İlk Avropa Oyunları Azərbaycanın qüdrətini nümayiş etdirəcək

Müsahibimiz Bakı Ali Neft Məktəbinin rektoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Elmar Qasımovdur

– Söhbətimizin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə əhəmiyyəti barədə fikirlərinizi bilmək maraqlı olardı.

– 1918-ci ilin mayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli əhəmiyyət daşıyan Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərqinin mayakı rolunu oynamağı bacardı. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı, Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi.

Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti o zaman çox ağır bir tarixi şəraitdə və həssas geosiyasi məkanda yaranmışdı. Məhz bu və digər səbəblərdən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin əbədiliyi təmin edilə bilmədi. Buna baxmayaraq, həmin dövrdə Xalq Cümhuriyyəti tərəfindən tarixi əhəmiyyət daşıyan mühüm islahatlar həyata keçirildi. Qeyd etdiyim kimi, bu zaman dövlətçilik tariximizin əsaslarının daha da zənginləşdirilməsi diqqət mərkəzində saxlanıldı.

Xalqımızın ümummilli lideri Heydər Əliyev bildirmişdir ki, müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu baxımdan müasir Azərbaycanın hər bir uğuru tariximizin parlaq səhifəsinə çevrilmiş Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu ənənələri özündə yaşadır və bununla da dövlətçilik ənənələri müasir dəyərlərlə sintez olunaraq inkişaf etdirilir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlərin əhəmiyyətini anlamaq üçün bir sıra məqamlara diqqət yetirmək istərdim. Belə ki, bu dövrdə Azərbaycanda qadınlara seçki (seçmək və seçilmək) hüququ verildi ki, bu da çox mütərəqqi hadisə idi. Bundan başqa, Cümhuriyyət Parlamentinin 1919-cu il sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun xüsusi əhəmiyyətə malikdir. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin xalqımız qarşısında çox mühüm tarixi xidməti idi. Azərbaycan dilinə dövlət dili statusu verildi və digər dövlət orqanları ilə yanaşı, məhkəmə sisteminin də dövlət dilində fəaliyyət göstərməsi haqqında qərar qəbul olundu.  1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin – əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. Sadalananlarla yanaşı, 1918-ci il dekabr ayının 7-də Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının formalaşması və gücləndirilməsinə tarixi töhfələr vermiş oldu.

– Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycanın dinamik inkişafı və əldə edilən çoxsaylı nailiyyətlər barədə nə deyə bilərsiniz?

– Şübhəsiz, müstəqil Azərbaycan hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan  Respublikası müstəqillik əldə etdikdən sonra olduqca ciddi problemlərlə qarşı-qarşıya idi. Daha dəqiq desək, 1991-1993-cü illər Azərbaycan üçün çox mürəkkəb bir dönəm kimi tarixə düşdü və ölkəmiz çoxsaylı problemlərlə (vətəndaş qarşıdurması, iqtisadi və siyasi böhran, beynəlxalq aləmdən təcrid olunma, Ermənistanın təcavüzü və s.) üzləşdi.  O zaman, bir tərəfdən ermənilərin ölkəmizə qarşı təcavüzü müşahidə olunurdu, digər tərəfdən isə ölkə daxilindəki bəzi qüvvələrin antimilli fəaliyyəti davam edirdi və beləliklə, Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya idi.  Həmin dövrdə ölkəyə rəhbərlik edən qüvvələrin siyasi səriştəsizliyi Azərbaycanı çıxılmaz vəziyyətə salmışdı. Nə yaxşı ki, ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi və bu dahi şəxsiyyətin yorulmaz fəaliyyəti sayəsində ölkəmiz tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu. Azərbaycanın milli inkişaf strategiyası müəyyən edildi, iqtisadi inkişafın əsası qoyuldu, regional və beynəlxalq miqyasda ölkəmizin yeri və rolu gücləndirildi. Bu gün ümummilli liderimizi xatırlayarkən belə bir yekun qənaət ifadə edirik ki, ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Reallıq budur ki, ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ümummilli liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın iradəsinə əsaslanır. Respublikamız siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Eyni zamanda, ölkəmizin iqtisadi gücü elə bir səviyyəyə çatmışdır ki, dünya bazarlarında baş verən kəskin dəyişikliklərin, böhranların təsir gücü ən aşağı həddədir. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir. Ölkədə  əhalinin gəlirlərinin stabil artımı, sosial-siyasi sabitlik təmin olunmuşdur. Beləliklə, bütün bunlar sayəsində Azərbaycan tərəqqi yolunda uğur və inamla irəliləyir.

– Elmar müəllim, Azərbaycan mötəbər beynəlxalq tədbirə – ilk Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. “Bakı-2015” ilk Avropa Oyunlarının əhəmiyyəti və gətirəcəyi dividendlər barədə fikirlərinizi bilmək istərdik...

– Beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycan dəfələrlə mötəbər siyasi, iqtisadi, humanitar tədbirlərə uğurla ev sahibliyi etmişdir. Ümumiyyətlə, Azərbaycana beynəlxalq miqyasda çox böyük maraq var. Bu maraq həm də ölkəmizin yerləşdiyi coğrafi mövqenin əhəmiyyəti və Şərqlə Qərb sivilizasiyalarının qovuşduğu məkan olması ilə əlaqədardır. Eyni zamanda, Azərbaycanda mövcud olan sabitlik, inkişaf, demokratiya mühiti ölkəmizin beynəlxalq səviyyədə siyasi, iqtisadi, humanitar sahələrdə dialoqun aparılmasında daha təşəbbüskar mövqedən çıxış etməsinə imkan verir və ötən müddətdə Azərbaycanın dünyada vacib mədəni, humanitar dialoq mərkəzlərindən birinə çevrilməsi baxımından çox uğurlu olmuşdur.

Azərbaycanın həqiqi mənada müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminin müstəqil subyektləri tərəfindən mütləq surətdə etiraf olunur, qazanılan uğurlar təqdir edilir. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, quruma 2 dəfə uğurla sədrlik etməsi, həmçinin Avropa Şurası Nazirlər Kabinetinə sədrlik müddətini müvəffəqiyyətlə başa vurması ölkəmizin artan siyasi nüfuzundan xəbər verir. Bu gün Bakı, sözün əsl mənasında, Qafqazın siyasi, iqtisadi, mədəni paytaxtına çevrilmişdir.

Onu da xatırladım ki, ölkəmizdə mövcud olan zəngin infrastruktur mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə imkan verir. Məhz “Bakı-2015" ilk Avropa Oyunlarının da Azərbaycana etibar edilməsi ilk növbədə bu məqamla bağlıdır. Başqa sözlə, ölkəmizin bu möhtəşəm bayram tədbirinin keçirilməsinə ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsi məhz Azərbaycanın dinamik inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə kimi tanınması  amili ilə əlaqədardır. Eyni zamanda, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın Avropa ailəsinin nüfuzlu və bərabərhüquqlu üzvü olmasını göstərir.

Bütün bunlarla yanaşı, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılmışdır. Ümumiyyətlə,  Azərbaycan Avropanın müasir idman infrastrukturuna malik lider ölkələrindən biridir və aparılan dövlət siyasəti nəticəsində respublikamız bu mövqeyini bundan sonra da qoruyacaq. Məhz bütün bunların fonunda ilk Avropa Oyunlarının ölkəmizə etibar edilməsi təsadüfi xarakter daşımır. Qeyd edim ki, respublikamız bu mötəbər beynəlxalq idman yarışının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işlərini uğurla aparmışdır. Əminliklə deyə bilərəm ki, hazırda Azərbaycan ilk Avropa Oyunlarına tam hazırdır.

Xatırlatdığım kimi, ötən müddət ərzində ilk Avropa Oyunlarına hazırlıqla bağlı respublikamızda genişmiqyaslı işlər görülmüşdür. Bütün hazırlıq tədbirləri  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi “Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən həyata keçirilir. Avropanın idman ictimaiyyətinin nümayəndələri də iyun ayında Bakının ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının əhəmiyyətini vurğulamaqla yanaşı, ölkəmizin birinci xanımı

Mehriban Əliyevanın rəhbərliyi ilə çalışan Təşkilat Komitəsi tərəfindən aparılan hazırlıq işlərini yüksək qiymətləndirirlər.

Ümumiyyətlə, “Bakı-2015” ilk Avropa Oyunlarının əhəmiyyətini diqqətə çatdırmaq üçün bir sıra məqamlara toxunmaq istəyirəm. İlk növbədə, ilk Avropa Oyunları Azərbaycanın malik olduğu yüksək dəyərlərin dünyada təbliği baxımından müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, yarışların iqtisadi baxımdan ölkəmizə böyük dividendlər gətirəcəyi də şəksizdir. Bununla əlaqədar ilk Avropa Oyunlarına hazırlıq məqsədilə yaradılan idman və digər infrastruktur obyektlərinin uzun illər bundan sonra da xalqımıza xidmət edəcəyini xüsusi vurğulamaq gərəkdir. İlk Avropa Oyunlarının Azərbaycanın turizm imkanlarının təbliği baxımından əhəmiyyəti isə daha böyükdür. Ölkəmiz geniş turizm potensialına malikdir, respublikamızda turizmin müxtəlif növləri sürətlə inkişaf edir, paytaxt Bakıda və bölgələrdə turistlərin yerləşdirilməsi məqsədilə çoxsaylı obyektlər istifadəyə verilmişdir. Yarışlar zamanı ölkəmizin turizm potensialı ilə tanış olan qonaqlar, təbii ki, sonrakı illərdə də respublikamıza gəlməyə can atacaqlar.

– İlk Avropa Oyunları ərəfəsində antiazərbaycan və ermənipərəst dairələr, o cümlədən ölkəmizdəki “beşinci kolon” nümayəndələri respublikamıza qarşı “qara piar” kampaniyası aparırlar...

– Dinamik inkişafa, əsaslı ictimai-siyasi sabitliyə, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycana qarşı “qara piar” kampaniyasına bundan öncə də dəfələrlə rast gəlmişik. Xüsusilə də Azərbaycanın uğurlarını qəbul edə bilməyən qüvvələr, ermənipərəst dairələr ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək, yanlış beynəlxalq ictimai rəy formalaşdırmaq üçün “qara piar” kampaniyası aparır, həqiqətə uyğun olmayan fikir və bəyanatlarla çıxış edirlər. Xatırlayırsınızsa, “Eurovision-2012” mahnı müsabiqəsi zamanı da biz bu cür hallara rast gəldik və o zaman istər antiazərbaycan dairələr, istərsə də ölkə daxilindəki “beşinci kolon” nümayəndələri yüksək canfəşanlıq edirdilər. Bu, olduqca təəssüf doğursa da, əslində, heç də təəccüblü deyil.

Ümumiyyətlə, Azərbaycana qarşı təzyiq cəhdləri ölkəmizin müstəqil siyasətini - siyasi iradəsini qəbul edə bilməmək səbəbindən irəli gəlir. Bir məqamı xatırlatmaq istəyirəm: hələ 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində bəzi xarici dairələr ölkəmizə təzyiq göstərmək, hərc-mərclik yaratmaq üçün çevriliş cəhdləri etdilər, amma ümummilli liderimiz Heydər Əliyevin titanik, yorulmaz fəaliyyəti sayəsində bütün bu dağıdıcı aktların qarşısı alındı, ölkəmiz uğurla beynəlxalq birliyə inteqrasiya edərək tərəqqi yolunda inamla irəlilədi. Məhz o zaman da, bu gün də  ermənilər, ermənipərəst qüvvələr və anti-Azərbaycan dairələri ölkəmizin müstəqil siyasətinə mane olmaq üçün bütün vasitələrə istinad edirdilər. Ermənilər o zaman deyirdilər ki, Bakını Beyruta, Azərbaycanı isə Livana çevirəcəyik. Bu istiqamətdə də təxribatçı fəaliyyət göstərir, əllərindən gələni edirdilər. Amma qeyd etdiyim kimi, ulu öndər Heydər Əliyevin uzaqgörən, uğurlu siyasəti nəticəsində Azərbaycan bu cür dağıdıcı ssenarilərin təsirinə məruz qalmadan inkişaf yoluna çıxdı, ölkədə əmin-amanlıq, sabitlik təmin olundu.

Məhz hazırda Azərbaycana qarşı bu cür dağıdıcı aktlarla təzyiq etmək mümkün olmadığı üçün ermənipərəst dairələr təblğat və “qara piar” kampaniyası kimi vasitələrlə ölkəmizə təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. İlk Avropa Oyunları ərəfəsində bu kampaniyanın elementləri aşkar hiss edilir, amma əminliklə deyə bilərəm ki, belə cəhdlər birmənalı olaraq heç bir nəticə verməyəcək.

Təəssüf hissi ilə demək istəyirəm ki, bu kampaniyada “sapı özümüzdən olan baltalar” daha fəal görünürlər. Amma təbii ki, bu cür cılız səylərin heç bir təsir imkanı yoxdur. Azərbaycan möhtərəm dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə müstəqillik yolunda inamla irəliləyir, ölkəmizin dinamik inkişafı davam edir və beynəlxalq mövqeyimiz davamlı olaraq möhkəmlənir.

Müsahibəni hazırladı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında