“Ask me”- Məndən soruş “Bakı-2015”: Görüşlər, təəssüratlar...

Səhər saat təqribən 10.00 radələridir. Baş redaktorun  tapşırığı ilə paytaxtımıza gələn qonaqlarla görüşüb onların Bakı, Avropa Oyunları barədə rəy və mülahizələrini toplamalıyıq.

Bu sətirlərin xanım müəllifi İçərişəhərin “fanatı” olduğundan, məhz ora getməyimizi təklif edir. Təklif həm də məntiqli idi. Belə ki, orada turistlərlə görüşmək şansı daha çox idi. Təbii ki, əcnəbi qonaqları qədim Bakının ruhunu özündə yaşadan İçərişəhərin mədəniyyət abidələri, muzey və sərgiləri  daha çox özünə cəlb edir.

Budur, yarım saat keçməmiş özümüzü İçərişəhərə yetirmişik. Günəş, yerli sakinlərin dili ilə desək, “Qala”nın küçələrini təzəcə isitməyə başlayıb. Həmkarım deyir ki, İçərişəhərin küçələri dar olduğu üçün günün oğlan çağında belə burada səmadakı “Odlu kurə”dən daldalanmaq olur.

 Artıq Qız qalasının düz yanındayıq. Burada həqiqətən qonaqlar çoxdur. Qıvraq, çevik hərəkətlərindən hiss olunur ki, böyük əksəriyyəti birinci Avropa yarışlarına qatılan atletlərdir. İdmançıların əhvalları yaxşıdır. Çöhrələrindən mehribanlıq yağır. Bəlkə də sağlam və güclü olduqları üçün belə sadə və mehribandırlar.  

 Gənc atletlərdən biri ilə tanış oluruq. Adı Sergeydir.  Deyir ki, Bolqarıstandan gəlib, taekvondo üzrə “Bakı-2015” yarışlarına qatılıb. İlk dəfədir ki, belə nüfuzlu yarışda iştirak edir. Medal qazana bilməsə də, yaxşı təcrübə əldə edib. Oyunlarda qazandığı təcrübənin gələcəkdə bəhrəsini görəcəyinə ümid edir.

Sergeylə sağollaşıb 30-40 addım  aralıda yerləşən Karvansaraya tərəf addımlamaq üçün buradakı zövqlə inşa edilmiş müniatür dəmir körpünün üzərindən ötüb keçmək istəyəndə diqqətimizi “Ask me” lövhəsinin yanında duran üç qız cəlb edir. Geyimlərindən “Bakı-2015"-in könülləri olduğunu anlayıb onlara yaxınlaşırıq. 

Rəna Rəhimova adlı qız deyir ki, o, Azərbaycan Dillər Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsinin üçüncü kurs tələbəsidir. Birinci Avropa Oyunlarına qatılan minlərlə könüllülərdən biridir. İşərişəhərdəki tarixi mədəniyyət abidələri barədə qonaqlara məlumat verir. Onun sözlərinə görə, turistlər ən çox Qız qalasının necə inşa edilməsi, bu abidə ilə bağlı əfsanənin həyatda həqiqətən baş verib-verməməsi ilə maraqlanırlar.

-Rəna, turistləri Qız qalası ilə bağlı ən çox nə heyrətləndirir?

Bu dəfə Rənadan qabaq digər könüllü qız - Azərbaycan Neft Akademiyasının dördüncü kurs tələbəsi  Sofiya Nakkayeva dillənir:

-Əksər gənc kişi turistlər sevgilisinə qovuşa bilməyən qızın özünü qüllənin başından dənizin sularına ataraq həlak olmasına çox heyifsilənirlər...

 -Bütün günü ayaq üstəsiniz? Yorulmursunuz ki?

-Yox, bu işi böyük həvəslə görürük. Axı, doğma şəhərimizdə dünyamiqyaslı möhtəşəm idman tədbiri keçirilir. Biz də çalışırıq ki, İçərişəhər barədə qonaqlara mümkün qədər çox və maraqlı məlumatlar verək. Hesab edirik ki, bu, bizim Oyunlara töhfəmizdir. 

Bu arada zahirən atletə oxşayan bir turist könüllü qızlara yaxınlaşır. “Ask me” lövhəsinə işarə edib qızlardan Qız qalası barədə ona məlumat vermələrini xahiş edir. Günel hər şeyi yerli-yataqlı izah edir. Həmkarım fürsəti fövtə verməyib qonağın qızlarla birlikdə şəklini çəkir. Qonaq isə  diqqətlə qulaq asandan sonra “mersi boku” deyərək razı halda uzaqlaşır.

Günel isə sonra bizə deyir:

-Vaxtımız o qədər maraqlı keçir ki, axşamın nə vaxt çatdığını hiss etmirik. Hələ evdə doğmalarımıza gün ərzində şahidi olduqlarımız barədə söhbət açacağıq...

 Öz vəzifələrini yerinə yetirmələrinə mane olmamaq üçün könüllülərdən ayrılırıq. Axı, həm də tələsirik. Redaksiyaya qayıdıb topladığımız rəyləri diktafonun yaddaşından kompüterə köçürmək  lazımdır...

Aida AYSA,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında