Son vaxtlar Gəncənin necə böyük sürətlə inkişaf etdiyi göz qabağındadır. Qədim Nizami yurdunda elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın, yaxud unudulsun. İnkişafı göz qabağında olan sahələrdən biri də Gəncənin səhiyyəsidir. Burada bir çox tibb ocaqları var ki, hələ ötən əsrdə ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə istifadəyə verilib.
Şəhərdə adlı- sanlı həkimlər də az deyil. Onların təcrübəsindən gənclər də faydalanırlar. Digər tərəfdən, şəhərdə tibbin müxtəlif sahələrini əhatə edən konfransların, müxtəlif təcrübə mübadilələrinin, görüşlərin keçirilməsinin bir ənənə şəklini alması Gəncədəki tibb işçilərinin xeyli təcrübə qazanmasına, təkmilləşməsinə müsbət təsir göstərir. Şəhər səhiyyə idarəsinin rəisi, Əməkdar həkim tibb elmləri doktoru, professor Əlikram Məmmədovun nümunə göstərməsi, vaxtaşırı olaraq cərrahiyyə əməliyyatları aparması və bu zaman gənc cərrahların da iştirakına, öyrənməsinə şərait yaratması, bütövlükdə, Gəncədə səhiyyənin tədricən yaxşılaşmasına müsbət təsir edən amillərdəndir.
Tibb İşçiləri Günü ərəfəsində idarənin rəisi Əlikram Məmmədovla görüşdük və ona bir neçə sualla müraciət etdik.
— Professor, Gəncənin tibb işçiləri öz peşə bayramlarını necə qarşılayırlar?
— Bilmirəm təsadüfdir, ya nədirsə, bizim peşə bayramımız həmişə xalqımız üçün çox əlamətdar olan bir bayram — Milli Qurtuluş Günü ilə, demək olar ki, eyni vaxta düşür. Zənnimcə, burada qanunauyğunluq var. Axı, ulu öndərin Azərbaycana qayıdışı olmasaydı, biz, bəlkə də bu gün belə bayramdan söz salmayacaqdıq. Heydər Əliyevin səhiyyənin inkişafı ilə bağlı gördüyü işlər o qədər geniş və əhatəlidir ki, bu barədə kiçik bir söhbətlə keçinmək mümkin deyil. Təbii ki, ümummilli liderin gördüyü işlər, bu sahədə apardığı islahatlar Azərbaycanda, o cümlədən Gəncədə öz bəhrəsini verib və bu gün də verir. Gəncənin səhiyyə ocaqlarının maddi-texniki bazası on-on beş il əvvəlki deyil. Şəhərin mövcud tibb müəssisələrinin bir çoxu əsaslı təmir olunub, ən müasir avadanlıqlarla təchiz edilib, həkimlərin və digər tibb işçilərinin peşə təcrübəsi xeyli artıb. Gəncənin ən böyük tibb ocağı sayılan Abbas Səhhət adına xəstəxana tamamilə yenidən qurulub. Bəlkə də, yenidən tikilib desək, daha dəqiq olar. Bura indiyədək Gəncədə olmayan tibb avadanlıqları gətirilib, xəstələr və tibb işçiləri üçün ən yüksək şərait yaradılıb. Onkologiya xəstəxanası müasir tələblərə cavab verir və əvvəllər olduğu kimi, daha xəstələrin Bakı və digər şəhərlərə üz tutmasına ehtiyac qalmır. Müasir şüa aparatına kimi quraşdırılıb və istifadəyə verilib. Qeyd edim ki, bu işlərin, həmçinin digər tədbirlərin həyata keçirilməsində bizə hörmətli akademik Cəmil Əliyevin çox böyük köməyi, dəstəyi olub.
Şəhərdəki psixatriya xəstəxanası tezliklə tamamilə başqa görkəmdə olacaq. Son vaxtlar burada müəyyən kosmetik təmir işləri həyata keçirmişik. Vacib tibb ocağını təzə paltar, tibb ləvazimatı və digər materiallarla təmin etmişik. Lakin bu da kifayət deyil. İstəyirik ki, tamamilə yeni bir görkəmdə, müasir bir xəstəxana tikib istifadəyə verək. Bunun üçün şəhər icra hakimiyyəti bizə yer də ayırıb və artıq binanın özülü qazılıb. Belə bir müasir bina tezliklə doğum evi üçün də inşa olunacaq. Çünki artıq şərait olmadığından şəhərdə doğum evinin yerləşdiyi qədim bina bağlanıb.
— Razılaşın ki, nə qədər yeni səhiyyə ocaqları tıkilsə də, təzə, müasir avadanlıqlar gətirilib quraşdırılsa da, yaxşı həkim kadrı olmadan səhiyyəni hərtərəfli inkişaf etdirmək mümkün deyil. Bəs bu sahədə Gəncədə vəziyyət necədir?
— Tamamilə doğrudur. Yaxşı mütəxəssis yoxdursa, yaxşı tibbi xidmət də yoxdur. Əgər yüz minlərlə, milyonlarla manata alınıb gətirilən qurğunu işlətməyi bacaran mütəxəssis yoxdursa, demək, çəkilən zəhmət də hədər gedir, vəsait də. Yox, Gəncənin potensial imkanları böyükdür və yaxşı kadrları da az deyil. Sadəcə, bir çoxlarının təkmilləşməyə, daha zəngin təcrübə əldə etməyə ehtiyacı var.
Təsadüfi deyil ki, biz şəhərdə tez- tez səhiyyənin müxtəlif sahələrini əhatə edən elmi- praktik konfranslar, görüşlər, təcrübə mübadilələri təşkil edir və faydasını da görürük. Xarici ölkələrdən də dəvət etdiklərimiz az deyil. Biz özümüz də başqa ölkələrə mütəxəssislərimizi göndəririk. Elə indinin özündə 3 kadrımız Türkiyə Respublikasındadır.
Gənclərə daha çox üstünlük veririk. “Gənc cərrahlar”, “Gənc pediatrlar” cəmiyyətləri yaratmışıq. İstər- istəməz təsiri böyükdür, bir məsuliyyət hiss edirlər.
— Təbii ki, ən başlıca vəzifələrdən biri də bəzi xəstəliklərin qarşısını əvvəlcədən almaqdır, profilaktiki tədbirlərin həyata keçirilməsidir. Bu sahədə vəziyyət necədir?
— Bəri başdan deyim ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə artıq ikinci ildir əhalinin pulsuz müayinəsi keçirilir ki, bu, həmin məsələnin uğurlu həllinə bilavasitə kömək göstərir. Minlərlə, yüz minlərlə xəstədə erkən aşkarlanan xəstəlik onları vaxtında sağaltmağa imkan yaradır. Bu işin də yüksək səviyyədə həyata keçirilməsində şəhər icra hakimiyyəti bizə yaxından kömək edir. Ümumiyyətlə, qeyd edim ki, şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bizə çox dəstək verir, dəyərli təşəbbüsləri müdafiə edir, yardım göstərir. Səhiyyə naziri Oktay Şirəliyevin Gəncədə bir çox xəstəliklərin qarşısının vaxtında alınmasında köməyi olduqca böyükdür. Gəncə hər ay nəzərdə tutulan bütün dərman pereparatlarının hamısını hətta vaxtından da əvvəl alır.
Bız şəhərdə uşaq ölümünün qarşısını almaq üçün bir sıra qabaqlayıcı, təsirli tədbirlər həyata keçirmişik. Artıq neçə aylardır ki, uşaq ölümü qeydə alınmır. Sadəcə, məsuliyyət hissi artırılıb və hər cür formal xəstəlik vərəqi yazmaq kimi “iş üsulu” aradan qaldırılıb.
Gəncədə səhiyyənin tezliklə daha böyük uğurlar qazanacağına əminəm. Buna imkan da var, şərait də.
Söhbəti yazdı: Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.