AMEA Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev əməkdaşlarımıza eksklüziv müsahibə vermişdır.
– İsaxan müəllim, sizcə, son vaxtlar Avropanın bir sıra siyasi qurumlarının, o cümlədən AŞ PA-nın Azərbaycana qarşı qərəzli mövqeyi nədən qaynaqlanır?
– Avropa İttifaqının (Aİ) bəzi strukturları ilə birlikdə AŞ PA hüquqi müstəvidə səhvə yol verir. Belə ki, beynəlxalq hüququn normalarını aşkar surətdə pozur və bununla da bir daha göstərirlər ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir.
AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Tadeuz İvinskinin (Polşa) “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” barədə hazırladıqları hesabat real vəziyyəti əks etdirmir. Onların Azərbaycanda insan hüquqlarının pozulması barədə fikirləri yanlış və qərəzlidir. Bu hesabat ikili standartların aşkar nümunəsidir. Azərbaycanı insan hüquqlarını pozmaqda suçlayan dövlətlərin siyasətçiləri öz ölkələrində insan haqları üzrə real vəziyyətə diqqətlə nəzər salsalar, görərlər ki, Azərbaycanda fundamental insan hüquqları həmin dövlətlərdə olduğundan daha davamlı və daha ədalətlə qorunur. Düşünürəm ki, belə qərəzli hesabatı hazırlayanlar hansısa bir siyasi sifarişi yerinə yetirirlər. Və bu, ən azı acı təəssüf doğurur.
– Bu, kimin və ya kimlərin sifarişi ola bilər?
– Bilirsinizmi, Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət, respublikamızın sürətli sosial-iqtisadi inkişafı Aİ-də, xüsusilə onun iqtisadi cəhətdən ən güclü dövləti olan Almaniyada və başqa hegemon ölkələrdə açıq-aşkar qısqanclıq doğurur. Onlar sivil dövlətlər üçün heç bir halda məqbul sayılmayan “Biz necə istəyirik, o da olmalıdır” prinsipi ilə çıxış edirlər ki, bu da yolverilməzdir.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da bu qurumların qərəzli mövqeyi hamıya bəllidir. Niyə həmin qurumlar Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı həyata keçirilən təcavüz aktına qarşı bu qədər laqeyddirlər? Axı, Azərbaycan torpaqları işğal olunub, bir milyondan çox insan doğma yurd-yuvasından qovulub. Bu insanların hüquqları AŞ PA siyasətçilərinin niyə yadına düşmür?
– Sizcə, niyə?
– Ona görə ki, Ermənistanın işcalçı siyasətinin arxasında duran böyük güclər var. Onlara nə Aİ-nin, nə də AŞPA-nın gücü çatır. Amma, Azərbaycan gənc, müstəqil dövlətdir, onu tənqid etmək üçün bəhanə tapıb özünə siyasi xal qazandırmaq istəyən deputatlar tapılır. Burada dünyada kifayət qədər güclü təsir imkanları olan erməni lobbisinin məkrli “dəst-xətti” də açıq-aşkar özünü büruzə verir. Üstəgəl, okeanın o tayından gələn sifarişlər də yox deyil.
Bir daha vurğulamaq istəyirəm: Avropada belə birtərəfli və səhv siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər. Onlar unudurlar ki, bu gün təkcə Avropada deyil, bütün dünyada dini və milli tolerantlıq nümunəsi olan, multikulturalizmin uğurlu modelinə çevrilən Azərbaycana qara yaxmaqla böyük ədalətsizliyə yol verirlər. Haqqı isə danmaq sonadək heç kəsə müyəssər olmayıb.
– Professor, necə düşünürsünüz, Avropa Şurasının belə qərəzli mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoya bilərmi?
– Mən istəməzdim ki, məsələ bu həddə çatsın. Lakin görünən budur ki, qarşı tərəf vəziyyəti daim gərginləşdirməyə çalışır. Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun belə bir fikri ilə tam həmrəyəm ki, Avropa İttifaqı artıq BMT qurumlarını da Azərbaycana qarşı kampaniyaya qoşur. O, haqlı olaraq bildirib ki, belə vəziyyət Azərbaycanı öz xarici siyasət kursunu dəyişməyə məcbur edə bilər. Yəni Avropa bu gün nə etdiyinin fərqinə varmalıdır.
Bir daha bədxahlarımıza üz tutub deyirəm: Azərbaycanı tənqid etməzdən əvvəl, öz ölkəniz haqqında düşünün. Avropa Olimpiya Komitəsinin iclasında Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürdü. Bundan sonra, bəzi ölkələr Azərbaycanı tənqid etməyə başladılar. Halbuki, belə bir humanist missiyanı öhdəsinə götürdüyünə görə minnətdarlıq etməli idilər.
– Yeri gəlmişkən, bu məsələ ilə bağlı məxsusi soruşmaq istərdik: Birinci Avropa Oyunlarını gözdən salmaqla Azərbaycana qara yaxmaq istəyənlərin istəkləri reallaşdımı?
– Əslində, onlar Azərbaycana qarşı həmin qarayaxma kampaniyasını başlamaqla, faktiki olaraq, Olimpizm hərəkatına, onun humanist ideallarına xəyanət etdilər. Halbuki, Azərbaycan qitə tarixində ilk dəfə bu yarışları keçirməklə Avropada sülh və barışa öz töhfəsini verdi. Bu gün Avropada gedən siyasi-iqtisadi dezinteqrasiya proseslərinin qarşısının alınmasına böyük ehtiyac var. Bir çox ölkələrdə davamlı işsizlik, əhalinin “qocalması” kimi demoqrafik problemlər, digər sosial gərginliklər yaşanır. İdman bu problemləri birbaşa həll etmək iqtidarında olmasa da, onların həllinə pozitiv təsir göstərə bilər.
Azərbaycanın öz çiyinlərinə götürdüyü böyük və şərəfli missiyanı aşağılamaq istəyənlər, əslində, “ümumi Avropa evi” ideyasına zərər vururlar. Lakin, onlarını ölkəmizə qarşı bəd niyyətləri alınmadı. Ona görə ki, Azərbaycan iqtidarı xalq ilə birgə əl-ələ verib ədalətli daxili və xarici siyasət həyata keçirir.
Qüdrət PİRİYEV,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.