Gənclərə qayğı dövlət siyasətinin tərkib hissəsidir

Müsahibim I Avropa Oyunlarının çempionu adını qazanan təmsilçimiz Abdulqadir Abdullayevdir. Azərbaycan boks yığmasının üzvü, qızıl medal qazanmış

A. Abdullayev söhbət zamanı dedi:

– I Avropa Oyunları dünya idmanı tarixində yeni səhifə açdı və ölkəmiz onun ilk səhifəsinə adını yazdırdı. Eyni zamanda, Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi və dünyaya nümayiş etdirdi.

Çox qısa zaman ərzində respublikamızda  görülən hazırlıq işləri, beynəlxalq standartlara cavab verən idman arenalarının inşası, yarışların təşkili, insanların yarışları rahat izləməsi üçün yaradılan şərait bütün dünyanın diqqətini çəkdi. Oyunların möhtəşəm bayrama çevrilməsi hamımızın, o cümlədən biz idmançıların qəlbində bir qürur hissi doğurdu. Bu hiss ömrümüz boyu bizi tərk etməyəcək, bizi qələbələrə, uğurlara ruhlandıracaq.

Abdulqadir Abdullayev söhbət zamanı onu da bildirdi ki, birinci Avropa Oyunları müstəqil Azərbaycanı dünyaya yenidən tanıtdı, ölkəmizin təbliğində olduqca müstəsna rol oynadı. Azərbaycan sübut etdi ki, ən böyük tədbirlərə, o cümlədən Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək iqtidarındadır.

Müsahibim, eyni zamanda, boksçularımızın Avropa Oyunlarındakı əzmkar qələbələri barədə də qısaca danışdı:- “Baku Crystal Hall”da bir-birindən maraqlı və gərgin döyüşləri  izləyən azarkeşlər medallar uğrunda mübarizə aparan biz boksçulara böyük dəstək nümayiş etdirdilər. Bu Oyunlarda 330 idmançı 12 gün ərzində 15 medal dəsti uğrunda mübarizə apardı. Kişilər arasında 10, qadınlar arasında 5 çəki kateqoriyasında yarışlar keçirildi. Boksçularımız 6 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmaqla komanda hesabında birinci yerə layiq görüldülər.

Boks üzrə yarışlarda belə uğur qazanmağımız təsadüfi deyil. Çünki ölkədə idmanın bu sahəsinə də ciddi diqqət və qayğı göstərilir. Bir faktı xatırladım. Oyunlar ərəfəsində müasir memarlıq üslubunda və ən son texnologiyalar əsasında inşa olunan Boks Federasiyasının inzibati binası istifadəyə verildi. Bina  25 min kvadratmetr sahəni əhatə edir. Beynəlxalq federasiyaların tələblərinə tam cavab verən bu kompleksdə məşq və yarışlar üçün hər cür şəraiti olan idman zalları da var.

Abdulqadir Abdullayev  söhbətinin sonunda vurğuladı ki, əldə olunan uğurların təməlində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi məqsədyönlü siyasət dayanır. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də dahi rəhbərin idman siyasətinin davamıdır. Ümummilli liderimizin “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur” fikirləri bu sahənin inkişafına verilən önəmi şərtləndirən əsas amillərdəndir. Gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirən ulu öndərimiz fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsinə xüsusi diqqət yetirirdi. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan indi dünyada və Avropada həm də nüfuzlu idman ölkəsi kimi tanınır.

Söhbəti yazdı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında