Spiras KAPRALOS: Bakı mənim üçün ikinci evim qədər doğmadır

Yunanıstan MOK-un prezidenti əməkdaşlarımıza onlayn eksklüziv müsahibə vermişdir

– Cənab Kapralos, birinci Avropa Oyunları barədə təəssüratlarınızı oxucularımızla bölüşməyinizi xahiş edirik.

– Bakıda bütün aspektlərdən çox böyük əhəmiyyəti olan Oyunlar keçirildi. Təşkilatçılar ən incə məqamları belə nəzərə almışdılar. Belə ki, hər şey yüksək səviyyədə idi:  İdman qurğuları ən yüksək standartlara cavab verirdi. Müvafiq infrastruktur yaradılmışdı. Mehmanxanalar, nəqliyyat əla fəaliyyət göstərirdi.

İlk dəfə Bakıda keçirilən Avropa Oyunları qitədə idmanın sürətli inkişafı üçün yeni böyük imkanlar açdı. Bildiyiniz kimi, bu böyük idman tədbirində 50 ölkədən 6 mindən çox idmançı iştirak edirdi. Bu özü kifayət qədər böyük rəqəmdir. Onlar idmanın 20 növü üzrə qələbə uğrunda mübarizə aparırdılar.

Məxsusi qeyd etmək istərdim ki, Bakıda bütün yarışlar ədalətli idman mübarizəsi şəraitində keçmişdir. Avropanın ən müxtəlif ölkələrinin atletləri burada sonrakı nüfuzlu beynəlxalq idman yarışlarında uğurlar əldə etmək üçün yaxşı təcrübə qazanıblar. Bu təcrübədən 2016-cı ildə Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında istifadə ediləcəyinə şübhə etmirəm.

“Bakı-2015" yarışlarının təntənəli açılış və bağlanış mərasimlərini canlı izləyənlər bu gözəl anları heç vaxt unutmayacaqlar. Həqiqətən, həmin günlər Azərbaycanın paytaxtı olduqca ecazkar təsir bağışlayırdı. Yerli sakinlər də, çoxsaylı qonaqlar da, bir sözlə, hamı özünü son dərəcə xoşbəxt hiss edirdi.    

Bir məqamı da vurğulamaq istəyirəm. Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə Azərbaycan idman təşkilatçılığı sahəsində böyük səriştəsi olduğunu bir daha sübut etdi. Düşünürəm ki, Azərbaycanda bundan sonra da qitə və qlobal səviyyədə yeni idman turnirləri təşkil edilə bilər. 

– Bakıda sizi ən çox heyrətləndirən nə oldu?

– Xəzərin sahilində yerləşən, qədim olduğu qədər də modern bir şəhər olan, özünün qeyri-adi müsbət aurası ilə hamını heyran qoyan Bakının özü mənim üçün başdan-başa bir möcüzədir. Mən Avropa Oyunlarına hazırlıq işləri ilə əlaqədar və tədbirin keçirlidiyi günlərdə  Bakıda tez-tez olurdum. Bu görüşlərin hər biri mənim üçün əziz xatirəyə çevrilib.

Yeri gəlmişkən, Bakının xilqətində bir dinamiklik var. Burada, sanki, hər şey insanların rahat, əmin-amanlıqda yaşamalarına xidmət edir. Azərbaycanlılar çox qonaqpərvər insanlardır. Mən çox hörmətli Prezident

İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da daxil olmaqla hər bir sakinin qeyri-adi qonaqpərvərliyindən son dərəcə məmnun qalmışam. Bəli, bu kübarlıq, humanizm, xeyirxahlıq, qonaqpərvərlik məni heyrətə gətirib.

– Bakıya bir daha gəlmək istərdinizmi?

Əlbəttə, istərdim. Mütləq gələcəyəm. Bakı mənim üçün ikinci evim qədər doğmadır. Orada mənim çoxlu sayda dostlarım var. 

Aida AYSA,
Məsaim HACIXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında