Efrazim ZİNGER: Avropa Oyunlarını idmana dövlət səviyyəsində böyük qayğı göstərən ölkə keçirə bilərdi

“Bakı-2015-in” yüksək səviyyədə təşkili Azərbaycan Prezidentinin və Oyunların Təşkilat Komitəsi rəhbərinin gərgin fəaliyyətinin bəhrəsidir"

Avropa Olimpiya Komitəsinin İcraçı Şurasının üzvü Efrazim Zinger bu qənaətdədir

– Cənab Zinger, birinci Avropa  Oyunları finiş xəttinə yaxınlaşdıqca medallar uğrunda mübarizə də gərginləşir. Bu möhtəşəm idman tədbiri barəsində fikirlərinizi bilmək maraqlı olardı.

– Dediyiniz kimi, bir vaxtlar hamımızın böyük səbirsizliklə gözlədiyimiz yarışlar artıq finiş xəttinə yaxınlaşır. Arxada qalan günləri gözlərim önünə gətirəndə fikirləşirəm ki, nə yaxşı ki, Avropa Olimpiya Komitəsi  ilk dəfə keçirilən bu Oyunların Azərbaycanda  təşkil edilməsi barədə obyektiv qərar qəbul etdi. Bu qərar qəbul olunanda  Oyunların başlanmasına 2 ildən bir qədər artıq vaxt qalırdı.

– Avropa Olimpiya Komitəsi niyə məhz Azərbaycanı seçdi?

– Çünki Azərbaycanın son illərdəki sürətli inkişafı, iqtisadi qüdrəti, zəngin resursları artıq dünyaya bəllidir. Ən mühüm tədbirlərin bu ölkədə yüksək səviyyədə keçirilməsi, ölkədə möhkəm əmin-amanlığın yaradılması, dövlət başçısının xalq tərəfindən böyük inamla dəstəklənməsi və Azərbaycanın sülhməramlı dövlət olması bu seçimdə əsas rol oynadı. Göründüyü kimi, Avropa Oyunları elə-belə tədbir deyil. Çox geniş və əhatəli idman yarışıdır. Hər ölkə bu ağırlığın altına girə bilməzdi. Bu tədbiri yalnız idmana  dövlət səviyyəsində böyük qayğı göstərən və güclü iqtisadiyyata malik ölkələr keçirə bilərdi. Bütün bunlar  isə Azərbaycanda var.

– Dediyiniz kimi, qərar qəbul ediləndə Oyunların başlanmasına az vaxt qalırdı. Qısa müddət ərzində görülən işləri necə qiymətləndirirsiniz?

– Qısa zamanda görülən işlər adamı lap heyrətləndirir. İdman arenaları, nəqliyyat, idmançılar və jurnalistlərin yerləşdirilməsi - hər şey yüksək səviyyədə, Olimpiya səviyyəsində təşkil olunub. Açığını deyim ki, yarışların bu səviyyədə təşkil olunacağına və yüksək səviyyədə keçəcəyinə bir o qədər də inamım yox idi. Ancaq bütün bunlar arxada qaldı və dünya ictimaiyyəti çox yüksək səviyyəli idman tədbirinin şahididir. Qətiyyətlə deyirəm ki, ilk Avropa Oyunlarının  bu cür yüksək səviyyədə keçməsi  Prezident İlham Əliyevin və  “Bakı-2015”-in Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın gərgin fəaliyyətinin bəhrəsidir. Mən birinci Avropa Oyunlarında olmağımdan və Bakıda işləməyimdən çox məmnunam.

– Yəqin ki, bu möhtəşəm idman yarışmasının açılış mərasimində iştirak etmisiniz.

– Açılış mərasimi barədə danışmağa söz tapa bilmirəm. Ona görə ki, bu, qeyri-adi şounu təsvir etmək çətindir. Mərasim çox gözəl idi. Olimpiya Oyunları ilə eyni səviyyədə olacağını gözləyirdim və yanılmadım. Deyərdim ki, ondan da yüksək səviyyədə keçdi. Ümidlərim özünü doğrultdu. Çox maraqlı kompozisiyalar tərtib olunmuşdu. Burada Azərbaycanın qədim tarixə malik olması, adət-ənənələri, milliliyi mədəniyyəti, incəsənəti bütün çalarları ilə əks olunmuşdu. Musiqi, Azərbaycan xalçaları, “Qobustan” rəsmləri çox xoşuma gəldi. Bunların hamısı çox romantik idi. Hər şey yüksək səviyyədə idi.

– Bu, sizin Azərbaycana neçənci səfərinizdir?

– Üçüncü.

– Ötən səfərlərinizlə müqayisədə ölkəmizdə bir dəyişiklik hiss etdinizmi?

– Açığını deyim ki, Azərbaycan bu qısa müddətdə necə inkişaf edibsə və necə dəyişibsə, Bakını tanımaq olmur. Bir-birindən gözəl parklar, hündürmərtəbəli, qeyri-adi dizayna malik binalar, dünya standartlarına cavab verən stadionlar... Hansı birini deyim? İnsanlar da bir-birindən mehriban, qonaqpərvər. Mən ölkənizin qısa zaman kəsiyində bu cür sürətli inkişafını gördükcə belə qənaətə gəlirəm ki, Azərbaycan yaxın gələcəkdə nəinki Avropanın, hətta, dünyanın inkişaf etmiş dövlətlərindən biri olacaq.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında