Dünən Bakının “Sahil” metrosunun qarşısında Niderlanddan birinci Avropa Oyunlarına təşrif buyurmuş bir ailə ilə tanış olduq. Saat 18.00 radələri idi. Günün cansıxıcı istisindən sonra Xəzər tərəfdən gələn xəfif mehin sərinliyi adama ləzzət verirdi.
Qonaqlar kimi isə gözləyirdilər. Yaxınlaşdıq. Məlum oldu ki, bir qədər əvvəl “Atletlər kəndi”ndən metro ilə gələrək “Dənizkənarı park”da istirahət etməyə gedirlər. Burada amsterdamlı başqa həmyerlilərini gözləyirlər. Söhbətimiz alındı. Şəkildən də gördüyünüz kimi, çox mehriban, gülərüz insanlar idilər.
Əvvəlcə Bakıya gəlişlərinin məqsədi, eləcə də özləri barədə qısa da olsa, söz açmalarını xahiş etdik.
Söhbətə ailənin başçısı Anton Vijkiz başladı:
– Gəlin, sizi əvvəlcə ailəmlə tanış edim. Bu, mənim kiçik bacım Josyen Vinhizdir, yeniyetmə olsa da, artıq üzgüçülük üzrə Hollandiya yığma komandasının üzvüdür.
Bu isə həyat yoldaşım Mariadır, soyadı Boondur. O biri xanımın ismi Jasmindir. Marianın yaxın rəfiqəsidir. Biz üçümüz Hollandiyadan bacıma azarkeşlik etməyə gəlmişik. Josyen qələbəyə iddialı idi. Lakin medal ala bilməsə də, bütövlükdə pis çıxış etməyib. Ürək-dirək verib deyirəm ki, canın sağ olsun, cəmi 16 yaşın var, qabaqda hələ yeni-yeni yarışlar olacaq, böyük qələbələrin də çox olacaq...
Josyen özü söhbətə qoşulur:
– Bakıda belə nüfuzlu yarışlara qoşulduğum üçün çox sevinirəm. Burada idmançılar üçün hər cür şərait yaradılıb.Yarışlar ədalətli idman şəraitində keçirilir. Hakimlərdən giley etməyə haqqımız yoxdur.
Josyendən digər komanda yoldaşlarının da onun Oyunlar barədə fikirlərini bölüşüb-bölüşmədiklərini soruşduq. Cavabında bunları dedi:
– Mən milli komandamızın tərkibində Niderlanddan bu yarışlara gələn bir çox atletlərlə dostluq edirəm. Səmimi deyirəm: Hamı yarışların təşkilini tərifləyir. Amm istərdim ki, qələbə qazanım, hələlik mümkün olmayıb.
Bu arada Maria gənc atletə tərəf dönüb gülümsəyərək deyir:
– Üzülmə, Josyen həvəsdən düşməyib daha əzmlə çalışsan, mütləq arzuna çatarsan.
Maria sonra Dənizkənarı parkda olduqları, eləcə də burada yaxşı istrahət etdikləri barədə söz açır:
– Xəzər dənizi olduqca ecazkardır. Belə gözəl dənizin sahilində yerləşən bir şəhərdə yaşayıb, yaratmaq yəqin ki, çox xoşdur. Hiss edirəm ki, yerli adamlar həyatlarından razıdırlar, güzəranları da pis deyil.
Marianın rəfiqəsi Jasmin xanım dillənir:
– Maria məni bura dəvət edəndə əvvəlcə bir qədər tərəddüd edirdim. Bakının bu qədər modern şəhər olduğunu düşünmürdüm.
Ailənin başçısı Anton yenidən söhbətə müdaxilə edir:
– Mənim isə daha çox İçərişəhər xoşuma gəldi. Orada elə bil ki, qədim tarix dil açıb danışır. İçərişəhərin restavrasiyası üçün çox iş görülüb. Oradakı Qız qalası xüsusilə möhtəşəmdir.
Anton sonra Bakıda birinci Avropa Oyunlarının açılış mərasiminin çox möhtəşəm baş tutduğunu xatırladı. Dedi ki, o, Oyunların bağlanış mərasiminin də qeyri-adi olacağına ümid bəsləyir.
Sonda bu sətirlərin müəllifləri az qala eyin vaxtda hollandiyalı qonaqlardan soruşurlar:
– Bakıya yenidən gəlmək istərdinizmi?
Bu dəfə də Anton hamının yerinə cavab verir:
– Mənə burada dedilər ki, Azərbaycanının digər bölgələri də çox gözəldir. Çox istərdim ki, turist qismində yenidən Azərbaycana gəlim, ölkənizin təbiəti, kəndləri, orada yaşayan insanlarla yaxından tanış olum. Yeri gəlmişkən, həyat yoldaşım da bu arzudadır.
Bu mehriban holland ailəsinin Azərbaycanı yaxından tanımaq arzusu barədə onların dilindən eşitmək xoş idi. Biz qonaqlara Şəki, Quba, Lənkəran barədə qısa da olsa məlumat verdik. Azərbaycana bir daha gəlsələr, peşman olmayacaqlarını dedik.
Beləcə, qonaqlardan ayrıldıq. Təcili redaksiyaya qayıdıb bu reportajı katibliyə təqdim etmək lazım idi. Yolda yazının sərlövhəsi barədə düşünürdük və oxuduğunuz sərlövhəni seçdik. Sadə və aydındır deyə...
Aida AYSA,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.