“Bakı–2015”-in uğuru hər birimizin fəaliyyətinə əlavə stimul verir”

Müsahibimiz Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifovdur

– Bəkir müəllim, necə düşünürsünüz, birinci Avropa Oyunlarının ölkəmiz, eləcə də hər bir ölkə vətəndaşı üçün ən böyük faydası nə oldu?

– “Bakı-2015" yarışlarının bütün aspektlərdən həm ölkəmiz, həm də vətəndaşlar üçün faydası çoxdur. Bir neçə məqamı vurğulaya bilərəm. Bəllidir ki, Oyunlar gənc, müstəqil Azərbaycan dövlətinin həm beynəlxalq aləmdə imicini daha da yaxşılaşdırdı, həm də ölkə daxilində idmanın kütləvi inkişafı üçün stimul yaratdı. Oyunlar Azərbaycanın turizm imkanlarını genişləndirəcək.

Bir məqamı da qeyd etmək istəyirəm.  Belə böyük yarışlar, bir qayda olaraq vətəndaşların ictimai fəallığını artırır. Onlar böyük, uğurlu bir ölkənin vətəndaşları olmalarından qürur duyurlar. Yəni “Bakı-2015"-də Azərbaycanın qazandığı bu möhtəşəm uğur hər bir vətəndaşın uğurudur və sanki hər birimizi öz fəaliyyət sahəmizdə daha yaxşı çalışmağa sövq edir.

– Rəhbəri olduğunuz ictimai təşkilatın üzvləri əsasən AZAL-ın əməkdaşlarıdır. Azərbaycanın Hava Yoları “Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin əsas tərəfdaşlarından biri idi. Öhdəliklərə əməl olundumu?

– Hər kəsə bəllidir ki, AZAL  ciddi və məsuliyyətli tərəfdaşdır. Birinci Avropa Oyunları kimi  böyük əhəmiyyət kəsb edən bir humanitar missiyaya aviasiya işçiləri, əlbəttə,  öz töhfələrini verməyə borclu idilər. Oyunlar ərəfəsində, eləcə də yarışların keçirildiyi və başa çatdığı günlərdə AZAL-ın kollektivi atletlərin, turistlərin, bir sözlə bütün sərnişinlərin təhlükəsizliyini və rahatlığını tam təmin etmək üçün əlindən gələni etdi.

Bilirsiniz ki, əcnəbi qonaqların böyük əksəriyyəti paytaxtımıza ölkəmizin əsas  hava limanı - Binə aeroportu vasitəsilə daxil olur və məhz burada onların şəhərimiz barədə ilk təəssüratları formalaşır. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, əcnəbi atletlər, başqa qonaqlar Oyunlar zamanı dəfələrlə AZAL-ın xidmətlərindən razı qaldıqlarını  qeyd ediblər. Əlbəttə, bu, bizi sevindirir və daha yaxşı işləməyə ruhlandırır.

– Bu günlərdə mətbuatda oxudum ki, rəhbəri olduğunuz Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində (AİHİRK) Oyunlarda bürünc medal qazanmış Cəbrayıl Həsənovla görüş keçirilib. Bu barədə əlavə nə deyərdiniz?

– AİHİRK “Zenit” idman cəmiyyətinin təsisçilərindən biridir. Biz buradakı istedadlı idmançıları daim himayə edir, onların maddi və məişət şəraitlərinin yaxşılaşdırılması üçün qayğı gösəririk. Sevinirəm ki, “Zenit”in yetirmələrindən olan güləşçi Cəbrayıl Həsənov yarışlarda bürünc medala sahib oldu. Hörmətli Prezidentimizin sərəncamı ilə o, “Tərəqqi” medalına layiq görüldü. Biz Cəbrayıl Həsənovu RK-da Rəyasət Heyətinin üzvləri və aparat işçiləri ilə görüşə dəvət etdik. Yarışlar barədə, uğurun doğurduğu sevinc hissləri, eləcə də məğlubiyyətin məyusluğu barədə çox səmimi sözlər danışdı...

– Oyunları canlı müşahidə edərkən hansı hissləri yaşayırdınız. Sizin üçün ən çox diqqətçəkən məqamlar nə oldu?

– Mən bir çox yarışları canlı izləmişəm. Belə ki, idmanın bir çox növünə marağım böyükdür. Amma Oyunların təntənəli açılış və bağlanış mərasimlərinin canlı şahidi olduğumu bütün ömrüm boyu fəxrlə xatırlayacağam.  Həmin anları təkcə bizdə deyil, dünyaınn 145 ölkəsində izləyirdilər. Bəli, bütün dünyanın gözü Azərbaycanda idi. Bundan fərəhli və qürurverici nə ola bilər?!

– Nəhayət, sonuncu sual: Necə düşünürsünüz, gələcəkdə nəvə-nəticələrinizə “Bakı-2015" yarışlarının miqyasını, möhtəşəmliyini iki-üç kəlmə ilə anlatmaq istəsəniz, nə deməli olacaqsınız?

– Deyəcəyəm ki, kaş görəydiniz, bu, inanılmaz, heyrətamiz   bir nağıl idi...

Söhbəti qələmə aldı:

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında