– İlk Avropa Oyunları tarixə qovuşdu. Sizcə, bu Oyunlar Avropanın idman həyatında hansı rolu oynayacaq?
– I Avropa Oyunlarının möhtəşəm təşkilatçılığı bundan sonra keçiriləcək bütün Avropa Oyunlarının uğurlu gələcəyinin təminatçısı oldu. “Bakı-2015" qitənin Olimpiya hərəkatının inkişafına misilsiz töhfələrini verəcək. Oyunların yüksək səviyyədə təşkili ilə Avropada yeni idman erası başlandı. Bu tarixi eranın ilk və ən şanlı səhifəsini ev sahibliyi missiyasının öhdəsindən misilsiz peşəkarlıqla gələn Azərbaycan yazdı. Oyunların keçirildiyi 17 gün ərzində təhlükəsizlik, sabitlik ocağı Bakı Avropanın sülhsevər qüvvələrini bir yumruqda birləşdirib, dünyaya yeni sülh mesajı verdi. Bu cür idman bayramına Avropanın böyük ehtiyacı var idi.
– Azərbaycanın ilk Avropa Oyunlarına qitə ölkələri tərəfindən birmənalı dəstəklənən ev sahibliyi hansı təəssüratlarla yadda qaldı?
– Avropalılar bu Oyunlardan maksimum zövq aldılar. Özlərinin də etiraf etdiyi kimi, qitədə iqtisadi böhranın hökm sürdüyü bir şəraitdə belə irimiqyaslı xərc tələb edən böyük bir tədbirin keçirilməsi çətin bir iş idi. Son illər hərtərəfli inkişafı, getdikcə güclənməkdə olan nüfuzu ilə dünyanın diqqət mərkəzində olan Azərbaycanın ev sahibliyi müzakirə olunanda Avropa ölkələrinin böyük çoxluğu bu ideyanı dəstəklədi. Bu qərarın qəbul edilməsində Azərbaycanın iqtisadi cəhətdən qüdrəti nəzərə alınmaqla yanaşı, təhlükəsizlik cəhətdən sabit ölkə olması da böyük rol oynadı. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də etiraf etdiyi kimi, o zaman həyat qabiliyyətli ölkə yalnız Azərbaycan idi. Avropa ölkələrini ağuşuna almış iqtisadi böhran Azərbaycana zərrə qədər təsir etməmişdi. Hazırlıqla bağlı 2 il yarım ərzində Beynəlxalq, Avropa Olimpiya komitələrinin nümayəndələri dəfələrlə ölkəmizdə olub, görülən işlərlə tanış olduqda heyrətlərini gizlədə bilmirdilər. “Köhnə” qitənin yeni Oyunlarına sürətli hazırlığın uğurlu nəticələr verəcəyi barədə rəsmilərin verdikləri mesajlar dünyanı gözəl bir idman bayramına hazırlayırdı. Liderlik keyfiyyətləri ilə həmişə diqqət çəkən Azərbaycan bu dəfə də dünyaya nümunə oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı kimi, ölkəmiz bu yarışları Olimpiya Oyunları səviyyəsində keçirmək əzmində olduğunu nümayiş etdirdi. I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında görülən yüksək səviyyəli hazırlıq işləri bu yarışların Olimpiya Oyunlarına bərabər səviyyədə keçirilməsini təmin etdi. Oyunlara hazırlıq dövründən tutmuş yarışlar bitənə qədər Avropa bir an da olsun ev sahibliyimizə görə narahat olmadı. Əksinə, dünya möhtəşəm bir idman bayramına şahidlik etdi. AOK prezidenti Patrik Hikki təşkilatçılıqdan məmnun qaldığını açıqlayıb və bu yarışın gələcək namizədlər üçün böyük təcrübə olacağını vurğulayıb. O qeyd edib ki, Avropa Oyunlarının təşkilatçılığı bəzi ölkələri də bu yarışı keçirməyə həvəsləndirib.
– Azərbaycan bundan sonrakı Avropa Oyunlarının rəmzi start nöqtəsi olacaq...
– Azərbaycan Avropa Oyunlarının Vətəni kimi tarixə düşdü. Olimpiya Oyunlarının Vətəni Yunanıstanda Olimp dağı zirvəsində alovlandırılan məşəl 4 ildən bir böyük təntənə ilə Oyunların keçirildiyi ölkəyə gətirilir. Birinci Avropa Oyunlarının məşəli isə ilk dəfə aprelin 26-da Bakıda ən qədim od məbədlərindən biri olan “Atəşgah”da, özü də təbii odla alovlandırıldı. Oyunların ilk məşəlinin alovlandırılması mərasimində iştirak edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ölkəmizin milli rəmzi olan alovun, eyni zamanda Olimpiya hərəkatının gücünün və qüdrətinin təcəssümü olduğuna böyük məna verdiyini qeyd etdi. Bundan sonra “Odlar yurdu” Azərbaycanda alovlandırılan məşəl Avropa ölkələrini gəzərək, Oyunların keçirildiyi təşkilatçı ölkəyə gətiriləcək. Biz azərbaycanlılar ölkəmizin Avropa Oyunlarının Vətəni olmasından qürur duyuruq.
– Avropa Oyunlarının uğurlu keçməsini şərtləndirən amillərdən biri də ev sahibi olan ölkəmizin yüksək nailiyyətlər əldə etməsi oldu. Bu barədə nə deyə bilərsiniz? I Avropa Oyunlarında idmançılarımızın çıxışları ilə bağlı verilən proqnozlar özünü doğrultdumu?
– AOK-un prezidenti Patrik Hikki Oyunlarda komandamızın nailiyyətlərini yüksək qiymətləndirərək bildirib ki, BOK prezidentləri Samaranç, Roq və Bax Oyunların uğurlu keçməsinin ən vacib hissəsinin ev sahibliyi edən ölkənin Oyunlara uğurla başlaması olduğunu qeyd ediblər. İdmançılarımız, həqiqətən də, Oyunlar başlanandan bitənə qədər yüksək nailiyyətləri ilə dünya mediasının diqqət mərkəzində oldular. Azərbaycan idman ölkəsi kimi nüfuzunu bir daha nümayiş etdirdi. 50 ölkə arasında ikinci olmaq çox böyük nailiyyətdir.
Döyüş növlərinin bəzilərində nəticələr gözlədiyimizdən də yaxşı oldu. Bəzilərində isə bir az da yaxşı nəticələr ola bilərdi. Ölkəmiz üçün o qədər də ənənəvi sayılmayan bir sıra növlərdə də medal əldə edildi. Amma demək olmaz ki, biz o növlərdə yüksək nəticələr gözləmirdik. Azərbaycanda bütün idman növlərinin inkişaf etdirilməsi üçün dövlət tərəfindən çox böyük işlər görülür. Bütün bunlar nəticələrdə özünü göstərir. Yeni idman növlərinin inkişafını təmin etmək, coğrafiyasını genişləndirmək üçün görülən işlər bundan sonra da davam etdiriləcək.
Komandamızın uğurlu çıxışını şərtləndirən amillərdən biri olan azarkeş dəstəyini də xüsusi qeyd etmək istəyirəm. Düzdür, hazırlıq mühüm şərtdir. Amma güclü azarkeş dəstəyi bəzən qələbənin qazanılmasında həlledici rol oynayır. Azərbaycan xalqı idmana çox meyillidir ki, bu da mübarizə əzminin güclü olmasından irəli gəlir. Azarkeşlərimiz təkcə Azərbaycan təmsilçilərini deyil, ümumiyyətlə, yüksək idman mübarizəsi nümayiş etdirən bütün iştirakçıları sürəkli alqışlarla müşayiət edirdilər. Bu da idmançılara əlavə stimul verirdi. Bunu mətbuat orqanlarına müxtəlif ölkə təmsilçilərinin açıqlamaları da təsdiq edir.
Oyunlarda ədalətli mübarizəni, eyni zamanda idmançıların bir-birinə böyük hörmət nümayiş etdirmələrini xüsusi qeyd etmək istəyirəm. Bu kimi fəaliyyətlər hər bir kəsin faydalandığı dostluğun və sülhün gücləndirilməsində vacib rol oynayır.
– Sizcə, I Avropa Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycanın Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək şanslarını artıra bilərmi?
– Bildiyiniz kimi, Azərbaycan artıq 2 dəfə Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyini irəli sürüb. Amma qəbul olunmayıb. Düzdür, belə təcrübə var. Olimpiada-2016-nın ev sahibi seçildiyi dövrdə Rio-de-Janeyro Panamerika Oyunlarını təşkil etmişdi. Onun ev sahibliyinin qəbul olunmasında, ola bilər, bu amilin özü də həlledici rol oynadı. Qitə Oyunlarını yüksək səviyyədə keçirməyimiz Olimpiya Oyunlarına ev sahibliyimizin qəbul olunmasında müsbət rol oynaya bilər. Bunu da qeyd edim ki, idman arenalarımızın müasir üslubda və dünya standartlarına uyğun inşa edilməsini nüfuzlu qurum rəsmiləri dönə-dönə qeyd ediblər. AOK prezidenti bildirib ki, Azərbaycan artıq Yay Olimpiya Oyunlarına hazırdır: “Mən buna inanıram. Artıq müxtəlif məkanlar da var”.
I Avropa Oyunlarına 2 il yarım ərzində bu qədər yüksək səviyyədə hazırlaşan Azərbaycan ən böyük idman bayramı olan Yay Olimpiya Oyunlarını bundan da möhtəşəm keçirməyə qadirdir.
Müsahibəni apardı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.