“Azərbaycan Prezidentinin fəxri diplomuna layiq görüldüyümə görə qürur duyuram”

Prezident İlham Əliyev Avropa Oyunlarında uğurla çıxış etmiş idmançıların məşqçilərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Təltif olunan məşqçilərdən biri də Respublika Olimpiya İdman Liseyinin  yunan-Roma güləşi üzrə məşqçisi, Əməkdar məşqçi Vaqif Feyzullayevdir.

V.Feyzullayev əməkdaşımızla söhbətində belə yüksək mükafata layiq görülməsi ilə bağlı təəssüratlarını bölüşüb.

— Vaqif müəllim, Avropada ilk dəfə keçirilən möhtəşəm idman tədbiriə Azərbaycanın ev sahibliyi  etməsinə münasibətinizi bilmək istərdik.

— Mən bu nüfuzlu yarışın ilk dəfə məhz Azərbaycanda keçirilməsinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Çünki ölkə başçısının idmana və idmançılara göstərdiyi diqqət və qayğı respublikamızın idman şöhrətini ildən-ilə artırır. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Elə bir Olimpiya oyunu, dünya çempionatı və Avropa turniri olmaz ki, idmançılarımız oradan medalsız qayıtsın. Bunu dünya ictimaiyyəti də görür. Mən bir məşqçi kimi bununla fəxr edirəm.

— İlk Avropa Oyunlarının təşkilini, yarışların keçirildiyi stadionları və idmançılara göstərilmiş qayğını necə qiymətləndirirsiniz?

— Mən bu vaxta qədər  çoxlu  mötəbər yarışlarda iştirak etmişəm. Açığını deyim ki, ilk dəfə keçirilən Avropa Oyunlarında olan təşkilatçılığı, dünya standartlarına cavab verən stadionları, nəqliyyat və digər xidmətlərin analoqunu heç yerdə görməmişəm. Bunu tək mən yox, yarışlarda iştirak edən idmançılar, məşqçilər, hətta, turistlər də təsdiqləyirlər. Bütün bunlar “Bakı 2015”-in Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın gərgin fəaliyyətinin, idmana olan hədsiz məhəbbətinin və idmançılara olan diqqət və qayğısının nəticəsidir. Bununla yanaşı, Vətən, xalq, millət sevgisi, Azərbaycanın adının daha yüksək zirvələrdən eşidilməsi istəyi də Mehriban xanımı yarışların yüksək səviyyədə keçirilməsinə sövq etdi.

— Siz dövlət başçımızın sərəncamı ilə yüksək mükafatla – “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmisiniz? Bu xəbəri necə qarşıladınız?

— Mən 30 ildən çoxdur ki, yunan-Roma güləşi üzrə məzunu olduğum  Respublika Olimpiya İdman Liseyində  məşqçilik fəaliyyəti ilə məşğul oluram. Onu da qeyd edim ki, bu məktəb Olimpiya, dünya və Avropa çempionları yetişdirməkdə ad qazanıb. Mənim də yetirmələrim arasında dünya  və Avropa çempionları olub. Buna görə “Azərbaycan  Respublikasının Əməkdar məşqçisi” adına layiq görülmüşəm. Bir neçə il əvvəl isə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Azərbaycanın yığma komandasında üç yetirməm var. Onlardan biri – Həsən Əliyev birinci Avropa Oyunlarına qatıldı və üçüncü yeri tutaraq,  bürünc medal aldı. Prezident İlham Əliyevin Avropa Oyunlarında uğurla çıxış etmiş idmançıların məşqçilərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncamı ilə tanış olanda  mənim də adımın bu siyahıda olduğunu bildim və sevincimin həddi-hüdudu olmadı. Bu vaxta qədər çox mükafatlar almışam, ancaq, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” mənim üçün ən qiymətlisidir. Axı, Avropa Oyunları ilk dəfə keçirilirdi. Bu möhtəşəm yarışın medalını qazanmaq həm çətin, həm də şərəfli idi. Sevinirəm ki, yetirməm bu çətin yarışmada medal qazandı və zəhmətimiz hədər getmədi.

— Yetirmələrinizin xoş sədalarının daha yüksək zirvələrdən eşidilməsini, sizin isə daha yüksək mükafatlarla təltif olunmağınızı arzılayırıq.

— Çox sağ olun. Biz dövlət başçımızın diqqət və qayğısını, etimadını doğrultmaq üçün bundan sonra da  var qüvvəmizlə çalışacağıq.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında