“Kaş hər yerdə Azərbaycandakı kimi sabitlik və qonaqpərvərlik görəydik”

Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən biri də ölkəmizə çoxsaylı turistlərin gəlməsi oldu. Onlar Bakıda tam sərbəst gəzir, alış-veriş edir, milli mətbəximizin xörəklərindən yeyir və öz səfərlərindən çox məmnun qaldıqlarını bildirdilər.

Biz şəhərdə gəzərkən  iki polyak turistlə tanış olduq. Onlar artıq öz ölkələrinə yola düşməyə hazırlaşırdılar. Azərbaycanla  bağlı təəssüratlarını, Bakıda olarkən gördükləri  barədə danışmalarını xahiş etdik.

Alisia Kolonovski:

– Polşadan gəlmişik. Qızım Yuliya birinci Avropa Oyunlarının proqramına daxil olan üzgüçülük yarışında iştirak edirdi. On beş yaşı var. Yaşının az olmasına baxmayaraq, bacarıqlı idmançıdır. İdmanla uşaqlıqdan məşğul olur. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi xəbərini eşidəndə  qızım ölkəniz haqqında internet vasitəsilə məlumatlar topladı. Doğrusu, xoş xəbərlərlə yanaşı, bədbin məlumatlar da var idi. Yazırdılar ki, Azərbaycanda müharibə gedir, ərazisinin bir hissəsi işğal altındadır, çoxlu sayda qaçqını var.

Fikirləşdik ki, bu vəziyyətdə olan ölkə belə bir möhtəşəm tədbiri necə keçirəcək?  Qızım isə yarışlarda iştirak etməkdə israrlı idi. Biz razılaşdıq. Onu yola salandan bir neçə gün sonra özümüz də Azərbaycana gəldik. Yarışlar gözlənildiyindən də yüksək səviyyədə keçirildi. Burada hər şey gözəl idi.

Polşalı qonaq Azərbaycanda olduqları müddətdə İçərişəhərdə qaldıqlarını dedi  və bildirdi ki, Bakını gəzdikcə Azərbaycan haqqında internet vasitəsilə yayılan bədbin fikirlərin hamısının yalan olduğuna və  kimlərinsə tərəfindən  uydurulduğuna əmin olub: “Mən Azərbaycanda gördüklərimdən heyrətə gəldim. Fikirləşirəm ki, nə yaxşı ki, ölkənizə gəldim və hər şeyi öz gözlərimlə gördüm. Ölkəniz haqqında  yalan məlumat yayanlara  internet vasitəsilə cavab vermişəm və onların böhtan və iftira yazdıqlarını diqqətlərinə çatdırmışam.

Belə yalançılara, insanlar arasında çaşqınlıq yaradanlara yazdım ki, biz ailəliklə bir həftədən artıqdır ki,  Azərbaycandayıq. Kaş sizin də ölkənizdə Azərbaycandakı kimi əmin-amanlıq, sabitlik, qonaqpərvərlik olaydı. Digər ölkələrdə dilənçi əlindən gəzmək olmur. Bakıda isə belələrindən biri ilə rastlaşmadıq. Qızımın şəhəri gəzməyə vaxtı yox idi. O, yarışa hazırlaşırdı. Şəhərdə gördüklərimin hamısını ona danışdım və söz verdim ki, Bakıda doyunca gəzəcəyik. Verdiyim vədə əməl etdim. Bura çox sakit yer imiş”.

Andrey Kolonovski:

– Biz  Azərbaycana gəldikdən sonra ilk növbədə üzgüçülük yarışı keçiriləcək idman kompleksinə getdik. Bu ərazidə yaradılmış səliqə-sahman, yaşıllıq, gül-çiçək çox gözəl idi. Yarışların keçiriləcəyi idman kompleksinin isə bənzəri yox idi.  Açıq etiraf edim ki, bizim şəhərimizdə belə bir idman kompleksi yoxdur. Mən deyərdim ki, bəlkə də heç Avropanın əsas ölkələrində də  belə bir idman kompleksi tapmazsan. Biz qızımızı üzgüçülüyə aparanda çox stadionlar, idman qurğuları görmüşük. Ancaq Bakıda gördüklərimizin tayı-bərabəri yoxdur.

Təşkilati işlər o qədər dəqiqliklə qurulmuşdu ki, heç bir problemlə qarşılaşmadıq. Hər cür rahatlığı olan xüsusi avtobus və taksilər idmançıları və turistləri yarışlar keçirilən əraziyə pulsuz aparıb-gətirirdi. İnanın ki, mən belə şey görməmişdim. Qızım deyir ki, idmançılar üçün xüsusi bir ərazi ayrılıb. Orada da hər cür şərait yaradılmışdır. Yerli əhali ilə qısa vaxtda ünsiyyət qurduq. Bu da qonaqpərvərliyin nəticəsidir. Azərbaycan əsl gəzməli və istirahət etməli bir ölkə imiş. Qərara almışıq ki, növbəti illərin birində yenidən Azərbaycana gələk və məzuniyyətimizi burada keçirək.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında