“Bakı təsəvvür etdiyimizdən də gözəldir...”

Bu günlər Bakıda ecazkar bir aura – bayram əhval-ruhiyyəsi yaşanır. Qonaqpərvər paytaxt sakinləri doğma şəhərin küçə və meydanlarında birinci Avropa Oyunlarına qatılan çoxsaylı atletləri, turistləri görüb sevinir, doğma yurdun uğurları üçün fərəh duyurlar.

Şəhərimizə təşrif buyuran əcnəbilər  Azərbaycanda sayğı və diqqət, dost sevgisi ilə əhatə olunduqlarından məmnun qaldıqlarını gizlətmirlər. Dünən qonaqlarla görüşüb paytaxtımız, eləcə də “Bakı-2015” yarışları barədə ürək sözlərini oxucularımızla bölüşmələrini xahiş etmişik. 

Konstantin Marinin,
(Kirov şəhəri, Rusiya):

– Mən Rusiyanın şimal bölgəsində yerləşən Kirov şəhərindənəm. Bura ailəmlə birlikdə gəlmişəm. Xəzərin  ecazkar qumlu sahillərində cənub günəşinin hərarətinə doyunca isinmək istəyirəm. Eləcə də dost və tanışlarla da bir daha görüşüb hal-əhval tutmaq planlarım var. 

Bəxtim gətirib ki, Azərbaycan paytaxtına gəlişimiz burada ilk Avropa Oyunları kimi möhtəşəm bir tədbirin  keçirilməsi ilə bir vaxta təsadüf edib. Buna həyat yoldaşım Nataliya və oğlum Tamerlan məndən heç də az sevinmirlər. Fürsətdən istifadə edib Bakıda idman yarışlarını canlı olaraq izləməyə çalışırıq.

Həmyerlilərim – Rusiya idmançılarının birinci Avropa Oyunlarında uğurla çıxış etmələrinə çox sevinirəm. Rusiya Milli Olimpiya Komitəsi Bakıya böyük idmançı heyəti ilə gəlib. Bəllidir ki, Rusiya ənənəvi idman ölkəsidir. Yəqin ki, Soçi Olimpiadasının necə möhtəşəm keçirildiyini xatırlayırsınız.  Fikrimcə, Bakının da belə böyük idman tədbirinə ev sahibliyi etməsi qürurverici faktdır.

İdman sağlamlıq, gözəllik mənbəyidir. Həm də dostluq, həmrəylik, sülh, barış carçısıdır. Azərbaycan  hökuməti düz edir ki, idmanın inkişafına böyük önəm verir. Ölkədə ən yüksək dünya standartlarına cavab verən idman infrastrukturu yaradılıb. Axı, elmə, təhsilə, eləcə də idmana qoyulan sərmayə birə-on fayda verir. Sizin xalqınız bu zəhmətinin bəhrəsini görəcək.  Bir də belə tədbirlər uşaq, yeniyetmə və gənclərin qəlblərində idmana marağı daha da artırır. 

Bir məqamı da qeyd etməmək insafsızlıq olardı. O da budur ki, son illər Bakı, həqiqətən, sürətlə yeniləşərək gözəlləşir. Aşkar hiss olunur ki, şəhər  sakinlərinin rifahı daim yaxşılaşır, insanların həyatlarında pozitiv dəyişikliklər baş verir. Bakı çox müsbət aurası olan dinamik bir şəhərə çevrilir.

İxtisasca maliyyəçiyəm. Bank sahəsində çalışıram. Azərbaycanın sürətli inkişafı barədə bura gəlməzdən əvvəl də xeyli məlumatım var idi. Burada gördüklərim, şahidi olduqlarım Azərbaycanın parlaq gələcəyinə inamımı daha da artırdı. Hesab edirəm ki, Azərbaycanın uğurları, ilk növbədə düzgün idarəetmənin nəticəsidir. Azərbaycanın çox xarizmatik və müdrik lideri var - İlham Heydər oğlu Əliyev! O, dövlətini, millətini irəli aparmağa çalışır və buna nail olur!

Söhbətə Konstantinin həyat yoldaşı Nataliya Marinina qoşularaq bu sözləri əlavə etdi: – Bakıda rus dilinə, rus mədəniyyətinə olan sevgi və məhəbbət məni xüsusilə çox sevindirir. Burada A.S.Puşkini, L.N.Tolstoyu, A.M.Qorkini və başqa rus klassiklərini öz doğma şair və ədibləri qədər sevirlər, həvəslə mütaliə edirlər. Ümid edirəm ki, Bakı tezliklə qlobal turizm mərkəzlərindən birinə çevriləcək. Rusiyalı turistlər də hər zaman olduğu kimi, bu gözəl və dost ölkəyə böyük həvəslə gələcəklər.

Yarma Məhəmmədov,
(Türkmənistan):

Bakıya bir neçə gün əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən VI “Qız Qalası” beynəlxalq incəsənət festivalında iştirak etmək üçün gəlmişəm. Burada dünyanın onlarca ölkəsindən istedadlı, tanınmış rəssamlar toplaşıblar.

Bu, çox maraqlı bir layihədir. Rəssamlar tamaşaçıların gözü qarşısında “Qız qalası”nın, eləcə də “Bakı-2015” idman yarışlarının rəmzləri olan “Ceyran” və “Nar” maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyətləri əks etdirən əsərlər yaradırlar. Festival artıq kifayət qədər beynəlxalq nüfuz qazanıb. 

Burada bizə böyük qayğı göstərirlər. Bakıda dostlaşdığım bir çox həmkarlarım - ispan, alman, portuqal, rus rəssamları da festivalda iştirak etmələrindən çox məmnun qalıblar. Onların dilindən də Azərbaycan paytaxtı barədə tərifli sözlər tez-tez eşidirəm. Doğrudan da, Bakı təsəvvür etdiyimizdən də gözəldir.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycanın zəngin mədəniyyətini bütün dünyaya tanıtdırmaq və sevdirmək istiqamətində gördüyü işlər, həqiqətən, heyrətamizdir. Inanıram ki, fondun təcrübəsindən başqa dost ölkələr də faydalanmağa çalışacaqlar.

Bakı qədim olduğu qədər müasir və modern bir şəhərdir. Öz memarlıq üslubunu qoruyub saxlaya bilib. İçərişəhər isə başqa bir aləmdir. Burada tarix  sanki dil açıb danışır. Bakıya, İçərişəhərə məftun olmamaq qeyri-mümkündür.

Azərbaycanın böyük rəssamlıq məktəbi var. Tahir Salahovu, Toğrul Nərimanbəyovu təkcə MDB məkanında deyil, bütün dünyada yaxşı tanıyırlar. Mən şəxsən Azərbaycanın füsunkar təbiətini bənzərsiz rəsmləri ilə vəsf edən Səttar Bəhlulzadənin əbədi sənətinin  vurğunuyam. Bilirəm ki, Səttar Bəhlulzadənin  paytaxtın Əmircan qəsəbəsində ev muzeyi var. Mütləq oranı ziyarət etmək fikrindəyəm.

Azərbaycan təkcə rəngkarlığı ilə deyil, musiqisi ilə də çox məşhurdur. Biz Azərbaycan musiqisini, filmlərini çox sevirik. Bakıda birinci Avropa Oyunları kimi möhtəşəm idman tədbirinin keçirilməsi tarixin yaddaşına həkk olunacaq bir hadisədir.

Azərbaycan bu gün böyük inkişaf və tərəqqi yolundadır. Biz qardaş xalq olaraq sizin uğurlarınıza sizin qədər sevinirik. Biz türkmənlər deyirik: Dostun  sevincinə sevin ki, sənə də  pay düşsün. Qardaş Azərbaycanın ad-sanının daim layiq olduğu ən uca məqamlardan eşidilməsini arzulayıram.

Söhbəti qələmə aldılar:
Aida AYSA,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında