Bu günlərdə Bakıda məxsusi bir ab-hava var. Bir neçə gün öncə paytaxtımızda birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi keçirildi. Bu, həqiqətən, möhtəşəm idman bayramı idi. Bu tarixi günlərdə hər kəs – həm paytaxt sakinləri, həm də şəhərimizin çoxsaylı qonaqları – Oyunlarda iştirak edən atletlər, turistlər ümid və sevinc dolu həyəcanlı anlar yaşayırlar.
Qədim İçərişəhərdə də əcnəbilər həmişə olduğundan daha çox gözə dəyirdilər. Bunun daha bir səbəbi də var idi. Burada bir neçə gündür ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə VI “Qız qalası” beynəlxalq incəsənət festivalı keçirilir. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları “Qız qalası”nın, eləcə də “Bakı-2015” yarışlarının simvolları olan “Ceyran” və “Nar”-ın maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar.
Yeri gəlmişkən, festivalı ziyarət edənlər arasında “Bakı-2015” yarışlarının iştirakçıları da az deyildi. Onlar böyük maraqla rəssamların əl işlərinə baxaraq zövq alır, dünənki möhtəşəm tədbirlə bağlı təəssüratlarını bölüşürdülər. Bakıda yaşanan tarixi anların şahidi olduqları üçün hamının üzü gülürdü. Festival iştirakçılarının bəziləri ilə söhbət edib Bakı ilə bağı təəssüratlarını bölüşmələrini xahiş etdik.
Qriqori Panev, (Bolqarıstan):
– Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etdim. Çox möhtəşəm tədbir idi. Hələ heç bir idman yarışında belə gözəl təqdimat olmamışdı.
Mən Bakıya Bolqarıstanın qədim paytaxtı olmuş Veliko Ternovo şəhərindən gəlmişəm. Azərbaycan paytaxtına gəldiyim və belə bir maraqlı tədbirdə iştirak etdiyim üçün çox sevinirəm.
Bəri başdan deyim ki, paytaxtınız mənim xəyallarımda canlandırdığımdan da gözəldir. İçərişəhər xüsusilə ecazkar və bənzərsiz bir yerdir. Bura rəssamlar üçün əsl ilham mənbəyidir. Ümumiyyətlə, Bakıda insan özünü əsrarəngiz şərq nağılına düşmüş kimi hiss edir.
Biz nəsillikcə rəssamlıqla məşğuluq. Atam Xristo Panev dünya şöhrətli rəssamdır. Mənə dedilər ki, onun rəsmləri Azərbaycan modern sənət muzeyində də nümayiş etdirilir. Macal tapan kimi gedib baxacağam.
Yeri gəlmişkən, Bakıya həyat yoldaşımla birlikdə gəlmişəm. Xanımım Petya Paneva da istedadlı rəssamdır. O da Bakıya valeh olub. Xəzər dənizinin sahilində yerləşən bu gözəl məkandan ölkəmizə xoş təəssüratlarla qayıdacağıq. Həyat yoldaşımla qərara almışıq ki, gələn dəfə bura uşaqlarımızla birlikdə gələk.
Pinar Partanaz, (Türkiyə):
– İlk növbədə, Heydər Əliyev Fonduna, bu qurumun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya məni VI “Qız qalası” beynəlxalq incəsənət festivalına dəvət etdiyi üçün minnətdarlığımı bildirirəm. Mən hər bir türkün fəxrlə qardaş adlandırdığı Azərbaycan torpağına, onun gözəl başkəndinə (paytaxt-red.) İstanbuldan gəlmişəm.
Bakını ilk dəfədir ki, görürəm. Çox istəyirdim bura gələm. Nəsib olduğu üçün xoşbəxtəm. Paytaxtınız təsəvvürəgəlməz dərəcədə gözəl və bənzərsizdir. Qız qalası başqa bir aləmdir.
Mən bu günlər ərzində Bakının hər yerində, küçələrdə, parklarda və ya televiziya qarşısında Azərbaycan türklərinin şirin və qəlbəyatan ləhcəsini dinləməkdən doymuram. Özümü doğma İstanbuldakı kimi hiss edirəm. Şəhər sakinlərinin Türkiyə sevgisi qəlbimi xüsusilə çox sevindirir.
Bakıda keçirilən ilk Avropa Oyunlarının təntənəli açılış mərasimində də iştirak etmişəm. Əla tədbir idi! Əsl möcüzənin şahidi oldum. Belə böyük tədbirin Azərbaycan paytaxtında baş tutması biz Türkiyə türklərini son dərəcə sevindirir.
Çox sevinirəm ki, Türkiyə Cümhuriyyətinin başqanı, sayın Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı ilə bərabər tədbirə qatılanlar arasında idi. Oyunlarda yarışmaq üçün Türkiyədən Azərbaycana çoxlu atlet gəlib. Onların hər birinə azarkeşlik edəcəyəm. Bütün atletlərə uğurlar diləyirəm.
Əhməd Şukri, (Malayziya):
– Bakı mənim təsəvvür etdiyimdən də gözəldir. Əvvəllər heç vaxt burada olmamışam. Şəhərinizə gəlişimdən çox məmnun qalmışam.
Bakı olduqca koloritli şəhərdir. Burada qədimliklə müasirlik xoş bir harmoniya ilə birləşib. Şəhərinizin küçələri təmiz və səliqəlidir. Ən başlıcası, sakinlər çox mehriban və gülərüzlüdürlər.
Mən Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində doğulub boya-başa çatmışam. Vətənə qayıdanda həmvətənlərimlə Bakı haqqında ən xoş təəssüratları paylaşacağam.
“Bakı-2015” idman yarışlarının açılış mərasiminə tamaşa etdim. Hiss və duyğularımı sözlə təsvir etmək çətindir. Bu möhtəşəm tədbir yaddaşıma əbədi həkk olunacaq.
Bir məqamı da vurğulamaq istəyirəm. Bakının qeyri-adi bir aurası var. Oyunların ilk dəfə Bakıda təşkil olunmasına qərar verən insanlar çox düzgün addım atıblar. Bakıya həqiqətən belə mötəbər yarışlar çox yaraşır!
Arlindo Drez, (Portuqaliya):
İlk Avropa Oyunlarının açılış mərasimində oldum. Necə də valehedici, unudulmaz mənzərə idi!
Bəxtim gətirib ki, bura gəlişim ilk Avropa Oyunlarının keçirildiyi vaxta təsadüf edib. Yəqin ki, bilirsiniz, mənim Lissabondan olan 53 yaşlı həmyerlim Jorge Kristovao velosipedlə 6 min kilometr yol qət edərək Portuqaliya paytaxtından Bakıya yürüş edib. İyunun 10-da onun Bakıya gəlib çatdığı barədə məlumatım var. Jorgeni Bakıda soraqlayıb görüşmək arzusundayam. Bir də ki, “Bakı-2015” yarışlarına qatılan bütün atletlərə, eləcə də Portuqaliyanın milli komandasına uğurlar arzulayıram.
Mavi Xəzərin sahilində bərqərar olan qədim və ecazkar Bakıda, xüsusilə də İçərişəhərdə yaşayıb rəssam, şair, heykəltəraş olmamaq mümkün deyil. Bu əsrarəngiz şəhəri, Bakının nəcib, xeyirxah insanlarını tanıdıqca qəlbən sevməmək qeyri-mümkündür.
Bakıya ilk dəfədir ki, gəlmişəm. Amma elə bilirəm ki, bu şəhəri çoxdan tanıyıram. Sanki hər şey mənə tanış və doğmadır. Mən materikin qərb qurtaracağında yerləşən ölkədən - Portuqaliyadan qitənin şərqini tamamlayan ölkəyə–Azərbaycana gəlmişəm. Amma ölkələrimiz də, insanlar da bir-birlərinə çox bənzəyirlər.
Mənə elə gəlir ki, Bakı xarakterinə və görünüşünə görə həm Avropa, həm də Şərq şəhəridir. Özü də burada hər iki memarlıq üslubu bir-birini tamamlayır, harmoniya yaradır. Görünür, bu harmoniya şəhər sakinlərinin xarakterinə, davranışına da öz təsirini göstərib. Adamlar nikbindirlər, şəhərlərini sevirlər, qonaqpərvərdirlər.
Aida AYSA,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.