Fransalı senator: “Azərbaycanı Avropanın tərəfdaşı kimi qorumaq lazımdır”

Natali Qule ilə günün söhbəti: Azərbaycan Cənubi Qafqazda bizim dünyəvi rejimli tərəfdaşımızdır

Xəbər verdiyimiz kimi, Fransa senatoru Natali Qule iyun ayının 12-də Bakı Olimpiya Stadionunda I Avropa Oyunlarının açılış mərasimində iştirak etmiş, səhərisi gün Beynəlxalq Mətbuat Mərkəzində Fransa Senatının Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri senator Andre Rişar ilə birlikdə jurnalistlər üçün mətbuat konfransı keçirmişdi. Azərbaycan paytaxtından Parisə zəngin və unudulmaz təəssüratla qayıtmış senator Qule Fransada kifayət qədər populyar olan “Opinion Internasional” saytına müsahibə vermişdir.

Həmin yazını Milli Məclisin deputatı Cavanşir Feyziyev dilimizə tərcümə edərək redaksiyamıza göndərmişdir. “Natali Qule ilə günün söhbəti:   Azərbaycan Cənubi Qafqazda bizim dünyəvi rejimli tərəfdaşımızdır ” sərlövhəli müsahibəni oxuculara təqdim edirik:

 

UDİ-nin üzvü, Ornedən seçilmiş senator Natali Qule ilə söhbət

 

– Siz Azərbaycanda keçirilən Bakı Avropa Oyunlarından qayıdırsınız. Necə düşünürsünüz: Avropa Oyunlarını siyasi hadisə saymaq olarmı?

– Artıq, xeyli vaxtdır ki, idman və siyasət bir-birinə bağlanıb. Bakı Oyunları isə Azərbaycan ətrafında çoxlu debatlara yol açdı. Əsas tənqidlər ölkədə “demokratiyanın keyfiyyəti” ilə bağlıdır. Yəni Bakı, guya, Avropa Oyunları üçün uyğun ünvan sayıla bilməzmiş.

Düşünürəm ki, hər şeyin nisbi olduğunu unutmaq olmaz. Azərbaycan cəmi 24 yaşı olan çox gənc bir ölkədir. Onun şimal və cənub qonşuları – Rusiya və İran narahat ölkələrdir. Azərbaycan Ermənistanla açıq müharibə şəraitindədir və bu müharibədə hər gün insan ölür. Bu barədə heç vaxt heç kim danışmır.

Avropa Şurası çərçivəsində Azərbaycan öz demokratik fəaliyyətini daha da yaxşılaşdırmaq istiqamətində çalışır. Bir gün içində hər şeyi eləmək olmur. Seçki prosesinin təşkili yaxşılaşdırılmışdır. Əlbəttə, hələ də həllini gözləyən problemlər var. İstənilən halda, bu gün Azərbaycana ünvanlanmış tənqidlər çox amansız və qeyri-konstruktivdir.

– Qərbi Avropa bu Oyunlara qatılmışdımı?

– Bəli, bütün Avropa ölkələri orada idi, İslam Konfransı Təşkilatına üzv olan bu ölkəyə hətta İsrail də gəlmişdi. Ermənilərin bu oyunlara qatılması isə həm erməni atletlər üçün, həm də Azərbaycanın hakim dairələri üçün çox cəsarətli bir addım sayılmalıdır. Burada çoxlu sayda Qərb təmsilçiləri də var idi. Fransaya gəldikdə isə, bizi orada Fransa hökumətinin idman üzrə dövlət katibi Tyeri Brayar, həmçinin cüdo üzrə keçmiş dünya çempionu, fransalı deputat David Duye təmsil edirdilər.

– Beynəlxalq diplomatiyada Azərbaycanın mövqeyi?

– Geostrateji planda Azərbaycan Avropanın tərəfdaşıdır. Rusiya Gürcüstana hər gün diş qıcayır və onun hökumətini içəridən dağıdır, Ermənistanı isə işğal edərək əlində oyuncağa çevirib. Cənubi Qafqazın yeganə suveren dövləti Azərbaycandır. Bu ölkə yetərincə qərbyönümlü kurs götürərək, Rusiyaya müqavimət göstərir. Fransa üçün isə bu ölkə mühüm ticarət tərəfdaşıdır, xüsusilə neft, qaz və kənd təsərrüfatı sahəsində önəmli əməkdaşlıq edir. Azərbaycan tam inkişaf yolundadır.

Azərbaycanda qadınlar seçki hüququnu 1918-ci ildə qazanıblar. Əgər hadisələrə qərəzli yöndən yanaşılaraq, edilən ardıcıl cəhdlərə dəyər verməsək, biz bu ölkəni ya Rusiyanın qucağına, ya da ki, Asiyanın cənginə itələyib salmış olarıq. Azərbaycanı Avropanın  tərəfdaşı kimi qorumaq lazımdır.

– Azərbaycanın əhalisinin 95 faizi müsəlmandır. Azərbaycan radikal İslama qarşı aparılan beynəlxalq mübarizədə iştirak edirmi?

– Azərbaycan, sözün tam mənasında dünyəvi respublikadır. Burada yəhudi icması, həmçinin kilsələr var və xristianların heç bir problemi yoxdur. Bu ölkə İslam Konfransı Təşkilatına daxildir və eyni zamanda, İsrail ilə diplomatik münasibətlər qurub. Burada heç vaxt antisemitizm ilə bağlı problem olmayıb.

Azərbaycan İslam radikalizminə qarşı mübarizə aparır və İŞİD-ə qarşı yaradılmış koalisiyaya daxildir. Əlbəttə, bütün bunlarla hər şeyə bəraət qazandırmaq da olmaz. Amma, bir daha vurğulamaq istəyirəm ki, bütün problemləri bir gün içində həll etmək mümkün deyil. Əldə edilmiş uğurları görməzliyə vurmaq naminə uğursuzluqların qabardılmasına son qoymaq lazımdır .

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında