Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı geniş məzmunlu nitq söyləyərək hesabat dövründə qazanılmış nailiyyətləri qeyd etməklə yanaşı, diqqəti ictimai sfera üçün vacib məsələlərə də yönəldib, iradlarını bildirib, qəti xəbərdarlıqlarını edib. Bu barədə BMT-nin Azərbaycandakı Proqramlar meneceri, “Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası” İctimai Birliyinin sədri Məzahir Əfəndiyev bildirdi:
– Prezident İlham Əliyevin öz nitqində dövlətin xariji siyasəti ilə bağlı önəmli məsələlərə toxunması, əslində, həm də milli prinsipiallığın göstəricisidir. Bir sıra mətləblərə aydınlıq gətirən bu nitq, xüsusən, xaricdə müəyyən təlatümlər yaratmaq istəyən antiazərbaycan qüvvələrinə xəbərdarlıq mesajıdır. Bildiyimiz kimi, Azərbaycan beynəlxalq aləmdə sülh, dostluq və idman tədbirlərinin keçirildiyi məkana çevrilib. Elə təkcə qitə miqyasında ilk dəfə keçirilən və 6 mindən çox idmançının qatıldığı ən böyük idman tədbirinə ev sahibliyi etməyimiz çox məsuliyyətli işdir.
Sevindirici haldır ki, “Bakı-2015”-in Təşkilat Komitəsi qısa müddətdə çoxnövlü idman oyunlarına hazırlıq işlərini yüksək səviyyədə icra etdi. Bizə qürur hissi gətirən digər məsələ isə dünya ölkələri tərəfindən Azərbaycanın beynəlxalq müstəvidə idman ölkəsi kimi tanınması və onun belə nəhəng tədbirlərə ev sahibliyi etmək iqtidarında olduğunun qəbul edilməsidir.
Təəssüf hissi ilə qeyd etmək istərdim ki, Azərbaycanın müstəqillik yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun, regional və qlobal proseslərdə rolunun getdikcə artması dünya miqyasında birmənalı qarşılanmır. Belə ki, ölkəmizin uğurları dostlarımızı sevindirir, ermənipərəst dairələrin isə ciddi şəkildə narahatlığına səbəb olur. Bəs nədir problem ? Niyə bəzi qüvvələr Azərbaycanın siyasi imicinə kölgə salmağa çalışırlar? Əlbəttə, bu açıq-aşkar qərəzdir. Azərbaycana qarşı istənilən qərəz nümayişi isə gec-tez fiaskoya uğrayacaq.
Məzahir Əfəndiyev daha sonra qeyd etdi ki, biz Avropaya inteqrasiya edən və bu kursu dövlət səviyyəsində dəstəkləyən bir ölkəyik. Avropa idman tarixində ilk dəfə ümumi idman yarışı məhz Bakıda keçirildi. Biz iki il BMT Təhlükəsizlik Şurasının üzvü olduq, iki dəfə şuraya sədrlik etdik. Biz kosmosa öz peykimizi göndərdik. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. İnkişafına və gözəlliyinə görə Avropanın əksər şəhərlərini geridə qoymuşdur. Azərbaycanda mətbuata dövlət qayğısı mövcuddur, azad internet var. Yəni bütün bu uğurlar azdırmı? Hansı ölkə qısa müddətdə – müstəqilliyinin bərpasının 24 ilində bu qədər uğurlar qazanmışdır?
Torpaqlarımızı işğal edən, hələ də öz bədnam niyyətlərindən əl çəkməyən Ermənistanla Azərbaycanı müqayisə etmək ümumiyyətlə absurddur. Amma bəzən görürük ki, Ermənistana deyilməli sözlər, tutulmalı iradlar Azərbaycana ünvanlanır. Bu qərəzlilik, ədalətsizlik deyilmi? Dünyanın inkişaf edən ölkələri olan Almaniya və Böyük Britaniyanın bu gün Azərbaycana qarşı sərgilədikləri münasibət nə dərəcədə ədalətlidir ? Bu cür münasibət dövlətlərimiz və xalqlarımız arasında mövcud münasibətlərə ən azı hörmətsizlikdir. Çünki heç bir xalq və dövlət ona qarşı ünvanlanan haqsız münasibəti sakit qəbul edə bilməz. Qeyd etdiyimiz dövlətlərin yuxarı eşalonları isə bu gün Azərbaycana qarşı sanki “səlib yürüşü”nə çıxıblar. Bu nə deməkdir? İşğalçı, talançı ölkə Ermənistan, demokratiyanın iflasa uğradığı məkan Ermənistan, tənqid obyekti isə Azərbaycan.
BMT-nin Proqramlar meneceri sonra dedi ki, Azərbaycan həqiqətlərinin Vətəndən kənarda təbliği ilə məşğul olan soydaşlarımızın dünya ictimaiyyətinə obyektiv məlumatların çatdırılmasında müstəsna rol oynayacağı şübhəsizdir. Xarici ölkələrdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təbliği, soydaşlarımızla səmərəli əlaqələrin qurulması və əməkdaşlığın inkişaf etdirilməsinə kömək məqsədilə təsis edilərək fəaliyyət göstərən “Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosasiyası” İctimai Birliyi bu sahədə dövlətimizə nə kömək lazımdırsa edəcəkdir.
İnanırıq ki, son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan ölkəmiz öz qüdrətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın dinamik inkişafını Avropaya və beləliklə, bütün dünyaya nümayiş etdirəcəkdir.
Təqdim etdi:
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.