Ceyn Pirs: AZƏRTAC-ın birinci Avropa Oyunlarının işıqlandırılmasına cəlb olunan komandası yüksək peşəkarlıqla çalışdı

“Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs medianın fəaliyyəti və Oyunların yekunları ilə bağlı AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Birinci Avropa Oyunları başa çatdı. Bu Oyunlar həm yerli, həm də xarici media tərəfindən geniş işıqlandırıldı. Ümumilikdə yarışların işıqlandırılmasının səviyyəsi sizi qane etdimi?

- “Bakı-2015" ilk Avropa Oyunlarını işıqlandırmaq üçün Azərbaycana çoxlu xarici media nümayəndələri gəlmişdi. İlk növbədə onu bildirmək istərdim ki, biz media nümayəndələrinin rahat işləməsi üçün xüsusi məkanlar və geniş imkanlar yaratmışdıq. Birinci Avropa Oyunlarının rəsmi internet səhifəsində ”Mətbuat" düyməsini basmaqla istənilən idmançı haqqında məlumat əldə etmək mümkün idi.

Yarışların gedişi və nəticələri haqqında 583 xarici, 665 yerli media nümayəndəsi operativ xəbərlər hazırladı. Onların işi həqiqətən uğurlu və möhtəşəm idi. Jurnalistlərin və fotomüxbirlərin Oyunları daha yaxşı mövqedən izləyə bilmələri üçün hər cür şərait yaradılmışdı. Yerli və peşəkar komanda onlara bu işdə dəstəyini göstərdi. Düşünürəm ki, jurnalistlər məlumatları yarışların keçirildiyi məkanlardan operativ şəkildə ötürə bildilər. Deyə bilərəm ki, yarışların işıqlandırılmasının səviyyəsi məni tam qane etdi.

- Oyunların işıqlandırılmasında hansı yeniliklər tətbiq olundu?

- Birinci Avropa Oyunlarının proqramına bir neçə qeyri-Olimpiya idman növləri daxil edilmişdi. Yerli media nümayəndələrinin əksəriyyətinə belə mötəbər yarışları işıqlandırmaq imkanı verilmişdi. Digər əhəmiyyətli addımlardan biri “İ-zona”ların yaradılması idi. Bu, atletləri media nümayəndələrinə təqdim etməyin yeni, maraqlı üsullarından biri kimi uğurlu və müsbət nəticələr verdi. Bütün bunlar Oyunların müsbət cəhətlərindəndir. Düşünürəm ki, birinci Avropa Oyunları jurnalistlərin idman sahəsində biliklərinin daha da zənginləşdirilməsində böyük rol oynadı. Bir çox hallarda media nümayəndələri bu şəraitdən məmnunluqlarını bildirirdilər. Yüksək səviyyəli ilk Avropa Oyunları uğurla baş tutdu. Əminəm ki, “Bak-2015" bir çox istiqamətlərdə, eləcə də mətbuat sahəsində gələcək üçün bir miras olacaq.

- Yerli medianın Oyunlara diqqətini necə qiymətləndirirsiniz?

- Əminliklə deyə bilərəm ki, KİV nümayəndələri böyük canfəşanlıqla Oyunlarla bağlı məlumatların tez ötürülməsinə çalışdılar. Hətta onu deyərdim ki, jurnalistlər bütün idman növlərinin işıqlandırılmasına, eləcə də qaliblərdən müsahibələr alınmasına maraq göstərirdilər. Avropa Oyunları Əməliyyat Komitəsi media nümayəndələrinin üzləşdikləri hər hansı problemin həlli üçün əlindən gələni etdi. Boks, cüdo, güləş və samboya daha çox maraq var idi. Nəzərimdən qaçmayan daha bir məqam ondan ibarətdir ki, yerli jurnalistlər hətta beynəlxalq media nümayəndələrinə yardımçı olurdular. Bu da insanlarınızın nə qədər istiqanlı, qonaqpərvər olmalarından xəbər verir.

- Birinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın fəaliyyəti barədə nə deyə bilərsiniz? Diqqətinizi ən çox hansı məqamlar cəlb etdi?

- AZƏRTAC bu işə bizim də istədiyimiz kimi tam məsuliyyətlə və yüksək peşəkarlıqla yanaşdı. Media tərəfdaşı olaraq bizim ümidlərimizi tamamilə doğrultdu. Açılış və bağlanış mərasimlərinin məşqlərindən etibarən BEGOC-un mətbuat əməliyyatları şöbəsi AZƏRTAC-ın əməkdaşları ilə bərabər işləməyə başladı. Jurnalistlər və fotomüxbirlər müqavilə öhdəliklərinə və tərəfdaşlıq qaydalarına tam əməl etdilər. Oyunları yüksək peşəkarlıqla işıqlandırdılar. İdmanın bütün növlərinə dair ən son yeniliklər, məlumatlar operativ şəkildə AZƏRTAC-ın internet səhifəsində yerləşdirildi. Mənim komandamın üzvlərinin hamısı agentliyinizin fəaliyyəti ilə bağlı hər zaman müsbət fikirlərini bildirirdi. Bir daha qeyd edirəm ki, AZƏRTAC-ın Oyunların işıqlandırılmasına cəlb olunmuş komandası mükəmməl idi və yüksək peşəkarlıqla çalışırdılar. Arenalarda hətta digər həmkarlarına yardım etməyə hazır idilər. Mən AZƏRTAC-ın bu fəaliyyətini təqdir edirəm.

- Gələcəkdə imkan yaransa, AZƏRTAC ilə yenə əməkdaşlıq edərdinizmi?

- Əlbəttə. AZƏRTAC ilə yenidən işləməkdən məmnunluq duyaram. Agentliyinizin əməkdaşları bizim göndərdiyimiz əlavə xəbərləri dərhal saytda yerləşdirir, işlərinə məsuliyyətlə yanaşır və hər hansı mövqe ilə bağlı tövsiyələrə əməl edirdilər. AZƏRTAC-dan olan dostlarımı, Bakını tərk edib gedirəm. Amma bu cür peşəkar komanda ilə yenidən birgə işləməyi səbirsizliklə gözləyirəm. İnanıram ki, biz beynəlxalq layihələrdə yenə bir araya gələcəyik.

- Yəqin ki, bundan sonra da bir sıra mötəbər yarışların təşkilində iştirak edəcəksiniz. Azərbaycanda bərabər çalışdığınız insanlardan həmin yarışların təşkilinə cəlb edəcəyiniz şəxslər olacaqmı?

- “Bakı-2015" ilk Avropa Oyunları Əməliyyat Komitəsinə cəlb olunan komandanın üzvləri olduqca bacarıqlı, yüksək təhsilli gənclərdir. Biz ağır işi geridə qoyduq. Bu zəngin heyətlə, azərbaycanlı həmkarlarımızla birgə işimizi yüksək səviyyədə görməyə çalışdıq. Mətbuat əməliyyatları şöbəsində inanılmaz dərəcədə peşəkar, savadlı yerli gənclər var idi. Onlarla birgə işləməkdən həzz aldım. Hər hansı bir tərəddüd olmadan əgər təbii ki, birgə işləməyi qəbul etsələr, gələcəkdə onlarla çalışmaqdan məmnun olaram. Belə bir imkan yaranarsa, bu gənclərlə iş müqaviləsi imzalamağa, yenidən birgə işləməyə hazıram. Bu gənclərin Oyunların təşkilinə töhfələri danılmazdır.

- Azərbaycan, Bakı haqqında təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi? Sizin xatirənizdə Oyunlar və Azərbaycan necə qalacaq?

- Onu deyə bilərəm ki, Odlar Yurdunda mənim artıq çox yaxın dostlarım var. Ümumiyyətlə, yeni, böyük peşəkar təcrübə qazandım, bilgilərimi daha da artırdım. Ölkənizin parlaq gələcəyi var. Azərbaycan sürətlə inkişaf edən gənc ölkədir. Nisbətən Şərqə məxsus, lakin kifayət qədər zəngin Avropa dəyərlərini özündə əks etdirən Azərbaycan hər zaman xalqların yaxınlaşmasına töhfələrini verir. Gənclərin gələcək karyerası ruhlandırıcıdır. Azərbaycanı belə xoş xatirələrlə tərk edirəm.

Mən “Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı əldə etdiyimiz yüksək nailiyyətlərdən olduqca razıyam. Bu, bizim gərgin əməyimizin möhtəşəm təcəssümüdür. Oyunlar uğurları ilə tarixə yazıldı. Təsvirlər, videolar əsrarəngiz idi və əminəm ki, Avropa Olimpiya Komitəsi də nəticələrdən razıdır. AOK-un prezidenti Patrik Hikki Azərbaycanın Oyunlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.

Əlbəttə, zəngin irs olaraq könüllülərin fəaliyyətini xüsusi qeyd etməliyəm. Könüllülər ölkənizə gələn atletlər, turistlər, rəsmi şəxslərə hər cür yardım göstərmək üçün həvəslə çalışdılar. Düşünürəm ki, hər kəs könüllülərin fəaliyyəti ilə fəxr edə bilər.  

Dövlət və hökumət orqanlarının fəaliyyəti, ümumiyyətlə hamının işi möhtəşəm idi. Hər kəs üzərinə düşən məsuliyyəti dərk edir, Oyunların peşəkarcasına təşkili üçün töhfəsini verirdi. Sponsorlara, tərəfdaşlara, mətbuata bir daha təşəkkürümü bildirirəm. Birinci Avropa Oyunları həqiqətən böyük nailiyyət hesab oluna bilər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında