“Azərbaycan füsunkar bir ölkədir”

Birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizə gəlmiş çoxsaylı turistlər Azərbaycanda gördüklərinə heyran qaldıqlarını bildirirlər. Onlardan bir neçəsi ilə şəhəri gəzən zaman görüşüb ölkəmiz haqqında təəssüratlarını öyrəndik.

Andrea Rossi (İtaliya):

– Mən Azərbaycanda birinci dəfə oluram. Doğrusu, bu ölkə haqqında yalnız mətbuat vasitəsilə tanışlığım var idi. Birinci Avropa Oyunları ərəfəsində Romada keçirilən təqdimat mərasimi barədə yerli telekanallardan məlumat aldım. Ölkənizin milli adət-ənənələri, qədimliyi məndə böyük maraq oyatdı və birinci Avropa Oyunlarını canlı izləmək qərarına gəldim. Bir neçə gündür ki, Bakıdayam. Şəhəri gəzdikcə Roma ilə müqayisə edirəm. Axı, bizim də paytaxtımız qədim tarixə malikdir. Ancaq nə gizlədim, Bakı çox gözəldir. Dənizkənarı parkda gəzdikcə gördüklərimə heyran qalıram. Fikirləşirəm ki, bu gözəlliyi necə qurub-yaradıblar.

Mən həmişə deyirəm ki, idman sağlamlıqdır, gözəllikdir, həm də xalqlar arasında dostluq körpüsüdür. Görün, Azərbaycana nə qədər idmançı, nə qədər turist gəlib? Onlar bir-biri ilə yaxından tanış olur, özlərinə yeni dost tapırlar. Birinci  Avropa Oyunları sayəsində bir çox mədəniyyətlər birləşdi, insanların bir-biri ilə ünsiyyət saxlamaq, bir-birindən nəsə öyrənmək imkanı oldu. Bundan başqa, Oyunlar Azərbaycanda idmanın daha böyük inkişafına kömək edəcək. Azərbaycan füsunkar bir ölkədir. Ümid edirəm ki, mənim bu ölkəyə səfərlərim mütəmadi olacaq.

Roberta Rossi (İtaliya):

– Biz bir ailənin üzvüyük. Birinci Avropa Oyunlarına hazırlıq işləri barədə mətbuat vasitəsilə tanış olmuşdum. Mən idmanı çox sevirəm. Doğrusu, bu Oyunların necə keçirilməsi məndə böyük maraq oyatmışdı. Çünki ilk dəfə idi ki, belə bir idman yarışması keçirilirdi. Həmin Oyunların Azərbaycan kimi gənc, müstəqil bir dövlətdə keçirilməsi marağımı daha da artırmışdı. Bilirdim ki, Azərbaycan müharibə şəraitində olan dövlətdir və ərazisinin 20 faizi də işğal olunub. Çoxlu sayda qaçqını var. Belə bir ölkənin ilk Avropa Oyunlarının öhdəsindən gəlməsi bir qədər şübhəli idi. Axı, bundan ötrü külli miqdarda vəsait tələb olunurdu. Bu yarışı keçirən ölkənin möhkəm iqtisadi resursları olmalı idi. Azərbaycana gələndən və yarışlar keçirilən stadionları gördükdən sonra mənə elə gəldi ki, bu ölkənin müstəqilliyinin 24 yox, 200 il tarixi var. Çünki mən elə stadionlar, elə idman qurğuları gördüm ki, mat qaldım. Stadionların ətrafında yaradılmış abadlıq, səliqə-sahman, gül-çiçək adamı valeh edir. İnsanların qonaqpərvərliyi, ölkədə bolluğun olması, idmançılar və turistlərə yaradılan şəraitə isə söz ola bilməz. Bəli, həqiqətən də, Azərbaycan füsunkar bir ölkədir.

Söhbəti qələmə aldı:
Zərifə BƏŞİRQIZI,
Əliqismət BƏDƏLOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında