“Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ölkənizin öz gücünə inamını və ambisiyalarını əks etdirir”

Müsahibimiz Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıqdır

– Cənab səfir, Azərbaycanda diplomatik fəaliyyət göstərən avropalı diplomat kimi, ölkəmizdə həyata keçirilən daxili və xarici siyasət sahəsindəki işləri necə qiymətləndirirsiniz?

– Mənim Azərbaycanın xarici siyasətinə  çox hörmətim var. Ölkə qonşu dövlətlərlə, eləcə də digər beynəlxalq tərəfdaşlarla əlaqələrə daha böyük hörmət və ehtiramla yanaşır. Bu, Azərbaycanın nüfuzunu qaldırır, müstəqilliyini daha da möhkəmləndirir. Mən Azərbaycanın Avropa İttifaqı və NATO-ya daha çox yaxınlaşmasının şahidi olmaq istərdim. Bu qurumlar Azərbaycanın inkişafının dəstəklənməsində, eləcə də ölkənizin müstəqilliyinin gücləndirilməsində əhəmiyyətli rol oynaya bilər. Azərbaycanın sosial-iqtisadi inkişafı iqtisadi rifahın və yaşam standartlarının yüksəldilməsi ilə dərin təəssüratlar yaradır. Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolunu oynaması, eləcə də digərlərinə hörmət etməsi, multikultural təfəkkürü və  müasirliyi çox vacib siyasətdir.

– Azərbaycanın beynəlxalq aləmdə reytinqinin artmasına münasibətinizi bilmək istərdik. Müstəqil dövlətimizin 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini və həmin quruma iki dəfə sədrlik etməsini bu nüfuzu təsdiqləyən  fakt kimi qəbul etmək mümkündürmü?

– Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkənizin qürur duya biləcəyi ən böyük nailiyyətlərdən biridir.

– Azərbaycan son illər  mötəbər beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkana çevrilib.  Bu baxımdan I Avropa Oyunlarının da  Azərbaycanda keçirilməsinə münasibətinizi  bilmək istərdik.

– Azərbaycan qlobal məsələlərdə, əlbəttə ki, yüksək profilə malikdir. Birinci Avropa Oyunları bu cərəyanın daha da gücləndirilməsinə yardımçı olacaq.

– İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə Avropa Olimpiya Komitəsi qərar qəbul edəndə yarışların başlanmasına cəmi 2 il yarım vaxt qalırdı. Bu müddət ərzində Təşkilat Komitəsinin hazırlıq işlərini necə qiymətləndirisiniz?

– Azərbaycanın birinci Avropa Oyunlarına hazırlıq prosesi olduqca qənaətbəxşdir. Qısa zaman ərzində belə bir nəhəng işləri başa çatdırmaq, məncə, böyük  uğurdur. Londonun 2012-ci ildə keçirilən Olimpiya Oyunlarına hazırlaşmaq üçün yeddi il vaxtı var idi. Bu cür irimiqyaslı yarışlarla bağlı məsələlərin belə tez  həlli bu işlərə cəlb olunan azərbaycanlıların işgüzarlığının, yaxşı idarəçilik qabiliyyətinin və bacarığının  göstəricisidir.  

– İlk Avropa Oyunlarının  niyə məhz Azərbaycanda keçirilməsinə sizin də münasibətinizi bilmək maraqlı olardı. 

– Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyini öz üzərinə götürməsi ölkənizin öz gücünə inamını və ambisiyalarını əks etdirir. Bu Oyunlar həm də ölkənizdə infrastrukturun inkişafı və iqtisadi investisiya yatırımı üçün faydalı katalizator ola bilər. Biz Londonda tədbirlərə çəkilən xərclərin turizm, infrastruktur və iqtisadi fəaliyyətlə ödənildiyinin şahidi olduq. Mən əminəm ki, Azərbaycan da bu Oyunlardan gəlir əldə edəcək. Təbii ki, ölkənizin  ilk Avropa Oyunlarına ev sahibliyi etməsi Azərbaycana daha çox diqqətin ayrılmasına səbəb olacaq və qlobal  miqyasda  qətiyyətli sözünü deməsinə  imkan yaradacaq.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında