Frantisek ÇHMELAR: Bakıda Oyunlar ədalətli idman mübarizəsi şəraitində keçmişdir

Slovakiya MOK-un prezidenti əməkdaşlarımıza onlayn eksklüziv müsahibə vermişdir

- Hörmətli Frantisek Çhmelar, Bakıda ilk dəfə keçirilən Avropa Oyunları gözləntilərinizi doğrultdumu? 

- Avropa Oyunlarının start götürməsi özlüyündə böyük hadisədir. Bu barədə xeyli vaxt idi ki, söhbətlər gedirdi. Nəhayət, bu gözəl ideya reallaşdı. Buna yalnız sevinmək olar. Gənc, müstəqil dövlət olan Azərbaycanın qitə səviyyəsində belə bir böyük yarışa ev sahibliyi etməsi, əlbəttə, ölkənizin böyük uğuru sayılmalıdır. Bu mənada xalqınızı bir daha təbrik edirəm.

“Bakı-2015" şəxsən mənim gözləntilərimi doğrultdu. Yarışların təşkilindən çox razı qaldım. Hesab edirəm ki, bu qənaəti mənimlə çoxları bölüşə bilər. Həqiqətən tanıdığım atletlərdən, idman mütəxəssislərindən Oyunlar barədə yalnız xoş sözlər eşitmişəm. 

 - Birinci Avropa Oyunlarında  slovakiyalı atletlərin nəticələri sizi qane edirmi?

- Bizim ölkə Oyunlarda kifayət qədər geniş tərkibdə və ən güclü idmançılarla təmsil  olunmuşdu. Komandamızın üzvləri iki qızıl, iki gümüş və üç bürünc, bütövlükdə 7 medal qazanıblar. Biz 50 milli komanda arasında 23-cü yeri tutduq. Pis nəticə deyil. Amma daha yaxşı nəticə əldə edə bilərdik. Yarışların nəticələrini ciddi təhlil edəcəyik. Ümid edirəm ki, ikinci Avropa yarışlarında atletlərimiz bundan daha yaxşı göstəricilər əldə edəcəklər. Əsas odur ki, Oyunlar çox ədalətli idman mübarizəsi şəraitində keçdi. Ümumiyyətlə, Bakı turnirində çox səmimi və pozitiv ab-hava vardı. 

- Heç bir yarış başqasına bənzəmir. Bakı turniri hansı özəl cəhətləri ilə  yaddaşınıza həkk olundu? 

- Məxsusi qeyd etmək istəyirəm ki, Azərbaycan bu mühüm tədbirə çox yüksək səviyyədə hazırlaşmışdı. Yarışların təşkili həqiqətən mükəmməl idi. Oyunların keçirildiyi idman arenaları, oradakı idman qurğuları ən yüksək dünya standartlarına cavab verirdi. “Atletlər   kəndi”ndə idmançıların istirahəti və qüvvələrini bərpa etmələri üçün hər cür şərait yaradılmışdı. Nəqliyyat və başqa infrastruktur saat mexanizmi kimi işləyirdi. Təşkilatçıların, könüllülərin gərgin və həvəslə çalışmalarını müşahidə etmək xoş idi. 

Bakıda yarışların təşkilinin səviyyəsi barədə həmyerlilərim ilə tez-tez fikir mübadiləsi aparırdıq. Yarışlar haqqında heç kimdən bir kəlmə də olsun mənfi söz eşitmədim. Əksinə, hər kəs ağız dolusu tərifləyirdi. Bir çox atletlər, eləcə də idman mütəxəssisləri hesab edirlər ki, “Bakı-2015” idman turniri  Olimpiya yarışları qədər mükəmməl təşkil olunmuşdu. Mən də şəxsən bu fikirdəyəm. İnanıram ki, Azərbaycan gələcəkdə Olimpiya oyunlarına da böyük uğurla ev sahibliyi edə bilər. 

- Bakıda hər hansı bir çətinliyiniz, narahatlığınız, necə, oldumu?

- Bakıda qarşılaşdığımız yeganə çətinlik havaların bəzən küləkli və isti olması idi (Gülür). Lakin bir məşhur mahnıda deyildiyi kimi, təbiətdə pis hava olmur. Axı, təbiətin öz qanunları var. Onlarla sadəcə hesablaşmaq lazımdır.

Bir cəhəti də vurğulamaq istəyirəm. Bakı sakinləri çox mehriban və qonaqpərvərdirlər. Şəhərin sürətlə inkişafı da diqqətimdən yayınmadı. Hiss olunur ki, Azərbaycan tərəqqi yolundadır. Bu miqyasda turinir təşkil etməyə hər ölkənin gücü çatmaz.

 - Bakıya yenidən gəlmək istərdinizmi?

- Əlbəttə, gələrdim. Ümid edirəm ki, Azərbaycan paytaxtında gələcəkdə də nüfuzlu beynəlxalq turnirlər keçiriləcək. Atletlərimiz bura böyük həvəslə gələcəklər. Qədim və modern bir şəhər olan, özündə Şərq və Qərb memarlıq üslublarını ehtiva edən Bakı ilə görüşmək hər zaman xoşdur!

Aida AYSA,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında