– Cənab Şakahi, ilk növbədə, istərdik ki, Azərbaycanda diplomatik fəaliyyətlə məşğul olduğunuz müddətdə ölkəmiz barədə təəssüratlarınızı bildirəsiniz.
– Öncə, Azərbaycan-Liviya münasibətlərindən söhbət açmaq istərdim. Deyim ki, iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir. Özümüzü burada qərib yox, öz ölkəmizdə olduğumuz kimi hiss edirik. Buna görə, ilk növbədə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Çünki dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanı dünyaya sülhsevər, qonaqpərvər, səmimi dost ölkə kimi tanıdıb. Ölkənin inkişafına gəlincə isə, bu, bir həqiqətdir, son illər Azərbaycan yüksəliş yolunda inamla irəliləyir. Mən diplomatik fəaliyyətim müddətində bu reallıqların şahidiyəm. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu da ildən-ilə yüksəlir. İqtisadi inkişaf da göz qabağındadır. Müdrik lideri olan iqtisadi cəhətdən qüdrətli dövlətlər həmişə yüksəlişdə olurlar.
Mən Azərbaycanda bunun şahidiyəm.
– Siz Azərbaycanın beynəlxalq aləmdə reytinqinin getdikcə yüksəldiyini qeyd etdiniz...
– Azərbaycan bu gün dünyanın ən nüfuzlu təşkilatlarının üzvüdür və həmin təşkilatlarla fəal əməkdaşlıq edir. Mən ölkənizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünü və bu nüfuzlu təşkilata iki dəfə sədrliyini, Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyini və digər mötəbər beynəlxalq təşkilatlardakı diqqət çəkən əməkdaşlığını mühüm fakt kimi qeyd etmək istərdim. Bütün bunlar bir daha təsdiqləyir ki, bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir. Bunun digər bir səbəbi isə Azərbaycanda davamlı ictimai-siyasi sabitliyin və xalqla iqtidar arasında sıx vəhdətin olmasıdır.
– Azərbaycanın son illər dünyanın ən nüfuzlu təşkilatlarının öz tədbirlərini keçirdiyi məkana çevrilməsini necə qiymətləndirirsiniz? Bu, Azərbaycana olan inam və etimadın göstəricisi deyilmi?
– Bəli, tamamilə haqlısınız. Beynəlxalq təşkilatlar öz tədbirlərini hər ölkədə keçirmirlər. O ölkəyə üstünlük verilir ki, orada əmin-amanlıq olsun, ictimai-siyasi sabitlik pozulmasın və həmin ölkənin iqtisadi gücü olsun. Bütün bunları Azərbaycanda görən nüfuzlu beynəlxalq təşkilatlar da öz tədbirlərini məhz bu ölkədə keçirməyə üstünlük verirlər. Ən iri şirkətlər də sülh tərəfdarı olan, əmin-amanlığa ciddi riayət olunan və dövlət başçısına daha çox inam olan ölkələrə investisiya qoyurlar. Mən Azərbaycanda bunun şahidiyəm. Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsinin əsas səbəblərindən biri də budur.
– Yeri gəlmişkən, Avropa Olimpiya Komitəsinin I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barəsində qərarını necə qarşıladınız?
– Çox yaxşı. Səmimiyyətlə demək olar ki, ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi ən real seçimdir. Çünki beynəlxalq təşkilatlara da bəllidir ki, bu gün Azərbaycan iqtisadi, siyasi və mədəni sahələr üzrə sürətlə inkişaf edir və belə bir möhtəşəm tədbiri keçirməyə qadirdir. Hamıya bəllidir ki, Azərbaycan dünyaya sürətlə inteqrasiya edir. İlk Avropa Oyunları sülh, dostluq bayramıdır. İnanıram ki, Azərbaycan bu tədbiri də yüksək səviyyədə keçirəcək və dünya birliyindəki nüfuzunu daha da artıracaq.
– Yarışlara hazırlıq işləri də ekspertlər tərəfindən yüksək qiymətləndirildi.
– I Avropa Oyunlarının Təşkilat Komitəsinin qısa müddət ərzində gördüyü işlər hamımızı heyran qoyub. Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti yüksək qiymətə layiqdir. Onun yorulmadan həyata keçirdiyi böyük işlər göz qabağındadır. Yeni salınmış stadionlar, abadlıq və quruculuq işləri Təşkilat Komitəsinin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsindən xəbər verir.
– Sizcə, bu tədbir Azərbaycana nə verəcək?
– Avropadan gələn qonaqlar bir daha şahidi olacaqlar ki, Azərbaycan sülhsevər ölkədir. Burada insanlar çox səmimi və qonaqpərvərdir. Qonaqlara o da bəlli olacaq ki, bu ölkədə irqi, dini ayrı-seçkilik yoxdur. Bu tədbir Azərbaycanı bütün dünyaya tanıdacaq. Mən deyərdim ki, bu, ölkəniz üçün ən böyük qazancdır. Gənc müstəqil bir dövlətin qısa bir müddətdə bu inkişafa nail olmasının dünya birliyinə çatdırılması üçün birinci Avropa Oyunları ən yaxşı fürsətdir. Azərbaycana gələnlər Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərlə də tanış olacaqlar və əsl həqiqəti öyrənəcəklər. Bizim ölkəmizdə də problemlər yaşanmaqdadır.
Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin mövqeyini dəstəkləyirəm. Cənab Prezident dəfələrlə qeyd edib ki, bu münaqişə beynəlxalq hüququn nomaları çərçivəsində öz həllini tapmalıdır. Münaqişənin aradan qaldırılmasında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, həmçinin, digər nüfuzlu beynəlxaq təşkilatların da qətnamələri var. Təəssüf ki, həmin qətnamələr bu vaxta qədər icra olunmamış qalır. Bu qətnamələr icra olunmalıdır.
Sonda Azərbaycan xalqına uğurlar arzulayıram. İnanıram ki, I Avropa Oyunları yüksək səviyyədə başa çatacaq və ölkəniz öz gücünü bir daha nümayiş etdirəcək.
Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.