Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovdur
— Bəhram müəllim, 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Bu günlə bağlı sizdən müsahibə götürməyimiz artıq ənənə halını almışdır.
Peşə bayramınız münasibətilə sizi və rəhbərlik etdiyiniz kollektivi təbrik edirik. Dövlət qulluqçuları öz peşə bayramlarını hansı əhval-ruhiyyə ilə qarşılayırlar?
— Sağ olun. Öncə onu qeyd etmək istərdim ki, Azərbaycanın dövlət qulluqçuları öz peşə bayramlarını artıq 10-cu dəfədir ki, qeyd edirlər. Dövlət Qulluqçularının Peşə Bayramı Günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilmişdir. Dövlət qulluqçuları bu günün təsis edilməsini dövlət başçısının onların Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi prinsiplərə uyğun idarə edilməsindəki roluna verdiyi qiymətin təzahürü kimi dəyərləndirirlər. Mən də öz adımdan və rəhbərlik etdiyim kollektiv adından bütün dövlət qulluqçularını Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə təbrik edirəm, onlara öz vəzifə səlahiyyətlərini yerinə yetirmələri istiqamətində uğurlar arzulayıram.
Bilirsiniz ki, Dövlət Qulluqçularının Peşə Bayramı Günü hazırda ölkəmizdə keçirilən ilk Avropa Oyunları vaxtına təsadüf edir. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli dövlət quruculuğunda və dövlətçilik sahəsində apardığı siyasətin dinamik inkişafı göz qabağındadır. Azərbaycan Respublikası iqtisadi, siyasi, hərbi, idman, mədəni və digər sahələrdə sürətlə inkişaf etməkdədir. Dövlətimiz regionda söz sahibi olan ölkədir. Regionla bağlı heç bir beynəlxalq layihə və ya tədbir Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz. Bu, çox böyük nəticədir. Məhz bu uğur, bizə imkan verdi ki, ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil edək və keçirək. Avropa Oyunlarının iyunun 12-də möhtəşəm açılışı isə hər bir azərbaycanlıya qürur hissi yaşadan tədbir oldu. Biz bütün dünyaya zəngin mədəniyyətimizi, tariximizi, güclü inkişafımızı bir daha nümayiş etdirdik.
Fürsətdən istifadə edərək qəzetiniz vasitəsilə Avropa Oyunlarında iştirak edən bütün idmançıları və oyunları böyük coşqu ilə izləyən bütün Azərbaycan xalqını bu böyük idman bayramı münasibətilə təbrik edirəm. Azərbaycana medal qazandıran idmançıları da əldə etdikləri uğurlara görə təbrik edirəm. Oyunlar hələ davam edir. Qarşıdakı yarışlarda iştirak edəcək idmançılarımıza da uğurlar diləyirəm.
— Dövlətimizin dinamik inkişafını qeyd etdiniz. Dövlət qulluğu sahəsində Azərbaycanın inkişafı barədə nə deyə bilərsiniz?
— İlk olaraq qeyd etmək istərdim ki, dövlət qulluğu sahəsində köklü islahatlara ulu öndərimiz Heydər Əliyevin dövründə başlanılmışdır. Ümummilli liderimizin rəhbərliyi altında hazırlanan və 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası milli maraqlarıın həllinə qadir və müasir tələblərə cavab verən dövlət idarəçilik prinsiplərini təsbit etdi. Ümummilli liderin müvafiq aktları ilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası, 1998-ci ildə isə Dövlət İdarəçiliyi Sistemində İslahatların Aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Hər iki komissiyanın gördüyü işlər qanunların beynəlxalq standartlara uyğunlaşdırılmasına, dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparılması məqsədinə xidmət edirdi. 2000-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bu qanunun qəbul edilməsi ilə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu.
Prezident İlham Əliyevin dövlət başçısı seçilməsi ulu öndər Heydər Əliyevin bütün sahələrdə başladığı işlərin uğurlu inkişafını sürətləndirdi. 2003-cü ildə Azərbaycanda Avropa Birliyinin TASİS Proqramı çərçivəsində dövlət qulluğu sahəsində islahatlara yardım üzrə layihənin icrasına başlanıldı. Layihə 24 ay davam etdi. Bu müddət ərzində ölkədə dövlət qulluğu və inzibati islahatların həyata keçirilməsi üzrə konsepsiya hazırlandı. Ən əsası isə dövlət qulluğu sahəsində aparılan islahatları sürətləndirmək, dövlət qulluğunu daha yaxşı təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı.
Komissiya 2007-ci ildən bu günə kimi dövlət orqanlarında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibələri təşkil edir və keçirir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, qısa zaman kəsiyində, bu sahədə böyük nailiyyətlərə imza atılmış və ölkənin ali rəhbərliyinin dəstəyi ilə dövlət qulluğuna qəbulun Azərbaycan modeli yaradılmışdır. Bu, həm ölkəmiz adına, həm dövlət qulluğu adına, həm də komissiya adına çox böyük uğurdur. Bu model həm ölkə daxilində, həm də beynəlxalq aləmdə mütərəqqi və səmərəli bir model kimi qəbul edilir. Sevindirici və qürurverici haldır ki, dövlət qulluğuna qəbulun Azərbaycan modeli Avropa məkanında da, Asiya məkanında da çox böyük maraqla qarşılanır və öyrənilir. Bir sıra ölkələrin dövlət qulluğu siyasətini həyata keçirən qurumları dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və öz ölkələrində tətbiq etmək məqsədilə ölkəmizdə olur və ya komissiyanın əməkdaşlarını öz ölkələrinə dəvət edirlər.
Bu il mayın 21-də Qazaxıstan Respublikasının paytaxtı Astanada təşkil olunan və dünyanın 120-dən çox ölkəsindən 3 mindən artıq nümayəndənin iştirak etdiyi VIII Astana İqtisadi Forumunda da dövlət qulluğu sahəsində Azərbaycan təcrübəsi diqqət mərkəzində olmuşdur. Forum çərçivəsində “Meritokratiya və qulluq etikası effektiv dövlət qulluğunun əsas faktorları kimi” mövzusunda keçirilən konfransda bir çox ölkənin nümayəndələri dövlət qulluğuna qəbulun Azərbaycan modelinə, dövlət qulluğunda innovasiyaların tətbiqində Azərbaycanın əldə etdiyi uğurlara ciddi maraq göstərmişlər.
— Qeyd etdiniz ki, komissiya dövlət qulluğuna qəbulun Azərbaycan modelini yaratmışdır. Bu modelin daha çox hansı cəhətləri xarici dövlətlərin diqqətini çəkir?
— Xarici dövlətləri dövlət qulluğuna qəbulun Azərbaycan modeli, əsasən, iki baxımdan maraqlandırır: qanunvericilik baxımından və dövlət qulluğuna qəbulda obyektivliyin və şəffaflığın təmin olunması baxımından.
— Bu barədə bir qədər geniş açıqlama verməyinizi xahiş edirik.
— Qanunvericilik baxımından xarici dövlətləri daha çox maraqlandıran dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada iki mərhələdə aparılmasıdır. Test imtahanı mərhələsində namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi bilikləri və Azərbaycan dili üzrə bilikləri ilə yanaşı, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabilliyyəti yoxlanılır. Onu da qeyd edək ki, qanunvericilik üzrə biliklər dedikdə Azərbaycan Respublikasının Konstitusiyası, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, dövlət qulluğu, dövlət qulluqçularının etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə, məlumat azadlığı və informasiya əldə etmə, vətəndaşların müraciətlərinə baxılması sahələrini əhatə edən dövlət qulluğu qanunvericiliyi, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının dövlət rəmzlərinə dair qanunvericilik, Əmək Məcəlləsi, dövlət qulluğu sahəsində Azərbaycan Respublikası Prezidentinin fərmanları üzrə biliklər nəzərdə tutulur.
Müsahibə mərhələsinə gəlincə, ilk olaraq qeyd etmək istərdim ki, dövlət qulluğuna qəbulun müsahibə mərhələsi xarici həmkarlarımızı daha çox maraqlandırır. Müsahibə mərhələsində namizədin ixtisas üzrə bilikləri, müsahibə proqramları üzrə bilikləri, vəzifənin tutulma şərtlərinə uyğun olaraq xarici dil və informasiya texnologiyaları üzrə bilikləri, nəzəri və qanunvericilik biliklərinin tətbiqi bacarığı, ümumi dünyagörüşü ilə yanaşı, onun emosional stabillik, məsuliyyətlilik, dürüstlük, özünütənqid, nüfuzetmə, təhlil etmə, ünsiyyət qurmaq kimi keyfiyyətlərinin, danışıq, özünü ifadə etmək, təşkilatçılıq, yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə qabiliyyətinin, eləcə də dövlət qulluqçusu üçün vacib məsələlərdən olan etik davranış qabiliyyətinə malik olub-olmaması yoxlanılır. Qeyd edilən keyfiyyət və qabiliyyəti isə test imtahanı vasitəsilə nə müşahidə etmək, nə də qiymətləndirmək mümkündür. Bu keyfiyyət və qabiliyyət isə dövlət qulluqçuları üçün çox vacibdir. Çünki, dövlət orqanlarında çalışan dövlət qulluqçuları dövlət adından vətəndaşlara xidmət göstərir. Əgər dövlət qulluqçuları qeyd edilən keyfiyyət və qabiliyyətə malik olmasa, vətəndaşın nəinki dövlət qulluqçusuna və dövlət orqanına, hətta ümumilikdə dövlət qulluğuna etimadı və inamı sarsılar.
Bəzən mətbuatda çıxışlar olur ki, dövlət qulluğu sahəsində müsabiqə mərhələsində insan faktoru olmasın, yığışdırılsın. Amma dövlət qulluqçusu olmağa hazırlaşan vətəndaşın yuxarıda göstərilən şəxsi keyfiyyət və qabiliyyətini hər hansı qurğu, ən son model qurğu olsa belə, müəyyən edə bilməz. Bunu yalnız peşəkar insanlar edə bilərlər. Komissiyanın dövlət qulluğuna qəbulla bağlı keçirdiyi müsahibələrdə müsahibə komissiyasının üzvü kimi iştirak edən şəxslər artıq bu sahədə ixtisaslaşmışlar.
— Müsahibə mərhələsinin önəmini qeyd edirsiniz. İnsan faktoru olan yerdə subyektivliyin olması istisna deyil. Subyektivliyi aradan qaldırmaq üçün komissiya nə kimi tədbirlər görür?
— Xüsusilə vurğulamaq istərdim ki, məhz şəffaflıq və obyektivliyin yüksək səviyyədə təmin olunması dövlət qulluğuna qəbulda Azərbaycan təcrübəsinin xarici dövlətlər tərəfindən artıq Azərbaycan modeli kimi qəbul olunmasını şərtləndirən iki əsas amildən biridir. Birinci amil - dövlət qulluğuna qəbulun qanunvericilik bazası barədə danışdım. Dövlət qulluğuna qəbulda obyektivliyin və şəffaflığın təmin olunması amilində xarici dövlətlərin diqqətini daha çox çəkən məsələlər bunlardır:
Birincisi, dövlət qulluğuna qəbulla bağlı elanda vəzifəyə dair bütün məlumatların, o cümlədən də vəzifənin təsnifatı, vəzifə maaşı, qulluq funksiyaları, tutulması şərtləri – ali təhsil, ixtisas, staj, xarici dil də daxil olmaqla, öz əksini tapması. Bu məlumatların elanlarda göstərilməsi vətəndaşın təhlil aparma qabiliyyətinin artırılmasına da xidmət edir. Belə ki, vətəndaş vakant vəzifənin tələb və şərtlərini təhlil edərək özünün bilik və bacarıqlarına uyğun vəzifə seçir. Yəni, vəzifə seçimi düşünülməmiş qaydada deyil, təhlil edilərək seçilir. Düzgün seçim edənlərin uğura yolu daha rəvan olur.
İkincisi, müsabiqənin test imtahanı mərhələsinin komissiyanın “Test mərkəzləri”ndə kompüter vasitəsilə keçirilməsi, hər bir namizədə test imtahanını bitirdiyi an onun nəticələrini özündə əks etdirən “Test imtahanının nəticəsi barədə” arayışın təqdim edilməsi və namizədə arayışda əks olunan nəticələrlə onun test imtahanını verdiyi kompüterdəki nəticələri tutuşdurmaq imkanının yaradılması. Bu hal namizədin test imtahanının tam şəffaf keçirilməsinə inamını daha da artırır.
Üçüncüsü, test imtahanı proqramlarının komissiyanın İnternet saytında yerləşdirilməsi. Bu, vətəndaşların test imtahanı mərhələsinə daha yaxşı hazırlaşmalarına imkan verir, bütün namizədlər üçün eyni başlanğıc vəziyyətini yaradır. Müsabiqənin elan olunub-olunmamasından asılı olmayaraq vətəndaşlar istənilən zaman komissiyanın saytından test imtahanı proqramlarını əldə edə bilirlər.
Dördüncüsü, komissiyanın İnternet saytı vasitəsilə test imtahanlarının gedişinin onlayn izlənməsi. İstənilən maraqlı şəxs internet bağlantısı olduğu təqdirdə evdən, iş yerindən və ya internetə çıxışı olan mobil telefondan test imtahanının gedişini onlayn müşahidə edə bilər.
Beşincisi, dövlət qulluğuna qəbul sahəsinə ictimai nəzarətin və etimadın yüksəldilməsi, namizədlərin potensialının, bilik və bacarıqlarının hərtərəfli qiymətləndirilməsi məqsədi ilə müsahibə komissiyasında ya ali təhsil və elmi-tədqiqat müəssisələrində çalışan alimlər sırasından, ya da korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış QHT nümayəndələri sırasından müstəqil ekspertin də iştirak etməsi. Yəni komissiya korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış QHT-lərə vətəndaşın dövlət qulluğuna uyğun olub-olmaması barədə qiymətləndirmə aparmasına şərait yaratmışdır. Bu, dövlət orqanı ilə QHT-lər arasında səmərəli əməkdaşlığın nümunəsidir. Bundan başqa, namizədlərin razılığı ilə bütün müsahibələrin videoçəkilişi aparılır. Həm videoçəkilişin aparılması, həm də QHT nümayəndələrinin dövlət qulluğuna qəbul prosesinə müsahibə komissiyasının üzvü kimi cəlb edilməsi dövlət qulluğuna qəbulun Azərbaycan modelini fərqləndirən ən böyük cəhətlərdən biridir.
Altıncısı, müsahibə komissiyası üzvlərinin müsabibənin qiymətləndirilməsi zamanı verdiyi ümumi ballar arasında müsahibə nəticəsinə təsir edən 3 bal və daha çox fərq olduqda videoçəkilş vasitəsilə müsahibənin araşdırılması və müvafiq qərarın qəbul edilməsi.
Yeddincisi, namizədlərin müsahibə mərhələsinə daha yaxşı hazırlaşmasını təmin etmək və onları düzgün vəzifə seçiminə yönəltmək məqsədilə müsahibə proqramlarını müsabiqə və ya ümumi müsahibə elan olunan andan komissiyanın internet saytında yerləşdirməsi.
Səkkizincisi, “Onlayn sınaq test imtahanları” elektron xidməti vasitəsilə sınaq test imtahanlarının təşkil edilməsi. Hazırda həm beşinci, həm də altıncı-yeddinci təsnifatlar üzrə sınaq test imtahanı variantlarının sayı artırılaraq hər biri üzrə altıya çatdırılmışdır. Ödənişsiz olan və real vaxt rejimində interaktiv şəkildə həyata keçirilən bu elektron xidmətdən vətəndaşlar elektron xidmətlər bölməsində qeydiyyatdan keçməklə istifadə edə bilərlər.
Doqquzuncu, komissiya öz fəaliyyətində aşkarlıq və şəffaflıq prinsiplərinə sadiq qalaraq, dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqə və müsahibə proseslərini cəmiyyət üçün açıq elan etmişdir. Belə ki, QHT və KİV nümayəndələri, həmçinin, istənilən vətəndaş dövlət qulluğuna qəbulla bağlı komissiya tərəfindən keçirilən müsabiqələrin hər iki mərhələsində müşahidəçi qismində iştirak edə bilər.
— Yəni, vətəndaş yalnız öz bilik və bacarıqlarına uyğun olaraq, dövlət qulluqçusu ola bilər.
— Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş maraqları dayanır. Azərbaycan Respublikasının ali məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir. İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi həm də dövlət qulluğunun üç vəzifəsindən biridir. Komissiya da yaradılandan bu günə kimi öz səlahiyyətləri daxilində vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında iştirak edib. Komissiya, demək olar ki, vətəndaşların dövlətin idarə edilməsində iştirak etmək hüququnu təmin edən əsas dövlət qurumlarından biridir. Fəaliyyətimizi aşkar, şəffaf və obyektiv apardığımız üçün Azərbaycan vətəndaşı ilə aramızda sarsılmaz etimad körpüsü yaratmışıq. Buna görə də əminliklə deyə bilirik ki, vətəndaşlarımız dövlət qulluğuna qəbulun komissiya tərəfindən obyektiv və şəffaf aparılmasına tam inanır və bilir ki, dövlət qulluqçusu olmaq üçün yalnız öz bilik və bacarığına arxalanmalıdır. Bir dövlət qurumunun fəaliyyətinə bundan böyük qiymət verilə bilməz.
Komissiyanın fəaliyyətindəki aşkarlıq və şəffaflıq, dövlət qulluğuna qəbul zamanı neqativ halların qarşısının alınması vətəndaş cəmiyyəti, dövlət orqanları və beynəlxalq təşkilatlar tərəfindən də həmişə yüksək qiymətləndirilmişdir. Sonuncu qiymətləndirmə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqinin nəticəsində həyata keçirilmişdir. Hesabatda “Milli Fəaliyyət Planı” ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya verilmiş tapşırıqların icra vəziyyəti ən yüksək balla qiymətləndirilmişdir.
— Bəs komissiyanın keçirdiyi müsabiqə və müsahibə nəticəsində neçə vətəndaş dövlət qulluqçusu adını qazanmışdır?
— 2007-ci ildən bu günə kimi komissiyanın dövlət qulluğuna qəbulla bağlı keçirdiyi müsabiqə və müsahibələr nəticəsində 5266 vətəndaşımız dövlət orqanlarında qulluğa qəbul edilmiş və dövlət qulluqçusu statusu qazanmışdır. Onların da təxminən 25 faizini qadınlar, 80 faizini isə gənclər təşkil etmişdir.
— Azərbaycanın dövlət qulluğu sahəsində uğurlarından danışdınız. Bu nailiyyəti təbliğ etmək üçün komissiya hansı işləri görür?
— Komissiya dövlət qulluğu sahəsində əldə etdiyi təcrübəni bölüşmək və təbliğ etmək üçün 2011-ci ildən başlayaraq, hər il Bakıda müxtəlif mövzularda beynəlxalq konfranslar təşkil edir. Növbəti konfrans 9-10 iyul 2015-ci il tarixdə “Dövlət idarəçiliyi islahatları müddətində dövlət qulluqçularının potensialının artırılması” mövzusunda olacaq. Tədbirin təşkilatçısı komissiya ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramıdır (UNDP). Konfrans “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində baş tutacaq. Konfransın əsas məqsədi dövlət idarəçiliyində təcrübə mübadiləsini həyata keçirməkdir. Konfransda 20-dən çox xarici ölkənin dövlət qulluğu sahəsində ixtisaslaşmış orqanlarının və təlim mərkəzlərinin rəhbərləri və nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və Azərbaycan Respublikasının müvafiq qurumlarının rəhbər və nümayəndələrinin, habelə QHT nümayəndələrinin iştirakı nəzərdə tutulur.
— “Dövlət Qulluğu Məcəlləsi” layihəsinin hazırlanması ilə bağlı işlər nə yerdədir? Məcəllə nə zaman hazır olacaq və orada hansı məsələlər öz əksini tapacaq?
— “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda “Dövlət Qulluğu Məcəlləsi”nin hazırlanması Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşımıza vəzifə kimi qoyulmuşdur. Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GIZ) ilə birgə gerçəkləşdirdiyimiz layihə çərçivəsində bu işə xarici ekspertlər, yerli mütəxəssislər və korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış bir sıra QHT nümayəndələri cəlb edilmişdir. Hazırlanmış layihə təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədilə dövlət orqanlarına təqdim edilmişdir. Dövlət orqanları tərəfindən verilmiş rəy və təkliflər də nəzərə alınmaqla, layihə komissiya tərəfindən yenidən işlənərək təkmilləşdirilmişdir. Layihənin son versiyası komissiyanın rəsmi internet saytında yerləşdirilərək ictimai müzakirəyə təqdim edilmişdir. Layihə ilə bağlı bir neçə dəfə ictimai dinləmələr keçirilmişdir.
Dövlət qulluqçularının həvəsləndirmə növləri və formaları, dövlət qulluğundan kənaredilmə halları və qaydaları, intizam tənbehi tədbirlərinin tətbiqi əsasları, xidməti fəaliyyətin qiymətləndirilməsi nəticəsində görülən tədbirlər, ehtiyat kadrların idarə edilməsi, ehtiyat kadrlar siyahısından çıxarılmanın əsasları, dövlət qulluğuna xitam verilmə qaydaları, dövlət qulluğuna xitam verilərkən təminatlar, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluqçusunun attestasiyası, dövlət qulluqçularının pensiya təminatı və dövlət qulluğuna dair digər məsələlər məcəllə layihəsində öz əksini tapmışdır.
— Bilmək istərdik ki, hazırda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymələndirilməsi nə vəziyyətdədir və komissiya qiymətləndirmə ilə bağlı hansı tədbirlər görür?
— “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunur ki, inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir. Qiymətləndirmənin əsas məqsədi isə dövlət qulluqçusunun il ərzində vəzifəsinin öhdəsindən nə dərəcədə gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini və gələcək inkişafını müəyyən etməkdən ibarətdir. Qeyd edim ki, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi dedikdə burada söhbət yalnız inzibati vəzifə tutan dövlət qulluqçusundan gedir. Bildiyiniz kimi, dövlət qulluğunda iki növ vəzifə var: inzibati vəzifə və yardımçı vəzifə. Yardımçı vəzifə daşıyan dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilmir.
Komissiya tərəfindən təsdiq edilmiş “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın düzgün tətbiq edilməsi məqsədilə bir sıra təlimlər təşkil edilmişdir. Təlimlər bütün mərkəzi icra hakimiyyəti orqanlarında qiymətləndirməni həyata keçirəcək struktur bölmə rəhbərləri və qiymətləndirmənin tətbiqinə məsul olan nümayəndələrin və xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə xarici mütəxəssislərin iştirakı ilə keçirilmişdir. Artıq keçən ilin sonundan xidməti fəaliyyətin qiymətləndirilməsinə başlanılmışdır.
— Dövlət qulluqçuları öz səlahiyyətlərini yerinə yetirərkən etik qaydalara riayət etməlidirlər. Bu sahədə vəziyyət necədir?
— Qeyd edim ki, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tətbiqi ilə bağlı məsələləri əlaqələndirmək komissiyanın əsas vəzifələrindən biridir. Bu vəzifənin icrası ilə bağlı komissiya tərəfindən müvafiq tədbirlər görülür. Hər il dövlət orqanlarından etik hesabatlar komissiyaya təqdim edilir. Komissiya həmin hesabatları ümumiləşdirir və BMT İnkişaf Proqramının, Avropa İttifaqının, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının nümyəndələrinin, habelə QHT nümayəndələrinin iştirakı ilə ictimaiyyətə hesabat təqdim edir. Hesabatda etik davranış qaydalarına əməl edilməsi vəziyyəti, daha çox etik qaydaların pozulduğu dövlət orqanları, pozulmuş etik qaydalar, etik davranış qaydalarının pozulması ilə əlaqədar daxil olan şikayətlər və tətbiq edilmiş intizam tənbeh tədbirlərinin növləri və sayı barədə məlumat verilir. Digər tərəfdən komissiya tərəfindən dövlət qulluqçuları üçün hər il həm ölkə daxilində, həm də xaricdə çoxsaylı təlimlər təşkil edilir.
— Sonda dövlət qulluqçularına sözünüz...
— Dövlətimizin dinamik inkişafı həm də dövlət qulluqçularının öz vəzifə borclarını və səlahiyyətlərini hansı səviyyədə həyata keçirməsindən asılıdır. Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycan Respublikasının dövlət qulluqçuları korpusu onun qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlir. Dövlətimizin əldə etdiyi bütün uğurlarda dövlət qulluqçularının öz payı var. Məhz dövlət qulluqçusunun öz işinə münasibəti, onların etik davranış qaydalarına əməl etməsi, bir tərəfdən dövlət siyasətinin həyata keçirilməsini təmin edən, digər tərəfdən ölkə vətəndaşlarının dövlət idarəetmə orqanlarına münasibətini formalaşdıran əsas amildir.
Dövlət qulluqçularına vəzifə səlahiyyətlərini məsuliyyətlə, peşəkar səviyyədə yerinə yetirməyi, xalqa, dövlətə layiqli xidmət etməyi, yüksək nailiyyətlər əldə etməyi arzulayıram.
Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.