Liki VİVERS: Avropa Oyunları fantastik şəkildə təşkil olunmuşdu

“Bakı-2015" birinci Avropa Oyunlarının başa çatmasından bir aya qədər vaxt keçməsinə baxmayaraq bu tarixi yarışların əks-sədası hələ də eşidilməkdədir.

Budur, Oyunların qəhrəmanlarından biri, qadınların idman gimnastikası turnirində dörd medal—bir qızıl və üç bürünc mükafat qazanmış hollandiyalı Liki Vivers Avropa Gimnastika İttifaqının saytına müsahibəsində Azərbaycan paytaxtında yarışlardan aldığı təəssürat haqqında razılıq hissi ilə söhbət açmışdır.

– Bakıda belə böyük uğur qazanacağınızı gözləyirdinizmi?

– Etiraf  edim ki, evə dörd medalla qayıdacağımı gözləmirdim. Hərçənd bilirdim ki, istər fiziki hazırlıq, istərsə də psixoloji cəhətdən starta tam hazıram. Başlıcası bundan ibarət idi ki, hər şeyin uyğun gəlməsi üçün təmrinləri səhvsiz yerinə yetirim. Mən onların icrasında bacarığımı göstərə bildim. Bütün bu kompozisiyaların arxasında isə ağır zəhmət dururdu.

– Avropa Oyunlarında sevimli epizodunuzu xatırlaya bilərsinizmi?

– Əlbəttə. Tir üzərində təmrinlərdə qızıl medal qazandıqdan sonra Hollandiyanın himni səsləndirildikdə keçirdiyim hiss yadımdadır. Bu hissi sözlə ifadə etmək çətindir. Həmin epizod “Bakı-2015"-də ən çox yadımda qalmış andır və o həmişə xatirəmdə yaşayacaq.

– Avropa Oyunlarında həm də məşqçiniz olan atanızın, habelə bacınızın dəstəyi olmadan necə hisslər keçirirdiniz?

– Asan deyildi, atam Bakıya gələ bilməmişdi, bu səbəbdən də medallar qazandıqdan sonra onunla sevincimi bölüşə bilmədim. Amma deyim ki, atamın Bakıya gəlməyəcəyini əvvəlcədən bilirdim, ona görə də başqa məşqçilərin rəhbərliyi altında məşq edirdim. Bu əməkdaşlıq səmərəli oldu. Bacım Sanniyə gəldikdə, onun da yanımda olmaması özünü göstərdi, axı dünya və Avropa çempionatlarında biz birlikdə çıxış etmişik. Lakin bu mövsümdə müxtəlif vəzifələri həll edirik: mövsümün birinci yarısında bacım üçün Avropa çempionatı, mənim üçünsə Avropa Oyunları prioritet idi. Ancaq düşünürəm ki, biz Qlazqoda dünya çempionatında yaxşı  tandem təşkil edəcəyik. Mən buna çox ümid edirəm.

– Atletlər kəndində ab-hava necə idi?

– Biz orada xüsusi günlər yaşayırdıq, axı “Bakı-2015"-dəki mühit digər böyük yarışlardakı mühidən fərqlənirdi. Avropa Oyunları fantastik şəkildə təşkil olunmuşdu. Idmançılar üçün rahatlığın tam təmin olunması üçün hər şey nəzərə alınmışdı. Idmanın digər növlərinin nümayəndələrini müşahidə etmək, onların starta necə hazırlaşdıqalrını görmək də maraqlı idi. Hollandiya komandası vahid ailə idi, hamı bir-birinin uğuruna sevinirdi.

– Digər növlər üzrə yarışlara baxa bildinizmi?

– Bir dəfə Hollandiya atletlərini dəstəkləmək üçün çimərlik voleyboluna getdim. Qalan hallarda isə vaxtımız   məşqlərdə keçirdi, ona görə də digər növlər üzrə yarışları canlı izləməyə imkan olmurdu. Xoşbəxtlikdən, bizim böyük qonaq otağımız var idi, orada geniş ekranda yarışların gedişini izləmək mümkün idi.

– Siz Qlazqoda keçiriləcək dünya çempionatı üçün məqsədlərinizi artıq müəyyənləşdirmisinizmi?

– Vəzifəmiz optimal formada olmaq və Hollandiya yığmasının uğurlu çıxışına töhfə verməkdir. Bakıda göstərilən nəticələri yaxşılaşdrmaq üçün səylə məşq etmək lazımdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında