Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Trend informasiya agentliyinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.
- Leyla xanım, icazənizlə ilk növbədə Trend agentliyinin kollektivi adından Sizi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri təyin edilməyiniz, həmçinin insanların sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyətinizə və ekoloji tarazlığın təmin edilməsi məqsədilə beynəlxalq dialoqun inkişafına dəyərli töhfələrinizə görə “İlin beynəlxalq dialoqu” mükafatını almağınız münasibətilə təbrik edək.
Hazırda ərzaq təhlükəsizliyi bütün dünyanın qarşısında dayanan ciddi məsələdir. Ölkəmizdə ərzaq təhlükəsizliyi sahəsindəki vəziyyəti necə xarakterizə edərdiniz? FAO-nun xoşməramlı səfiri kimi, Siz beynəlxalq ictimaiyyətin diqqətini bu təşkilatın hansı məsələlərinə cəlb etmək istərdiniz?
– FAO-nun strateji məqsədlərindən hər biri, – bu, istər aclıq çəkmənin aradan qaldırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi, istərsə də yoxsulluğun ləğvi olsun, – bu gün bütün ölkələri narahat edən məsələlərdir. Dünyanın ərzağa artan tələbatını təmin etmək üçün dövlətlər müxtəlif metodlardan istifadə edir və təəssüf ki, bu metodların arasında geni modifikasiya olunmuş məhsulların (GMO) istehsalı da var. Müasir dünyada bu məhsulların istehsalı daha kütləvi xarakter daşıyır və bu, məni çox narahat edir.
Azərbaycanda həmişə keyfiyyətli, təbii, öz dadı və ekoloji təmizlik səviyyəsi ilə fərqlənən məhsullar yetişdirilib. Bu, böyük sərvətdir və biz bunu qorumalıyıq. Mən ölkəmizin genetik mühəndislik yolu ilə getməsini istəməzdim. Bu yaxınlarda Azərbaycanda Cinayət Məcəlləsinə GMO məhsulların istehsalı və idxalına görə cəzanı nəzərdə tutan maddənin əlavə edilməsinə baxmayaraq, hesab edirəm ki, insanlar bu məsələdən yalnız qanundan qorxduqları üçün çəkinməməlidirlər, onlar GMO məhsulların bütün canlılar üçün nə qədər böyük zərər daşıdığını anlamalıdırlar.
Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoqun (IDEA) təsisçisi kimi, mənim üçün, həmçinin təbii resursların rasional istifadəsinə nail olmaq, nadir və tükənməkdə olan bitkilərin və heyvanların bərpa edilməsi və mühafizəsi, insanlar, xüsusən də gənclər arasında maarifləndirmə işinin və ekoloji təşviqatın gücləndirilməsi mühüm məsələlərdir.
– Leyla xanım, icazənizlə öz adımızdan və oxucularımız adından ekologiya sahəsində fəaliyyətinizə görə Sizə təşəkkür edək. IDEA cəmiyyət üçün əhəmiyyətli olan çoxlu sayda yaradıcı layihələr həyata keçirir. Bu layihələr hansı miqyası əhatə edir və nə dərəcədə ölkə hüdudlarından kənara çıxır?
– Mən IDEA xətti ilə tez-tez səfərlər edirəm, təbiətdə çox vaxt keçirirəm və hər dəfə əmin oluram ki, insan nə qədər gözəl və nadir şedevrlər yaratsa da, təbiətin füsunkar gözəlliyini heç nə ilə əvəz etmək olmaz. Təbiətdə olarkən həqiqi, səmimi dincliyi, əmin-amanlığı, həyati gücü və harmoniyanı hiss edirsən. Mən müşahidə etmişəm ki, təbiətə yaxın yaşayan insanlar - bu, Azərbaycana da aiddir, - ona şəhərdə yaşayan insanlardan daha da qayğı ilə yanaşırlar. Ona görə də biz meqapolislərin sakinlərini tez-tez təbiətin qoynuna çağırırıq. Ötən bir neçə il ərzində Bakıda və ölkəmizin bölgələrində IDEA-nın könüllüləri tərəfindən 4 milyon ağac əkilib. Ümid edirəm ki, bu təşəbbüsümüz dəstək görəcək və davam edəcək.
Ekoloji problemlər bütün ölkələri əhatə edir və onların həlli yalnız kollektiv yanaşma tələb edir. IDEA məhz bu konsepsiyanı dünya ictimaiyyətinin diqqətinə çatdırmağa və insanları, xüsusən də gəncləri “Bir planet – bir gələcək” (“One Earth One Future”) şüarı altında birləşdirməyə çalışır.
IDEA ekoloji problemlərin həlli ilə bağlı çoxdandır ki, Azərbaycanın hüdudlarından kənara çıxıb. Biz BMT-nin Ətraf Mühit Proqramının (UNEP), Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN), Dünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) tərəfdaşlarıyıq. Regional səviyyədə isə 2013-cü ilin oktyabr ayında həyata keçirilən Gürcüstanda 10 ceyranın birinci reintroduksiyası layihəsini qeyd etmək istərdim. Ötən ilin may ayında Bakıda IDEA-nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirildi. Sammitdə beynəlxalq ekspertlər tərəfindən bəbirlərin mühafizəsi sahəsində bilik və təcrübə mübadiləsi aparıldı.
Beynəlxalq layihələrdən, xüsusilə, 2014-cü ilin noyabr ayında Londonda keçirilən Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin “Qırmızı kitab”ının 50 illik yubileyinə həsr edilmiş “Bu gün burada” (“Here Today”) adlı sərgini, həmçinin bu ilin may ayından “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində davam edən və işləri planetin taleyi ilə bağlı narahatlığı əks etdirən müxtəlif ölkələrin rəssamlarını birləşdirən “Vita Vitale” sərgisini qeyd etmək istərdim.
– IDEA Qafqaz faunasının nadir heyvan növləri olan qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirinin mühafizəsini nəzərdə tutan “Qafqazın böyük beşliyi” layihəsini həyata keçirir. Bu istiqamətdə gələcək planlar haqqında öyrənmək istərdik.
– Bu istiqamətdə artıq bir neçə ildir işləyirik. Həqiqətən də bu heyvanların nəsli tükənmək üzrədir. Məsələn, biz Qafqaz bəbirinin dəqiq sayını müəyyən etmək və onların sonrakı mühafizəsi üçün müşahidə kameraları quraşdırmışıq, London Zoologiya Cəmiyyətindən (ZSL) mütəxəssislər dəvət etmişik. Hesablamalar göstərir ki, Azərbaycan ərazisində beşdən ona qədər Qafqaz bəbiri mövcuddur. Əlbəttə, bu göstərici çox aşağıdır və bəbirlərin sayını artırmaq üçün müxtəlif tədbirlər həyata keçirmək lazımdır. Bu tədbirlərə insanları nəsli tükənməkdə olan heyvan növləri haqqında məlumatlandırmaq, onları qorumağa çağırmaq, onların qidalanması üçün məkanların sayını artırmaq da daxildir. Yetmiş il əvvəl Azərbaycan ərazisində mövcud olmuş Xəzər pələngləri kimi, Qafqaz bəbirlərinin də nəslinin tükənməsini istəməzdim. Vaxtında görülmüş tədbirlər sayəsində biz bəbirləri tükənmək riskindən xilas edə bilərik. Bundan əlavə, beynəlxalq mütəxəssislərlə son söhbətlərdən öyrəndim ki, Xəzər pələnginin nəslini bərpa etmək mümkündür və ola bilsin, yaxın gələcəkdə biz bu məsələ ilə məşğul olaq.
Bizim üçün yalnız nəsli tükənmiş heyvan növlərinin reintroduksiyası və mühafizəsi vacib deyil. Bütün heyvan növlərinə laqeyd münasibət məni çox narahat edir. Ötən il IDEA öz fəaliyyətinə yeni bir profil – sahibsiz heyvanların problemini həll etməyi əlavə etdi. Məlum olduğu kimi, hazırda bu problem yalnız bizim regionda deyil, bütün dünyada çox aktualdır. Fikrimcə, bu problemin iki tərəfi var. Bu, ekoloji təhlükə və əhalinin sağlamlığına bu cür heyvanlardan gələn təhlükə və əlbəttə ki, aclıqdan, xəstəlikdən və ya kobud münasibətdən ölən heyvanların özlərinin ürək ağrıdan vəziyyətidir. Bununla əlaqədar, bizim təşəbbüsümüzlə Bakıda sahibsiz heyvanlar üçün sığınacaqların tikilməsi layihəsi həyata keçirilir. Bu layihənin cari ilin payızında başa çatdırılması planlaşdırılır.
– Vitse-prezidenti olduğunuz Heydər Əliyev Fondu bu gün nəinki Azərbaycanın, eləcə də bir çox ölkələrin ictimai həyatında fəal iştirak edir. Müxtəlif xeyriyyə layihə və proqramlarını həyata keçirməklə yanaşı, fond aktiv şəkildə Azərbaycanı bütün dünyada təbliğ edir. Əlbəttə, fondun layihələrinin sayı çoxdur. Ancaq belə bir sual vermək istərdik - bu layihələrdən hansılar Sizə daha yaxındır?
- Heydər Əliyev Fondunun fəaliyyət spektri həqiqətən geniş və müxtəlifdir. Biz ən müxtəlif istiqamətlərdə - xeyriyyəçilik, təhsil, ekologiya, həmçinin mədəniyyət, incəsənət, səhiyyə, idman və İKT sahələrinin inkişafına yönəlmiş bir çox layihələri uğurla həyata keçiririk.
Əksər layihələr mənim üçün xüsusi qürur mənbəyidir. Bu, bu və ya digər sahənin inkişafına köklü şəkildə təsir edən yeni təşəbbüslərin irəli sürülməsindən duyulan qürurdur. Çox vaxt biz layihəni başlayırıq, sonradan dövlət bu təşəbbüsümüzü dəstəkləyir. Məsələn, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsində olduğu kimi. Bu layihə çərçivəsində 400-dən çox məktəb tikildi və təmir edildi. Dövlət bu proqramı davam etdirdi və Azərbaycanda təqribən 3 min məktəb tikildi və təmir olundu.
Azərbaycanı xaricdə layiqincə təmsil etdiyimiz, mədəniyyətlərarası dialoqun genişlənməsinə töhfə verdiyimiz və tolerantlıq ənənələrini qoruyub saxladığımız üçün fəxr edirik. Venesiya Biennalesində bütün qonaqlar və turistlərin məhz Azərbaycanın pavilyonu ilə maraqlandığını, bütün Venesiyanın bizim pavilyondan danışdığını gördüyümdə təsvirolunmaz sevinc və qürur hissi yaşadım.
Sosial cəhətdən həssas vətəndaş qruplarına - fiziki əngəlli insanlar, kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlara yönəlmiş layihələr mənim üçün xüsusi əhəmiyyət daşıyır. “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində fond tərəfindən 32 uşaq müəssisəsi yeni avadanlıqla təchiz olunmuş və əsaslı surətdə təmir edilmişdir. Həmin uşaqların beynəlxalq müsabiqələrdə iştirakını təmin edirik, səmərəli istirahət və əyləncə təşkil etmək məqsədilə onları xaricə tətilə göndəririk. Həmçinin başqa ölkələrdə belə müəssisələrdə tərbiyə alan uşaqlara Azərbaycana gəlmək və ölkəmizlə tanış olmaq imkanı yaradırıq.
Fondun səhiyyə sahəsində göstərdiyi fəaliyyət mənim üçün çox əhəmiyyətlidir. Artıq bir neçə ildir ki, diabetdən əziyyət çəkən 14 yaşınadək uşaqları müntəzəm şəkildə lazımi miqdarda insulin ilə təmin edirik, onlar üçün yay düşərgələri təşkil edirik. Heydər Əliyev Fondu tərəfindən Uşaq Psixonevroloji Mərkəzi, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üçün Reabilitasiya Mərkəzi, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzi də daxil olmaqla, ixtisaslaşdırılmış tibb müəssisələri inşa edilib.
Talassemiya problemi məni daha çox narahat edir. Azərbaycan talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Hər il respublikamızda bu diaqnozla 200-dən çox uşaq dünyaya gəlir. Problemin ciddiliyini nəzərə alaraq, Heydər Əliyev Fondu 2005-ci ildə “Talassemiyasız həyat naminə” layihəsinin reallaşdırılmasına başladı. Bu layihə çərçivəsində regionda ən böyük Talassemiya Mərkəzi inşa etdik. Bu mərkəzdə Azərbaycanda ilk dəfə olaraq onurğa beyninin köçürülmə əməliyyatları keçirilir. Yaxın gələcəkdə Azərbaycanda talassemiyanın aradan qaldırılması üzrə daha böyük miqyaslı proqramların həyata keçirilməsi planlaşdırılır.
Ümumiyyətlə, bütün layihələr mənim üçün eyni dərəcədə əhəmiyyətli və vacibdir. Hər yeni layihə cəmiyyətin həyatına qoşulmaq, sosial əhəmiyyətli ideyaların dəstəklənməsi deməkdir. Ona görə, biz insanlara daha çox faydalı ola biləcək sahələri seçirik. Qeyd etmək istərdim ki, Heydər Əliyev Fondunun layihələri həmişə böyük uğurla həyata keçirilib. Sanki xeyriyyə layihələrinin reallaşdırılmasında xeyirxah qüvvələr bizə kömək edir.
– Mədəniyyətlərarası dialoqun genişlənməsində humanitar layihələrin rolunu necə qiymətləndirirsiniz və Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə hansı layihələr reallaşdırılıb?
– Müasir dünyanın bugünkü reallıqları, gərginləşən münaqişələr mədəniyyətlərarası dialoqun inkişafına mane olan problemləri aradan qaldırmağa yardım edəcək humanitar platformaların yaradılmasını tələb edir. Beynəlxalq mədəni-humanitar əməkdaşlıq dövlətlər arasında qarşılıqlı anlaşmanı gücləndirmək, ziddiyyətləri aradan qaldırmaq və xalqları yaxınlaşdırmaq üçün ən səmərəli alətdir və Heydər Əliyev Fondu bundan çox uğurla istifadə edir. Biz hər bir layihəmizlə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və səbir kimi ümumbəşəri dəyərlərin bərqərar olunmasına töhfə verməyə çalışırıq.
Heydər Əliyev Fondu Berlin qəsrinin, Versal sarayının parkında qədim abidələrin, Luvr Muzeyinin, Vatikanın arxivlərində saxlanılan orta əsrlərə aid əlyazmaların, Romanın Kapitoli Muzeyində “Filosoflar zalı”nın bərpasına yardım edib.
Biz Gürcüstan, Niderland, Misir, Rumıniya, Rusiya və Pakistanda bir neçə məktəbi yenidən qurmuş və əsaslı təmir etmişik, Beninin Porto-Novo şəhərində yerləşən Afrika İrsi Məktəbinin (ERA) inkişafına maliyyə vəsaiti ayırmışıq, Kolumbiyanın Uşaqlara qarşı Zorakılıqların Qarşısının Alınması üzrə Şəbəkə Fonduna yardım göstərmişik. Heydər Əliyev Fondu insanların köməyə ehtiyac duyduğu yerlərdə olmağa çalışır. Biz Haiti, İran, Türkiyə və Pakistanda zəlzələlərin, eləcə də Rumıniyada təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün maddi yardım göstərmişik.
Ölkənin kilsə və sinaqoqlarında təmir-bərpa işləri, Bakıda yəhudi uşaqları üçün təhsil mərkəzinin açılması, Fransanın bölgələrində yerləşən kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakımız və Həştərxanda Müqəddəs Knyaz Vladimirin şərəfinə abidənin ucaldılması da müxtəlif xalqlar və konfessiyalar arasında qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişlənməsinə xidmət edir.
– Siz “Xocalıya ədalət!” kimi mühüm bir kampaniyanın təşəbbüskarısınız. Bu kampaniya bütün dünyada insanları birləşdirib. Dağlıq Qarabağdakı hadisələr haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün işi hansı istiqamətlərdə fəallaşdırmaq lazımdır?
– Xocalı bizim dərdimizdir və bu faciə, eləcə də ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Beynəlxalq birlik bəşəriyyətə qarşı törədilmiş bu cinayətə hüquqi qiymət verməlidir və bizim məqsədimiz tarixi ədaləti bərpa etmək, cinayətkarları ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Gələcəkdə bu münaqişənin ədalətli həllinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına qədər biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində 2009-cu ildən etibarən hər il silsilə tədbirlər keçirilir, dəhşətli faciənin ildönümü ürəkağrısı ilə dünyanın müxtəlif ölkələrində qeyd edilir. Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunvericilik orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıblar.
Biz tez-tez Ermənistanın beynəlxalq ictimai fikri Xocalıda törətdikləri ilə bağlı yanlış istiqamətə yönəltmək istədiyinin şahidi oluruq. Buna görə də rəsmi dövlət qurumları ilə yanaşı, bu gün hər birimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı soyqırımı siyasəti haqqında həqiqət və faktların beynəlxalq ictimaiyyətə çatdırılmasına yönəldilən müntəzəm fəaliyyət göstərməliyik. Biz erməni təbliğatı tərəfindən səylə yayılan yalan və böhtanın ifşasında fəal iştirak etməliyik. Biz dünya ictimaiyyətinə öz kökləri ilə ötən əsrlərə gedib çıxan münaqişənin tarixini göstərməliyik. Misal üçün, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 1918-ci ilin mart-iyul aylarında Bakı quberniyasının beş qəzasının - Bakı, Şamaxı, Quba, Cavad və Göyçayın müsəlman əhalisinin soyqırımı tarixini əks etdirir.
Bütövlükdə, dünya ictimaiyyətini Azərbaycanın tarixi reallıqları haqqında məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondu tərəfindən irimiqyaslı iş aparılıb. Münaqişənin mahiyyətini əks etdirən çoxlu sayda çap məhsulu dərc edilib, sərgilər keçirilib, Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar “Sonsuz dəhliz” filmi çəkilib. Sarayevoda Srebrenitsa və Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb. Hazırda Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda memorial kompleksin yaradılması ilə bağlı işlər aparılır.
Bir sözlə, “Xocalıya ədalət” kampaniyası çərçivəsində işlər yalnız 26 fevral ərəfəsində deyil, bütün il ərzində aparılır. Biz bu istiqamətdə fəaliyyətimizi azaltmamağa çalışırıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti və onların ölkəmizə vurduqları zərər barədə bütün dünyanı məlumatlandırmaq üçün əlimizdən gələni edirik.
– Siz müvəffəqiyyətlə və səmərəli surətdə işləyən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədrisiniz. Bundan əlavə, bu gün RAGB-ın təcrübəsindən digər təşkilatlar da istifadə edir. Bu gün bu təşkilat Azərbaycan və Rusiyanın qarşılıqlı münasibətlərinə nə kimi töhfə verir?
– Bu gün RAGB Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərən ən fəal gənclər təşkilatıdır. Təşkilat yaradıldığı zaman əsas məqsədlərdən biri Rusiyadakı azərbaycanlı gəncləri birləşdirmək və əlaqələrini möhkəmləndirmək idi. Biz həqiqətən də buna nail olduq. Təşkilatın coğrafiyası Rusiyanın 70-dən çox bölgəsini əhatə edir. Praktiki olaraq bütün universitetlərdə azərbaycanlı gənclər klubu mövcuddur. RAGB bütün digər təşkilat və klubları salamlayır və onlara yardım etməyə hazırdır, çünki biz hamımız bir məqsəd güdürük - Azərbaycanı Rusiyada layiqincə təmsil etmək.
RAGB fəalları daim yeni təşəbbüslər irəli sürür, uşaq evlərinə baş çəkir, uşaqlara, tələbələrə yardım edirlər. Vaxtaşırı RAGB-ın konfransları təşkil olunur. Biz “Qanın milliyyəti yoxdur!”, “Sağlam olduğuna əmin ol, xəstəliyə yox de!” aksiyaları keçiririk. Pulsuz qanvermə aksiyasında hər il yüzlərlə gənc iştirak edir, toplanmış qan isə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilir.
Zənnimcə, ən əsası səmimi, saf, insani münasibətlərdir. Bizim vəzifəmiz azərbaycanlı gənclərin rusiyalı yaşıdları ilə həmişə mehriban münasibətdə olmasıdır. Bizim Vətənini sevən çox ağıllı və istedadlı gənclərimiz var. Hesab edirəm ki, Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin saxlanması və möhkəmlənməsinə verilən töhfə RAGB-ın Azərbaycanın və Rusiyanın qarşılıqlı münasibətlərinə əsas töhfəsidir.
– Bakıda keçirilən birinci Avropa Oyunları ilə Azərbaycan öz inkişafının yeni mərhələsinə daxil oldu. Biz hamımız bilirik ki, gələcəkdə Azərbaycanı daha çox belə gözəl hadisələr gözləyir, ancaq ən yaddaqalan isə əlbəttə ki, birinci olur. Siz bu Oyunlara hansı qiyməti verə bilərsiniz?
– Təbrikdən başlamaq istəyirəm. İlk növbədə, parlaq nəticələr qazandıqları üçün Azərbaycanın yığma komandasını təbrik etmək istəyirəm. Eyni zamanda, bizə qürurlu və sevincli anlar bəxş etdiklərinə görə idmançılarımıza təşəkkür etmək istəyirəm. Biz birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə fəxr edirik. Bu Oyunlar Avropa idmanının tarixində yeni səhifə açdı. Birinci Avropa Oyunlarını qəbul etmək və keçirmək bizim ölkəmiz üçün böyük şərəf və böyük məsuliyyət idi. Sevindirici haldır ki, bütün bu vaxt ərzində gənclər, çoxsaylı könüllülər kömək etmək arzusunu ifadə edirdilər. Onlar bütün hazırlıq proseslərində iştirak edirdilər. Əlbəttə, nə qədər yaxşı və yüksək səviyyədə Oyunlar hazırlansa da, könüllülərin köməyi olmadan keçirilə bilməzdi. Onların böyük səylə, məsuliyyətlə və həvəslə öz işlərini yerinə yetirmələri Avropa Oyunlarının müvəffəqiyyətinin əhəmiyyətli elementlərindən biri oldu.
