Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birinci Avropa Oyunlarına tam hazırdır

İki gün sonra Bakıda birinci Avropa Oyunlarına start verilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN)də yaradılan qərargah birinci Avropa Oyunlarında informasiya və telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili üzrə işlərin icrasını artıq başa çatdırıb. Qərargah rəhbərinin müavini, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov  bizimlə  söhbətində oyunların telekommunikasiya, internet, mobil və radiorabitə xidmətləri, radiotezliklərlə təminat, informasiya təhlükəsizliyi, telekommunikasiya şəbəkə və obyektlərinin dayanıqlığının hazırlıq vəziyyəti ilə bağlı ətraflı məlumat verdi.

– İltimas  müəllim, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birinci Avropa Oyunları ilə bağlı üzərinə düşən vəzifələrin öhdəsindən kifayət  qədər  gələ bilibmi? Nazirlik tərəfindən indiyə qədər hansı tədbirlər  həyata keçirilib?

– Gənclər və İdman Nazirliyi və RYTN arasında Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə təchizatına dair əməkdaşlıq haqqında protokol 2014-cü  il sentyabrın 1-də imzalanmışdır. Bu protokolda RYTN tərəfindən təşkilati və oyun məkanlarına birbaşa və alternativ istiqamətlərdən fiber-optik kabellərin çəkilməsi, optik kabellərdən ödənişsiz istifadəyə şəraitin yaradılması, oyunların keçirilməsinə tələb olunan radiotezliklərin tam və ödənişsiz ayrılması, radiomonitorinq avadanlıqları ilə təchiz edilməsi və s. üzrə öhdəliklər götürülmüşdür. 

Bakı Avropa Oyunları  Əməliyyat Komitəsi (BAOƏK)  tərəfindən 15  yanvar 2014-cü il tarixindən 15  sentyabr 2015-ci il tarixinə qədər müddəti əhatə edən və 69 qlobal məsələdən ibarət yol xəritəsi rəhbər komitəyə təqdim edilmiş və yol xəritəsində qarşıya qoyulmuş məsələlər nəzərdə tutulan müddətlərdə icra edilmişdir. Avropa Oyunlarının telekommunikasiya xidmətlərinin hazırlığına dair inteqrasiya qrupunun iclasında BAOƏK və RYTN-nin birgə bildirişi də təqdim edilmişdir.

Hazırlıq  müddəti ərzində oyunların telekommunikasiya xidmətləri və radiotezliklərlə təchizatı istiqamətində  bir  sıra  mühüm  tədbirlər  həyata keçirilmişdir. Belə ki, Avropa Oyunlarının keçiriləcəyi oyun məkanlarına və təşkilati binalara BAOƏK-in tələbatına müvafiq olaraq, ümumilikdə  300 kilometrdən çox optik kabelin və 4,7 kilometr mis kabelin çəkilişi, montaj və ölçü işləri başa çatdırılıb. 13 yarış məkanına və 13 təşkilati məkana əsas və alternativ istiqamətlərdən optik kabellər çəkilib. Bundan başqa, Bakı telefon şəbəkəsində çəkilmiş optik kabellərin monitorinqi üzrə yeni sistem alınıb quraşdırılıb.  Dövlət qurumlarına tələb olunan miqdarda optik liflər ayrılıb. “Delta Telekom LTD” MMM-də və Atletlər kəndində təşkil edilmiş data mərkəzləri ilə oyun və təşkilati məkanlar arasında optik əlaqə əsas və alternativ istiqamətlərdə təmin edilib.

Avropa Oyunlarının keçiriləcəyi Mingəçevir şəhərindən  də  Bakı şəhərinə 2 alternativ istiqamətdən telekommunikasiya xidmətləri və yayım üçün 4Gb tutumuna malik kanallar təşkil edilib.

Görülən işlər sırasında Bakı şəhərində 3 məntəqədə quraşdırılacaq ümumi görünüş kameralarına optik kabellərin  çəkilməsi də  daxildir. Oyun və təşkilati məkanlar internetin təşkili və SİP-T xidmətləri  (məkanlara telefon rabitəsi) “Delta Telecom LTD” MMM tərəfindən təmin edilib. Yarış və təşkilati məkanların, hərəkət marşrutlarının “Tetra” radiorabitəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təşkil edilib, Bakı şəhərində “Tetra” radio şəbəkəsinin genişləndirilməsi işləri  də aparılıb. Bunun üçün 5500 “Tetra” radio terminalları alınıb. Oyunlara xidmət göstərəcək “2015” çağrı xidmətinin yaradılması məqsədilə RYTN tərəfindən “Azerfon” MMC-yə “2015” qısa nömrəsi ayrılıb və xidmətin fəaliyyəti və bu qısa nömrəyə stasionar və mobil operatorlardan zənglərin ödənişsiz aparılması təmin edilib. Bir məsələni də  qeyd edim ki,  BAOƏK-in müraciəti nəzərə alınaraq, cari ilin may ayından etibarən iyul ayına qədər mobil cihazların qeydiyyat müddəti 30 gündən 60 günə qədər artırılıb. Birinci Avropa Oyunlarına həsr edilmiş və oyun məkanlarını və idman növlərini əks etdirən poçt markaları rəsmi olaraq dövriyyəyə buraxılıb və “Bakı 2015” tematik mağazalarında satışı təşkil edilib. Atletlər kəndi poçt şöbəsinin təşkili üçün ayrılmış   sahədə müvafiq poçt ximətlərinin göstərilməsi və markaların satışı üçün hazır vəziyyətə gətirilib.

– “Bakı-2015” I Avropa Oyunlarına hazırlıqla əlaqədar istifadəçilərin yüksəkkeyfiyyətli mobil telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə  respublikamızda fəaliyyət göstərən  mobil rabitə operatorlarının xidmət keyfiyyətinin monitorinqi aparılmışdır. RYTN-in sifarişinə əsasən, ABŞ-ın bu sahədə ixtisaslaşmış “Global Wireless Solutions”  şirkəti tərəfindən aparılan monitorinqlərin nəticəsi nə göstərdi? Eyni zamanda, RYTN texniki problemlərin qısa müddət ərzində aradan qaldırılması üçün mobil operatorlara müvafiq tapşırıqlar vermişdi. Mobil rabitə operatorları Oyunlar zamanı rabitə xidmətlərinin təchizatı ilə bağlı məsələlərə tam hazırdırmı?

– Test işlərinin aparılmasına bu il aprel ayının əvvəlindən başlanmış, may ayının 14-dək  davam etdirilmişdir. Bakı şəhəri ərazisində, o cümlədən  yarışların keçiriləcəyi idman komplekslərində, insanların çox toplaşdığı müxtəlif məkanlar üzrə mövcud daxili şəbəkələrdə, Bakı və Mingəçevir şəhərləri arasında magistral avtomobil yollarında aparılan test işləri əsasən şəbəkələrin əhatə dairəsi, şəbəkəyə giriş imkanı və xidmətlərin dayanıqlığı, səs və paket tipli məlumat mübadiləsinin təhlil olunması, birgə şəbəkə analizinin aparılması, eyni zamanda GSM, UMTS/HSDPA, LTE və s. texnologiyalar üzrə istifadəçilərə göstərilən xidmət səviyyəsi ölçülmüş və yekun hesabat hazırlanmışdır.

Alınmış nəticələrə görə, respublikanın mobil rabitə şəbəkəsinin və göstərilən xidmətlərin keyfiyyəti ümumilikdə qənaətbəxş hesab edilmişdir. Səs mübadiləsi üzrə əldə olunan məlumatlar beynəlxalq səviyyə ilə müqayisə edilmiş və müəyyən olunmuşdur ki, operatorların bu imkanları orta hesabla 98 faiz, şəbəkənin etibarlılığı isə 96 faiz təmin olunub.

Bakı şəhərində, eləcə də Mingəçevirdə şəbəkəyə çıxış imkanı və şəbəkənin etibarlılığı məqbul səviyyədədir. Test işləri zamanı sinxron səs, məlumatların yüklənməsi, şəbəkənin gücü  üzrə də yoxlamalar aparılmış və nəticə operatorlar üzrə müqayisə edilmişdir.

“AzercellTelekom” MMC tərəfindən Milli Gimnastika Arenası və Olimpiya Stadionunda, “Bakcell” MMC (Azərkonnekt) tərəfindən Su İdmanı Mərkəzi və Heydər Əliyev adına İdman Arenasında yeni binadaxili mobil rabitə sistemi quraşdırılaraq  bu məkanlar mobil rabitə xidmətləri ilə təchiz edilib. Quraşdırılan  daxili mobil rabitə sistemlərindən hər üç operatorun istifadəsi nəzərdə tutulub. Digər oyun və təşkilati məkanlarda da mobil rabitə sistemlərinin fəaliyyəti təşkil edilib. Eyni zamanda, sosial layihələrdə yaxından iştirak edən “Nar Mobile” ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi çıxış edir.

ABŞ-ın “Global Wireless Solutions” şirkəti tərəfindən Bakı və Mingəçevir şəhərlərində və iri avtomobil magistrallarında hər üç mobil operatorun göstərdiyi 2G, 3G, 4G mobil xidmətlərinin keyfiyyəti və əhatə dairəsi ilə bağlı monitorinq aparılmış və bəzi ərazilərdə hər üç mobil operatorun xidmət keyfiyyətində müəyyən çatışmazlıqlar müəyyən olunmuşdur ki, onların  qısa müddətdə aradan qaldırılması üçün mobil operatorlara müvafiq tapşırıqlar verilmişdir.

– Oyunların bütün dünyada izlənilməsi üçün yayımın yüksək səviyyədə təşkili olduqca vacibdir. Bu sahədə hansı işlər həyata keçirilib?

Oyunlar zamanı məkanlara və eləcə də məkanlardan TV yayımının etibarlı şəkildə təşkili üçün optik kabellərlə təminat RYTN-nin üzərinə düşən vacib məsələlərdəndir. Bu məqsədlə oyun və təşkilati məkanlardan birbaşa TV yayımının təşkili üçün şəbəkənin qurulması işləri başa çatdırılıb. Oyun məkanlarındakı yarışların yayımının Beynəlxalq Yayım Mərkəzinə optik kabellər vasitəsilə ötürülməsi və oyunların dünyaya yayımının INTELSAT, ASİASAT, EUTELSAT və AZERSPACE peyklərindən istifadə etməklə BAOƏK-nin müqaviləçisi olan Beynəlxalq İdman Yayım şirkəti tərəfindən təmin ediləcəkdir. AZERSPACE peyklərindən istifadə yayımının təşkili də təmin ediləcəkdir. Mingəçevirdə keçiriləcək avarçəkmə oyununun yayımı üçün AZERSPACE-dən ehtiyat kimi istifadə üçün tədbir görülüb. Eyni zamanda, “Azərkosmos” ASC oyunların rəsmi dəstəkçisi seçilmişdir.

Oyunların respublikada yayımına hüquq sahibi olan AzTV şirkətinə isə müvafiq sayda optik liflər ayrılıb.

– Yayımdan söz düşmüşkən, əlavə radiotezliklər tələb olunarsa, bu proses necə yerinə yetiriləcək?

– Nazirliyin vəzifələri sırasına oyunların təşkili ilə bağlı tələb olunan radiotezliklərin ayrılması və müdafiəsinin təmin edilməsi də daxildir. Birinci Avropa Oyunlarının keçiriləcəyi məkanlar və təşkilati binalarda istifadə üçün tələb olunan radiotezliklər artıq müəyyən edilib. Tələb olunan radiotezliklərin Radiotezliklər üzrə Dövlət Komissiyası və Dövlət Radiotezliklər İdarəsi tərəfindən inventarizasiya olunaraq, boş radiotezliklərin ayrılması və zərurət yaranarsa, istifadədə olan radiotezliklərin qısa müddətə müvəqqəti boşaldılaraq oyunların keçiriləcəyi vaxt ərzində ayrılması nəzərdə tutulur.

Radiotezliklərin monitorinqinin təşkili üçün avadanlıqlar da vacib məsələdir. Radiotezliklərin müdafiəsinin təşkili ilə bağlı mobil sistemlər üçün xüsusi təchiz edilmiş 5 xüsusi avtomobil alınıb. Buraya həmçinin, mobil sistem üçün yüksək radiotezlikli qəbuledici və analizatorlar, müxtəlif tip antenfider dəstləri, analizatorların yüksək tezlikli antenlərlə uzlaşmasını təmin edən modullar, portativ analizatorlar daxildir. Qeyd olunan nəqliyyat vasitələri və texniki avadanlıqların istifadəsində işləyəcək qruplara treninqlər keçirilib.

Həmçinin, REV-lərin qeydiyyatının aparılmasını və müvafiq icazə lisenziyalarının verilməsini elektron üsülla operativ həyata keçirən www.rdlass-baku2015.com saytı yaradılmışdır.

Eyni zamanda, Oyunlara nəzarət edilməsi və istənilən problemə qarşı operativ addımların təşkili və idarəsi məqsədilə BAOƏK-də yaradılmış Texniki Əməliyyat Mərkəzində də DRİ-nin məsul şəxslərindən növbəli şəkildə iş təşkil edilmişdir.

– Təbii ki, I Avropa Oyunları bütün dünyada nüfuzuna görə dost ölkələrlə yanaşı, dost olmayan ölkələrin də diqqətindədir. Bu baxımdan, Oyunlar zamanı gözlənilən risklər nəzərə alınıbmı? Kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı hansı qabaqlayıcı tədbirlər nəzərdə tutulur?

– Oyunlardan öncə və Oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə informasiya təhlükəsizliyi idarəetmə qrupu yaradılıb. Qrupun iclaslarında RYTN-in nümayəndələri də iştirak edir. Məlumatların qorunması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi, oyunların keçirildiyi dövrdə dövlət əhəmiyyətli saytların müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir. Həmçinin “Bakı-2015”  üzrə internetin təşkilində bulud sistemindən istifadə edilir. Müvafiq saytların nəzarətdə saxlanılır, kibertəhlükəsizlik riskləri və hər hansı hazırkı, yaxud gələcək təhlükələr üzrə qabaqlayıcı tədbirlərin görülməsi də nəzərdə tutulur.

Eyni zamanda, baku2015.com saytının, həmçinin dövlət və strateji saytların mühafizəsi üçün RYTN-in ETM-i, BAOƏK və Delta Telecom birgə fəaliyyət göstərir. Bununla yanaşı kibertəhlükəsizliyin təmin edilməsi  üçün “Delta Telekom LTD” MMM tərəfindən müvafiq tədbirlər görülüb. Hazırda sutkalıq növbətçilik təşkil edilib və yarana biləcək problemin qarşısının alınması üçün zəruri tədbirlər görüləcəkdir.

– RYTN Oyunların təşkili ilə bağlı hansı qurumlarla əməkdaşlığını gücləndirib?

– "Bakı-2015" Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BAOƏK) dövlət orqanları ilə yüksək səviyyədə səmərəli əməkdaşlığın qurulması və tərəflərin birgə fəaliyyət prosesinə uyğunlaşdırılması məqsədilə yaradılmış inteqrasiya qrupunun iclaslarında iştirak edilir. İclaslarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, kabellərin mühafizəsi, RYTN-ə aid işlərin təşkili səviyyəsi və digər əlaqədar məsələlər müzakirə edilir.

İnteqrasiya qrupunun “Oyunlar əməliyyatları həyatında bir gün” adlı “dəyirmi masa” təlimlərində oyunların bir günündə bir sıra ehtimal oluna bilən hadisələr simulyasiya edilib və Oyunlara nəzarət edən əməliyyat qruplarının bu hadisələrə reaksiyası və tədbirləri müşahidə edilərək qrupların Oyunlar zamanı öz funksiyalarının icrasına hazırlıqları yoxlanılıb.

 Hazırlıq işləri artıq başa çatdırılıb. Oyunların yüksək səviyyədə təşkilinin təmin olunması ilə bağlı RYTN-nin qarşısında indi hansı vəzifələr durur? - Hazırda BAOƏK-in Texniki Əməliyyat Mərkəzində BTRİB, DRİ, Delta Telekomun və nazir Əli Abbasovun əmri ilə yaradılmış RYTN-in qaynar xətt xidmətində RYTN-in əməkdaşları gecə saatları istisna olmaqla (0200 - 0600) yuxarıda qeyd olunan şəbəkə avadanlıq və qurğularının keyfiyyətli  və dayanıqlı fəaliyyət göstərməsinə nəzarəti təşkil ediblər. Eyni zamanda, birinci Avropa Oyunlarına hazırlıq və oyunlar zamanı RYTN-ə aid öhdəliklərin lazımi səviyyədə icrası məqsədilə RYTN-in aidiyyəti birlik və müəssisələrinə, mobil operatorlara, özəl telekommunikasiya operatorlarına RYTN-dən BAOƏK-lə razılaşdırmaqla  müəyyən tapşırıq verilib, onların icrası təmin edilib. Əsas və ehtiyat qida qurğularının işini ilk olaraq   qeyd etmək istərdim. Bu müddət ərzində qazıntı, təmir-bərpa işləri aparılmayacaq, proqramlarda dəyişiklik edilməyəcək.

Obyektlərə buraxılış rejimi və onların mühafizəsi gücləndirilib, yanğın təhlükəsizlik qaydalarına ciddi əməl edilir.  Bütün məsələlər  üzrə işçilər əlavə təlimatlandırılıb. Bundan başqa, kabellərin mühafizəsi gücləndirilib, taksofonların işinə nəzarət artırılıb. Dövlət və özəl TV yayımlarının keyfiyyətli və fasiləsiz təşkili, internet xidmətlərinin və beynəlxalq rabitənin keyfiyyəti  təmin edilib və s.

İnanırıq ki,  birinci Avropa Oyunları  Azərbaycanın   böyük  qüdrətə malik bir ölkə olduğunu bir daha təsdiq edəcək.

Söhbəti yazdı:
M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında