Belarus Milli Olimpiya Komitəsinin müşaviri və Avropa Oyunlarında nümayəndə heyətinin mətbuat katibi Anastasiya Marininanın “Xalq qəzetinə” eksklüziv müsahibəsi
– I Avropa Oyunları uğurla davam edir. İlk Avropa Oyunlarının təşkilinin səviyyəsi barədə nə deyə bilərsiniz?
– Əlbəttə, bütün Avropa, eləcə də dünya ictimaiyyəti tarixi Oyunlara Azərbaycanın hazırlığı ilə maraqlanırdı. İnanırdıq ki, bu Oyunlar yüksək səviyyədə keçiriləcək. Amma bu qədər möhtəşəm olacağını düşünmürdük. Bu yarışlar ilk dəfə keçirilir. Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyən etdi. Qeyd edim ki, bu standartlar çox yüksəkdir. Elə ilk gündən dünyanı heyran edən və böyük bir idman hadisəsinə çevrilən rəngarəng açılış mərasiminin şahidi olduq. Bu, sadəcə bir şou xarakteri daşımırdı. Səhnə ətrafında bütün Avropa ölkələrindən olan idmançıların böyük coşqu və alqışlarla müşayiət olunan möhtəşəm paradı düşünürəm ki, yaddaşlardan uzun müddət silinməyəcək.
I Avropa Oyunlarının təşkilatçılıq səviyyəsini xüsusi qeyd etmək istəyirəm. Mötəbər tədbirləri keçirməkdə zəngin təcrübə əldə etmiş Azərbaycanın qitə Oyunlarını bu cür möhtəşəm şəkildə dünyaya təqdim etməsindən biz avropalılar qürur duyduq.
– Sizcə, II Avropa Oyunlarının təşkilini üzərinə götürəcək ölkə üçün bu standartlara əməl etmək çətin olmayacaq ki?
– Fikrimcə, bir az çətin olacaq. Təşkilatçılığına görə Olimpiya Oyunlarından geri qalmayan, bəzi məqamlarda hətta onu üstələyən qitə oyunlarının yüksək səviyyədə keçirilməsi çox vacibdir. II Avropa Oyunlarını keçirəcək ölkə ən azından bu uğurları təkrarlamalıdır. Daha bir vacib məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Xalqınız çox qonaqpərvər, səmimi və sülhsevərdir. İnsanlar davranışları, isti münasibətləri ilə idmançıların, qonaqların əhval- ruhiyyəsinə müsbət təsir edir. Oyunların keçirildiyi məkan və mühit də yarışların səviyyəsində xüsusi rol oynayır. Beynəlmiləl şəhər kimi həmişə diqqəti cəlb edən Bakı bütün avropalıları bir araya gətirib doğmalaşdırmağa nail oldu. Arzu edirik ki, II Avropa Oyunları da məhz bu cür, özünəməxsusluğu və bənzərsizliyi ilə bütün avropalıların zövqünü oxşasın.
– Komandanızın çıxışını necə qiymətləndirirsiniz? Proqnozlar özünü doğruldurmu? Bu Oyunların komandanız üçün əhəmiyyəti nədən ibarətdir?
– Əlbəttə, çox gözəl nəticələrimiz var. Batut, güllə atıcılığı, bədii gimnastika, yunan-Roma güləşi, avarçəkmə və digər növlərdə idmançılarımızın çıxışı sevindiricidir. Düşünürəm ki, bu, onların özlərini doğma divarlar arasında hiss etdiklərinə görədir. Bayaq qeyd etdiyim kimi, nəticələr də yarışların keçirildiyi məkandan çox asılıdır. Azərbaycanlılar çox mehribandırlar. Hətta şəhərdə gəzdiyimiz zaman bizə yaxınlaşıb söhbət edir, bizimlə maraqlanır və uğurlar arzulayırlar. Bu münasibət idmançılarımıza ruh yüksəkliyi bəxş edir. Azarkeş dəstəyi idmançıların köməyinə gəlir.
Bu oyunlar bəzi növlər üzrə Rio Olimpiadasına lisenziya verir. Məşqçilərimiz burada idmançıların qüvvəsinə bir daha baxış keçirir. Olimpiadaya cəmi 1 il qalır. Müəyyən səhvlərin üzərində işlənəcək. Avropa Oyunlarının gənc idmançılar üçün ciddi sınaq olduğunu da qeyd etmək istəyirəm.
– Bakı ilə bağlı təəssüratlarınız?
– Bakı nağıllardakı kimi gözəldir. Müasir üslubda qurulan infrastruktur şəhərə gözəllik verməklə yanaşı, insanların rahatlığında mühüm rol oynayır. Mətbəxiniz çox genişdir. Yeməklərin dadından doymaq olmur. Bütün bunlar idmançılarda gözəl təəssüratlar oyadır.
Ümumiyyətlə, Avropa Oyunlarında məşqçilər, mütəxəssislər, jurnalistlərin fəaliyyəti üçün hər bir şərait yaradılıb. Sevindiricidir ki, azərbaycanlılar ilk Avropa Oyunlarına ev sahibliyinə görə qürur hissi keçirirlər. Onlar Oyunların yüksək səviyyədə keçirilməsi üçün hər vasitə ilə kömək etməyə can atırlar. Əmin ola bilərsiniz ki, avropalılar öz ölkələrinə gözəl Bakıdan xoş təəssürat aparacaqlar.
Azərbaycan xalqına əsl idman bayramı üçün minnətdarıq!
Müsahibəni qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.