Biz əhalinin yüksək fəallığını müşahidə edirdik, bütün zallar tamaşaçılarla dolu idi. Biz anlayırdıq ki, Bakı Oyunları bütün gələcək Oyunların standartlarını müəyyən edəcək. Böyük nüfuzlu yarışların təşkilində milli təcrübəni və böyük idman ənənələrinin olmasını nəzərə alaraq biz hamımız inanırdıq ki, Azərbaycan bu Oyunları mütləq ən yüksək səviyyədə keçirəcək. Bu gün biz hamımız şahidləriyik ki, yarışlar ədalət, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçirildi və müxtəlif ölkələri, xalqları, insanları bir araya toplayaraq həm qonaqlar, həm də bakılılar üçün möhtəşəm idman bayramı oldu. İndi Oyunların keçiriləcəyi istənilən başqa ölkəyə çox çətin olacaq, çünki artıq müqayisə ediləsi çox yaxşı təcrübə var.
– Siz “Baku” jurnalının baş redaktorusunuz, buna görə də fikrinizi bilmək çox maraqlıdır: Müasir KİV-in qarşısında duran hansı çağırışları görürsünüz? Sizcə bu gün oxucuya nələrin çatdırılması əhəmiyyətlidir?
– “Baku” jurnalında Azərbaycanın tarixi, mədəniyyəti, keçmişi və bu günü haqqında maraqlı materiallar dərc edilir. Nəşr geniş beynəlxalq auditoriyanın arxitekturanın şah əsərləri ilə evlərin, teatrların, muzeylərin qədim fasadlarının nadir müasir komplekslərlə harmonik birləşdiyi bizim gözəl Bakımızla tanış olması məqsədi ilə dərc olunur. Biz Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və valehedici təbiətini əhatə etməyə çalışırıq, dahi rəssamlardan, yazıçılardan, bəstəkarlardan və hətta öz tarixi olan, Bakıya sevgisi olan sadə insanlardan söz açırıq. Yəni, bizim jurnalımızın funksiyaları əsasən maarifləndiricilikdir.
Bu gün bizi qlobal problemlər əhatə edir. Bu, həm hərbi, həm ekoloji təhlükə təhdidləri, həm qlobal iqtisadi, demoqrafik problemlər, yoxsulluğun, aclığın və savadsızlığın aradan qaldırılması məsələləridir. KİV-lər müasirliyin çağırışlarına cavab verə, eyni zamanda, məlumat vermənin və ictimai rəyin formalaşmasının funksiyalarını düzgün yerinə yetirə bilməlidir. Geniş miqyasdan və işıqlandırılan hadisənin mövzusundan asılı olmayaraq, auditoriya KİV-dən həmişə operativliyi, qərəzsizliyi və aktuallığı gözləyir.
Qeyd etmək istəyirəm ki, biz RAGB-ın xətti ilə jurnalistika fakültəsində təhsil alan Azərbaycan gənclərini dəstəkləyirik. İstərdim ki, bu sahədə bizim mütəxəssislərimiz daha çox olsun və onda bizim səsimiz daha ucadan eşidilərdi.
– Sizin həyatınızda əhəmiyyətli yeri yaradıcılıq - şeirlər, rəsmlər tutur. Siz nə zamansa demisiniz ki, rəsm çəkmək böyük həzdir, amma əgər alınmırsa, ilhamı gözləmək lazım olur. Sizin ilham mənbəyiniz nədir?
– Düşünürəm ki, ilhamın əbədi mənbəyi mövcud deyil. Yaradıcı insanlar onları əsaslandıra biləcək yeni nəyisə axtarırlar. Mən deyərdim, bütün gözəlliklər ilham mənbəyidir. Bu, sevgidir, onun bütün təzahürlərində, insanlara sevgi, təbiətə sevgi, həyata sevgi, həyat - ilham mənbəyidir.
Demək istəyirəm ki, tez-tez çoxları mənim şeirlərimi emosiyalarımla və əhval-ruhiyyəmlə bağlayırlar və hesab edirlər ki, bəzən onlar çox kədərlidir.
Amma əslində, mənim şeirlərim həmişə kədərli deyil və onlar mənə şəxsən aid deyil. Şeirlər insanın bütövlükdə ruhi vəziyyətini və daxili həyəcanını əks etdirir. Bir neçə dəfə qeyd etmişəm ki, mən dünyaya pozitiv köklənmişəm, müsbət əhval-ruhiyyə, insanların mərhəməti, xeyirxah fikirlər, Xeyirin Şər üzərində qələbəsinə əminlik dünyanı daha yaxşı etməyə kömək edir. Bu da mənə ilham verir.
– Rəsm çəkmək daha çox xoşunuza gəlir, yoxsa şeir yazmaq?
– Rəsm çəkməyi daha çox xoşlayıram. Rəsm çəkmək vaxtımı daha çox alır. Rəsm çəkəndə məndə elə hiss yaranır ki, sanki vaxt “başqa ölçüdə uçur”. Bəzən digər işlərə çox az vaxt qalır. Bəzən mən özümə söz verirəm ki, cəmi yarım saat rəsm çəkəcəyəm, amma “yarım saat”dan sonra saata baxanda görürəm ki, dörd saat keçib. Əlbəttə, əgər mənim daha çox boş vaxtım olsaydı, daha çox çəkərdim. Bəlkə buna görə də mən saatı tez-tez çəkirəm. Vaxt nəzarət etmək mümkün olmayan, eyni zamanda, həmişə çatmayan nəsnədir. Hərçənd mən inanıram ki, vaxt da sən etdiyindən asılı olaraq “cürbəcür uçur”.
Şeirləri isə çox tez yazıram. Əgər hansısa bir ideya və ya fikir yarandısa, şeir yazmaq yalnız beş dəqiqə vaxt aparır. Əsas odur ki, eyni vaxtda düşünəsən və mövzunu hiss edəsən. Amma bu zaman mən başqa heç nə haqqında düşünə bilmirəm. Əgər mən ictimai yerdə, insanların əhatəsindəyəmsə, bu sətirləri yazıb bitirənə qədər heç nə görmür və eşitmirəm.
Şeirlərimi birinci olaraq anama və bacıma oxuyuram. Yaradıcılığıma aid fikir mənim üçün çox əhəmiyyətlidir və mən onu ürəyimə çox yaxın qəbul edirəm. Əlbəttə, müsbət rəylər məni daha çox ilhamlandırır. Əsərlərimi başqalarına göstərmək, təəssüratlarımı bölüşmək istəyirəm. Buna görə də ümid edirəm ki, çox tezliklə şeirlər kitabımı dərc etdirə biləcəyəm və ola bilər ki, işlərimin sərgisini təşkil edim. İstərdim ki, öyrənməyə və daha peşəkar səviyyədə inkişaf etməyə davam edim.
– Siz yaradıcı insan olaraq, müasir incəsənətin təbliğinə böyük əhəmiyyət verirsiniz, lakin çox əhəmiyyətlidir ki, milli yaradıcılığın ənənələrini və köklərini də unutmursunuz. Bunu bütün tədbirlərdə, müxtəlif sərgilərdə və biennaledə də görmək olar. Sizcə, keçmişlə indiki zaman arasında sintez nə dərəcədə mümkündür və bu, müasir incəsənətdə necə əks olunur?
– Mənə gəlincə, şəxsən rəssamlığın tərəfdarıyam. Hesab edirəm ki, ən yeni texnologiyaların dili - video-incəsənət əsərləri və müasir instalyasiyalar rəsm əsərlərinin yaratdığı hisslərin harmoniyasını çatdırmaq qabiliyyətində deyil. Axı əsəri gözəl edən məhz rəssamın öz işinə canını, ruhunu qoymasıdır. Mən muzeylərdə və qalereyalarda çox vaxt keçirirəm. Hətta saatlarla sərgilərdə ola bilərəm. Tez-tez fikirləşirəm ki, niyə bəzi rəsmlər daha çox xoşuma gəlir, bəziləri isə yox. Düşünürəm ki, yenə də bütün məsələ rəssamın öz işinə can qoymasıdır ki, bu da rəsmlərdə əks olunur.
– Bu yaxınlarda icraçı prodüseri olduğunuz “Əli və Nino” filminin çəkilişləri başa çatıb. Niyə məhz “Əli və Nino”?
- Məhz bu romana müraciətin əsas səbəbi müstəqillik mövzusudur. Romanda mühüm tarixi əhəmiyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülü mövzusuna toxunulur. Müstəqillik istənilən azərbaycanlı üçün əhəmiyyətli və əzizdir.
Bundan başqa, biz hətta 100 il sonra əks-səda doğuran səmimi və təmiz sevginin tarixi haqqında əsəri ekranlaşdırmaq, mədəniyyətlərin və dinlərin qarşılıqlı təsiri məsələlərini göstərmək istədik. Romanda Bakının siyasi, etnik və mədəni həyatı çox aydın təsvir edilir. Bu romanın məhz Azərbaycanda ekranlaşdırılmasını ona görə istəyirdim ki, filmin çəkilişləri kitabda təsvir edilən yerlərdə aparılsın. Bakıdan başqa, çəkilişlər Gədəbəy, Quba rayonunun Xınalıq kəndi və Qobustanda da aparıldı.
“Əli və Nino” şah əsərdir və onu ekranlaşdırmaq böyük məsuliyyətdir. Biz filmin istehsalı üzrə işə istedadlı insanları cəlb etdik. Olduqca gözəl əsərin ekranlaşdırılması üçün çox gözəl kollektiv toplaşdı, səmərəli çəkiliş prosesi üçün hər cür şərait yaradıldı. Mən praktiki olaraq hər gün çəkilişlərə gedirdim, biz birlikdə çox vaxt keçirirdik və işlər başa çatanda çox kədərləndim. Aktyorlara və filmlərin yaradıcılarına necə çətin olduğunu anladım, axı onlar üçün kollektivdə daimilik yoxdur.
Mühüm faktı qeyd etmək istəyirəm: filmin istehsalı üzərində dünyanın müxtəlif ölkələrindən insanlar işləyirdilər ki, bu da, əlbəttə, filmə marağı daha da artıracaq. Bütün aktyor heyəti, çəkiliş qrupu - filmin yaradılmasında iştirak edən hər kəs, çox istedadlı insanlar, öz işinin ustaları əllərindən gələni etdilər ki, film maraqlı alınsın. Düşünürəm ki, filmi böyük uğur gözləyir.
- Siz çox gözəl uşaqların anasısınız. Sizcə, uşaqlıqdan öyrədilməsi zəruri olan tərbiyənin və təhsilin əsasları hansılardır? Siz bunu necə edirsiniz?
– Uşaqlar ən böyük xoşbəxtlikdir. İndi mənim uşaqlarım elə bir yaşa çatıblar ki, mənə onlarla daha çox vaxt keçirmək maraqlıdır, nəinki dostlarımla. Biz birlikdə gəzirik, muzeylərə, parklara gedirik. Lap əvvəldən mənim onlarla dostluq münasibətlərim var. Mənim üçün olduqca vacibdir ki, uşaqlar valideynlərinə ilk növbədə hörmət etsinlər, onlardan qorxmasınlar. Buna görə də uşaqlar nəyisə düz etməyəndə onlara izah etməyə çalışıram. Həmişə seçim ixtiyarı verirəm. Hesab edirəm ki, onlara kifayət qədər çox azadlıq vermək lazımdır. Fikrimcə, anadan olandan insana doğrunu və yanlışı anlama qabiliyyəti Allah tərəfindən verilib. Bəzən valideynlər uşaqları qorumaq üçün onları həddən artıq himayə edirlər, məhdudiyyətlər və qadağalar qoyurlar. Mən onlara daha çox azadlıq verməyə çalışıram, xüsusən də onlar oğlan olduqları üçün. Qoy onlar müstəqil, sərbəst və güclü olsunlar.
Ən əsası, mən onlarla bir yerdə olanda yaxşı əhval-ruhiyyədə oluram, onlar heç vaxt məni məyus və kədərli vəziyyətdə görməyiblər. Mən həmişə onlara deyirəm ki, hər şey yaxşı olacaq. Mən onları müsbət ruhda kökləyirəm.
Mənim üçün onların təhsili çox əhəmiyyətlidir. Onlar üç dildə danışırlar: Azərbaycan, ingilis və rus. Onlar riyaziyyatla, incəsənətlə maraqlanırlar. Mən daim onlara kitablar oxuyuram və çalışıram ki, onlar kompyüter arxasında daha az vaxt keçirsinlər. Çox istərdim ki, övladlarım böyüyəndə öz uşaqlıq illərini həmişə sevə-sevə xatırlasınlar, yada salsınlar.
– Leyla xanım, Siz öz yubileyinizi qeyd edirsiniz. İcazənizlə, Sizi ad gününüz münasibətilə təbrik edirik, Sizə və bütün doğmalarınıza cansağlığı, əmin-amanlıq və hər bir işinizdə uğurlar arzulayırıq. Ad gününüzü necə qeyd edəcəksiniz? Oxucularımıza nə arzulayardınız?
– Ad günümü ailəmlə, valideynlərimlə keçirəcəyəm. Uşaqlıqda ad günümə çox qonaq gələndə, səs-küylü və şən olanda sevinirdim. Bu gün isə istəyirəm ki, ad günümdə mənə ən yaxın və ən əziz olan insanların əhatəsində, şərtsiz, təmənnasız sevginin əhatəsində olum. Hamıya xoş əhval-ruhiyyə, möhkəm cansağlığı və bolluca xoşbəxtlik arzulayıram.
Sevgilərlə, Leyla Əliyeva
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.