Elman NƏSİROV: Xaricdəki erməni lobbisi artıq İrəvandakı aksiyaçılara dəstək verməyə başlayıb

Bütün sahələrdə iflasa uğrayan Ermənistanda “Talana yox!” vətəndaş cəmiyyəti hərəkatının təşkilatçılığı ilə başlayan etiraz aksiyasının miqyası  getdikcə genişlənir və artıq bu aksiya üsyan həddinə çatıb. Polisin zor tətbiq etməsinə baxmayaraq, nümayişçilər geri çəkilmirlər. Qarabağda həlak olmuş erməni əsgərlərinin anaları da nümayişçilərə qoşulublar.

“Armenia Today” informasiya portalının məlumatına görə, Vanadzor və Gümrü şəhərlərində də oturaq mitinq keçirilib. Havanın temperaturunun  müsbət 40 dərəcəni keçməsinə baxmayaraq, aksiya iştirakçıları geri çəkilmək fikrində deyillər.  Yerli kütləvi  informasiya  vasitələri tərəfindən yayılan məlumatlarda bildirilir ki, artıq əyalətlərdən də narazı kütlə paytaxta axın etməyə başlayıb. Baqramyan prospektində nümayişçilərlə polis arasında ciddi qarşıdurma yaranıb. Erməni deputatları, incəsənət xadimləri və digər tanınmışlar da nümayişlərin keçirildiyi əraziyə gəliblər. Onlar polislə etirazçılar arasında canlı sədd yaradıblar. Ermənistan Milli Konqresinin üzvü Nikol Paşinyan deyib ki, bu,  polis zorakılığının, toqquşmaların baş verməməsi üçündür. O, 2008-ci ilin mart hadisələrini xatırladıb və deyib ki, o vaxt  polis dinc nümayişçiləri gülləbaran etmişdi. Nəticədə on bir nəfər dinc sakin qətlə yetirilmişdi.

Eyni hadisənin yenidən təkrarlanacağı istisna olunmur. Milli Konqresin üzvü deyib ki, Serj Sarkisyan hakimiyyəti əlində saxlamaq üçün dinc əhalinin gülləbaran edilməsinə hər an göstəriş verə bilər. Bütün bunlara baxmayaraq, nümayişçilər polis zorakılığı ilə üz-üzə qalıb. 237 nəfərdən çox nümayişçi polis tərəfindən saxlanılıb. Paytaxdakı polis idarələrinin müvəqqəti saxlanc yerləri dolduğu üçün saxlanılanlar Abovyan və Aştarak şəhərlərindəki həbsxanalara aparılıb. Mülki geyimli polislər, xüsusi təyinatlı qüvvələr aksiya iştirakçılarına hücum ediblər. Bu zaman dəyənəkləri işə salıblar. Qadınları, yaşlı insanları döyüb sürüyərək polis maşınlarına aparıblar.

Nümayişçilər isə inadlarından əl çəkmək istəmirlər. Onlar mübarizələrini sona qədər davam etdirmək fikrindədirlər. Ermənistanın aparıcı qəzetlərindən olan  “Aravot”un  yazdığına görə, nümayişçilər bildiriblər ki, bu gün Ermənistanda insanları ciddi narahat edən problemlər baş alıb gedir, qanunların əksəriyyəti dəyişdirilməlidir: “Elə bir ölkə qurmalıyıq ki, insanlar bu ölkəni tərk etməsinlər. Hakimiyyətin yarıtmaz fəaliyyəti və diktatorluğu yerli əhalinin ölkəni kütləvi şəkildə tərk etməsinə gətirib çıxarıb. Ona görə də Serj Sarkisyan hakimiyyəti  bütün bunlara görə cavab verməlidir”.

Ölkədə yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran Serj Sarkisyan hakimiyyəti daxili problem və gərginliklərdən diqqəti yayındırmaq üçün çıxış yolunu həmişə olduğu kimi, bu dəfə də cəbhədə təxribatlar törətməkdə görür. Pilotsuz uçuş aparatlarının vurulması və atəşkəsin pozulma hallarındakı artımlar da məhz bununla əlaqədardır. Ekspertlərin fikrincə, Ermənistandakı rejimin düşdüyü çətin vəziyyətdən çıxması üçün cəbhədə böyük təxribatlar törətməsi istisna olunmur.

Siyasi eimlər doktoru, politoloq Elman Nəsirov söhbət zamanı bildirdi ki, Ermənistan hökuməti qəzəblənmiş kütlənin diqqətini yayındırmaq üçün cəbhədə müxtəlif xarakterli təxribatlar törədəcək və atəşkəs rejimini ötən günlərə nisbətən  tez-tez pozacaq: “Sarkisyan rejimi artıq çətin duruma düşüb. Hakimiyyətin  aksiyaları güc tətbiq edərək dağıtması, daha sonra isə müəyyən güzəştlərin ediləcəyi barədə vədləri effekt vermədi. Belə olan halda, hakimiyyət ənənəvi üsula əl ataraq, cəbhədə təxribat yaratmaqla diqqəti yayındırmağa çalışacaq. Onlar artıq bu çirkin niyyətlərini həyata keçirməyə başlayıb və təxribatlara əl atıblar. Ancaq təxribatların kiçikliyindən və böyüklüyündən asılı olmayaraq, Azərbaycan bu gün gücünün, potensialının elə bir səviyyəsindədir ki, düşmənin cavabı dərhal verilir və bu, əksinə Sarkisyan hakimiyyəti üçün yeni başağrılarına gətirib çıxaran amilə çevrilir”.  E.Nəsirov qeyd etdi ki,  indiki vəziyyətdə Azərbaycanla sərhəddə və qoşunların təmas xəttində, cəbhədə atəşkəs rejimini intensiv şəkildə pozmaq, təxribarlara əl atmaq, lazım gələrsə, hətta müəyyən hərbi insident törətmək də Ermənistanın dövlət rəhbərlərindən gözləniləndir. Onlar bununla beynəlxalq birliyə Azərbaycanın atəşkəs rejiminə əməl etmədiyini sübut etməyə çalışacaqlar: “Xatırlayırsınızsa, ötən il iyulun sonu və avqustun əvvəllərində belə bir insident olmuşdu”.

Politoloqun fikrincə, böyük təxribatların törədiləcəyi həm də ona görə proqnozlaşdırılır ki, iki həftədən artıqdır keçirilən aksiyalar beynəlxalq səviyyədə də Ermənistanı diqqət mərkəzinə çəkib. Ölkəyə qarşı ittihamlar və qınaqlar getdikcə artır. Ona görə də Ermənistan tərəfi hər cür təxribatlar törətməyə hazırdır. Bunun da əsas səbəbi odur ki, diqqət mərkəzində daha çox Azərbaycanla sərhəddə baş verən insidentlər qalsın, nəinki ölkənin daxilində öz xalqına, xüsusilə, gənclərə zor tətbiq edilməsi və amansız davranışları ilə bağlı məsələlər. Bu da  Sarkisyan rejiminin növbəti manevrlərindən biridir: “Bu manevr də Ermənistan hakimiyyəti üçün riskdir. Çünki cəbhədə törədilən təxribatlar hər dəfə Ermənistan tərəfinin böyük itkiləri ilə müşayiət olunur. Hakimiyyət daxildə bu itkilərlə bağlı etirazlara da cavab verməli olur. Ermənistanda əsgər analarının aksiyalarının mütəmadi hal almasının əsas səbəbi də budur. Amma bununla belə, yeganə məqsədin nəyin bahasına olursa-olsun, hakimiyyətini qorumaq olan rejim, başqa çıxış yolu görmədikdə yenə kənar təhlükə xofu yaratmaq taktikasına üz tutur”.

Serj Sarkisyan hakimiyyəti  son vaxtlar təlaş içindədir. Çünki xarici ölkələrdə yaşayan ermənilər, həmçinin erməni icmaları aksiya iştirakçılarına dəstək verdiklərini bildiriblər. Bu barədə Ermənistanın “Ayazn” partiyasının təmsilçisi Armen Mıkırtıçyan və “Talana yox!” təşəbbüs qrupunun üzvü Vaqinak Şuşanyan  məlumat veriblər. Onların sözlərinə görə, etiraz aksiyasına Los-Anceles, Strasburq, Fransa və Almaniyanın bir neçə şəhəri daxil olmaqla, xaricdə fəaliyyət göstərən erməni diasporları da qoşulublar.

Ermənistanda sonuncu küçə yürüşlərinə qədər onsuz da ağır olan iqtisadi və sosial vəziyyət son günlər lap dözülməz olub. Bildirilir ki, hətta, “Talana yox!” tələbi ilə meydanlara çıxan nümayişçilər polis zorakılığı ilə dağıdılsa da, bir neçə gündən sonra başqa bir sosial tələblə yenə də küçələrə axışacaqlar. Çünki işğalçı ölkənin iqtisadiyyatında və əhalinin yaşayış tərzində  hər hansı bir irəliləyiş gözlənilmir. Həm Ermənistan əhalisinə, həm də beynəlxaq ictimaiyyətə də bəllidir ki, Ermənistanın  heç bir təbii resursu yoxdur. Ekspertlər və yerli ictimai-siyasi xadimlər iqtisadiyyatın çökməsinin, əhalinin kütləvi surətdə ölkəni  tərk etməsinin əsas səbəbini  Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi ilə əlaqələndirirlər.

Politoloqun fikrincə, Ermənistan bu vaxta qədər sülh sazişinə imza atsaydı, işğal etdiyi ərazilərdən geri çəkilsəydi, indi Azərbaycanla, Türkiyə ilə sərhədləri də açılardı, normal münasibətlər qurub regional layihələrdə də iştirak edərdi. Bundan sonra, müəyyən qədər iqtisadiyyatını, sosial həyatını normallaşdıra bilərdi. Ancaq onların fikri  respublikamıza qarşı təxribatlar törətmək, sonra isə öz himayədarları vasitəsilə bütün günahları Azərbaycanın üstünə atmaqdır: “Bu isə artıq baş tutan sevda deyil. Çünki Azərbaycan getdikcə qüdrətli dövlətə çevrilir və ona qarşı törədilən  təxribatların qarşısını asanlıqla alır. İtirən isə həmişəki kimi, yenə də Ermənistan olur”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında