Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun “Xalq qəzeti”nə müsahibəsi.
- I Avropa Oyunlarının heyrətamiz gözəl olan bağlanış mərasimi ilə bu gözəl idman bayramı tarixin bir parçasına çevrilərkən qəribə hisslər yaşadıq. Möhtəşəm idman bayramının insana xoş ovqat gətirən sevinci, digər tərəfdən ayrılıq nisgilinin kədər notları... Beləcə I Avropa Oyunlarına “əlvida”, dedik.
- I Avropa Oyunları zamanı ölkəmiz Avropaya qollarını açdı, minlərlə yadelli paytaxtımız üçün doğma sakinə çevrildi. Onlar Bakıda sərbəst gəzib dolaşarkən, bir müsəlman şəhərində bu qədər gözəllik, ecazkarlığı görüb, sakinlərin mehriban və səmimiliyinin şahidi olduqda heyranlıqlarını gizlədə bilmirdilər. Nəhəng bayram meydanına çevrilmiş Bakıda heç kim - nə biz, nə avropalılar bu bayram əhval-ruhiyyəsinin başa çatmasını istəmirdik. Əslində, bizim üçün Avropa Oyunları heç vaxt bitməyəcək. Çünki o, ölkəmizdə doğulub, Azərbaycan onun vətənidir. Qürurla deyə bilərik ki, I Avropa Oyunlarının yüksək səviyyədə təşkili bundan sonra keçiriləcək bütün Avropa Oyunları üçün uğurlu təminat verdi.
– Paytaxt gənclərinin həyatına Avropa Oyunlarının təsiri nədən ibarət oldu?
– “Bakı-2015"-in yüksək səviyyədə təşkilində paytaxt, eləcə də region gənclərimiz yaxından iştirak etdilər. Könüllülərlə iş Avropa Oyunlarına bir neçə ay qalmış elan edilmişdi. Minlərlə müraciət edənlər arasından 12 min şəxsin könüllü kimi seçilib, hazırlanması tədbirlərinə start verildi. Könüllülərin əsasını ümumtəhsil, orta ixtisas, ali təhsil müəssisələrinin, müxtəlif kursların tələbələri təşkil edirdi. Burada hətta fiziki qüsurlu gənclərin də treninqlərə qatılıb, könüllü kimi hazırlanması diqqətdə idi. Yarışlar zamanı öz işini peşəkarcasına yerinə yetirən, işinin vurğunu olan və bundan zövq alan vətəndaşları gördük. Onlar öz üzərlərində çalışaraq daha da kamilləşdilər, ayrı-ayrı sahələr üçün hazır kadr kimi özlərini sübut etdilər. Ölkəmizə gələn qonaqlarla davranış, onlarla münasibət qurma bacarığı, oyunlara marağı olan hər bir kəsin məlumatlandırılması könüllü məktəbinin formalaşdırılmasının dəyərli sübutudur. Onlar göstərdilər ki, beynəlxalq təcrübəsi olan mütəxəssislərlə çiyin-çiyinə çalışmağa qadirdirlər. 6 min atletin, 8 mindən çox turistin, 1000-dən çox media nümayəndəsinin, 2000-dən çox rəsmi qonağın iştirak etdiyi bu tədbirdə könüllülər haqqında deyilən xoş sözlər gənclərimizin yeniliyə, qabaqcıl təcrübəyə nə qədər meyilli olduqlarını göstərdi.
– “Bakı-2015"-in idman, eləcə də digər infrastrukturun qurulmasında əhəmiyyəti barədə nə deyə bilərsiniz?
– Bakı və Mingəçevirdə maddi-texniki bazanın təkmilləşdirilməsi, idman qurğularının inşası və yüksək standartlara uyğun əsaslı təmiri nəticəsində Oyunlardan sonra xalqımıza müasir obyektlər qaldı. “Evrovision-2012" üçün inşa edilən Bakı Kristal Zalı, Oyunlar üçün inşa edilən Su İdman Növləri Sarayı, Olimpiya Stadionu, Gimnastika arenası və digər obyektlər, yenidən bərpa olunmuş ”Kür" avarçəkmə bazası ölkəmizdə keçiriləcək Formula-1, Şahmat olimpiadası, İslam Həmrəyliyi Oyunları, futbol üzrə seçmə qrup yarışlarının və digər tədbirlərin yüksək səviyyədə təşkilinə öz töhfələrini verəcək.
Bu arenalarda fiziki məhdudiyyətli insanların da heç kimin köməyi olmadan sərbəst hərəkət etməsi, onların idmanla məşğul olması üçün yaradılan şərait də diqqət çəkən məsələlərdir. Qurulan infrastruktur tək idman yox, digər sahələr üzrə irimiqyaslı tədbirlərin keçirilməsi üçün də böyük imkanlar açır. Ən əsası isə bu cür idman arenaları idmanın kütləviliyini daha da artıracaq, uşaq və gənclərimizin fiziki və mənəvi inkişafında mühüm rol oynayan bədən tərbiyəsi və idmanın inkişafına yeni töhfələr verəcək.
Oyunlarla bağlı nəqliyyat sektorunda yeniliklər xüsusilə təqdirəlayiqdir. Yol infrastrukturunun Avropa Oyunlarına görə xüsusi rejimdə fəaliyyəti çox gözəl nəticə verdi. Xüsusi zolaqların mövcudluğu, qəzaların sayının minimuma endirilməsi, onların hətta qarşısının alınması, şəhərin tıxaclardan tam təmizlənməsi, nəqliyyat vasitələrinin vaxtlı-vaxtında idmançıları, onların məşqçilərini yarış meydanlarına, zallara gətirmələri, onların daxili işlər strukturlarının əməkdaşları tərəfindən müşayiət edilməsi, təhlükəsizliyin təminatı, bütün bunlar infrastrukturun bundan sonra da ən yüksək standartlar daxilində xidmət göstərəcəyinə əsas verdi.
Avropa Oyunları turizmin sürətli inkişafı üçün də gözəl fürsət yaradıb. Ölkədən gedən və hələ də ölkəmizdə qalan əcnəbilər Azərbaycan, insanlarımız, qonaqpərvərliyimiz haqqında yüksək fikirdədirlər. Bu ilin sonuna qış turizminə və ya növbəti yay turizmi mövsümündə bu sahəyə verilən töhfələri görəcəyik.
– “Bakı-2015"-in təbliği ilə bağlı fikirlərinizi bilmək maraqlıdır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində hansı işlər görüldü?
– Azərbaycanın dünyaya açıq ölkə olmasını Oyunlar zamanı ölkəmizə gəlmiş əcnəbilərlə sıx təmas bir daha sübut etdi. Paytaxtda tamaşalar, muzeylərdə tədbirlər, turistlər üçün müxtəlif istiqamətlərdə turların təşkili ölkə həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynadı. Səyyar idman yarışlarının təşkili ilə bağlı gözəl layihələrin həyata keçirilməsini xüsusi qeyd etmək istəyirəm. Fəvvarələr meydanında atletika yarışı, Atletlər kəndində kapoera idman növü üzrə baxış müsabiqəsi, Milli Parkda 3X3 basketbol yarışları və digər tədbirlər qonaqların Bakını daha yaxından tanıması ilə yanaşı, həm də əhali ilə sıx təmas qurmalarına şərait yaratdı. Bütün bu tədbirlər digərləri kimi, Avropa xalqlarının da adət-ənənələrimiz, milli-mənəvi, əxlaqi dəyərlərimizlə yaxından tanış olmalarına fürsət yaratdı. Onlar Bakının hər yerində inkişafın, təhlükəsizliyin, əmin-amanlığın şahidi oldular.
Azərbaycan həqiqətlərinin ən böyük təcəssümü isə I Avropa Oyunlarını yüksək səviyyədə keçirməyimiz və komandamızın möhtəşəm qələbəsi oldu. Azərbaycanın müxtəlif millətlərin, xalqların nümayəndələrinin dostluq, qardaşlıq şəraitində birgə yaşadıqları ölkə olması beynəlmiləl komandamızın tərkibində də özünü göstədi. Onlar Azərbaycanı təmsil etməkdən qürur duyur, milli dəyərlərimizə hörmətlə yanaşır, doğma hesab etdikləri Azərbaycana medal qazandırmaq üçün əllərindən gələni edirdilər. Son illər dövlət tərəfindən həyata keçirilmiş böyük işlərin nəticəsi olaraq, əldə edilmiş nailiyyətlərlə idman növlərinin coğrafiyasını da genişləndirdik. Güləş, cüdo, taekvondo, boks və digər idman növlərində həmişə olduğu kimi, yüksək nəticələr əldə edirdiksə, bu sıraya yeni idman növləri - triatlon, batut, idman gimnastikası, qılıncoynatma da daxil edildi. Müstəqilliyimizin 24 ili ərzində böyük inkişafın nəticəsi olaraq, ilk Avropa Oyunlarında müstəqillik tarixi yüzillərlə ölçülən, əhalicə, ərazicə, idman tarixinə görə qat-qat fərqlənən ölkələri qabaqlamış olduq. “Bakı-2015"-in nəticəsi olaraq, dünya daha güclü, daha qüdrətli, bütün sahələrdə başgicəlləndirici nailiyyətlərə imza atan daha müstəqil və yeni Azərbaycan gördü.
Müsahibəni qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.