“Belə böyük tədbirləri keçirmək hər ölkəyə etibar edilmir...” “Bakı-2015” – Paytaxtımız qonaqların gözü ilə

Bu günlərdə doğma Bakını az qala tanımaq olmur. Şəhər o qədər qonaqlı-qaralıdır ki, küçə və meydanlarda o qədər  əcnəbi idmançılar, turistlərlə rastlaşırsan ki, bir anlığa özünü sanki başqa bir şəhərdə hiss edirsən.

Əlbəttə, dünyanın hər yerindən sənə doğma, məhrəm olan şəhərə bu qədər insanın təşrif buyurmasına çox sevinirsən. Paytaxtımızın qonaqları ilə görüşüb onların Bakı, ilk Avropa Oyunları barədə fikirlərini öyrənmişik.

Migel İSLA, (İspaniya):

– Mən Bakıya VI Beynəlxalq İncəsənət sərgisində iştirak etməyə gəlmişəm. Sərgi fərqli mədəniyyətlər arasında dostluq körpüləri yaratmaq kimi humanist ideyaya xidmət edir.

Soruşursunuz ki, “Barselona” komandası  əla futbol nümayiş etdirir, ona azarkeşlik edirəmmi? Etiraf edim ki, mən futboldan daha çox basketbola maraq göstərirəm. Axı, gənc yaşlarımda həvəslə  basketbol oynayardım. Özü də yaxşı basketbolçu idim. Özünüz görürsünüz də uca boyum var. (Gülümsəyir). Topu səbətə elə atırdım, çox az hallarda hədəfdən yayınırdı...

Lakin tale elə gətirdi ki, rəssam oldum. İdmana isə marağım azalmayıb. Bəxtim gətirib ki, Bakıda olduğum günlər ilk Avropa Oyunları ilə eyni vaxta düşüb. 12 iyunda Oyunların təntənəli açılış mərasimində iştirak etdim, orada elə bir nağıl-möcüzənin şahidi oldum ki, bu xoşbəxt anları, yəqin ki, həyatım boyu unutmayacağam.  

Bakını, onun mehriban insanlarını çox sevdim. Azərbaycanlılar da ispanlar kimi çox həssas, istiqanlı, qonaqpərvər adamlardır. Görünür, sizin də, bizim də cənubda yaşamağımız öz təsirini göstərib.

Yapi Roger (Fil Dişi Sahili):

– Mən Afrikanın qərbində yerləşən Fil dişi sahili dövlətindənəm. Bu günlərdə Bakıda olmağımdan çox məmnunam. Axı, burada böyük idman tədbiri keçirilir. Belə böyük tədbirləri keçirmək hər ölkəyə etibar edilmir. Bu ona dəlalət edir ki, Azərbaycan tərəqqi edən, zəngin dövlətdir. Bilirəm ki, ölkənizdə şəxsi idman infrastrukturu, zəngin idman ənənələri yaranıb.

Azərbaycan hökuməti düz edir ki, idmanın inkişafına belə böyük qayğı göstərir.

Vladimir Andreyev
(Sankt-Peterburq, Rusiya):

– Azərbaycanda çoxlu dostlarım var. Onlardan bəziləri ilə vaxtilə Leniqrad Rəssamlıq Akademiyasında bir yerdə oxumuşuq. Bir çoxları ilə bu gün də yaxın əlaqələrimiz var. Bu bir həqiqətdir ki, qafqazlılar, eləcə də azərbaycanlılar çox dostcanlı olurlar.

Bakıya həyat yoldaşım Natalya ilə birlikdə gəlmişəm. Şəhəriniz mənim də, xanımımın da çox xoşuna gəlib. Natalya deyir ki, burada insanlar çox mehribandırlar, doğma şəhərlərinin təəssübünü çəkirlər. Onu daha gözəl görmək istəyir, daha şöhrətli olmasını arzulayırlar.

Bakının arxitekturası məni valeh etdi. Burada qədimliklə  müasirliyin harmoniyasını müşahidə etdim. Bakının göydələnləri də göz yormur. Bu yaxınlarda Batumidə olmuşam. Orada da çoxlu hündürmərtəbəli evlər tikilib. Amma onlar Bakıdakı kimi cəlbedici və yaraşıqlı deyillər. 

Bu il faşizm üzərində Böyük Qələbənin 70 illiyi qeyd olundu. Bilirsiniz ki, Leninqrad 900 gün mühasirədə qalıb, amma qəddar düşmənə təslim olmayıb. Mənim doğma şəhərimin ən ağır günlərində azərbaycanlı əsgər və zabitlər də böyük şücaətlər göstəriblər. Məgər bunu unutmaq olar?!

Arzu edirəm ki, dünyanın hər yerində, eləcə də sizin bu gözəl, gündən-günə tərəqqi edən məmləkətinizdə sülh, əmin-amanlıq olsun. Qoy hər yerdə silahlar sussunlar, hərbçilər yox, atletlər güclərini sınasınlar. Tam əminəm ki, Bakıda keçirilən Oyunlar  sülhə və barışığa xidmət edir.

Aida AYSA,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında