– Cənab Krasniski, lütfən xatırlayırsınızsa, “Bakı-2015” yarışları ərəfəsində də sizdən onlayn eksklüziv müsahibə almışdıq. O zaman Bakıda Oyunlardan böyük gözləntiləriniz olduğunu bildirmişdiniz. Bu gözləntilər doğruldumu?
– Əlbəttə, yadımdadır. Demişdim ki, birinci Avropa Oyunları həm Azərbaycan, həm də Avropa üçün böyük idman bayramına çevrilə bilər. Həqiqətən də belə oldu. Azərbaycan Prezidenti cənab
İlham Əliyevin liderliyi və birbaşa rəhbərliyi ilə ilk Avropa Oyunlarının Təşkilat Komitəsi Bakıda idmanın 20 növü üzrə ən yüksək səviyyədə yarışlarının keçirilməsini təmin etdi. Birmənalı olaraq demək olar ki, Bakıda qitədə idmanın sürətli inkişafı üçün böyük əhəmiyyət kəsb edən Avropa Oyunlarına çox uğurlu start verildi! İndi bu estafeti uğurla davam etdirmək lazımdır.
– Siz Bakıda yarışların çoxunu canlı olaraq izləmisiniz. Sizi şəxsən ən çox məmnun edən nə oldu?
– Yaxşı sualdır. Məni ən çox razı salan Bakıda Oyunlar zamanı idman arenalarının tamaşaçılarla dolu olması idi. Bilirsinizmi, idmançı üçün arenaların tamaşaçılarla dolu olması böyük əhəmiyyət kəsb edir. Ola bilər ki, tamaşaçıların bir qismi hətta rəqibi dəstəkləsin. Amma tamaşaçısız idman arenası cansıxıcı olur. Yaxşı haldır ki, Bakıda keçirilən Oyunlara həm yerli, həm də əcnəbi tamaşaçıların marağı böyük idi.
Bir məsələni də məxsusi vurğulamaq istəyirəm. Azərbaycan bu iri miqyaslı idman turnirinə çox qısa zaman kəsiyində, cəmi 30 aya hazırlaşmışdı. Adətən belə böyük yarışlara hazırlaşmaq üçün 6-7 il vaxt lazım gəlir. Lakin vaxtın darlığı hazırlıq işlərinin səviyyəsinə qətiyyən mənfi təsir göstərməmişdi.
Oyunların təşkili səviyyəsi də kifayət qədər yüksək idi. “Atletlər kəndi”ndə yaradılmış şəraitdən, idmançıların buradan müvafiq idman arenalarına çatdırılmaları əla təşkil edilmişdi. Təşkilatçılar çalışmışdılar ki, idmançıların rahatlığı tam təmin edilsin. İnsafən, hər şey “okey” idi.
Bakı yarışlarında təşkilati məsələlərdə tətbiq edilən bir sıra uğurlu yeniliklər də diqqətimi cəlb etdi. Məsələn, medianın operativ fəaliyyəti üçün “Media kənd”in yaradılması çox təqdirəlayiq haldır. Yaxud, şəhərin müxtəlif yerlərində atletlər və tamaşaçılar üçün taksi və avtobus xidmətlərinin təşkili yaxşı düşünülmüşdü.
– Oyunların təşkilində gələcəkdə hansısa məqamlara daha çox diqqət yetirilməsini arzulayardınız?
– Bir daha vurğulayıram: Bakıda Oyunlar mükəmməl təşkil olunmuşdu. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Təşkilatçılar ən incə məqamları belə nəzərə almışdılar. Mən düşünürəm ki, “Bakı-2015” yarışları Azərbaycana Yay Olimpiya Oyunlarını belə həvalə etməyin mümkün olduğunu göstərdi. Əlbəttə, bu, bir arzudur. Prosedur qaydaları belədir ki, belə təkliflər şəhərlərin özlərindən daxil olmalıdır. Lakin Bakının idman infrastrukturu hazırda əla vəziyyətdədir.
– İlk müsahibənizdə bizə demişdiniz ki, Oyunlar zamanı macal olanda paytaxtımızla yaxından tanış olmağa çalışacaqsınız. Bu, mümkün oldumu?
– Bakı şəhəri ilə yaxından tanışlıq məndə olduqca xoş təəssürat bağışladı. Nə gizlədim, Xəzər sahilindəki bu bənzərsiz şəhər çox xoşuma gəldi. Burada Qərb və Şərq mədəniyyəti bir-birlərini tamamlayır.
Bakı həm də əmin-amanlığı, turistlərə xoş, mehriban münasibəti ilə diqqətimi cəlb etdi. Bizim bir çox atletlərimiz üzərində “Poland” sözü yazılmış idman kostyumları ilə şəhərə çıxırdılar. Şəhər sakinlərinin bizim ölkəyə, idmançılarımıza səmimi münasibətləri məni çox sevindirdi. Bakının küçə və parklarında tez-tez uşaqların, gənclərin idmançılara yaxınlaşaraq birlikdə şəkil çəkdirmək barədə təklifləri də dostluq, mehribanlıq əlamətləri idi.
– Yəqin ki, Bakıya yenidən gəlmək istərdiniz...
– Əlbəttə, böyük məmnuniyyətlə yenidən Bakıya gəlmək arzusundayam. Özü də təkcə idman yarışlarına deyil, sadəcə, gəzmək, daha çox görmək, istirahət etmək arzusu ilə gələrdim.
Aida AYSA,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.