Günün qalstuksuz qəhrəmanı: Aleksandr İvanov

Aleksandr Alekseyeviç İvanov unikal taleyi və həyat təcrübəsi olan bir insandır. Ümummilli lider Heydər Əliyevin şəxsi təhlükəsizlik xidmətinin rəhbəri olub, indi isə ölkənin aparıcı informasiya agentliyinin - “İnterfaks-Azərbaycan” agentliyinin baş direktorudur. Aleksandr İvanov öz yubileyi ərəfəsində AZƏRTAC-ın “Günün qalstuksuz qəhrəmanı” proqramının qonağı olub. Onun müsahibəsini sizə təqdim edirik.

- Bu gün “Qalstuksuz qəhrəman” “İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr İvanovdur. Salam.

- Xoş gördük.

- Aleksandr Alekseyeviç yay günləriniz necə keçir? Necə istirahət  edirsiniz? Yoxsa Sizə rahatlıq yoxdur...

- Yəqin ki, təkcə mən deyil, Azərbaycanın bütün sakinləri hələ də uğurla keçmiş birinci Avropa Oyunlarının təsiri altındadırlar. Yüksək səviyyədə keçirilən tədbirlərdən sonra ölkə rəhbərliyinin də, bizim də gərginliyimiz hələ keçməyib. Odur ki, adi iş rejimi bu gün də davam edir.

-Adətən yayı necə keçirirsiniz? Harada dincəlirsiniz? Bəlkə Azərbaycanda sevdiyiniz mənzərəli bir guşə var?

-İşimin xüsusiyyətinə görə əslində Azərbaycanda olmadığım yer qalmayıb. Vaxtım olanda böyük məmnuniyyətlə Şamaxıya gedirəm, Qəbələ rayonunda dincəlirəm. Agentliyimizin fəaliyyət göstərdiyi 10 il ərzində Azərbaycanın regionlarında - Lənkəranda, Naxçıvanda, Qəbələdə və Gəncədə nümayəndəliyimiz açılıb. Bu regionlarda da tez-tez oluram.

-Hansı yay Sizin üçün ən maraqlı və yaddaqalan olub?

-Yəqin ki, yay dedikdə hər bir adam bizim dəniz kimi gözəl bir dənizin sahilində keçirilən ən xoş məqamlar barədə düşünür. Təbiətin ən ləzzətli nemətləri olan meyvə-tərəvəzin yetişdiyi Azərbaycan rayonlarında dincəlməkdən gözəl nə ola bilər. Yay həmişə xoş ovqat yaradır.

-Sizin iş gününüz dəqiqəbədəqiqə  bölünüb. Şəxsən özünüzə vaxt ayıra bilirsinizmi?

-Asudə vaxtımı idmana həsr etməyə və fiziki formanı qoruyub saxlamağa çalışıram. Yəni, yaşım keçsə də üzməyə gedirəm, qaçıram. İşdə gün ərzində o qədər informasiya olur ki, hətta televiziyada xəbərlərə baxmıram. Siz bir həmkar kimi məni başa düşərsiniz. Bununla belə bütün asudə vaxtımı öz fiziki durumuma sərf edirəm.

-Keçmişiniz və bu gününüz. Keçmişiniz, məlum olduğu kimi, Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır. Ötən illərdən fərqli olaraq bu gün Sizin üçün çatışmayan nədir?

-Zənnimcə, Azərbaycanın hər bir vətəndaşı kimi şəxsən mənim üçün də çatışmayan sevimli adamın - Heydər Əliyevin həyatda olmamasıdır.

-Heydər  Əliyev kimi unikal bir insan haqqında saatlarla danışmaq olar, onun barəsində çoxlu sayda  kitablar, məqalələr, xatirələr yazılıb. Lakin Siz onun şəxsi keyfiyyətlərindən danışa biləcək azsaylı şəxslərdən birisiniz.

-Uzun illər onunla ünsiyyətdə olduğum, gecə-gündüz istər işdə, istər evdə, səfərlərdə, ezamiyyətlərdə birlikdə olduğumuz müddətdə mən onun bir çox insani keyfiyyətlərini götürmüşəm. Heydər Əliyevin xarakterinin əsas cəhətləri öz xalqına, ölkəsinə, Vətəninə xidmət etməkdir. Heydər Əliyevdən götürdüyüm əsas xarakterik cəhətlər düzgünlük və vicdanlılıqdır.

-Bu keyfiyyətlər bu gün ölkənin aparıcı informasiya agentliyinə rəhbərlik etməkdə köməyinizə gəlirmi?

-Düşünürəm ki, gəlir. “İnterfaks-Azərbaycan” agentliyinə artıq 10 ildir ki, rəhbərlik edirəm. Öz peşəkar kollektivimlə fəxr edirəm. Agentliyin hər bir əməkdaşı öz işinə böyük məsuliyyətlə yanaşır. Kollektivimiz elə adamlardan ibarətdir ki, onları sıxmaq, yönəltmək lazım deyil. Ümumiyyətlə, mən “dəyənək rejiminin” tərəfdarı deyiləm. Əksinə, hesab edirəm ki, vaxtın əsas hissəsini kollektivlə keçirmək və elə şərait yaratmaq lazımdır ki, insanlar gərgin işləyərkən də özlərini evlərindəki kimi hiss etsinlər. Zənnimcə, kollektiv belə rəhbərlik metodundan razıdır. Üstəlik, mənim kabinetimin qapısı heç vaxt bağlı olmur, adamlar istədikləri vaxt yanıma gələ bilərlər.

-Söhbət əsnasında hiss etdim ki, Siz xaraktercə mülayim və sakit adamsınız.

-Mən heç vaxt orduda qəbul olunduğu kimi etmirəm. Orduda komandirlər deyirlər: bacarmırsan - məcbur edərik, istəmirsən - öyrədərik. Mən həmişə dolayı yollarla, misallarla, atalar sözləri vasitəsilə insanın nəyi düz, nəyi əyri etdiyini ona çatdırmağa çalışıram.

-Hansı keyfiyyətləri insanlarda qəbul edə bilmirsiniz?

- Ləyaqətsizlik, yalan, satqınlıq... Düşünürəm ki, bu, təkcə mənim üçün deyil, hər hansı digər insan üçün də ən qorxunc keyfiyyətlərdir. Qalan şeylərlə barışmaq, öyrəşmək, bağışlamaq olar, amma satqınlığı və yalanı heç vaxt.

-Aleksandr Alekseyeviç, peşəkar sual. Bu gün Azərbaycan jurnalistikasında nə çatışmır?

-Məncə, kütləvi informasiya vasitələri işçilərinin öz peşəkarlığını göstərməsi üçün bu gün heç bir maneə yoxdur. Yenə də qayıdaq Heydər Əliyevin fəaliyyətinə. O illərdə belə bir ifadə vardı -"xalqın içinə çıxmaq". Hər kəs başa düşürdü ki, əgər bu, planlaşdırılmayan səfər, mağazaya, poliklinikaya planlaşdırılmadan gəlməkdirsə, onda bu qədər kamera haradandır. Heydər Əliyevin xalqın içinə çıxması prosesi tamamilə fərqlənirdi. Həmin vaxt birinci şəxsin maşınının müşayiət olunması praktikası yalnız Azərbaycanda var idi, arxada isə içərisində KİV nümayəndələri olan mikroavtobus gəlirdi. Axı, onda prezidenti və ya birinci katibi müşayiət edən jurnalistlər dəstəsi anlayışı yox idi, bu qədər sayda kütləvi informasiya vasitəsi də yox idi. Məsələn, AZƏRTAC-dan, daha doğrusu, o illərdə AzərTAc adlandırılan agentlikdən olan həmkarlarınız, Azərbaycan televiziyasının və “Bakinski raboçi”, “Vışka”, “Kommunist” qəzetlərinin nümayəndələri həmişə müşayiət edən maşınlardan sonra gələn bu mikroavtobusda olur və əsas hadisələri  işıqlandırırdılar.

-Heydər Əliyevin mühafizəsini təmin etmək o qədər də asan missiya deyildi. Sizin yaddaşınızda   çoxlu işgüzar məqamlar var. Yəqin ki, məzəli məqamlar da var. Axı, Heydər Əliyev yumor hissini qiymətləndirirdi. Məsələn, mən onu fotoşəkillərində yalnız üzündə olan səmimi təbəssümü ilə xatırlayıram.

-Siz yaxşı qeyd etdiniz ki, onu bütün fotoşəkillərində və hətta bir çox filmlərdə gülərüz görürük. Mən üzündə təbəssüm olmadan insanlarla söhbət etməsini, demək olar, heç vaxt görməmişəm. Əlbəttə, belə ciddi iş əsnasında məzəli əhvalatlar bir o qədər də çox olmayıb. Amma mən bir daha Heydər Əliyevin insani keyfiyyətlərini vurğulamaq istəyirəm. Hər dəfə pambıq yığımı zamanı rayonlara gedəndə Heydər Əliyev regionların sakinləri ilə görüşürdü. Məsələn, belə görüşlərdən birinə xeyli adam toplaşmışdı. Adamlar onun suallarına  24, 01, 03 rəqəmləri ilə cavab verirdilər. Onun dönüb “İnsanlar bu nə rəqəmlərdir sadalayırlar?” dediyi indiki kimi yadımdadır. Ona cavab verdilər ki, xalqın rifahı yüksəlib və artıq “Jiquli”, “Qaz-24" markalı avtomobillər almaq üçün vəsaitləri var. Onda Heydər Əliyev xalqa zarafatla müraciət edərək dedi: “Bax, görürsünüz, necə yaxşı yaşamağa başlamısınız, daha heç nə istəmirsiniz, əksinə şəxsi nəqliyyat  ala bilməyinizin sevincini bölüşürsünüz”.

-Sizi dinləyərkən özünüzü hansı peşədə gördüyünüzü bilmək maraqlı oldu. Siz uşaqlıqdan jurnalistikaya gəlmək arzusunda olmuşunuz?

-Uşaqlıqda həmişə çekist olmağı arzulamışam.  10 il əvvəl jurnalistikaya keçmək imkanı yarananda düşündüm: sankı çox müxtəlif peşələr, müxtəlif funksional vəzifələrdir. Buna baxmayaraq, gücümü sınamaq qərarına gəldim. İndi görürəm ki, elə bil alınır.

-Nəhayət, həyatdakı əsas nailiyyətlərinizi bizimlə bölüşməyinizi istərdim?

-Gözəl ailəm, xanımım, uşaqlarım və nəvələrim, yəqin ki, mənim əsas nailiyyətimdir. Ailə hər bir insan üçün həyatda ən böyük sərvətdir. Peşə nailiyyətlərinə gəldikdə isə Heydər Əliyevin üzərimə qoyduğu  vəzifələri yerinə yetirməyimlə fəxr edirəm. Uzun illər ərzində bu böyük insanla işləmək mənim üçün şərəf idi.

-Aleksandr Alekseyeviç, bu xoş, ən başlıcası isə səmimi söhbətə görə sağ olun.

- Siz sağ olun. Fürsətdən istifadə edib, mənə göstərilən bu səmimi diqqətə görə AZƏRTAC-ın rəhbərliyinə və onun kollektivinə təşəkkürümü bildirmək istəyirəm.

Söhbəti apardı:
Kamilla ƏLİYEVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında