Müsahibimiz Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyevdir
– Ağacan müəllim, qitəmizin Olimpiadası sayılan I Avropa Oyunları və Bakının bu Oyunlara ev sahibi seçilməsi ilə bağlı fikirlərinizi bilmək maraqlıdır.
– Olimpiya Oyunları Avropa qitəsində yaranıb, orada da bərpa edilməsinə baxmayaraq, Avropa Oyunlarının indiyə qədər keçirilməməsi, əlbəttə, haqsızlıq idi. Qitəmizin öz oyunlarını keçirməsi qərarı tam ədalətli bir qərar idi. Digər ədalətli qərar isə bu oyunların ev sahibliyinin “Odlar yurdu” Azərbaycana etibar edilməsi idi. Avropanın idman – Olimpiya ailəsi səs çoxluğu ilə mötəbər tədbirləri keçirməkdə zəngin təcrübə əldə etmiş, müasir infrastruktura malik, sabitlik və təhlükəsizlik ocağı kimi tanınmış, torpaqlarının 20 faizinin qəsbkar Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, illərdir bu məsələnin dinc yolla həllinə çalışan sülh carçısı Azərbaycanı dəstəklədi. Belə bir tarixi qərarın qəbul edilməsi müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan dövlətinin beynəlxalq aləmdə getdikcə artan böyük nüfuzundan xəbər verirdi. Azərbaycan ictimaiyyəti ölkəmizin Avropa Oyunlarının vətəni olmasından qürur hissi keçirir.
– Azərbaycanın Avropa Oyunlarına hazırlığının yüksək səviyyədə olması ilə bağlı artıq beynəlxalq arenalarda mötəbər qurumların rəsmiləri bir sıra müsbət fikirlər səsləndirib, ölkəmizin dünyaya yeni nümunə təqdim edəcəyini bildiriblər. Qısa müddət ərzində Oyunlara hazırlıq çətinliklər yaratmadı ki?
– Ölkəmizin Oyunlara necə hazırlaşması dünya mediasının diqqət mərkəzindədir. Avropa Olimpiya Komitəsinin rəsmilərinin də vurğuladıqları kimi, Avropa Oyunları miqyasında yarışların təşkil edilməsi üçün ev sahibliyi etmək hüququ qazanan ölkələrə, adətən, 7 il vaxt verilir. Oyunlara qısa müddət ərzində yüksək səviyyədə hazırlıq işlərinin görülməsi ölkəmizin son vaxtlar dünyanın ən yüksək sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsi sayəsində mümkün olub.
Belə bir irimiqyaslı tədbirin keçirilməsi üçün təkcə idman sahəsində yox, bütün sahələrdə müasir infrastruktur tələb olunurdu. Ümummilli lider Heydər Əliyevin siyasi irsini yeni ideyalarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda bütün sahələrdə, o cümlədən idman sahəsində həyata keçirilən nəhəng quruculuq işlərinin, irimiqyaslı layihələrin dünyada analoqu yoxdur. Ötən illər ərzində infrastrukturun yenilənməsi, bütün sahələrdə quruculuq işləri mərhələ-mərhələ aparılıb. Bugünkü yüksəlişimizə addım-addım yaxınlaşmışıq. Ötən iki il yarım ərzində Avropa Oyunlarına hazırlıqla yanaşı, digər quruculuq işləri də görülüb, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər davam etdirilib.Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə I Avropa Oyunlarının Təşkilat Komitəsi çox uğurlu fəaliyyət göstərir. Sivil dövlət kimi dünyaya nümunə olan Azərbaycan I Avropa Oyunlarına yüksək səviyyədə hazırlığı ilə yeni standartlar ortaya qoydu.
Azərbaycan Avropanın tarixində ilk dəfə keçiriləcək bu yarışları, yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmində olduğunu nümayiş etdirib.
– Artıq Oyunların ab-havası Bakıda hiss olunmaqdadır...
– Birinci Avropa Oyunlarının aprelin 26-da qədim od məbədi “Atəşgah”dan start götürən məşəli Azərbaycanın bütün bölgələrinə və əfsanəvi Neft daşlarına səyahətini başa çatdırdıqdan sonra iyunun 7-də paytaxt Bakıya gətirilib. Paytaxtımızda əsl bayram ab-havası var. Artıq yarış iştirakçıları, qonaqlar, media nümayəndələrinin bir qismi doğma paytaxtımızdadır. Onların rahatlığı, təlim-məşqlərdə iştirakı və səmərəli istirahəti üçün hər bir şərait yaradılıb. Könüllülərin işi də çox gözəl qurulub. I Avropa Oyunları ilə bağlı şəhərimizə gələn bütün qonaqları yüksək səviyyədə qarşılamaq üçün hər bir şərait var.
– İlk Avropa Oyunlarında iştirak edəcək Azərbaycan komandasının tərkibi tam müəyyənləşib. İdmançılarımızın yarışlarda çıxışları ilə bağlı nə deyə bilərsiniz?
– Azərbaycan yığması oyunlarda tam heyətlə iştirak edəcək. İdmançılarımızın təcrübələrini zənginləşdirmək üçün yarışlarda iştirakları, təlim-məşq keçmələri üçün şərait yaradılıb. Müxtəlif növlər üzrə mötəbər yarışlarda əldə edilən nailiyyətlər nikbin proqnoz vəd edir. Düşünürəm ki, qələbələrimiz yüksələn xətlə davam edəcək.
Ümumilikdə isə, bütün idmançılardan gözəl çıxışlar, layiqli idman mübarizəsi gözləyirik. Qoy güclü qalib gəlsin! Olimpiya hərəkatının öncüllərindən olan Azərbaycanda sülh, dostluq, idman bayramına gəlmiş avropalıların ölkəmizdən xoş təəssüratla ayrılacağına əminik.
Müsahibəni apardı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.