Böyük Britaniyanın Edinburq Universitetinin professoru, şair-ədəbiyyatşünas Qulamrza Səbri Təbrizi Azərbaycan diaspor hərəkatının görkəmli nümayəndələrindən biridir. Qulamrza bəy dünən səhər, iş günü təzə başlayanda redaksiyamıza telefon açmış, “Bakı-2015" idman yarışlarının Azərbaycanda keçirilməsindən son dərəcə məmnun olduğunu bildirmişdir. Söhbət əsnasında professor təklifimizi lütfən qəbul edərək müsahibə vermişdir. Müsahibəni qəzetimizin oxucularının diqqətinə təqdim edirik.
– Qulamrza bəy, siz bütün ruhunuz, qəlbiniz, düşüncənizlə Azərbaycana bağlı olan böyük ziyalılarımızdan birisiniz. Necə düşünürsünüz, dünyada söz sahiblərindən olan qocaman Avropa qitəsi səviyyəsində keçirilən bu tədbirin ölkəmizə əsas faydası nədən ibarətdir?
– Bəri başdan qeyd etmək istərdim ki, bu, möhtəşəm tədbirdir, əslində, çox böyük idman bayramıdır. Amma bu barədə geniş danışmazdan əvvəl, bu mühüm hadisənin məğzini, mahiyyətini açmaq istərdim. Hesab edirəm ki, birinci Avropa Oyunlarının gənc, müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakıda keçirilməsi xalqımızın, eləcə də bütün dünya türklərinin dahi oğlu Heydər Əliyevin möhtəşəm müdriklik fəlsəfəsinin təntənəsidir. Mən bu fəlsəfənin miqyasının, dərinliyinin daim fərqindəyəm və xalqımıza nə qədər böyük faydalar gətirdiyini hər an hiss edirəm.
Ümummilli liderimizlə bağlı yazdığım məqalələrdən, müsahibələrimdən ibarət “Müdriklik fəlsəfəsi” adlı kitabım 2006-cı ildə Bakıda nəşr olunmuşdu. Həmin kitabın ilk səhifəsindən sonunadək qırmızı xətlə keçən əsas ideya budur ki, dünya tarixində yalnız nadir şəxsiyyətlər, dahi siyasətçilər bəşəriyyətin qərinələr, əsrlər sonrası inkişaf istiqamətlərini görə biliblər. Heydər Əliyev də məhz belə bəsirət sahibi olan dahi siyasətçilərdən biri idi.
Ulu öndər gənc, müstəqil Azərbaycanın parlaq gələcəyinə inanırdı. Tövsiyə edirdi ki, Azərbaycan yalnız sülh, barışıq, elm, təhsil yolu ilə inkişaf və tərəqqi etməlidir. Xalqa, millətə başucalığı gətirən amillərdən biri də idmandır. Bəzilərinə idman adi, sıradan bir yarış təsiri bağışlayır. Belə deyil. İdmanın bütün başqa humanitar sahələr, yəni, elm, təhsil qədər cəmiyyətə pozitiv təsiri var. Ən başlıcası, idman, ilk növbədə sülh və barışıq missiyası kimi bəşəri amallara xidmət edir.
Təqdirəlayiq haldır ki, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmış bu müdrik siyasi xətti hazırda böyük uğurla davam etdirir. Avropanın ən xarizmatik liderlərindən biri olan Azərbaycan lideri cənab İlham Əliyev dahi Heydər Əliyevin müdriklik fəlsəfəsini görünür dərindən və yeni dövrün tələblərinə uyğun olaraq tam mənimsəyib.
Bu fikri ona görə məxsusi vurğulayıram ki, Prezident İlham Əliyev “Bakı -2015” yarışlarına Azərbaycanın ev sahibliyi etməsinə qərar verməklə çox düzgün və praktik addım atmışdır. Dünya bu gün çox narahatdır. Heç kimə sirr deyil ki, Yaxın Şərqdə, Mərkəzi Asiyada, bir çox ərəb dövlətlərində ağır münaqişə ocaqları yaratmaqla dünyanı yeni cahan savaşına sürükləmək niyyətinə düşən qüvvələr var. Bunları nəzərə alsaq, geniş mənada, Azərbaycan dövlətinin başçısı təkcə öz ölkəsi adından deyil, bütün Şərq dünyası adından Qərbə bir daha sülh, dostluq və həmrəylik mesajı göndərib.
– Professor, Qərbdə Azərbaycanın nə qədər böyük bir missiyanı öz üzərinə götürdüyünün fərqinə varırlarmı?
– Dərk edənlər var və yaxşı ki, belələrinin sayı durmadan artır. Məsələn, konkret misal çəkə bilərəm. Edinburq Universtitetinin Ouen Dudley Edvards adlı bir məşhur professoru var, Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanışdır. Yeri gəlmişkən, özü də tarixçidir. Bu günlərdə mənə telefon açmışdı və birinci Avropa Oyunlarının Azərbaycan paytaxtında keçirilməsinin böyük əhəmiyyəti olduğunu dönə-dönə vurğulayaraq, xalqımızı, məni bu hadisə münasibətilə ürəkdən təbrik etdi.
Bəli, Qərbdə ağıllı şəxsiyyətlər anlayırlar ki, idman bu gün Avropa qitəsində inteqrasiya proseslərini gücləndirə bilər. İdmanın missiyası xalqları, millətləri bir-birindən ayırmaq deyil, əksinə, birləşdirməkdir, dostluğa, həmrəyliyə, tolerantlığa yol açmaqdır. Bu mənada Azərbaycan ilk Avropa Oyunları kimi nəhəng maliyyə vəsaiti tələb edən “yükü” öz üzərinə götürməklə, əslində, Avropa xalqlarının gələcəyi üçün böyük faydası olan xeyirxah humanist missiyaya bələdçilik edir.
– Şübhəsiz, “Bakı-2015” birinci Avropa Oyunları, ilk növbədə humanitar missiya daşıyır. Sizcə, onun digər nə kimi faydaları olacaq?
– Bəziləri belə hesab edirlər ki, Azərbaycan dövləti külli miqdarda vəsait xərcləməklə, yalnız şan-şöhrət qazanmağa can atır. Qəti etiraz edirəm. Bu yarışlar ölkəyə çox böyük dividendlər, o cümlədən maliyyə sarıdan gəlir gətirəcək. Azərbaycanı böyük turizm ölkəsinə çevirəcək, bura iri sərmayələr axacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyev kimi dahidən müdriklik dərsi alıb, təbiidir ki, bütün bunları ölçüb-biçib. Azərbaycanın xeyri ölçüyəgəlməz dərəcədə çox olacaq.
– Qulamrza bəy, siz vurğulayırsınız ki, Azərbaycan böyük bir humanist missiyanı öhdəsinə götürüb. Amma dünən (artıq srağagün – red), 10 iyunda Avropa Parlamentində “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı keçirilmiş dinləmələr zamanı bəzi siyasi qruplar tərəfindən ölkəmizə qarşı yenidən qərəzli fikirlər, qarayaxmalar səsləndirilib...
– Bu barədə artıq məlumatım var. Bu məsələ ilə bağlı Azərbaycan Milli Məclisinin bir qrup deputatının bəyanatını da oxumuşam. Bəyanatda haqlı olaraq vurğulanır ki, Azərbaycanı nüfuzdan salmaq istəyən həmin dairələr hətta Avropa idman hərəkatı tarixində yeni mərhələ açacaq Bakı yarışlarının keçirilməsinə maneçilik törətməyə çalışırlar. Bu, yolverilməzdir və böyük ədalətsizlikdir.
Haqqa, ədalətə qara yaxmaq qeyri-mümkündür. Əminəm ki, Azərbaycana qarşı düşmən mövqedə olanlar birinci Avropa Oyunlarının keçirilməsinə və uğurla başa çatmasına heç bir vəchlə mane ola bilməyəcəklər. Avropanın hər yerindən Bakıya atletlər gəlirlər, onlar böyük həvəslə bu yarışlara qoşulurlar, əminəm ki, Oyunlardan da böyük zövq alacaqlar.
Zülmət heç zaman işığın qarşısını kəsə bilməz. Dahi Heydər Əliyev deyirdi ki, Azərbaycan dünyaya Günəş kimi doğacaq! Azərbaycan bu gün bütün dünyaya təkcə möhtəşəm idman komplekslərinin qapılarını deyil, qədim tarixinin və zəngin mədəniyyətinin, mənəviyyatının qapılarını açır. Bu, məğrur və qüdrətli xalq dünya sivilizasiyasına böyük şəxsiyyətləri, o cümlədən Heydər Əliyev kimi dahi siyasətçini bəxş edib. Onun müdriklik fəlsəfəsi Azərbaycanı daim irəli aparacaq.Bu yoldan Azərbaycanı heç bir qüvvə sapdıra bilməz!
– Nəhayət, sonuncu sual: İdmançılar üçün həyatlarında ən xoşbəxt an, təbii ki, qələbə çaldıqları - mükafat aldıqları məqamlardır. Bəs sizin həyatınızın ən silinməz anları nə ilə bağlı olub?
– Mənim kifayət qədər uğurlarım, mükafatlarım olub. Amma həmişə fəxr etmişəm və özümü xoşbəxt sanmışam ki. unudulmaz ulu öndərimiz Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayında məni tədbir iştirakçılarına “Mənim dostum “Qulamrza Səbri Təbrizi” kimi təqdim etdi. Mənim həyatda bundan böyük və qiymətli mükafatım olmayıb!
Söhbəti qələmə aldılar:
Qüdrət PİRİYEV,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.