“Hər bir xalqın tarixində o xalqın yaşamasını təmin edən çox böyük hadisələr olur. Azərbaycanın tarixində çoxlu belə böyük hadisələr var. Amma bu hadisələrdən ən mühümü, ən böyüklərindən biri 28 May - Respublika Günüdür. Bu gün artıq 24 ildir ki, müstəqil Azərbaycan dövləti və xalqı tərəfindən Azərbaycanın milli bayramı kimi qeyd edilir. Bundan da böyük hadisə ola bilməz”.
Bu barədə “Azernews” qəzetinə və Trend-ə müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N.Məmmədovun sözlərinə görə, Sovet sistemində də, bu zamanda da 28 May həmişə azərbaycanlıların yaddaşında və qəlbində yaşayıb: “Azərbaycanlılar Şərqdə ilk dəfə demokratik dövlət quran bir xalqdır. Bu baxımdan bu tarixlə təkcə biz yox, dünyanın başqa xalqları da fəxr edə bilər. Bizim üçün bu tarix xüsusi fəxr mənbəyidir”.
N.Məmmədov Azərbaycanın yenidən müstəqillik əldə etməsindən sonra 24 il ərzində keçdiyi inkişaf yolundan da danışıb: “Bu illər ərzində çox böyük, möhtəşəm işlər görülüb. Özü də bunu təkcə biz demirik, bütün dünya deyir, görür və qəbul edir. Ola bilsin ki, hərə bunu istədiyi kimi qəbul edə bilər. Amma uğurlarımızı etiraf etməmək mümkün deyil. Azərbaycan 24 il ərzində beynəlxalq aləmdə müstəqil dövlət kimi öz imicini çox yüksək səviyyəyə qaldırdı. BMT-dən tutmuş regional təşkilatlaradək bütün beynəlxalq təşkilatlarda Azərbaycanın xüsusi yeri var. Bu da Azərbaycan tarixinin qızıl səhifələrindən biridir. Biz bütün uğurları öz zəhmətimiz hesabına qazanmışıq”.
PA rəsmisi bildirib ki, Azərbaycan çox böyük mübarizə apararaq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu: “BMT-yə üzv olduğu zaman Azərbaycan beynəlxalq aləmə, bütün dövlətlərə ”yalnız ədalət, beynəlxalq hüququn norma və prinsipləri üzərində xoşbəxtliyi, sabitliyi, təhlükəsizliyi təmin etmək olar" deyə güclü mesajlar verdi. Azərbaycan dünyanın ən mürəkkəb regonunda, amma proseslərin mərkəzində yerləşir. Bu gün siyasətçilərdən çox geosiyasət klassikləri qeyd edirlər ki, 21-ci əsr əslində “Avrasiya əsri”dir. “Avrasiya əsri”nin proseslərinin mərkəzində də Azərbaycan yerləşir".
N.Məmmədov bildirib ki, Azərbaycan bu gün Şərqlə Qərbin, Şimalla Cənubun, eyni zamanda, xristian aləmi ilə müsəlman aləminin kəsişməsində yerləşir: “Cənubi Qafqaz əslində dünyanın çox mürəkkəb, diqqəti hərtərəfli cəlb edən regionlarından biridir. Belə bir regionda Azərbaycan kimi kiçik bir dövlətin beynəlxalq aləmdə, həm də ölkə daxilində bu qədər böyük uğurlar qazanması xüsusi haldır. Bunu xüsusi qeyd etməliyik. Postsovet məkanında SSRİ-nin dağılması ilə nə qədər müstəqil dövlət yarandı. Amma onların ətrafında bir balaca təhlil aparsanız və iki çox böyük uğur qazanmış dövlət tapsanız, onlardan birinin mütləq Azərbaycan olduğunu görəcəksiniz. Amma onların yarıdan çoxu çətin situasiyadadır, çox güclü gərginlik ocağının olduğu ölkələr kimi tanınırlar. Düzdür, bizim üçün də belə bir hal var. Yəni biz də münaqişə şəraitində yaşayırıq. Amma biz bunun səbəbini də, nə üçün olduğunu da yaxşı bilirik. Müstəqil Azərbaycan dövlətinin böyük uğuru odur ki, ölkə müharibə şəraitində ola-ola xalqı və rəhbəri ilə birlikdə çox böyük quruculuq işləri görərək indiki səviyyəyə gəlib çıxıb. Belə münaqişələr olan dövlətlərdə vəziyyət tamam başqa cürdür. Buna baxmayaraq, biz münaqişənin həlli yolunda addımlar atmaqla yanaşı, təkcə Bakıda yox, bütün ölkədə inkişafa nail olmuşuq. Mənim demək olar ki, hər gün xaricilərlə görüşlərim, söhbətlərim olur. Amma onların sözlərinin hamısını çatdırmaq çətindir. Onlar Azərbaycanın hər yerində gedən proseslərə heyran qalıblar. Ölkə tamamilə dəyişib. Bakı isə tamam başqa bir şəhər olub. Ölkəmizə gələn xaricilər deyirlər ki, biz təəccüblənirik, siz bu cür inkişafı necə təmin edirsiniz? Bu bizim üçün iftixar mənbəyidir”.
Beynəlxalq münasibətlərdən danışan N.Məmmədov vurğulayıb ki, dövlətlərarası münasibətlərdə hər bir dövlətin yalnız öz maraqlarını üstün tutması böyük gərginliklərə gətirib çıxarır: “20-ci əsrdə iki dünya müharibəsi olub. Bu müharibələrin başlanmasında nə Afrika, nə Asiya, nə Latın Amerikası dövlətlərinin, nə də Azərbaycanın rolu olub. Yəni indiki bu proseslərdə də iştirak edən dövlətlər elə həmin dövlətlərdir. Bu nədən əmələ gəlir? Bunlar dünyada hər bir dövlətin yalnız öz maraqlarını üstün tutması, sonra bu mövqeyi ”hamarlayaraq" başqa cür təqdim etməsindən yaranır. Hər şey bunun üzərində qurulur. Bu düzgün proses deyil. Ona görə də indiki vəziyyətdə dövlətin təhlükəsizliyini, stabilliyini, inkişafını təmin etmək çox çətindir”.
PA rəsmisi vurğulayıb ki, Azərbaycanın çox həssas, bütün dünyanın diqqətini cəlb edən bir regionda yerləşməsi isə bu çətinliyi dəfələrlə artırır: “Müəyyən vaxtlarda qonşuluq da buna öz ”töhfə"sini verir. Amma çox şükür ki, Azərbaycan bütün bunları tənzimləyə bilib. Bu məsələlərin çox səbəbi var. Amma mən iki əsas səbəbi deyəcəyəm. Birincisi, kobud müqayisə də olsa, dövlətçiliyi böyük bir saray hesab edin. Bu sarayı tikən, onu quran, təməlini qoyan memardan çox şey asılıdır. O memar isə Heydər Əliyev olub. Mən 20 və 21-ci əsrlərdə 70-80 ölkənin dövlət və hökumət başçılarının 2-3 nəsli ilə yaxından görüşüb tanış olmuşam, onları dinləmişəm, söhbət etmişəm. Bunların hamısının içərisində ən yüksək zirvədə dayanan, iki əsrin qovşağında ən böyük tarixi şəxsiyyət Heydər Əliyev olub. Mən bunu əminliklə deyirəm".
N.Məmmədov bildirib ki, Heydər Əliyevin qurduğu, memarı olduğu bu dövlət çox böyük uğurla, yəni onun qoyduğu istiqamətlə getdiyi üçün indi də öz yolunu davam etdirir: “İkinci səbəb isə, bilirsiniz, biz şərq dövlətiyik, müsəlmanıq, müəyyən mənada emosionalıq, bəzi xüsusiyyətlərimiz var, gərək Qərb bunu qəbul etsin, bilsin. Bu da bizim reallığımızdır. Baxın, dövlətlərdə nələr baş verir? Azərbaycan üçün isə tamamilə başqa bir proses baş verdi. Bu böyük quruculuq işləri elə bir əllərə keçdi ki, o da bu proseslərə özünün yaratdığı kimi yanaşmalı oldu və yanaşdı. Bu nöqteyi-nəzərdən Prezident İlham Əliyevin apardığı xarici siyasət o siyasətin bütün parametrləri ilə davamıdır. Buna görə də Azərbaycanın son 11 ildə qazandığı nailiyyətlərini heç bir başqa dövrlə müqayisə etmək olmur”.
N.Məmmədov deyib ki, bu 11 ildə Azərbaycan bütün libasını tamamilə dəyişdi: “Həm məzmun, həm də forma etibarilə Azərbaycanın bütün yerlərində gedən inkişaf sanki bir möcüzə kimi oldu. Azərbaycan dövlətçiliyinin, iqtisadiyyatının, siyasi proseslərin inkişafının öz modelini, xarici, daxili siyasətin Azərbaycan modelini dünyaya təqdim edir. Bununla da, Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmə, dünyaya öz mesajı var ki, bu yolla getsə, daha yaxşıdır. Biz bunu müxtəlif forumlarda, konfranslarda, sammitlərdə mütləq qeyd edirik. Çünki özümüzə arxayınıq. Dövlətimizin bu cür inkişafının üçüncü bir səbəbi də var ki, o da xalqla onun rəhbəri arasındakı tam bir vəhdət, vahidlik, birlik, bir-birinə olan inam və etimaddır”.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.