AZƏRBAYCAN DƏMİR YOLU-130. Dəmiryolçular peşə bayramlarını yüksək göstəricilərlə qarşılayırlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 oktyabr 2005-ci il tarixli sərəncamı ilə 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı günü kimi təsis olunub. Dəmiryolçular həmin günü hər il böyük təntənə ilə qeyd edirlər. Bu dəfəki peşə bayramı günü həm də daha bir əlamətdar hadisə - ölkəmizdə dəmir yolunun istismara verilməsinin 130 illiyi ilə eyni vaxta təsadüf edir. Bayram ərəfəsində Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail BAĞIROVLA görüşüb ötən dövrdə keçilmiş şərəfli yoldan, qarşıdakı perspektivlər barəsində söhbət açmasını xahiş etdik. O, dedi:
- Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq artıq 6 ildir ki, 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı günü kimi geniş qeyd olunur. Cari ildə 130 illik yubileyin eyni vaxta düşməsi bu təntənəni bir az da artırır. Mən ilk öncə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin və MHİRK-nin rəhbərliyi adından ölkə dəmiryolçularını peşə bayramı günü və şərəfli yubiley münasibətilə ürəkdən təbrik edir, onlara son dərəcə çətin və şərəfli işlərində uğurlar arzulayıram.
Azərbaycanda ilk dəmir yolunun inşasına 1878-ci ildə başlanılmış və 1879-cu ildə başa çatdırılmış, bir il sonra isə dəmir yolunun rəsmi açılışı olmuşdur. Dünyada ilk dəfə olaraq neft məhz bu yolla çən vaqonları ilə daşınmağa başlanılmışdır. Ötən 130 il ərzində ölkə polad magistralı bir çox çətinliklərlə üzləşsə də, getdikcə daha da bərkimiş, öz fəaliyyət dairəsini genişləndirmiş, bugünkü səviyyəyə gəlib çatmışdır. Hazırda baş yolların ümumi uzunluğu 2929,4 kilometr, istismar uzunluğu 2099,7 kilometrdir ki, onlardan da 804,7 kilometri ikiyolludur. Yolun ümumi istismar uzunluğunun 1271,4 kilometri və ya 60 faizi elektrikləşdirilmiş, 1650 kilometri avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilmişdir.
İkinci Dünya müharibəsi illərində (1941-45-ci illərdə) Azərbaycan dəmiryolçuları əsl fədakarlıq göstərmiş, Bakıdan cəbhəyə 75 milyon ton, yəni 1 milyon 300 min vaqon yanacaq göndərmişlər. Ümummili lider Heydər Əliyev haqlı olaraq demişdir: "Əgər Bakı nefti olmasaydı, Sovetlər İttifaqının qələbəsi bəlkə mümkün olmazdı".
Dəmir yolunun inkişaf tarixinin böyük bir hissəsi ulu öndərimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz onun diqqət və qayğısı sayəsində iyirminci əsrin sonlarında dəmiryolu öz tərəqqisinin zirvəsinə çatmışdır. Ulu öndər istər Azərbaycan Respublikasında, istərsə də Sovet İttifaqında hökumətdə rəhbər vəzifədə çalışarkən dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi önəm vermişdir. Ümummilli liderimizin rəhbərliyi altında o zamanki Sovetlər İttifaqının ən böyük çeşidləyici stansiyalarından biri olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri və bir çox stansiyalar inşa edilərək istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində, digər sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi. 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.
Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır. Ölkəmiz beynəlxalq və regional layihələrin, o cümlədən "Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" nəqliyyat layihələrinin reallaşması prosesində fəal iştirak edir.
Azərbaycanda son illər dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə bir sıra mühüm qərarlar qəbul edilmişdir. Prezident İlham Əliyev 20 iyul 2009-cu il tarixdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalamışdır. Bununla da dəmir yolunun tarixində yeni dövr başlanmışdır. Ölkə başçısı 6 iyul 2010-cu ildə Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmir yolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010- 2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bu tarixi bir sənəddir. Çünki, həmin sənəddə Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər Planında öz əksini tapmışdır. Artıq bu istiqamətdə bir sıra layihələr həyata keçirilməkdədir.
Dəmir yolundan danışarkən, həmkarlar ittifaqlarının fəaliyyətini də unutmaq olmaz. Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektivi bu illər ərzində dəmir yolunda həyata keçirilən islahatlara daim yardımçı olmuş, dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması və istirahətinin təşkili istiqamətində bir çox layihələr həyata keçirmişdir.
Polad magistralda həmkarlar ittifaqı komitələrinin yaradılmasının da maraqlı tarxçəsi var. On doqquzuncu əsrin sonlarında ağır əmək və məişət şəraiti fəhlələrin ömrünü xeyli azaldırdı. Belə ki, burada 40 yaşına çatanlar əmək qabiliyyətini itirirdi və XX əsrin əvvəlində burada, Bakı mədənlərində fəhlələrin orta yaş həddi 26,7 il təşkil edirdi. Həmin vaxt Bakıda yaşlı fəhlələrin sayı Peterburqdakılardan 1,5-2 dəfə, Moskvadakılardan 3 dəfə, bütövlükdə Rusiyadakından isə 3, 5 dəfə aşağı idi. Ağır istismar, sosial və milli işgəncələr Azərbaycan fəhlələrini hiddətləndirir və onları çarizmin həm yerli, həm də xarici kapitalistlərin Azərbaycanın təbii sərvətlərini mənimsəyərək öz kapitallarını artırmaq siyasətinə qarşı mübarizəyə qalxmağa vadar etdi. XIX əsrin sonları və XX əsrin əvvəlləri Bakıda və Azərbaycanın digər sənaye şəhərlərində ilk qiyamlar və fəhlələrin həyəcanları başlandı.
Bakı proletariatının əzmli sinfi mübarizəsi XX əsrdə onu Rusiya inqilabi hərəkatının ön cərgələrində mövqe tutmasına səbəb oldu. 1903-cü ilin iyul ayında Bakıda ilk ümumi tətil başladı ki, burada da 50 min nəfər iştirak edirdi. 1904-cü ilin 13-30 dekabrında Bakı fəhlələrinin ümumi tətili baş verdi ki, nəticədə Rusiya fəhlə hərəkatında fəhlələr və neft sənayeçiləri arasında tarixdə birinci dəfə kollektiv müqavilənin imzalanması ilə başa çatdı. Qabaqcıl fəhlələrin Bakıda sinfi həmkarlar təşkilatının yaradılması da məhz həmin dövrə təsadüf edir.
1956-cı il oktyabrın 13-də müstəqil Azərbaycan dəmir yolu təşkil edildikdən sonra Azərbaycan dəmiryolçularının həmkarlar ittifaqı da yaradılmışdır. Həmin dövrədək Azərbaycan dəmiryolçularının həmkarlar ittifaqı Bakı (Azərbaycan) hissəsi rayon həmkarlar ittifaqı komitəsi kimi Zaqafqaziya dəmir yolu həmkarlar ittifaqının tərkibində fəaliyyət göstərmişdir. XX əsrin 60-cı illərində qatarların hərəkət sürətinin artması, yük dövriyyəsinin çoxalması və qatarların çəkisinin artırılması ilə əlaqədar işarəvermə, mərkəzləşdirmə və bloklama (İMB) qurğularının inkişafına xüsusi fikir verilmişdir. 70-ci illərdə isə dəmir yolunun iri qovşaq stansiyalarında lokomotiv briqadaları üçün briqada istirahət evləri tikilmişdir.
105 illik tarixə malik olan dəmiryolçuların həmkarlar hərəkatı bu gün də fəaliyyətini uğurla davam etdirməkdədir. Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 1998-ci ildə qabaqcıl maşinistlər arasında hər il F.Ağayev adına mükafatın laureatı adını almaq uğrunda müsabiqə təsis etdi və bu, artıq yaxşı ənənəyə çevrilib. Hər il Novruz bayramı ərəfəsində müsabiqənin qaliblərinə təntənəli surətdə diplomlar və qiymətli hədiyyələr təqdim edilir. Eyni zamanda "Əla yol işçisi-ilin Ən yaxşı mütəxəssisi", "İlin ən yaxşı müəssisəsi" və digər müsabiqələr də dəmiryolçuların maddi rifah halının yaxşılaşdırılmasına, əməyinin qiymətləndirilməsinə istiqamətlənib. Bu tədbirlər mütəmadi olaraq "Azərbaycan dəmiryolçusu" qəzetində geniş işıqlandırılır.
Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsində müəyyən edilmiş vəzifə və səlahiyyətlərdən geniş istifadə edərək, həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi mənafelərinin və əmək hüquqlarının müdafiəsi, onların maddi rifah halının yaxşılaşdırılmasını ön plana çəkərək, bu istiqamətdə görülən işlərin davam etdirilməsi naminə var qüvvəsi ilə çalışır.
Dəmiryolçuların sosial rifah halının yaxşılaşdırılması istiqamətində də bir sıra layihələr reallaşdırılmışdır.İndiki nəqliyyat naziri Ziya Məmmədovun dəmir yolunun rəisi olduğu vaxtlarda müəyyən etdiyi perspektiv inkişaf proqramı bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin sədri Arif Əsgərov tərəfindən uğurla davam etdirilir. Dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsi, onların mənalı istirahətinin təşkili sahəsində görülən işlər səhmdar cəmiyyətin rəhbərliyi ilə Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə fəaliyyətinin nəticəsində reallaşdırılır.
2008-ci ilin avqustun 1-dən etibarən Xaçmaz rayonunun Nabran qəsəbəsində "Lokomotiv" istirahət mərkəzinin dəmiryolçuların istifadəsinə verilməsi ilk növbədə ölkə polad magistralının əməkçilərinə göstərilən daimi diqqətin göstəricisi kimi qiymətləndirilməlidir. Dəmiryolçuların istifadəsinə verilən "Lokomotiv" istirahət mərkəzinin yaradılması ideyası, torpaq sahəsinin ayrılması 2002-ci ilin yazında məhz cənab nazirin təşəbbüsü ilə reallaşmışdı. Müasir standartlara cavab verən istirahət kompleksinə nazir tərəfindən bir ədəd avtobusun hədiyyə edilməsi və burada sərinləşdirici sistemin quraşdırılması qayğının bariz nümunəsi idi. Bu tədbirlər dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsinə, sağlamlıqlarının qorunmasına yönəlmiş bir addımdır.
2005-ci ildə istirahət kompleksinin tikintisi başlamış, 2008-ci ilin avqust ayında müasir tələblərə cavab verən 3 yaşayış binası və yeməkxana tikilərək dəmiryolçuların istifadəsinə verilmişdir. Bir gedişdə bu yaşayış binalarında eyni zamanda 20 dəmiryolçu ailəsi istirahət edir. Yeri gəlmişkən qeyd edim ki, 2008 və 2009-cu illərin yay mövsumlərində "Lokomotiv" istirahət mərkəzinə təşkil olunmuş gedişdə 200 dəmiryolçu ailəsinin 600 nəfər üzvü istirahət etmişdir. 2010-cu ilin yay mövsumu ərəfəsində mərkəzdə su hovuzu, rəqs meydançası və idman kompleksinin tikintisi başa çatmış, dəmiryolçuların istifadəsinə verilmişdir.
Dəmiryolçuların problem- ləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin və MHİRK-nin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasında aparılan ardıcıl və sistemli iqtisadi islahatların mühüm nəticələrindən biri də nəqliyyatın bütün sahələrində, o cümlədən dəmir yolunda aparılan məqsədyönlü texniki-iqtisadi və sosial tədbirlərin həyata keçirilməsidir. Bunlar 130 illik dəmir yolu tarixinin ayrılmaz tərkib hissələridir. Mən sonda polad magistralın bugünkü tarixini yaradan və yaşadan insanları bir daha peşə bayramı münasibətilə təbrik edir, vətənimizin tərəqqisi naminə yorulmaz fəaliyyətlərində uğurlar arzulayıram.{nl}

Söhbəti yazdı: Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında