Azərbaycan Avropaya nümunə göstərdi

İlk Avropa Oyunlarına gərgin  hazırlıq prosesi, bu innovativ yarışın  Olimpiya hərəkatı və idmanın inkişafında  əhəmiyyəti,  gələcək potensialına təsiri barədə Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalovla söhbət

– Elçin müəllim, Yay Olimpiya Oyunları mövcud olduğu halda, Avropa Oyunlarının təşkilinin məqsədəuyğunluğu  barədə suallar meydana çıxır...

— Avropa Yunanıstanda yaranmış Olimpiya Oyunlarının beşiyidir, onun Olimpiya və idman hərəkatına töhfəsi isə qədim ənənələrə malikdir. Ancaq Panamerika və ya Asiya Oyunlarına bənzər Avropa Oyunlarının keçirilməsi 25 il ərzində müzakirə olunsa da, nəticəsiz qalırdı. 2012-ci ilin dekabrında isə Avropa Oyunlarının keçirilməsi barədə Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən qərar qəbul edildi. Estafetin Bakıda başladığı Avropa Oyunlarında qitənin bütün ölkələri iştirak etdi. İlk Avropa Oyunları idmana və onun problemlərinə ümumi marağı gücləndirdi. Əsasında Olimpizm prinsiplərinin dayandığı bu Oyunlar bir qitədə yaşayan insanları sülh və inkişaf ətrafında birləşdirən vasitə oldu.

Avropa Oyunlarının ilk  səhifəsini açan Azərbaycan təsəvvür olunmayacaq dərəcədə məhdud müddətdə böyük hazırlıq işlərini uğurla başa çatdıran və “Köhnə qitə”nin bu oyunları keçirəcək növbəti paytaxtları üçün standartları müəyyən edən ölkə kimi tarixdə qalacaq. “Bakı – 2015”-i yüksək səviyyədə keçirməklə Azərbaycan Avropaya nümunə göstərdi.

— Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq arenaya çıxmasından cəmi 24 ilədək zaman keçib. Qitənin ən böyük idman tədbirinin təşkilinin belə bir gənc dövlətə həvalə olunması təsadüfidirmi?

— İstənilən tarixi hadisəyə verilən qiymət məşhur ifadəyə — “hər şey müqayisədə bəlli olur” — əsaslandığı halda obyektiv ola bilər. Bu ifadənin mənasını isə digər bir aforizm də təsdiqləyir: “Bu gün sahib olduqlarımıza görə dünənə borcluyuq”. Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərliyi öz üzərinə Azərbaycanın çox ağır bir dövründə götürdükdən sonra — 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratdı və qurumun qarşısında konkret vəzifə qoydu: Azərbaycanın dünyada tanınan idman dövlətinə çevrilməsinə nail olmaq!

1997-ci il iyulun 31-dən Milli Olimpiya Komitəsinə rəhbərlik edən cənab İlham Əliyevin gərgin, yorulmaz fəaliyyəti nəticəsində respublikada idmanın inkişafı sahəsində çox böyük işlər görüldü, mühüm uğurlar qazanıldı. Möhtərəm Prezidentimizin hakimiyyəti illərində bu uğurlar daha parlaq və ardıcıl şəkil aldı. Belə ki, bu müddətdə ölkədə 40-dan çox yüksək səviyyəli Olimpiya İdman Kompleksi, ən yüksək tələblərə cavab verən müasir idman və nəqliyyat infrastrukturu yaradıldı.

— Avropa 2 il yarım ərzində yaradılmış “Bakı-2015"  Oyunlarına hazırlığın, yarışların təşkilinin yüksək səviyyəsinə Oyunların açılış və bağlanış mərasimlərinin möhtəşəmliyinə heyran olub...

— Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinin xarakterik cəhəti ondadır ki, burada ilk dəfə olaraq, dövlət idarəetmə formaları qeyri-hökumət təşkilatlarının idarəetməsi ilə harmonik şəkildə birləşdirildi. Bu, ölkədə Olimpiya və idman hərəkatına yüksək potensial yaradan, milli mədəniyyət və incəsənəti sivil dünyada populyarlaşdıran MOK-un və Heydər Əliyev Fondunun simasında həyata keçirildi. Bütün bu işlər, şübhəsiz, möhtərəm Prezidentimiz İlham Əliyevin nəzarətində idi.

Yekunda ölkədə idman və Olimpiya hərəkatının yüksək potensialı üzə çıxdı. Milli mədəniyyətimizin, incəsənət və  mənəvi dəyərlərimizin dünyada tanıdılması üçün gözəl şərait yarandı.

Bu gün qazandığımız hər bir uğurda ölkə və MOK liderinin qəbul etdiyi və hər cür mürəkkəb vəziyyətdən çıxış yolu tapan qərarların fikir gücü, aydın görünən perspektivi və sarsılmaz məntiqi, eləcə də, Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, çoxşaxəli fəaliyyəti ilə ən mürəkkəb məsələlərin həllində yüksək humanizm prinsiplərinə əsaslanan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nümunəvi təşkilatçılıq qabiliyyəti, mədəniyyəti və kübarlığıdır. Burada respublikanın Gənclər və İdman Nazirliyinin, Avropa Olimpiya Komitəsinin, digər beynəlxalq qurumların, habelə böyük könüllülər ordusunun xidmətlərini unutmaq olmaz.

Xatırlatmağa lüzum yoxdur ki, Olimpiya qanunlarına görə, ilk Avropa Oyunları kimi böyük idman yarışlarının keçirilməsinə hazırlaşmaq üçün 2,5 il yox, 7 il vaxt tələb olunur.

— Bu gün hamı təsdiqləyir ki, ilk Avropa Oyunları müvəffəqiyyətlə başa çatdı və ən yüksək qiymətini aldı. İdmançılarımızın bu  Oyunlardakı uğurları barədə nə deyərdiniz?

— İlk Avropa Oyunlarında Azərbaycan idmançıları 56 medal — 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazandılar. Ölkələr üzrə sıralamada isə Azərbaycan ikinci yeri tutdu.

Avropa Oyunlarının belə yüksək səviyyədə keçirilməsi üçün Bakıda Olimpiya tələblərinə cavab verən müasir idman infrastrukturu yaradılmışdı. Onu da qeyd edim ki, “Bakı-2015" təkcə idman uğurları meydançası deyil, həm də ölkələrin sülh şəraitində yaşaması prinsiplərinin, sülhün möhkəmləndirilməsinə, xalqların bir-birinə yaxınlaşmasına təsir edən Olimpizm ideyalarının reallaşdırıldığı meydan oldu. İlk Avropa Oyunları əsasında multikulturalizm, humanizm və insansevərliyin dayandığı dövlətin sosial siyasətini dünyaya göstərən, milli mədəniyyət nümunəsi idi.

— “Bakı-2015"-in idman infrastrukturu, əslində, 30 ay ərzində yerinə yetirildi. Bu isə xarici ekspertlərin və Avropa Oyunları Əməliyyat Komitəsinin əcnəbi üzvlərinin heyrətinə səbəb oldu. Bu qədər nəhəng işin uğurla görülməsinə hansı faktorlar təsir edib?

 

— Qeyd etdiyim kimi, son illərdə Azərbaycanda idman sahəsində dövlət səviyyəsində çox böyük diqqət yetirilir. İlk Avropa Oyunlarının idman infrastrukturunun ümumi prinsipləri öz əksini Atletlər kəndi, Olimpiya Stadionu, Gimnastika Arenası, Su İdman Növləri Sarayı, Stend Atıcılıq Mərkəzinin və digər nəhəng obyektlərin tikintisində tapır. Adı çəkilən bu idman məkanlarından paytaxtın Baş planına harmonik şəkildə uyğunlaşan ikisinin – Atletlər kəndi və Olimpiya stadionunun üzərində ayrıca dayanmaq istərdim:

Olimpiya Xartiyasına görə, Atletlər kəndi əsas idman mərkəzlərinin yaxınlığında yerləşməlidir. Avropa Oyunlarının idmançıları üçün Olimpiya stadionuna, Gimnastika Mərkəzinə və metro stansiyasına yaxın olan bütöv bir mikrorayon tikilib. Əgər Atletlər kəndi hamını öz yeri və yaşıllıqla çərçivələnmiş binaların möhtəşəmliyi ilə heyran edirsə, Olimpiya Stadionu təkcə əzəməti ilə deyil, həm də yaradılmış ekoloji mühiti ilə təəccübləndirir. Məsələ burasındadır ki, Olimpiya Stadionunun ərazisi bir zamanlar ölkədə ən çirkli göl hesab edilən Böyükşor gölünün ərazisinə daxil idi. Bu göl əsr yarım ərzində bura axıdılan neft tullantıları və çirkli sularla Bakıda ekoloji vəziyyəti mürəkkəbləşdirirdi.

Onilliklər tələb edən gölün təmizlənməsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına” daxil edilmişdi. Dövlət başçısı tərəfindən qəbul edilmiş proqramın birinci mərhələsi çərçivəsində Böyükşorun şərq və cənub sahillərində bulvar və park yaradılıb, onların ərazisində isə neftlə çirklənmiş ərazi təmizlənib. Bu, unikal hadisədir.

— İlk Avropa Oyunlarının açılışı çoxmilyonlu izləyici auditoriyasında unudulmaz təəssürat yaratdı. Möhtəşəm açılışın  hansı məqamı sizə daha çox təsir etdi?

— Tarixi hadisələrin, incəsənətin, ədəbiyyatın və musiqinin sintezi olan bu mərasim zamanı  məndə ən böyük təəssüratı Qobustanın 5 dağ zirvəsinin rəsmi və bizim gözəl xanəndə Alim Qasımov tərəfindən Avropa Oyunlarının bayram açılışına uvertüra şəklində ifa edilən muğam parçası yaratdı.

Azərbaycanın musiqi mədəniyyətinin komponentlərindən biri kimi muğam istənilən ifa formasında — insanlara dərin təsir edir. Azərbaycan poeziyasının Günəşi olan dahi Nizaminin yaradıcılığı, ölməz poeziyası insanlara təsir etməyə bilməz. Qobustan və muğamın məndə yaratdığı təəssürat isə qayaüstü rəsmlərlə əlaqəlidir. Onlardan birinin üzərindəki rəqs edən fiqurlar alimlərin Azərbaycan xalq musiqisinin 5 min il öncə yaranması barədə fikirlərini təsdiqləyir. Maraqlı faktdır, deyilmi?

— Avarçəkmə Federasiyasının fəaliyyətində nəyi əsas götürürsünüz?

— Azərbaycanın milli federasiyalarının beynəlxalq və Avropa federasiyalarının tam hüquqlu üzvü olaraq tanınması, onların Avropa və dünya məkanına müstəqil çıxışı bu ya digər idman növünün fəaliyyətinin effektivliyini təmin etməyə qadir olan  idarəetmə metodlarını və iqtisadi potensialı artırmağı tələb edirdi. Cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə federasiyaların idarəetmə metodları könüllü özünüidarəetmə formalarından dövlət maraqlarına tabe edildi. Bu isə yüksək beynəlxalq səviyyəli idmançıların hazırlanması proseslərinə hər iki tərəfin maraqlı olduğu yanaşmanı şərtləndirdi.

Milli Avarçəkmə Federasiyası ilk günlərdən ümummilli lider Heydər Əliyevin Dənizkənarı bulvarda avarçəkmə hovuzunun və ellinqlərin tikilməsi barədə ideya və qərarlarına, dövlət və MOK başçısı İlham Əliyevin Azərbaycanı dünyada tanıdan sağlam nəslin hazırlanmasının kütləviləşdirilməsi barədə konsepsiyasına əsaslanırdı.

— Avarçəkmədə  uğurlara necə nail oldunuz?

— Dövlət və qeyri-hökumət strukturlarının maraqlı olduğu, qarşılıqlı əlaqəli fəaliyyət Avarçəkmə Federasiyasına kifayət qədər qısa müddətdə nəticələri yüksəltməyə, beynəlxalq səviyyəli idman ustalarının hazırlanması prosesinə daha mükəmməl yanaşmalar tapmağa imkan yaratdı. Bu isə gənclər və idman siyasətinə yeni nəfəs verdi və nazir Azad Rəhimovun səsləndirdiyi sözləri təsdiqlədi: “Bizə, nəhayət, ümummilli mövqelərdən çıxış edərək, böyük miqyaslı düşünməyi öyrənmək lazımdır”.

Qeyd etdiyim kimi, federasiya ilk günlərdən fəaliyyətinin əsasında duran iki məqamı diqqətdə saxlayır. Bakıda Bayıl ərazisində, Hərbi Hava Qüvvələrinin avarçəkmə bazasının yenidən qurulması, avarçəkmə hovuzunun və ellinqlərin tikintisi, liman və slipin təmiri həyata keçirilmişdir. Mingəçevirdə isə ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə keçmiş “Kür” İdman Mərkəzinin ərazisində yerləşmiş qaçqın və məcburi köçkünlərə kottec və mənzillərlə təmin edilməsindən sonra yüksək səviyyəli “Kür” Olimpiya Mərkəzi yaradılmışdır. Avropa Oyunlarına görə bu mərkəz yenidən qurulmuş, su məkanı isə beynəlxalq tələblərə uyğun vəziyyətə gətirilmişdir.

— İlk Avropa Oyunlarında avarçəkmədə kanoeçi Demyanenko gümüş medal qazandı. Onun Rio-de-Janeyroda uğuruna ümid etmək olarmı? Ümumilikdə, avarçəkənlərin ilk Avropa Oyunlarında çıxışlarını necə qiymətləndirirsiniz?

— Belə səviyyəli beynəlxalq idman yarışlarında çıxışa qiymət, bir qayda olaraq, medalların keyfiyyət və sayı üzrə verilir. Burada qızıl medal — nailiyyət etalonudur, mühüm nəticə isə — istedad və gərgin məşqlər sayəsində mümkün olur. Ancaq istənilən incəsənət növündən fərqli olaraq, idmanda uğur təsadüfdən də asılıdır.

2012-ci il London Olimpiadasında kanoeçilərin startı zamanı hamının medal gözlədiyi dünya çempionumuzun qarşısını təsadüfi zədədən yaranan çox güclü ağrı aldı. Sağlam düşüncə yarışı dayandırmağa məcbur edirdi, borc və idman şərəfi isə başqa şey deyirdi. Demyanenko mübarizəni sona qədər davam etdirdi, ancaq yarışı sonuncu bitirdi, bu isə onu çox şeydən məhrum etdi.

İlk Avropa Oyunlarına hazırlıq üçün ən yüksək səviyyədə bütün şəraitin yaradıldığı avarçəkənlərimizin nəticəsi məni qane etdi. Bu səviyyədə yarışların gümüş medalı əhəmiyyətli nəticədir. Eləcə də, bizim məktəbin yetirmələri olan Mirnazim Cavadov və Tamerlan Mustafayevin çıxışlarını gördük. Bu milli kadrlara ümidimiz böyükdür.

— Keçmiş illərdə avarçəkmə idman növləri Bakı buxtasının akvatoriyasında yaxşı ənənələrə malik idi. Ancaq onun hüdudları kənarında Azərbaycan avarçəkməsi rəqabətə davamlı deyil.  Dəniz dövlətində Olimpiya avarçəkməsinin inkişafında ancaq Mingəçevirlə kifayətlənmək az deyilmi? Bakı buxtasının akvatoriyasında avarçəkmənin yenidən populyarlaşdırılması nəzərdən keçirilirmi?

— Bilirsiniz ki, Dənizkənarı Milli Parkın yenidən qurulması akvatoriyanın sahil zolağının müxtəlif tikililərdən və gəmi təmiri zavodlarından azad etdi, buranı dünyanın ən böyük və ən gözəl bulvarlarından birinə çevirdi. İlk Avropa Oyunları ərəfəsində Dənizkənarı Milli Parkda, Bayıl burnundan 20-ci Sahəyə tərəf  böyük Su İdman Növləri Sarayı da daxil olmaqla, müxtəlif idman tikililəri yaradılıb. Bununla belə, kiçik körfəzlərin olduğu akvatoriyanın sahil zolağı dəyişməz qalıb.

Bu gün dövlət başçısı İlham Əliyevin Olimpizm və idman məsələləri ilə bağlı ideyaları  uğurla reallaşır, Avropa Oyunları isə Azərbaycanda hətta Olimpiadanın keçirilməsinin mümkünlüyünü təsdiq etdi.

Ancaq Bakı buxtasının akvatoriyasında avarçəkmə bazasının yaradılması məsələsini irəli sürməzdən öncə, milli parkın memarlıq xüsusiyyətlərini, avarçəkmə bazasının ərazisinin ölçülərini, ellinqlərin, avarçəkmə hovuzlarının və bir çox başqa şeylərin yerləşdirilməsi üçün ərazinin xüsusiyyətlərini araşdırmaq lazımdır.

— Ermənistanın ilk Avropa Oyunlarında iştirakı və “Bakı-2015”-in həmin ölkə telekanallarında nümayiş olunması ilə əlaqədar fikrinizi soruşmaya bilmərəm.

— Məlumdur ki, Ermənistan cəzalandırılmadığından, rahat şəkildə Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarları saymır. Erməni lobbisi və hətta bir sıra Avropa strukturları öz yalanları ilə qitənin ən böyük idman yarışını keçirməyi etibar etdiyi ölkənin nüfuzuna xələl gətirməyə çalışırlar. Qeyd edək ki, Ermənistanda Bakıya gəlmək niyyətlərini çoxlu sayda idmançı irəli sürdü, ancaq onlara müxtəlif təşkilatlar təzyiq göstərdi. Buna baxmayaraq, 25 nəfər gəldi. Bu isə o deməkdir ki, Ermənistan təmsilçiləri əyani şəkildə ölkəmizin iqtisadi, sosial və mədəni inkişafının şahidi oldular. Bu, o deməkdir ki, onlar Bakıda yenidən yaradılmış idman infrastrukturunun möhtəşəmliyini və mükəmməlliyini gördülər. Nəhayət, bu o deməkdir ki, gəlişləri ilə erməni idmançıları öz ölkələri ilə Azərbaycanı müqayisə etmək imkanı qazandılar. İlk Avropa Oyunlarının Ermənistan teleməkanında yayımlanması isə Azərbaycanın gücünün, çoxsaylı etiqad və mədəniyyətləri birləşdirən multikulturalizminin nümayiş olunması üçün əlavə imkandır.

— Öz uğurlarınıza necə yanaşırsınız və Avropa Oyunlarından sonra federasiyanın hansı perspektivləri var?

— Kifayət qədər tənqidi yanaşıram. Tənqid və özünütənqid birmənalı anlayışlar deyil.  Ancaq özümə tənqidi qiyməti versəydim ,  deyərdim ki, avarçəkmədə bacardığım hər şeyi etdim, lakin, bu, istədiklərimdən xeyli azdır.

İdmanda proqnoz vermək çətindir. Bununla belə, müasir idmanda yeni nəsildən yeni sensassiyalar gözləmək lazımdır, —  desəm, düşünürəm ki, səhvə yol vermərəm. Yeni nəsil böyük idmanda əsas startdan yarımil öncə ən gözlənilməz nəticə əldə edə bilər. Belə ki, avarçəkmə bukmeykerləri hesab edirdilər ki, Mingəçevirdə kanoeçilərin 200 metr məsafədə Avropa Oyunlarının qızıl medalı uğrunda əsas mübarizəsi iki köhnə rəqib – 2013-cü il Avropa çempionu Demyanenko və 2014-cü ildə Avropa çempionu olan rusiyalı Krayter arasında olacaq. Ancaq İlk Avropa Oyunlarının qalibi gənc litvalı idmançı oldu.

Demyanenko kimi ekstra-klass səviyyəli avarçəkəni tapmaq və hazırlamaq üçün çox şey, o cümlədən, zaman lazımdır. Rio-de-Janeyroya milli yığma komanda medallar uğrunda mübarizə aparmağa qadir olan avarçəkənlərlə gücləndiriləcək. Demyanenkonun iştirakı isə təkcə onun təbii vəziyyətindən, həm də psixoloji və xüsusi hazırlığından asılı olacaq.

Biz Rio-de-Janeyroda Olimpiada və Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ərəfəsindəyik. Milli Avarçəkmə Federasiyasının prezidenti olaraq, bütün imkanlardan istifadə edəcəyəm ki, bizim avarçəkənlər həm Rio-2016-da, həm də İslam Həmrəyliyi Oyunlarında  ümidləri doğrultsunlar.

Qüdrət PİRİYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında