olunmuş hissə 15 bənd, 37 yarımbənddən ibarətdir. Bu hissədə təşkilatın kargüzarlığı elektron formada aparmaq hüququ təsbit olunur və elektron formada tərtib edilmiş sənədin hansı qaydada qəbul edilməsi, göndərilməsi, eyni zamanda, təşkilatlarda elektron sənədlərin hazırlanmasına dair ümumi tələblərin nədən ibarət olması, onların hansı qanunlara və standartlara uyğunluğu, elektron sənəd hazırlanarkən hansı məsələlərə diqqət yetirilməsinin vacibliyi və sair məsələlər göstərilmişdir.
Ümumi hazırlanma və işlənmə prinsipləri, demək olar ki, əvvəlki kargüzarlıq qaydaları ilə eyni olan elektron sənədlərin digər sənədlərdən fərqli xüsusiyyətləri Təlimatın həmin hissəsində dəqiq və konkret göstərilmişdir. Məsələn, elektron sənədin yaradılması, rekvizitlərin və gücləndirilmiş elektron imzanın əlavə edilməsi, onun həqiqiliyinin yoxlanılması, alınmasının təsdiqi, qeydiyyatı, sənəd üzərində kollektiv işin, icraya nəzarətin, axtarışın təmin edilməsi və digər məsələlər öz əksini tapmışdır.
Təlimatın bu yeni hissəsində elektron sənədlərin yalnız yoxlandıqdan sonra qəbul edilib qeydiyyata alınması, elektron sənədlər çap edilərkən orada hansı məlumatların əks etdirilməsi, elektron bildirişə daxil edilən məlumatlar, sənədin hansı hallarda göndərilməmiş və alınmamış hesab olunması, bunun qeydə alınması qaydaları və sənədin dövriyyəsinə aid məlumatların elektron qeydiyyat jurnallarında necə əks etdirilməsi göstərilmişdir.
Yeni hissədə elektron sənədlərin və onların arxivlərinin saxlanılması qaydaları da təsdiq edilmiş, göstərilmişdir ki, bu sənədlər elektron informasiya daşıyıcılarında informasiyanın bütövlüyünü yoxlamağa imkan verən formada saxlanılmalı və onların saxlanılma müddəti “Milli arxiv fondu haqqında” Qanunda müəyyən edilmiş müddətdən az olmamalıdır. Həmçinin elektron sənədlərdə olan informasiyadan gələcəkdə istifadə, elektron sənədlərin kağız daşıyıcıda surətlərinin çıxarılması, bərpası mümkün olmalıdır.
Bu sahədə həyata keçirilən proseslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və “İdarələrarası elektron sənəd dövriyyəsi haqqında” Əsasnaməyə uyğun olaraq təmin edilir. Ayrıca qeyd olunur ki, bu sənədlər saxlanılmaq üçün elektron informasiya daşıyıcısında saxlandığı formatda təhvil verilməli, bu sənədlərin arxivləri icazəsiz daxilolmalardan, məhv edilməkdən və ya təhrif edilmə hallarından mühafizə olunmalıdır.
Göründüyü kimi, yeni Təlimatın tətbiqi ilk növbədə elektron sənəd dövriyyəsinin reallaşmasına, bütövlükdə idarəetmə sistemində operativliyin və obyektivliyin təmin edilməsinə, ən başlıcası isə sənədləşmə işində daha ciddi qayda-qanun yaradılmasına xidmət edir.
- Süleyman müəllim, daha bir sualımız var. Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 2015-ci il 29 aprel tarixli Fərmanında bu sistemin cari il iyulun 1-dən tətbiq edilməsi müəyyən edilmişdir. Bu sistem artıq fəaliyyət göstərirmi və onunla əlaqədar nə deyə bilərsiniz?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vətəndaşlara və onların problemlərinə daim böyük qayğı və diqqətlə yanaşaraq özünün bütün çıxışlarında bu məsələləri ön plana çəkir, hər bir dövlət qulluqçusundan, hər bir məmurdan vətəndaşların qayğı və problemlərinə xüsusi diqqətlə yanaşmağı tələb edir, dövlət və vətəndaş arasında ünsiyyətin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinə xüsusi önəm verir.
Dövlətimizin başçısına edilən müraciətlərdə vətəndaşlar onların qaldırdıqları problemlərin həllinə görə daim öz dərin minnətdarlıqlarını bildirməklə yanaşı, bəzi hallarda müəyyən məsələlərdən narazılıqlarını da bildirirlər. Vətəndaşlar əmindirlər ki, ölkə Prezidenti onların hər bir haqlı tələbinin təmin edilməsi üçün öz tapşırıq və tövsiyələrini verəcəkdir.
Azərbaycan Prezidentinin ölkə vətəndaşlarına qayğısının yeni təzahürü olan bu Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları” dövlət idarəetmə sistemində müasir texnologiyaların tətbiqi sahəsində növbəti uğurlarımızdan biridir.
Dünyada tətbiq olunan ən müasir informasiya-kommunikasiya texnologiyalarının respublikamıza gətirilərək onların müxtəlif sahələrdə, o cümlədən dövlət idarəetmə strukturlarında tətbiqinə böyük əhəmiyyət verən ölkə Prezidentinin tapşırığına uyğun olaraq artıq həmin sistem bütün şəhər və rayon icra hakimiyyətlərində tətbiq olunmuşdur və işləməkdədir.
- Süleyman müəllim, vətəndaş müraciətlərinə baxılmasına dair elektron informasiya sisteminin tətbiqi müraciətlərə baxılmasında hansı müsbət yeniliklərə səbəb olacaqdır?
- Qeyd etdiyimiz kimi, vətəndaş müraciətlərinə dair elektron informasiya sistemi çox qısa bir vaxt ərzində hazırlanıb istifadəyə verilmiş, Fərmanda müəyyən edildiyi kimi, 2015-ci il iyulun 1-dən işə salınmış və artıq onun nəticələri görünməkdədir. Əlbəttə, bu, asan olmamışdır. Ölkə Prezidentinin Fərmanına uyğun olaraq sistemin təsisçi-administratoru olan Prezident Administrasiyası bu işi çox səmərəli təşkil etmiş, bizim şöbənin rəhbərliyi altında mütəxəssislərdən ibarət işçi qrupu yaradılmış, nəzərdə tutulan bütün tədbirlərin vaxtında həyata keçirilməsi üçün intensiv iş aparılmışdır.
İlk növbədə bu sistemin yaradılması üçün zəruri olan bütün texniki avadanlıq alınıb yerli icra hakimiyyəti orqanlarının aparatlarında quraşdırılmış, bu sistemdə işləyəcək şəxslər müəyyənləşdirildikdən sonra onların sistemlə daha yaxından tanış olması, sistemin əsas iş prinsiplərinin və qaydalarının onlara öyrədilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bir neçə qrupdan ibarət qısamüddətli kurs-seminarlar təşkil edilmiş, sistemin fəaliyyət prinsipləri və ona verilən tələblər ətraflı və əyani surətdə izah edilmişdir. Həmin seminarlarda sistemin məqsəd və vəzifələri, onun tətbiqi sayəsində əldə ediləcək nəticələr, vətəndaş müraciətlərinə baxılmasına gətirəcəyi müsbət yeniliklər hərtərəfli şərh edilmişdir.
- Sistemin yerlərdə tətbiqində hansı çətinliklər və problemlər yaşanıb, onlar necə həll olunub?
- Təbiidir ki, heç bir iş asan başa gəlmir, o cümlədən yeni sistemin yaradılması da böyük zəhmət, operativlik və texniki təminat, ən başlıcası, müvafiq kadr ehtiyatı tələb etmişdir. Bu baxımdan hazırda informasiya-kommunikasiya texnologiyaları sahəsində respublikada yaradılmış güclü potensial bütün şəhər və rayonlarda bu işin yüksək keyfiyyətlə görülməsi üçün lazımi imkanlar vermişdir. Qeyd etməliyik ki, sistemin rabitə və informasiya təhlükəsizliyi tam təmin olunmuş və bu sahədə etibarlı mexanizm yaradılmışdır.
Hazırda bu sistem vasitəsilə hər bir icra hakimiyyəti orqanına daxil olan vətəndaş müraciətləri dərhal qeydiyyata alınır, onların qeydiyyatı, dövriyyəsi, baxılmasının nəticələri operativ surətdə həyata keçirilir. Artıq tətbiq olunan informasiya sistemində qısa vaxt ərzində 25 mindən artıq vətəndaş müraciəti qeydiyyata alınmış və onlara baxılması nəticələri bu sistemdə öz əksini tapmışdır.
Bu informasiya sisteminin imkanları çox genişdir. Həm vətəndaşların müraciətlərinə vaxtında baxılıb cavab verilməsini, onların icra müddətlərinə əməl olunmasını, müraciətlər əsasında geniş təhlillər aparılmasını təmin edir, eyni zamanda, Prezident Administrasiyasında qurulmuş mərkəzi server vasitəsilə istənilən şəhər və rayon icra hakimiyyətinə daxil olan təklif, ərizə və şikayətlər üzrə bütün məlumatları öyrənməyə və lazımi araşdırmalar aparmağa imkan verir. Artıq bu, vətəndaş müraciətlərinə baxılmasında tam şəffaflığı təmin edən bir vasitəyə çevrilmişdir. Yəni Prezident Administrasiyasında qurulmuş avadanlıq vasitəsilə hər bir müraciət üzrə görülən tədbirləri izləmək və nəticələrini bilmək mümkündür. Bunu da xüsusi qeyd etməliyik ki, sistem mütəmadi olaraq təkmilləşdirilir, müvafiq məlumatlar əldə etmək və təhlillər aparmaq üçün orada əlavə imkanlar yaradılır.
- Gələcəkdə bu sistemin mərkəzi icra hakimiyyəti orqanlarında da tətbiqi mümkündürmü?
- Mərkəzi icra hakimiyyəti orqanlarının çoxunda vətəndaş müraciətlərinə və xidməti sənədlərə dair müvafiq proqramlar xeyli vaxtdır ki, tətbiq olunmaqdadır. Həmin orqanların spesifikasına uyğun olaraq öz informasiya sistemləri yaradılmış, müvafiq təhlillər və araşdırmalar aparılır, nəticələri barədə hər ilin sonunda Prezident Administrasiyasına ətraflı məlumatlar verilir. Yəqin ki, gələcəkdə həmin proqramların da vətəndaş müraciətlərinə aid hissəsinin ümumi bir şəbəkədə birləşdirilməsi, bütövlükdə respublika üzrə vahid bir sistemin yaradılması mümkün olacaqdır.
- Yeni elektron informasiya sisteminin tətbiqi vətəndaşlara nə verəcək, onların problemlərinin həllinə necə təsir göstərəcəkdir?
- Dəfələrlə qeyd etdiyimiz kimi, vətəndaş müraciətləri, vətəndaşın qayğıları və problemləri ölkə Prezidenti İlham Əliyevin ən çox diqqət yetirdiyi məsələlərdən biridir. Biz məmurlar da cənab Prezidentdən bu sahədə nümunə götürməli, onun tapşırıq və tövsiyələrini layiqincə yerinə yetirməliyik.
Yeni sistemin əsas məziyyətlərindən biri odur ki, respublikanın hər bir yerli icra hakimiyyəti orqanında müraciətlərə baxılmasının nəticələri barədə operativ məlumat əldə etməyə imkan verir. Bu sistem yerli icra hakimiyyəti orqanlarında çalışan məmurların məsuliyyətini də xeyli artırır, həm onların özünə, həm də bizə imkan verir ki, vətəndaşları narahat edən hər bir problemi vaxtında aşkara çıxarıb onun yaranma səbəblərini aradan qaldıraq ki, son nəticədə ölkə vətəndaşları onlara göstərilən qayğı və diqqəti daha yaxından hiss etsinlər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.