Zsolt BORKAİ: Bakı ilk Avropa Oyunları kimi mötəbər tədbirə ev sahibliyi etmək üçün ideal seçim idi

Paytaxtımızın ev sahibliyi etdiyi birinci Avropa Oyunları artıq başa çatsa da dünyaya yayılan  sorağı xoş əks-sədaları geri dönməkdədir. Bakı 17 gün ərzində Avropanın 50 ölkəsinin nümayəndə heyətlərini Vətənimizə xas qonaqpərvərliklə qəbul edib ən yüksək səviyyədə ağırladı. Bunların içində Macarıstan komandası da var idi. Hunlar ölkəsindən olan qonaqlarımızın təəssüratlarını öyrənmək üçün Macarıstanın Olimpiya Komitəsinin rəhbəri   Zsolt Borkaidən internet vasitəsilə müsahibə aldıq. Həmin söhbəti sizə təqdim edirik.

– Cənab Borkai,  “Bakı-2015”lə bağlı təəssüratlarınızı oxucularımıza çatdırmaq istərdik...

– Birinci Avropa Oyunları zamanı gördüklərim,  şahid olduqlarım  Bakı haqda daha əvvəlki düşüncələrimi bir az da möhkəmləndirdi. Əmin oldum ki, Bakı ilk Avropa Oyunları kimi mötəbər tədbirə ev sahibliyi etmək üçün ideal seçim idi. Paytaxtınız Avropanın Olimpiya miqyaslı ən yaxşı idmançılarını yüksək səviyyədə qəbul edərək həqiqətən də Avropa idman tarixinin bu mühüm hadisəsinin ən yaxşı təşkilatçısı olduğunu sübut etdi.

Nəqliyyat xidməti, təhlükəsizlik məsələləri, qonaqpərvərlik , idmançıların bütün ehtiyacları ən xırda detallarına kimi nəzərə alınaraq yaradılan Atletlər kəndi, bir sözlə hər şey mükəmməl idi. Mən Azərbaycanı, onun gözəl paytaxtı Bakını, həmçinin tədbirin bütün təşkilatçılarını bu möhtəşəm performans münasibətilə təbrik etmək istərdim.

Siz üzərinizə  götürdüyünüz şərəfli və məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyi bacardınız. Bundan sonra Avropa Oyunları hansı ölkədə və hansı səviyyədə keçirilməsindən asılı olmayaraq, yaddaşlarda hər zaman Bakıdakı möhtəşəm açılış mərasimiylə, al qırmızı dənələriylə insanlara sevinc paylayan Azərbaycan narının fantastik görüntüsüylə qalacaq.

– Bakını və onun sakinlərini necə, bəyəndinizmi?

– Bakıya ilk gəlişim deyildi. Az müddət ərzində şəhərin bu qədər inkişaf etməsi məni çox heyrətləndirdi. Sadəcə bir neçə ay ərzində bu qədər müsbət dəyişiklik, bu qədər yaraşıqlı binaların, nəhəng idman komplekslərinin inşası ağılasiğmaz tərəqqidən xəbər verir. Göründüyü kimi, bəzi tikintilər də davam etməkdədir. Bu minvalla Bakı çox yaxın gələcəkdə dünyanın ən gözəl şəhərləriylə yarışacaq. 

İş rejiminin gərginliyi və vaxt darlığı səbəbiylə yerli əhaliylə birbaşa ünsiyyət qurmaq şansım az oldu. Lakin gördüyüm qədəriylə, insanlarınız çox mehriban, istiqanlı və qonaqpərvərdirlər. Olduğum bütün məkanlarda buna şahid oldum.

– Yenidən qonağımız olmaq istərdinizmi?

– Əminəm ki, yaxın gələcəkdə Bakı yenidən mötəbər idman turnirlərinə ev sahibliyi edəcək və mən Azərbaycanın gözəl paytaxtına yenidən qayıdacağam.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında