Ölkəmizdə keçirilən ilk Avropa Oyunları ilə bağlı Azərbaycana gələn əcnəbi turistlərin Bakı haqqında təəssüratları ilə maraqlanmaq üçün İçərişəhərdə olduq. Burada üzərində “Ask me” və “Here to help” yazılmış köynəklərdə gəzən könüllülər İçərişəhərə gələn əcnəbi turistlərə lazımi kömək göstərirlər. Onlar qonaqların daha çox olduğu yerlərdə dayanaraq İçərişəhərdə yerləşən tarixi abidələrlə bağlı məlumat verir, həm bu qədim məkanla, həm də “Bakı-2015"-lə bağlı sualları cavablandırırlar.
İspaniyanın Madrid şəhərindən olan İqnasio Alvarino ilə söhbətimiz Bakı Dövlət Universitetinin kimya fakültəsinin tələbəsi, könüllü Zilhiccə Rzanın tərcüməçiliyi ilə reallaşdı. “Bakı sizə necə təsir bağışladı?” – sualına İqnasio Alvarino belə cavab verdi: – On günə yaxındır ki, paytaxtınızın qonağıyam. Bakı olduqca gözəl və heyrətamiz şəhərdir. İnsanları çox mehriban, dostcanlı və qonaqpərvərdilər. Biz qısa müddət ərzində Qız qalasında, İçərişəhərdə, Dənizkənarı Milli Parkda və digər maraqlı yerlərdə olmuşuq. Bir sözlə, Bakını sevdik və ürəkdən bağlandıq.
– Azərbaycanın mətbəxi haqqında nə deyə bilərsiniz?
– Düzünü deyim ki, restoranlarda oturmağa çox da vaxtımız olmur. Ona görə də mətbəxiniz haqqında geniş danışa bilmərəm. Amma şirniyyatınız olan paxlavanı bəyəndik. Doğurdan da paxlavanız çox dadlıdır.
– Azərbayacana gəlməzdən öncə ölkəmiz haqqında nə bilirdiniz?
– Azərbaycan deyəndə, ilk növbədə, yadımıza neft düşür. Sizin çox qədim və əvəzolunmaz xalçalarınız haqqında da çox eşitmişəm. Amma yenə də deyim ki, əcnəbilər neftiniz haqqında daha çox bilirlər. Bir də ki, burada sizin insanların xarici qonaqlara necə xoş münasibət bəslədiyinin şahidi oluruq.
İqnasio Alvarino söhbət zamanı Azərbaycan paytaxtında qədimiliklə müasirliyin vəhdətinin onu heyran etdiyini də diqqətə çatdırdı. O, bir çox idman tədbirlərində iştirak etdiyini, lakin Bakıdakı kimi möhtəşəm açılış mərasiminin şahidi olmadığını vurğuladı.
İqnasio Alvarino daha sonra dedi: – Azərbaycanda idmana və idmançılara göstərilən qayğı diqqətimi daha çox çəkdi. Gənc ölkə olmasına baxmayaraq, artıq Azərbaycan bayrağı dünya idman arenalarında dalğalanır. Azərbaycan idmançılarının uğurları onlara göstərilən qayğının bariz nümunəsidir.
İlk Avropa Oyunlarının bu cür yüksək səviyyədə keçirilməsi də onu deməyə əsas verir ki, hazırlıq üçün çox böyük işlər görülüb. Avropa Oyunları Olimpiya Oyunları standartlarına uyğun təşkil edilib. Buna görə bu Oyunları Olimpiya Oyunlarına hazırlıq kimi dəyərləndirmək də olar.
Əcnəbi turist söhbətinin sonunda Bakıda olduğu bu bir neçə gün ərzində onda zəngin təəssüratların yarandığını bildirdi. O, Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu vurğuladı, eyni zamanda, paytaxtımıza yenidən gələcəyinə ümid bəslədiyini dedi.
Gillian Manners, London, I Avropa Oyunları Əməliyyat Komitəsinin oyun sahəsi üzrə qrup rəhbəri:
– Bakıya ilk gəlişimdir. İyun ayının 10-dan Bakıdayam. Azərbaycanla, paytaxt Bakı ilə bağlı qısa müddətdə zəngin təəssüratlarım var. Bu barədə bir neçə kəlmə demək istərdim. Bakını ürəyimcə gəzib-dolaşmışam. Etiraf edim ki, yeni, möhtəşəm göydələnlər, əzəmətli tarixi memarlıq abidələri, səliqəli küçələr, yaşıllıqlar ilk andan məndə Qərblə Şərqin qovuşduğu bir məkanı xatırlatdı.
Bir müşahidəmi də deyim. Sizin insanların daha yaxşı yaşamağa, daha fəal olmağa çalışmaları aydın nəzərə çarpır. Burada heç kim gözləmir ki, onlara kənardan, xaricdən yardım olacaq, nəyisə gətirib ovuclarına qoyacaqlar. Özləri qurur, yaradır, həyatlarını da, ölkələrini də bax, belə yüksək səviyyədə dəyişirlər.
Ölkənizin I Avropa Oyunları ilə bağlı reallaşdırdığı hazırlıq işlərini də sözlə ifadə etmək çox çətindir. Çünki Oyunların təşkilatçılıq işləri istənilən Yay Olimpiya Oyunlarından daha yüksək və ideal səviyyədədir. Bütün bunlar cəmi iki il ərzində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin öz vəzifələrinin öhdəsindən layiqincə gəldiyini göstərir. İki ilə Bakının idman infrastrukturunun Olimpiya Oyunları səviyyəsində olan bir idman yarışının keçirilməsi üçün tam hazır vəziyyətə gətirilməsi, həqiqətən gərgin, çevik və fədakar fəaliyyət tələb edir. Lakin Təşkilat Komitəsi bu işin öhdəsindən layiqincə gəlib. Hər kəs Bakının idman arenalarında gərgin yarışları, güzəştsiz mübarizəni sonsuz maraqla izləməklə bu dediklərimdə səmimiliyi görə bilər. Biz həmişə çılğın yarışların, idmanın bənzərsiz gözəlliyinin, heyrətamiz mübarizənin və dünyanı təəccübləndirən nəticələrin şahidi olmaq istəmişik. Bakı bu mənada da bizim gözləntilərimizi doğruldur. Ən başlıcası isə qonaqpərvərliyi ilə bizi heyrətləndirir.
Katlian Vebb, Böyük Britaniya idmançısı, gimnast:
– Birinci Avropa Oyunlarının iştirakçısıyam. Gimnastikanın akrobatika növü üzrə yarışların bürünc mükafatına layiq görülmüşəm. Bir azdan məşqimiz başlayır. Yaranmış qısa fasilədən istifadə edib şəhər gəzintisinə çıxmaq qərarına gəldim. İnanın, səmimi deyirəm, Bakı olduqca möhtəşəm bir şəhərdir. Burada hər şey gözəldir. Qonaqların yerləşdirilməsindən tutmuş yarışların keçirilməsinədək hər bir iş olduqca yüksək səviyyədə təşkil olunub. İştirakçısı olduğum yarışların keçirildiyi Milli Gimnastika Arenası isə son dərəcə möhtəşəmdir. Hətta mən deyərdim ki, birinci Avropa Oyunları London Olimpiadası qədər möhtəşəm təşkil olunub.
Bu, mənim Bakı şəhərinə ilk gəlişimdir. Şəhəriniz olduqca gözəldir. Burada gördüklərimdən çox duyğulandım. Xüsusən də Qız qalası və İçərişəhər mənə nağıllar aləmini xatırlatdı. İnsanlarınız da son dərəcə mehriban və qonaqpərvərdirlər. Getdiyim, gəzdiyim hər yerdə gülərüzlə, səmimiyyətlə qarşılandım. Azərbaycanın həm də zəngin mətbəxi var. Bir sözlə, Bakı mənim yaddaşımda son dərəcə inkişaf etmiş, yaraşıqlı, qonaqpərvər insanların yaşadığı ecazkar bir şəhər kimi qalacaq. Gələcəkdə isə mən bura bir turist kimi səyahət edib şəhərlə daha yaxından tanışlıq imkanı qazanmaq barədə düşünürəm.
Con Samuels, Böyük Britaniya vətəndaşı, həvəskar fotoqraf:
– Bakıya ilk gəlişimdir. İyunun 9-dan buradayam. Şəhəriniz mənə nağıllar aləmini xatırladır. Foto sənətinin incəliklərinə bələd adamam. Bakının müxtəlif məkanlarını gəzirəm. Burada binaların dizaynı olduqca xoşuma gəlir. Hiss olunur ki, şəhəriniz çox qədimdir. Yeni binalar isə qədim, arxitektura baxımından diqqət çəkən köhnə tikililərlə bir-birini tamamlayır. Xəzər dənizi paytaxtınıza xüsusi gözəllik verir. Mavi dənizin insanı heyran qoyan gözəlliklərini, eləcə də bu ecazkar, qədimilklə müasirliyin vəhdətini özündə birləşdirən Bakı şəhərinin nadir və unikal tikililərini fotoaparatımın yaddaşına köçürməkdən xüsusi zövq alıram. Gəzdiyim yerlərdə apardığım müşahidələrdən belə qənaətə gəldim ki, burada səliqə-sahmana da xüsusi diqqət yetirilir, kommunal təsərrüfatı işçiləri gücləndirilmiş iş rejimində çalışırlar.
Mən, eyni zamanda, yarışların keçirildiyi arenalar, oyunlar və idmançılarla bağlı fotomateriallar hazırlayıram. Ölkəmə qayıdanda bu barədə geniş materiallar yayacağam. Hesab edirəm ki, birinci Avropa Oyunlarının sonunadək Bakıda xeyli material toplaya biləcəyəm. Sizin xalqın qonaqpərvərliyinə heyranam. Dünyanın heç bir ölkəsində belə mehriban insanlar görməmişəm. Məsələn, birinə yaxınlaşıb görmək istədiyim yerə necə gedə biləcəyimi soruşuram. Çox zaman insanların mənə ingiliscə cavab vermələrinin şahidi oluram. Hətta dil problemi olduqda belə insanların mehriban, xoş jestləri ilə üzləşirəm və onlar, işarə ilə də olsa, mənə kömək etməyə çalışırlar. Açığını desəm, bu, mənim çox xoşuma gəlir. Mən bir daha şahidi oldum ki, Bakı son dərəcə tolerant bir şəhər, sakinləri isə olduqca mehriban və səmimidirlər. Bundan sonra da Bakıya tez-tez səfər etməyi düşünürəm.
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.