Azərbaycan kinosu: inkişafın yeni mərhələsi

2 avqust Milli Kino Günüdür

Milli kinomuzun 117 yaşı tamam olur. Uzun illər Azərbaycanda kino sənətinin yaranma tarixi  1916-cı ildən  hesablanırdı. Həmin il  ekranlara İbrahim bəy Musabəyovun “Neft və  milyonlar səltənətində” əsəri əsasında çəkilmiş eyniadlı film çıxarılmışdı.

 Lakin  1996-cı ildə kinoşünas Aydın Kazımzadənin ciddi araşdırmaları nəticəsində  Azərbaycan kino tarixinin 1898-ci ildən başlandığı sübut olundu.Həmin il avqustun  2-də Anton Mişonun çəkdiyi “Balaxanıda neft  fontanı” adlı ilk film Bakıda  nümayiş  etdirilmişdi. Bununla da  Azərbaycanda kino  sənətinin yaranma tarixi  dəqiqləşdirilmişdir. Milli kinomuzun  himayədarı ulu öndər Heydər Əliyevin  2000-ci il 18 dekabr tarixli sərəncamı ilə hər il 2 avqust Azərbaycan Kinosu Günü kimi qeyd edilir.

 Qeyd edək ki, “Azərbaycanfilm”də  indiyədək iki minə yaxın müxtəlif növ və janrda film  istehsal olunub. “Arşın mal alan” (1945), “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına layiq görülüb. “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta” filmləri beynəlxalq kinofestivalların mükafatlarını alıb.  Bu gün Azərbaycan kinosu inkişafının yeni dövrünü yaşayır.

Hazırda “Azərbaycanfilm” kinostudiyasının ildə 7-8 bədii film çəkmək imkanı var. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda kinostudiyanın istehsalat  bazasını köklü şəkildə modernləşdirmək nəzərdə tutulub. Dövlət Proqramında nəzərdə tutulmuş bir sıra vacib tədbirlər artıq həyata keçirilib. “Azərbaycanfilm”  kinostudiyası  ötən il  milli kino tariximizdə  rekord sayda  beynəlxalq  film festivallarında  müvəffəqiyyətlə iştirak edərək  dünya kino auditoriyasının  diqqətini cəlb edə bildirmişdir. Azərbaycan filmlərinin 52  beynəlxalq  festivalda  nümayiş olunması mədəniyyət tariximizdə  çox əhəmiyyətli hadisədir.

Son illər   mötəbər Kann  Beynəlxalq Kinofestivalında  ardıcıl olaraq Azərbaycan pavilyonu təşkil olunur. “Sonuncu” filmi  ilə  ilk dəfə  həmin  festivalın  qısametrajlı  filmlər müsabiqəsində  Azərbaycan da iştirak etmişdir. Bundan başqa,  Asif Rüstəmovun  “Axınla aşağı”  filmi  49-cu Karlovı Varı ( Çexiya)  kinofestivalında “Şərqdən Qərbə” müsabiqə  proqramında,  “Nabat” filmi isə Venesiya (İtaliya)  Beynəlxalq Film  Festivalında  iştirak etmişdir.

Azərbaycanda  uşaqlar üçün  film istehsalı   xeyli vaxt idi ki, dayandırılmışdı.  Artıq   bu məsələ diqqət mərkəzindədir və ötən il uşaqlar üçün “Dərs” adlı bədii film istehsal  olunmuşdur. Uşaqlar arasında ünsiyyətdən,  onların müasir həyata, texnologiyalara  münasibətindən  bəhs edən bu  filmin  ssenari müəllifləri  E.Ağayeva, A.Volkova, rejissorları  R. Əliyev və C.Təvəkküldür.

Son illər istedadlı gənclərin kinoya  gəlişi  bu  sahənin  gələcək inkişafına  əsaslı təminat yaradıb. Xarici ölkələrin  nüfuzlu kino  məktəblərində  təhsil alan gənclərimiz artıq  Azərbaycan kinosunun  inkişafına   öz töhfələrini  verir. Elə Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universitetində də  kinematoqrafçı kadlar hazırlanır.

 Ümumiyyətlə, Azərbaycanda  yüksək ixtisasli kinematoqrafçı kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Milli kinematoqrafçı kadrların hazırlanması məsələsi Prezidentin sərəncamında öz əksini tapmışdır. Yerli və xarici filmlərin yüksək səviyyədə nümayiş etdirilməsi üçün kinoteatrların dünya standartlarına uyğun yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyulmuşdur. “Nizami” kinoteatrı yalnız kinoteatr kimi deyil, həm də tarixi abidə kimi qorunaraq ən müasir tələblərə cavab verən formada yenidən bərpa edilmiş, ən müasir texniki avadanlıqlarla təchiz olunmuşdur.  İndi bu  kinoteatr ölkənin kino mərkəzinə çevrilmişdir. Bununla yanaşı,  paytaxtın bir sıra digər kinoteatrlarının da təmir edilərək tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulmuşdur.

Milli kino sahəsində bəzi çətinliklər hələ də qalmaqdadır. Çəkilən filmləri dünya ekranlarına çıxararaq nümayiş etdirmək imkanları hələ kifayət qədər deyildir.  Bu məsələni həll etmək məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsində filmlərin çəkilişlərinin və nümayişinin prodüser mərkəzlərinə həvalə edilməsi ilə bağlı layihə həyata keçirilir.

Kino sahəsində əsas problemlərimizdən biri də dublyaj işi ilə bağlıdır. Ona görə də dublyajın mərkəzləşdirilmiş qaydada və ixtisaslı kadrlar tərəfindən həyata keçirilməsi məsələsi gündəmdədir. Digər problem isə prokat məsələsidir. Çəkilən filmlərin prokatı yoxdur. Yəni milli və xaricdən alınan filmlər kinoteatrlarda və lisenziyası olan telekanallar vasitəsilə nümayiş etdirilməlidir. Lakin hazırda həmin filmlər piratçılıq yolu ilə əldə edilərək evlərdə baxıldığına görə kinoteatrlara gedən yoxdur. Prezidentin imzaladığı sərəncamda pirat filmlərin nümayişinə də qadağa qoyulub. İnanmaq istərdik ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi iqtisadi, sosial və mədəni inkişafı kino sənətinin də böyük uğurlar qazanmasına şərait yaradacaq, Azərbaycan kinosu layiq olduğu yüksək sənət zirvəsinə ucalacaqdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında