İlk arxeoloqun kim olduğu məlum deyil, ancaq həmin insanın keçmiş haqqında elmin əsaslarını qoyduğu şübhəsizdir. Məhz arxeoloq uzaq və yaxın “dünən”nin izlərinə işıq salır, onun əməyi sayəsində bu günü və uzaq keçmişi anlamaq imkanımız yaranır. Bu reallıq da hər keçən gün özünü daha qabarıq göstərir. Hər il iyulun 24-də keçirilən Ümumdünya Arxeoloqlar Günü ərəfəsində tanınmış arxeoloq, Ağsu arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyevlə görüşdük, qədim və zəngin tariximizi işıq üzünə çıxarmış arxeoloji fəaliyyətlər haqqında fikir mübadiləsi apardıq və bizi maraqlandıran suallara cavab almağa çalışdıq.
– Qafar müəllim, demək olarmı ki, son illərdə Azərbaycan arxeologiya elmi özünün intibah dövrünü yaşayır. Və əgər belədirsə bu irəliləyişi dövlət tərəfindən göstərilən qayğı və diqqətin bəhrəsi kimi qiymətləndirmək olarmı?
– Azərbaycanda arxeoloji tədqiqatların ötən əsrin 20-ci illərində başlandığı məlumdur. Sonrakı illərdə də aparılan tədqiqatların sistemsiz olduğunu qeyd etmək istəyirəm. Daha dəqiq desək, ölkə ərazisində hansısa maddi-mədəniyyət nümunələri aşkar edilərkən həmin tədqiqat yerinə qısa müddətə mütəxəssislər göndərilirdi. Ona görə də, ötən əsrin 50-ci illərinədək Azərbaycan alimləri ölkə ərazisində əhatəli, geniş və sistemli araşdırmalar aparmamışdılar. Burada ikinci amil həmin dövrdə Azərbaycanda milli kadrların da olmaması idi. O dönəmdə Albaniya tarixinin öyrənilməsi sahəsindəki müəyyən boşluqların olması da məhz bu amil ilə bağlıdır. Ona görə də, ötən əsrin 40-cı illərinədək Moskvada Albaniya tarixi ilə bağlı nəşrlər azərbaycanlı mütəxəssislərin iştirakı olmadan yazılmışdı. Məsələn, həmin dövrdə Moskvada SSRİ tarixinə dair ümummiləşdirici əsərlər yazılanda Albaniya bölməsini işləməyi üzdəniraq qafqazşünas S.Yeremyan da Albaniya tarixini xalis erməni kimi yazmış, faktları çox ciddi şəkildə saxtalaşdırmışdı. Yalnız ötən əsrin 50 -ci illərindən sonra Azərbaycan ərazilərində, ilk növbədə Şamaxı, Gəncə, Qəbələ və Beyləqanda nisbətən əhatəli işlər görülməyə başlanılmışdı. Mingəçevirdə aparılan arxeoloji tədqiqatlar nəticəsində tariximiz üçün çox mühüm əhəmiyyət kəsb edən maddi-mədəniyyət nümunələri aşkar edilmişdi. Həmin materialların bazasında da albanşünaslıq məktəbi formalaşmışdı.
Uzun müddət azərbaycanlı arxeoloqlar əvvəlcə Tarix Muzeyinin nəzdində fəaliyyət göstərən şöbələrdə çalışmışdılar. Sonra Tarix İnstitutunun nəzdində olan bir-iki şöbədə cəmləşmişdilər. Eyni sözlər etnoqraflara da aiddir. Yalnız ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində Tarix İnstitutunda Arxeologiya və etnoqrafiya bölməsi yaradılmışdı. Mən həmin bölmədə aspirant olmuşam. Orada arxeologiyanın bir çox sahəsinə aid şöbələr fəaliyyət göstərirdi. Sonra həmin baza əsasında Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldı və indi bu institut AMEA sistemində ən böyük elmi-tədqiqat müəssisələrindən biri hesab olunur. Hazırda həmin institutda çox sayda mütəxəssis çalışır. Daş dövründən tutmuş yeni dövrə aid olan bütün sahələr tədqiq olunur. Hər il 40-a yaxın arxeoloji ekspedisiya fəaliyyət göstərir. Hazirda bir sıra regionlardakı abidələrdə davamlı işlər görülür. Məsələn, uzun illərdir Albaniyanın ilk paytaxtı olan Qəbələ öyrənilir. Bu gün Qəbələdə bir neçə ekspedisiya çalışır. Tədqiqatlarda Cənubi Koreyadan gəlmiş alimlər də iştirak edirlər. Şəmkirdə böyük tədqiqat işləri aparılır. Naxçıvan ərazisində bir neçə ekspedisiya fəaliyyət göstərir. Quba-Xaçmazın antik və orta əsrlər abidələri tədqiq olunur. Tovuz rayonu ərazisində regionun çox mühüm yeni abidələrindən biri Göytəpə arxeoloji kompleksi aşkar edilmişdir. Qeyd etmək vacibdir ki, cənab Prezident İlham Əliyev həmin ərazidə Arxeoloji park yaradılması barədə sərəncam imzalamışdır. Hazırda Bərdə rayonu ərazisində də arxeoloqlarımız çalışırlar. Bir sözlə, bu gün Azərbaycanın bütün ərazilərində tariximiz üçün əhəmiyyət kəsb edən fəal arxeoloji tədqiqatlar aparılır.
Xüsusilə bildirmək istəyirəm ki, Azərbaycan dövlət büdcəsindən hər il arxeoloji tədqiqatlar aparmaq üçün kifayət qədər vəsait ayrılır. Son illər ölkə Prezidenti tərəfindən bir neçə dəfə bu sahəyə əlavə vəsait ayrıldığını da diqqətinizə çatdırmaq istəyirəm. Sözsüz ki, bu vəsaitlərin ayrılması arxeoloji tədiqatların daha geniş miqyasda aparılması prosesinə müsbət təsir göstərir. Bilirsiniz ki, çöldə işləmək üçün fəhlə, texnika, avadanlıq və görülmüş işlərin analizi üçün vəsaitlər tələb olunur. Bu mənada cənab Prezidentin qayğısı və diqqəti arxeoloqların işini çox yüngülləşdirdi. Əvvəllər çox əziyyət çəkirdik. Arxeoloji tədqiqatlar aparmaq üçün zəruri vəsait yox idi. Ancaq indi vəsait problemi yoxdur. Allaha şükür, Azərbaycanda digər sahələrdə müşahidə olunduğu kimi, arxeologiya sahəsində də inkişaf göz qabağındadır. Dövlətin qayğısı o həddə çatmışdır ki, ölkə hüdudlarından kənarda da bu, çox aydın hiss olunur. Məsələn, artıq neçə illərdir amerikalı alimlər, almanlar, fransızlar, yaponlar, gürcülər, rusiyalılar azərbaycanlı mütəxəssislərlə birlikdə arxeoloji tədqiqatlarda iştirak edirlər.
– Bəs əcnəbi mütəxəssisləri Azərbaycana gəlməyə hansı amillər vadar edir?
– Burada bir neçə məqam var. Birincisi, Azərbaycan sabit, rahat ölkədir . Xarici mütəxəssislər Azərbaycanda maneəsiz işləyəcəklərinə əmindirlər. İkincisi, Azərbaycan dünyaya açıq ölkədir. Məsələn, hansısa başqa ölkəyə getmək istəyən zaman müxtəlif maneələr olur, həmin alimlərin ölkə ərazisinə buraxılıb-buraxılmaması ətrafında götür-qoy edilir. Amma Azərbaycan dövləti bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən maddi-mədəniyyət abidələrinin işıq üzünə çıxarmağa kömək edəcək addımları həmişə dəstəkləyir və bu mənada əcnəbi alimlərin ölkə ərazisində tədqiqatlar aparması üçün hər cür şərait yaradır. Burada qeyd etmək yerinə düşərdi ki, Azərbaycana gələn xarici mütəxəssislər tədqiqat işlərini öz vəsaitləri hesabına aparırlar. Bu, o demək deyil ki, Azərbaycanda milli mütəxəssislər yoxdur, yaxud da vəsait çatışmır. Qətiyyən yox, mütəxəssis də, vəsait də var. Xarici mütəxəssisləri Azərbaycana cəlb edən odur ki, dünyanın hansı ölkəsində, məsələn, Neolit dövrünə aid necə zəngin abidələr var. Onlar tədqiq etdikləri abidələrin perspektivliyini öyrənirlər. Xarici alimlər Azərbaycan tarixini yazmaq üçün gəlmirlər. Azərbaycana gələn arxeoloqlar ümumdünya tarixinin ayrı-ayrı dövrlərini yazan tanınmış mütəxəssislərdir və onlara zəngin arxeoloji material bazası lazımdır. Azərbaycanın qədim insan məskəni olduğunu bilən xarici arxeoloqlar da ölkəmizə təşrif buyururlar.
Azərbaycan neft və qaz ölkəsi kimi tanınır. Amma mən bir mütəxəssis kimi əminliklə deyirəm ki, qarşıdakı dövrdə Azərbaycana onun qədim tarixi və zəngin mədəni irsi neft və qazdan daha artıq dividend gətirə bilər. Bilirsiniz, Azərbaycanda tarixin bütün inkişaf dövrlərinə aid çoxsaylı maddi-mədəniyyət abidələri mövcuddur. Ölkəmizdə erkən insan məskunlaşmasının 2,5 milyon il tarixi var və bütün dünya bu tarixi qəbul edir. Özü də 2,5 milyon illik tarixi pillə-pillə tamamlayan abidələr var. Yəni, Azərbaycan, həqiqətən də, geniş və əhatəli arxeoloji araşdırmalar aparmaq üçün zəngin abidələr diyarıdır. Ona görə də, əcnəbi mütəxəssislər Azərbaycana gəlib tədqiqatlar aparmaqda çox maraqlıdırlar.
Bundan başqa, qeyd etmək istərdim ki, Azərbaycan zəngin tarixi abidələri ilə yanaşı, həm də gözəl təbiəti ilə seçilir. Bu gün heç kimə sirr deyil ki, tarixi abidələr hər ölkəyə turist axınına rəvac verməsi baxımından önəmli faktorlardan biri sayılır. İndiyədək aşkar edilmiş maraqlı arxeoloji abidələri konservasiya edərək ictimaiyyətə təqdim edə bilsək, ölkəmizə turist axınının daha da artmasına şərait yaratmış olarıq.
– Bəs özəl təşkilatlar və fondlar necə, arxeoloji tədqiqalara vəsait ayrılması məsələsinə maraq göstərirlərmi?
– Sevindirici haldır ki, son zamanlar dövlət dəstəyi ilə yanaşı, ayrı-ayrı iş adamları, qeyri-hökumət təşkilatları da tarixi abidələrə qayğı göstərirlər. Məsələn, Qəbələdə aparılan tədqiqatlara SEBA tərəfindən çox böyük qayğı və diqqət göstərilir. Burada maraqlı məqam budur ki, işlər təkcə qazıntı aparılması ilə yekunlaşmır. Aşkar edilən maddi-mədəniyyət nümunələrinin kataloqu hazırlanır, kitablar nəşr olunur, konfrans, simpozium, seminar və sərgilər təşkil olunur.
Eyni sözləri, “Miras” İctimai Birliyi haqqında da demək olar. 2010-cu ildən başlayaraq il ərzində Ağsuda 15 min kvadratmetr ərazidə tədqiqat işləri apardıq. Bu, miqyasına görə indiyədək Azərbaycanda aparılmış ən böyük arxeoloji tədqiqatdır. Həmin tədqiqatları ilk mərhələdən “Miras” İctimai Birliyi maliyyələşdirir. Üç il ərzində həyata keçirilən bu tədqiqat işlərinə həsr olunmuş üç kitab hazırladıq. Sərgi və elmi konfranslar keçirdik. Tədqiqat yerlərinə infoturlar təşkil etdik. İctimaiyyətin məlum arxeoloji tədqiqatlardan xəbərdar olması üçün əlimizdən gələni etməyə çalışdıq.
Heydər Əliyev Fondunun tarixin mədəni irsə dair göstərdiyi dəstəyi sadalamaqla qurtarmaz. Təkcə Qala Etnoqrafik Kompleksinə nəzər yetirən zaman fondun tarixi irsimizə verdiyi yüksək qiyməti görmək olar.
– Azərbaycanda arxeologiya sahəsində milli kadr potensialı hansı səviyyədədir?
– Azərbaycan həm də tanınmış arxeoloqlar ölkəsidir. Böyük arxeoloqlarımızla fəxr etmişik. Bilirsiniz, SSRİ vaxtında Azərbaycanda arxeologiya etnoqrafiya elmləri üzrə müdafiə şurası yox idi. Məsələn, mən namizədlik disertasiyamı Kiyev şəhərində müdafiə etmişəm. Rəhmətlik Məmmədəli Hüseynov Azıx mağarası ilə bağlı doktorluq işini, müdafiə etməyə yer tapmırdı. Nəhayət, 1986-cı ildə Kiyevdə müdafiə etməyə müvəffəq olmuşdu. Amma indi Azərbaycanda Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində xüsusi ixtisaslaşmış şura var və il ərzində həmin şurada 10-15 nəfər elmi dərəcə alır. Qeyd etmək istəyirəm ki, istedadlı gənclərimiz var və milli kadrlar baxımından problemimizin olmadığını hesab edirəm. Ancaq bunu da qeyd etmək lazımdır ki, sanballı alimlər sanki çatışmır. Mənə elə gəlir ki, son vaxtlar elmdə təsadüfi adamların sayı, əfsuslar olsun ki, artmaqdadır.
– Qərb ölkələrində arxeoloqlar tədqiqatlar zamanı müasir texnologiyalardan istifadə edirlər. Bəs azərbaycanlı alimlərin ixtiyarında hansı texnogiyalar var?
– Çox yaxşı sualdır. Əvvəla, elm nə qədər inkişaf etsə də, arxeoloqun ən çox istifadə etdiyi alət qaşov, daraq, iynə, biz və beldir. Amma, təbii ki, tədqiqatların aparılmasında müasir texnologiyalardan istifadə etmək də artıq həyati zərurətdir və bir çox inkişaf etmiş ölkələrdə ondan fəal şəkildə istifadə edirlər. Məsələn, qazıntı zamanı aşkar edilmiş kömür parçasının radiokarbon analizini aparmaqla tapıntının dəqiq yaşını müəyyənləşdirmək mümkündür. Biz isə son vaxtlaradək kömürün yaşını məntiqi əsaslarla, təhlillərlə müəyənləşdirirdik. Bu baxımdan müasir texnologiyalar alimlərin işini xeyli yüngülləşdirir. Azərbaycanda hələ ki radiokarbon analizlər aparılmır. Amma bu istiqamətdə işlər görülməkdədir. Əlbəttə, belə laboratoriyanın Azərbaycanda da olması çox vacibdir.
Bundan başqa, tədqiqatdan öncə ərazinin öyrənilməsində də müasir texnologiyalardan istifadə olunur və bu da ilkin təhlilər, analizlər baxımından çox əhəmiyyətlidir.
– İndiyə qədər görülmüş işlərin elektron məlumat bazasının yaradılması istiqamətində işlər görülürmü?
– Əlbəttə, həyata keçirilən tədqiqatlar zamanı bütün proses fiksasiya edilir. Aşkar olunmuş maddi-mədəniyyət abidələrinin fotosu çəkilir, arxivləşdirilir. Məsələn, Ağsuda arxeoloji tədqiqatların yekunları ilə bağlı sərgilər keçirməklə, ictimaiyyəti məlumatlandırmağa çalışmışıq. Onu da qeyd etmək istəyirəm ki, IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı Ağsuda keçirilmişdi. 30 ölkədən gəlmiş mütəxəssislər konfrans çərçivəsində Ağsu tədqiqatlarının yekunlarına tamaşa etdilər və fikir mübadiləsi apardılar. İctimaiyyətin aparılan tədqiqatlarla bağlı ətraflı məlumat alması üçün zəruri məlumat bazası formalaşdırmışıq. Bizim bir neçə saytımız fəaliyyət göstərir. Bir sözlə, hər bir şəxs rahat şəkildə həmin saytlardan maraqlandığı məlumatı əldə edə bilər. Amma hesab edirəm ki, bu istiqamətdə görüləsi işlər hələ çoxdur.
Müsahibəni qələmə aldı:
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.