Kərim KƏRİMOV: Birinci Avropa Oyunları Azərbaycanın bütün sahələr üzrə inkişafına təkan verəcək

AMEA-nın müxbir üzvü Kərim Kərimovun adı Azərbaycanın və dünyanın elm xadimlərinə yaxşı tanışdır. Onun axtarışları, ixtiraları, gəldiyi elmi nəticələr ölkəmizdə neft sənayesinin inkişafında mühüm rol oynayıb. Uzun müddət səmərəli elmi fəaliyyət göstərən alim 600-dək elmi əsərin, həmçinin 14 monoqrafiyanın, 22 geoloji-geofiziki xəritənin, 18 atlasın, 25 ixtiranın müəllifidir. Görkəmli alimin elmi işləri bir neçə dəfə AMEA-nın müəyyənləşdirdiyi ən yüksək nəticələrə malik olan əsərlər siyahısında öz əksini tapıb. Onun iki ixtirası – “Zəlzələnin qısamüddətli proqnozlaşdırılması üsulu” və “Zəlzələnin proqnozlaşdırılması üsulu” Avrasiya Patentləşdirmə Cəmiyyətinin patentini alıb.

K.Kərimovun rəhbərliyi altında 1993-1995-ci illərdə Azərbaycanda uzunluğu 100-120 kilometr olan 6-7 strukturdan ibarət yeni bir neft-qazlı tektonik zona aşkar edilmişdir. O, Şərq Neft Akademiyasının, Avropa Elmlər Akademiyasının, Lütfi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq EKO Energetika Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Dünya Geofiziklər Assosiasiyasının üzvüdür. Kərim Kərimovun fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib və o, “Şöhrət” ordeni ilə təltif olunub.

Professor K.Kərimov elmi yaradıcılığı ilə bərabər, uzun illərdir, həm də rəssamlıqla məşğul olur. O, əsası Əzim Əzimzadə tərəfindən qoyulan Azərbaycan milli karikatura məktəbinin davamçısıdır, bu vaxta qədər 6 mindən çox siyasi karikaturanın müəllifidir. Alimin siyasi karikaturalardan ibarət “Terrorizm və qanlı ləpirlər”, “Terrorizmə yox”, “Terrorizm, separatizm, soyqırım”, “Soyqırım” “Erməni xəstəliyinə yox”, “Rədd olsun terroristlər”, “Terrorçunun xəyalı”, “Xocalı”, “Dağıdanlar” və başqa kitab-albomları işıq üzü görmüşdür. Alimin karikaturaları “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni daşnaklarının terrorçu təşkilatlarının himayədarlarını ifşa edir, dünya ictimaiyyətini beynəlxalq hüquq normalarını, dinc yanaşı yaşamaq qaydalarını pozanlara qarşı mübarizəyə səsləyir. Müəllif erməni faşizminin son dərəcə dəhşətli və təhlükəli olduğunu fırçanın gücü ilə insanlara çatdırmaqla bir daha sülhsevər qüvvələri birliyə çağırır.

Görkəmli alimlə görüşümüz ilk Avropa Oyunları ərəfəsində baş tutdu. Elə söhbətimizə də bu möhtəşəm tədbirin keçirilməsi üçün niyə məhz Azərbaycanın seçilməsi ilə başladıq.

K.Kərimov dedi:

– İstənilən Olimpiya Oyunları və idman yarışları xalqlar arasında dostluq, sülh münasibətləri yaradır və bu əməkdaşlığı getdikcə möhkəmləndirir, müxtəlif ölkələrin mədəniyyətinə malik idmançı və azarkeşlər bir-biri ilə tanış olurlar. Azərbaycan bu gün nəhəng milli, mədəni çalarlara malik müstəqil dövlətdir. Son illər ölkəmizin dünya birliyindəki reytinqi xeyli artmış, iqtisadi güdrəti daha da möhkəmlənmişdir.

Hazırda respublikamız kosmik ölkələr ailəsinin üzvüdür. Son illər dünyanın ən nüfuzlu təşkilatları öz tədbirlərini məhz Azərbaycanda keçirməyə üstünlük verirlər. Bu da təsadüfi deyildir. Artıq Azərbaycan beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etməyə qadir olduğunu dəfələrlə təsdiqləyib. İlk Avropa Oyunlarının keçirilməsi üçün məhz Bakının seçilməsi bütün dünyaya göstərir ki, Avropa müxtəlif tipli, fərqli mədəniyyət və tarixə malik ölkələrdən ibarətdir. Bu baxımdan da hesab edirəm ki, birinci Avropa Oyunlarının keçirilməsi üçün Bakıdan yaxşı şəhər tapmaq olmazdı.

– Bu tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi bir hadisədir. Dünyaya səs salacaq belə bir yarışmanın Bakıda təşkil olunması Avropa ölkələrinin Azərbaycana verdiyi dəyər və önəmi ortaya qoyur. Bu, bir daha təsdiqləyir ki, Avropa Azərbaycanı özünün bir parçası kimi görür. Digər tərəfdən, dünyanın 50 ölkəsindən idmançı və tamaşaçı gələcək. Onlar ölkəmizin inkişafını, xalqımızın qonaqpərvərliyini görmək, erməni vandalının nəticələri ilə yaxından tanış olmaq inkanı əldə edəcək və əsl reallıqların şahidi olacaqlar.

Hesab edirəm ki, Təşkilat Komitəsinin də müəyyən tədbirləri olacaq. Onu da deyim ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi ağlasığmaz vəhşiliklər, dünyada analoqu olmayan Xocalı qətliamı və ölkəmizə qarşı törədilən digər ədalətsizliklər, beynəlxalq hüquq pozuntuları barədə dünyada ən yaxşı təbliğat məhz Heydər Əliyev Fondu tərəfindən aparılıb. Bundan əlavə, Azərbaycanın mədəni irsinin, qədim tarixinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərimizin təbliği baxımından ilk Avropa Oyunları böyük fürsətdir.

– İlk baxışdan çoxlarına elə gəlirdi ki, birinci Avropa Oyunlarının başlanmasına qalan qısa vaxt ərzində qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək çox çətin olacaq. Xüsusilə də, antiazərbaycan qüvvələr sanki marığa dayanmışdılar. Lakin, göründüyü kimi, hazırlıq işləri uğurla başa çatdı. Sizin də bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.

– I Avropa Oyunlarının Təşkilat Komitəsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva sədr təyin olunanda artıq hamımızda bir inam yarandı ki, Azərbaycan bu möhtəşəm idman tədbirinə hazırlıq işlərini yüksək səviyyədə həyata keçirəcək. Biz bundan əvvəl də Heydər Əliyev Fondu tərəfindən beynəlxalq miqyaslı tədbirlərin yüksək səviyyədə həyata keçirildiyinin şahidi olmuşuq.

Bir neçə il əvvəl Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision- 2012” mahnı müsabiqəsi zamanı da qısa bir müddət ərzində bütün hazırlıq işləri yüksək səviyyədə başa çatdı. Həmin tədbirin də Təşkilat Komitəsinə Mehriban xanım Əliyeva rəhbərlik edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə I Avropa Oyunlarının Təşkilat Komitəsi hazırlıq işlərini yüksək səviyyədə başa vuraraq iştirakçıların və tamaşaçıların yolunu gözləyir. Bu möhtəşəm tədbirin uğurla başa çatacağına hər birimizdə böyük inam var.

– Siz həm də Yasamal rayonunda Ağsaqqallar Şurasının sədrisiniz. Bir ağsaqqal kimi bu tədbirin gənclərə faydasını necə qiymətləndirirsiniz?

– “Bakı-2015” Avropa Oyunları gənclərə daha çox fayda verəcək. Çünki məndə olan məlumata görə, 13 mindən çox gənc Avropa Oyunlarına könüllü kimi cəlb olunub. Avropa Oyunlarında könüllülük fəaliyyəti gənclərə iş təcrübəsi , yeni vərdişlər , yeni dostlar qazandıracaq. Bununla yanaşı, həmçinin gənclər ölkəmizə gələcək turistlərlə birbaşa ünsiyyətdə olmaqla xarici dil biliklərini daha da təkmilləşdirəcəklər. Həmçinin, qeyd etmək lazımdır ki, Avropa Oyunları gənclər üçün 2014-cü ildə tədbirlər keçirdi və 2015-ci ilin yanvar ayından könüllülərə faydalı və onların şəxsi inkişafına kömək edəcək təlimlər keçirilmişdir. Bütün bunlar gənclərimizin vətənpərvər, sağlam və hərtərəfli biliyə malik vətəndaş kimi yetişməsində böyük rol oynayacaq.

Ümumiyyətlə, birinci Avropa Oyunları Azərbaycanın bütün sahələr üzrə inkişafına böyük təkan verəcək. İdman yarışları Azərbaycanın orbitə buraxdığı telekommunikasiya peyki vasitəsilə yayımlanacaq. Oyunlara hazırlıq işləri başlanan gündən müxtəlif rəsm əsərləri yaradılır. Bunun özü yaradıcılığın inkişafı deməkdir. Gündən-günə abadlaşan Azərbaycan daha da inkişaf edir, yeni idman stadionları tikildi, yollar salındı. Bir sözlə, bu möhtəşəm tədbir respublikamızı daha da abadlaşdırdı, dünya birliyindəki nüfuzunu artırdı. I Avropa Oyunları kimi möhtəşəm bir tədbirin Azərbaycanda keçirilməsi mənim üçün ikiqat sevincdir.

Mən ömrümün 82-ci baharını məhz bu tarixi tədbir ərəfəsində başa vuracağam. Ona görə də mənim üçün bayram-bayrama qarışıb. İnamla deyə bilərəm ki, Azərbaycan I Avropa Oyunlarını da möhtəşəm keçirməklə daha bir tarixi uğura imza atacaq.

 Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında